Müstəqilliyə aparan yol

 

17 noyabr Milli Dirçəliş Günüdür

 

Azərbaycanın müstəqillik dövrü tarixində xalqımızın yaddaşına silinməz iz qoymuş ümummilli lider Heydər Əliyevin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı həm də Azərbaycanın sonrakı azadlıq və müstəqillik yolunu müəyyənləşdirdi. Eləcə də bu qədim diyardan başlanan müstəqillik yolunun Azərbaycanın bütün siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qətiyyətli addımların atılmasına gətirib çıxartdı.

Ümummilli lider Heydər Əliyevin 1990-cı ilin 22 iyul tarixdə Naxçıvana gəlişi və elə həmin gün şəhərin mərkəzi meydanında xalqla görüşü zamanı söylədiyi fikirlər azərbaycanlıların mübarizə əzminin güclü olduğunu bir daha nümayiş etdirdi.

Naxçıvanda yaşadığı dövrdə ümummilli liderin yaşadığı mənzil insan axını ilə dolub-daşırdı. Hamı, onun görüşünə gələnlər xalqın bu xaos dönəmindən çıxmasının ancaq onun sayəsində mümkün olacağını söyləyirdi.

Naxçıvanın həmin ağır dövründə, gərgin ictimai-siyasi proseslərin cərəyan etdiyi bir vaxtda - 17 noyabr 1990-cı ildə on ikinci çağırış Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyası öz işinə başladı. Ulu öndərin sədrliyi ilə keçən həmin sessiya dövlətçiliyimizin tarixində mühüm əhəmiyyət kəsb etdi. Həmin gün Naxçıvan Ali Məclisində Azərbaycan dövlətçiliyinin dirçəlişi prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlər müzakirə olundu, Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün mühüm siyasi və ideoloji amilə çevrilən tarixi qərarlar qəbul edildi.

İclasda "Naxçıvan MSSR-in adının dəiyşdirilməsi haqqında", "Naxçıvan MR Ali Dövlət hakimiyyəti orqanı haqqında", "Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında" tarixi qərarlar qəbul olundu. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Azərbaycanda dövlət bayrağı kimi qaldırıldı, Naxçıvanda dövlət bayrağı kimi təsdiq edildi və ovaxtkı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, bu bayrağı Azərbaycanın dövlət bayrağı kimi qəbul etsin.

Sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "Sovet" və "Sosialist" sözləri çıxarıldı, onun Naxçıvan Muxtar Respublikası adlandırılması haqqında qərar qəbul edildi. Naxçıvan MSSR Ali Sovetinin də adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Ulu öndər fəaliyyətinin sonrakı dövründə o günlərin əhəmiyyətindən bəhs edərək belə deyirdi: "Naxçıvan Azərbaycanın ayrılmaz bir tərkib hissəsi kimi milli azadlıq uğrunda, dövlət müstəqilliyimiz uğrunda gedən mübarizələrdə həmişə ön sırada olmuşdur... Müstəqillik yolunda mübarizə aparan adamlar Naxçıvan əhalisinin, demək olar ki, əksəriyyətini təşkil edirdi. Naxçıvanın müstəqillik, milli azadlıq əhval-ruhiyyəsi bütün Azərbaycana təsir edirdi. Məhz bunların nəticəsində Naxçıvan bir çox ciddi addımlar atdı və nəhayət, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əldə olunmasında öz xidmətlərini göstərdi".

1990-cı ilin noyabr ayı təkcə Naxçıvan Muxtar Respublikanın ictimai-siyasi həyatında deyil, ümumilikdə Azərbaycan xalqının taleyində misilsiz rol oynadı. Bütün bunların başlıca səbəbi isə Heydər Əliyevin yenidən Naxçıvana qayıdışı, burada siyasi fəaliyyətə başlaması sayəsində mümkün oldu.

Azərbaycan xalqının qan yaddaşında silinməz iz qoymuş 20 Yanvar faciəsinə də ilk dəfə siyasi qiymət Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən verildi. Xalq deputatı Heydər Əliyev "1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar layihəsini işləyib Ali Məclisin sessiyasının müzakirəsinə təqdim etdi. Heydər Əliyevin böyük siyasi nüfuzu nəticəsində qəbul olunan bu qərarda ilk dəfə qanlı Yanvar hadisələrinə düzgün siyasi qiymət verilmiş, bu hadisədə SSRİ rəhbərliyi ilə yanaşı, respublika rəhbərliyinin də böyük günahı olduğu göstərilmiş və onların adlarının bir-bir açıqlanaraq məsuliyyətə cəlb edilmələri tələb olunmuşdu.

