Elmar MƏMMƏDYAROV: Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü kimi Suriyadakı vəziyyətə ən yüksək məsuliyyət hissi ilə yanaşmışdır

 

Bu gün İslam dünyası çoxsaylı çağırış və əngəllərlə üzləşmişdir. Yaxın Şərq regionunda son hadisələr qlobal siyasətin əsas və həlli təcili olan məsələlərdən birinə çevrilmişdir. Təəssüflər olsun ki, davam edən münaqişələr və müharibələr insanların ağrı-acılarını daha da dərinləşdirir və nəticədə minlərlə mülki vətəndaş həlak olur, çoxsaylı insanlar doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalır.

AzərTAc Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasındakı çıxışında demişdir.

Azərbaycanın Suriyadakı vəziyyətdən dərin narahatlıq keçirdiyini qeyd edən nazir demişdir: "BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan Suriyadakı vəziyyətə ən yüksək məsuliyyət hissi ilə yanaşmışdır. Beynəlxalq ictimaiyyətlə birgə Azərbaycan hazırkı böhranın suriyalıların özlərinin iştirakı ilə aparılan siyasi proses vasitəsilə həlli üçün konstruktiv yanaşmasını davam etdirməyə hazır olduğunu bildirir, Suriyanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edir. Bundan əlavə, Suriyada zəngin tarixə malik çoxlu sayda mühüm İslam mədəni abidələri və yerləri mövcuddur. Biz, həmçinin bu kimi yerlərin dağıdılmasının qarşısını almaq istiqamətində səylərimizi davam etdirməli və mədəni irsin gələcək nəsillər üçün qorunub saxlanılmasına nail olmalıyıq".

E.Məmmədyarov Azərbaycan hökumətinin Mali və Sahel regionundakı vəziyyətdən, son zamanlar Myanmar İttifaqının Rakhine Ştatında baş vermiş xoşagəlməz hadisələrdən də narahat olduğunu qeyd etmişdir.

Nazir vurğulamışdır ki, Avropa və Asiyanın kəsişdiyi strateji coğrafi məkanda yerləşən Azərbaycan əsrlər boyu Şərq və Qərb sivilizasiyaları arasında körpü rolunu oynamışdır. Azərbaycan hər zaman dünyada İslam mədəni və mənəvi dəyərlərini təşviq etmişdir. Digər müsəlman ölkələri ilə yanaşı, Azərbaycan Parisin Luvr muzeyində yenicə açılmış və özündə İslam sivilizasiyasının memarlıq, incəsənət və digər mədəni nümunələrini əks etdirən "İslam incəsənəti" guşəsinə mühüm yardım göstərmişdir.

E.Məmmədyarov bir daha İƏT-in üzvü olan ölkələrə və təşkilatın baş katibinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərinə görə təşəkkürünü bildirmişdir.

 

 

Azərbaycan.-2012.- 17 noyabr.- S.6.