Leyla ƏLİYEVA:
UNEP və ölkə mütəxəssislərinin birgə təşkilatçılığı
ilə Azərbaycan Şərqi Avropada
«yaşıl iqtisadiyyat»ın tədqiqini öz
üzərinə götürən və bu
işi başa
çatdıran ilk ölkədir
Leyla
xanım Əliyevanın çıxışı
-
Xanımlar və cənablar!
Hörmətli
qonaqlar!
Əvvəlcə,
"Yaşıl həftə"nin bütün
iştirakçılarını ölkəmizdə salamlamaq
istərdim!
Son
illər Azərbaycan əhəmiyyətli beynəlxalq məsələlərin
müzakirə edildiyi qlobal forumlar məkanına
çevrilmişdir. Ekologiya məsələlərində
bizim cəhdlərimiz yaşıl inkişaf yolunda regional və
beynəlxalq liderlərdən biri kimi düşüncələrimizi
və mövqeyimizi əks etdirir.
Azərbaycanda
keçirilən "Yaşıl həftə" çərçivəsində "Beynəlxalq Gənclər
Forumu", "Ekologiya diplomatiyası kursu",
"Yaşıl iqtisadiyyat" mövzularında "dəyirmi
masa"ları, həmçinin Qərbi Avropa regionundan kənar
ilk dəfə olaraq Azərbaycanda "Regional məsləhətləşmə
görüşü" keçirilmişdir. UNEP və
ölkə mütəxəssislərinin birgə təşkilatçılığı
ilə Azərbaycan Şərqi Avropada "yaşıl
iqtisadiyyat"ın tədqiqini öz üzərinə
götürən və bu işi başa çatdıran ilk ölkədir.
Mənim
çıxışım ölkəmizin "yaşıl
iqtisadiyyat"a keçid yolunda yeni inkişaf istiqamətini əks
etdirir. Amma bu, tədqiqatın başa çatması, yolun
bitməsi demək deyildir, bu yolda atılan növbəti
addımdır. Bu il dünyada davamlı və bərabər
inkişaf uğrunda qlobal cəhdlərin 20 illiyi qeyd edilir.
Buna görə də ekoloji davamlılığı,
"yaşıl iqtisadiyyat"ı, ekoloji
sağlamlığı və ekoloji təhsili inkişaf etdirmək
platformasını yaratmaq Azərbaycan üçün rəmzi
hadisəyə çevrilmişdir. Qonaqlar rəmzi olaraq
insanların eyni ağacın budaqları olduğunu göstərən
ağaclar əkərək Azərbaycanda keçirilən
"Yaşıl həftə"nin böyük təsirini
nümayiş etdirmişlər.
Əziz
dostlar!
Mənim
Vətənim gözəl, ecazkar, daim başı qarlı
dağlar, dik qayalar, sıx meşələr, çəmənliklər
və ovalıqlar məkanı olmaqla yanaşı, onun olduqca
mülayim təbiəti vardır.
Mən
çıxışlarımda daim Azərbaycanın möhtəşəm
tarixi və fərqli mədəniyyəti, eyni zamanda, zəngin
bioçeşidliliyə malik olmasına görə nə qədər
şanslı olduğumuz barədə
danışmışam. Mən hələ bir neçə həftə
əvvəl Naxçıvanda çəkilmiş və bəbirin
Avropaya qayıtması ümidlərimizi doğruldan şəkli
görəndə keçirdiyim həyəcan hissini
unutmamışam.
Dünyaya
nəzər saldıqca mən gələcək nəsil
qarşısındakı öhdəliyimizin təbiətin
qorunması ilə özünü göstərdiyini
anlayıram. Biz ətraf
mühiti gələcək nəsillərə bizim
gördüyümüzdən daha yaxşı vəziyyətdə
ötürəcəyik. Bizim "İDEA Yaşıl Azərbaycan
naminə" təhsil və tərbiyə layihəmiz əhalinin
ətraf mühitlə bağlı məlumatlandırılmasına,
onların bu istiqamətdə nəzəri və praktiki biliklərini
artırmağa yönəlmişdir. Təşkilatın təlimçiləri
Azərbaycanın 20-dən çox şəhərində,
müxtəlif rayonlarında 8 min məktəbliyə ətraf
mühitə ziyan vurmamaq davranışı qaydalarını
öyrətmişlər.