Ali Məclisin 14 dekabr 1990-cı il tarixdə keçirilən sessiyasında yeni ittifaq müqaviləsinə münasibət məsələsi müzakirə edilmişdir. Bu məsələ ilə bağlı çıxış edən Heydər Əliyev demişdir: "Mən yeni ittifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır... Müstəqillik yolu qədər çətin yol yoxdur".

14 dekabr sessiyasında qəbul edilən daha bir qərar isə deputat Heydər Əliyevin hazırladığı "Azərbaycan SSR-in DQMV-də, Şaumyan rayonunda və Xanlar rayonunun Çaykənd kəndində yaranmış vəziyyətə münasibət haqqında" idi.  Bu, SSRİ-dəki havadarlarının dəstəyi ilə Qarabağda qanlı hadisələr törədən ermənilərin əməlləri barədə həyəcan siqnalı idi. Amma təəssüf ki, ovaxtkı respublika rəhbərliyi nəinki bu hadisələrə reaksiya verirdi, əksinə, ermənilərin özbaşınalığına göz yumaraq Moskvadan xəbər gözləməyi üstün tuturdu.

1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan MR Ali Məclisinə Sədr seçildi. Bundan sonrakı proseslərdə ulu öndər muxtar respublikanın erməni təcavüzündən müdafiəsi ilə birbaşa məşğul olmağa başladı. Naxçıvan qanunvericilik orqanında Azərbaycan xalqının sonrakı taleyində ciddi rola malik olan qərar və qanunlar qəbul edildi. Ali Məclisin 16 dekabr 1991-ci il tarixli sessiyasında "Dünya Azərbaycan türklərinin milli həmrəylik və birlik günü haqqında" qərar qəbul olundu. İqtisadi blokadanı yarmaq üçün beynəlxalq əlaqələr quruldu. Muxtar respublikanın həyatda qalması üçün atılan bu addımların ən vacibi isə 1992-ci il mayın 28-də Naxçıvan və Türkiyəni birləşdirən "Sədərək-Dilucu", bir başqa adıyla "Ümid" körpüsünün açılışı oldu.

Ali Məclisin Rəyasət Heyətinin 5 fevral 1992-ci il tarixli iclasında   muxtar respublika ilə qonşu dövlətlər arasında ticarət və mədəni əlaqələrin genişlənməsini sürətləndirəcək Naxçıvan hava limanında tikinti işlərinin gedişi müzakirə edildi, aeroportda yeni uçuş xəttinin tez bir zamanda istifadəyə verilməsi üçün təcili tədbirlər müəyyənləşdirildi. 6 aprel 1992-ci il tarixdə keçirilmiş növbəti sessiyasında isə iqtisadi islahatlarla bağlı məsələ müzakirə edildi. Ətraflı və qızğın müzakirələrdən sonra muxtar respublikanın iqtisadi vəziyyətinin inkişafını sürətləndirəcək iki mühüm qərar qəbul edildi: "Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında" və "Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında". Birinci məsələ ilə əlaqədar qərara alındı ki, zərərlə işləyən təsərrüfatlar özəlləşdirilsin və onlara məxsus torpaqlar, ictimai əmlak və mal-qara əhaliyə paylanılsın. İlk növbədə də Culfa rayonunun sərhəd kəndləri olan Şurud və Gal kəndlərində eksperimental qaydada torpaq islahatına başlanıldı. Torpaqlar pay norması əsasında həmin kənddə yaşayan əhaliyə paylandı. Yeni yaradılan şəxsi təsərrüfatlara kömək məqsədilə onlara toxum, gübrə, maşın-mexanizmlər və sair zəruri avadanlıqlar ayrıldı. Blokada çətinlikləri nəticəsində ictimai təsərrüfatlarda mal-qaranın tələf olmasının qarşısını almaq məqsədilə daha bir mühüm addım atıldı. Rentabelli kolxoz və sovxozlarda ictimai mal-qaranın təsərrüfat üzvlərinə və kənd sakinlərinə satılması nəzərdə tutuldu. Bütün bunlar isə Naxçıvanda dövlət müstəqilliyinin bərpası istiqamətində həyata keçirilən tədbirlərin təkcə siyasi sahədə deyil, iqtisadi, ticari, sosial-mədəni, aqrar sahələrdə də həyata keçirildiyinin sübutu idi.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədrlik etdiyi bir il doqquz ay ərzində muxtar respublikanın bütün həyatında müsbət dəyişikliklər qeydə alındı.

1993-cü ilin 9 iyun tarixində Heydər Əliyevin Bakıya qayıdışı, 15 iyunda isə Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçilməsi tarixi zərurət kimi bütün bu hadisələrin məntiqi nəticəsi idi.

 

 

Elxan MƏMMƏDOV

 

Azərbaycan.-2012.- 17 noyabr.- S.4.