Biz təbiətin
qorunmasını ekoloji siyasətin ayrılmaz və əsas
hissəsi hesab edirik. Azərbaycanda yaşayan 3 milyon gənc
insanı təmsil edərək əkdiyimiz 3 milyon ağac
xalqımızın diqqətini ekoloji məsələlərin
həllinə yönəltmək üçün
yaxşı nümunədir. Biz bir ölkənin təkbaşına
həll etməsi üçün olduqca çətin, lakin təbiətdə
əhəmiyyət verilməyən mürəkkəb problemlərlə
qarşılaşırıq.
Hazırda
Azərbaycanın coğrafiyasını müəyyənləşdirəcək
və dəyərlərimizə söykənən bir sıra
layihələr üzərində
çalışırıq. Həm keçmişimizə, həm də bu günümüzə
nəzər salaraq deyə bilərik ki, Azərbaycan
tolerantlıq, ideyalar, dialoqlar və inanclar baxımından
nadir ölkədir. Azərbaycan tarixi "İpək
yolu"nun əsas mərkəzi olduğu zamanlardakı kimi,
biz indi də ölkələri "Qlobal yaşıl dəhliz"
ətrafında birləşdirməyə
çalışırıq.
"Qlobal yaşıl dəhliz"in nadir konsepsiyası
intellektual insanları və ekologiyanı müdafiə təşkilatlarını
birləşdirməkdir. Daha sonra o, yerli təşkilat və
idarələri bioçeşidliliyin qorunması və təbii
sərvətlərin dayanıqlı idarə olunması naminə
əməkdaşlığa sövq edəcəkdir.
İnanırıq
ki, dünyanın az karbonlu mühitə çevrilməsi və
iqlim dəyişikliyinin ekoloji, ictimai və iqtisadi təsirlərinin
qarşısının alınması üçün cəmiyyətin
bütün sahələri hərəkətə
keçəcəkdir.
Xanımlar
və cənablar!
Bəşəriyyətin
əsas məqsədi indiki və gələcək nəsil
üçün həyat şəraitinin inkişafını
təmin etmək olmalıdır. Mən ölkələri və
dünyanı gəzdikcə gənclərin planetin təbii
gözəlliyini qorumaq üçün nə qədər həvəsli
olduğunun şahidi oldum. Buna görə də mən və
həmkarlarım Cənubi Qafqazda daha çox yayılan beynəlxalq
ekoloji hərəkatı, eyni zamanda, "Yaşıl həftə"nin
əsas təşkilatçılarından biri olan İDEA
kampaniyasını yaratdıq. İDEA tədbirləri çərçivəsində,
biz uzunqanad quşların dəstələri üçün
süni yuvalar yaratmışıq və bununla da Qız
qalasında aparılan bərpa işləri zamanı təqribən
200 yuvanın yeri dəyişdirilmişdir. İDEA kampaniyası, həmçinin
Qafqazın böyük beşliyini təyin edib. Bunlar -
ayı, qartal, canavar, ceyran və
bəbirdir ki, əsas növlər sayılan bu heyvanların
yaşadılması bizim başlıca vəzifəmiz kimi qəbul
olunmalıdır.
Təkcə
Azərbaycanda deyil, bütün dünyadakı gənclər
arasında dialoq, təhsil, liderlik və əməkdaşlığı
inkişaf etdirmək üçün biz dünyanın
müxtəlif yerlərindən olan ekoloji qruplarla əlaqə
yaratmışıq. Rusiyanın Beynəlxalq Vəhşi Təbiət
Fondu ilə anlaşma memorandumu imzalanmışdır ki, bu da
Qafqaz bizonunu İDEA-nın nəsli tükənənlər
siyahısına salmağa imkan verdi. Biz indi Türkiyənin
eyniadlı təşkilatı ilə oxşar hüquqi sənəd
üzərində işləyirik. Bizim bugünkü
görüşümüz eyni məqsədə - gənc nəsil
üçün real dəyişiklik yaratmağa xidmət
edir.
Əziz
dostlar!
Biz
bu həftə ərzində 25-dən çox ölkədən
50 nümayəndəni bir araya gətirmişik ki, bu da İDEA-nın "Bir dünya, bir
gələcək" şüarının təcəssümüdür.
Bu, həmçinin ekoloji vəziyyətlə bağlı
bizim düşüncəmizi, davranışımızı və
reallığı anlamağımızı əks etdirir. Bu
il ani və ciddi ekoloji zərərlərə səbəb olan
insan fəaliyyətlərinin tədris vasitəsilə
qarşısının alınması üçün bir
çox imkanlar əldə etmişik. Bir daha yadda
saxlamalıyıq ki, biz mürəkkəb ekoloji problemləri
gələcək nəsillərə ötürürük.
Buna görə də ən azından gələcək nəslə
bu problemləri anlamaq və onları aradan qaldırmaq
üçün əsas vasitələri bilmək imkanı
yaratmalıyıq.
Gələcəkdə
Azərbaycanda İDEA kampaniyasının səyi ilə ətraf
mühitlə bağlı fənlər məktəb
proqramlarına daxil ediləcək, kampaniyanın ekologiya ilə
bağlı hazırladığı vəsait orta məktəblərdə
seçmə fənn kimi tədris olunacaqdır. Müzakirələr,
praktiki işlər vasitəsilə şagirdlər təbiətə
dəyər verməyi və onu qorumağı öyrənəcəklər.
Xanımlar və cənablar!
XXI əsrdə biz daha ciddi ekoloji problemlərlə qarşılaşırıq. Lakin bu problemlərin aradan qaldırılması üçün daha yaxşı prinsiplər vardır. Hər bir vətəndaş, hər bir cəmiyyət və hər bir ölkə mövcud həqiqəti göstərməlidir ki, fəaliyyət imkanı yarandıqda dünyanın müxtəlif yerlərindən milyardlarla olmasa da, milyonlarla insan ekoloji pozulma və çirklənmənin sona çatdığını görsün. Gündəliyimizdə vacib məsələlər çoxdur və mən ümid edirəm ki, müzakirələrimiz yazılı siyasi sənədlərin, nizamnamələrin və müqavilələrin yaranması ilə nəticələnəcəkdir.
"Yaşıl həftə" iştirakçılarını göstərdikləri böyük maraq və həvəsə, qloballaşan dünyada ekoloji problemlərin həlli üçün yeni yollar axtarmaq cəhdlərinə görə alqışlayır, "Yaşıl həftə"nin təşkili və həyata keçməsində zəhmət çəkən bütün insanlara təşəkkürümü bildirirəm. Azərbaycanda keçirilən "Yaşıl həftə" layihəsinin sonuncu olmayacağına, əksinə, irimiqyaslı və qlobal məlumatlılıq kampaniyasının, uğurlu iş fəaliyyətinin başlanğıcı olacağına ümid edirəm.
Diqqətinizə görə təşəkkür edirəm.
* * *
İclasda çıxış edən Dünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Zsuzsanna Jakab insanların sağlam həyat tərzi keçirməsinin vacib şərt olduğunu vurğulamışdır. Z. Jakab bildirmişdir ki, insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün "yaşıl iqtisadiyyat" dayanıqlı inkişafa söykənməlidir.
BMT-nin Ətraf Mühit Proqramının (UNEP) regional direktoru Jan Dusik və digər çıxış edənlər isə Azərbaycanın regionda lider dövlət kimi "yaşıl iqtisadiyyat"ın inkişafında mühüm rol oynayacağını bildirmişlər. Natiqlər ətraf mühitin qorunması, yaşadığımız dünyanın gələcək nəsillər üçün təhlükəsiz məkana çevrilməsi baxımından hər birimizin üzərinə ciddi məsuliyyət düşdüyünü vurğulamışlar.
İclas işini müzakirələrlə davam etdirmişdir.
AzərTAc
Azərbaycan.-2012.- 17 noyabr.- S.5.