Uruqvay parlamentinin
nümayəndə heyətinin Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə
səfəri pislənilmişdir
"Azərbaycan
Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması" İctimai Birliyi Uruqvay parlamentinin nümayəndə
heyətinin Yerevandan Azərbaycanın işğal
altındakı Dağlıq Qarabağ bölgəsinə getməsini
pisləyən bəyanat yaymışdır.
AzərTAc
xəbər verir ki, bəyanatda ictimai birlik Uruqvayın
vitse-prezidenti, Baş Assambleya və Senatın sədri Danilo
Astoriyə parlament nümayəndə heyətinin ölkələrimiz
arasında çox qısa bir vaxtda formalaşmış əlaqələrə
zidd olan hərəkəti ilə bağlı qəti
etirazını bildirmişdir.
Bəyanatda
qeyd edilir ki, artıq 20 ildir ki, Ermənistan Azərbaycanın
Dağlıq Qarabağ bölgəsini və ona bitişik
yeddi rayonu işğal altında saxlayır. Bütün beynəlxalq
təşkilatların, xüsusilə də BMT, ATƏT, Avropa
Şurası, o cümlədən Avropa Parlamentinin qəbul
etdiyi sənədlərdə Azərbaycanın ərazi
bütövlüyü, müstəqilliyi və suverenliyi
tanınır. Eyni zamanda, beynəlxalq təşkilatlar Azərbaycanın
ərazi bütövlüyünü dəstəkləyir və
Dağlıq Qarabağı Azərbaycanın ərazisi hesab
edir. Lakin Ermənistan BMT Təhlükəsizlik
Şurasının Azərbaycan ərazilərindən
işğalçı qüvvələrin
çıxarılması haqqında qəbul etdiyi dörd qətnaməsinə
hələ də məhəl qoymamışdır. Azərbaycan
ərazilərinin işğal altında saxlanılması beynəlxalq
hüququn normalarına və prinsiplərinə ziddir.
Bəyanatda
bildirilir ki, "Dağlıq Qarabağ Respublikası"
adlanan qondarma qurum heç bir dövlət tərəfindən
tanınmamış və Uruqvay parlamentinin nümayəndə
heyətinin bu ərazilərə səfər etməsi
qeyri-qanunidir: "Bir daha sizdən xahiş edirik ki, Azərbaycan
ilə Uruqvay arasında formalaşmış dostluq əlaqələrini
nəzərə alaraq bu məsələ ilə bağlı
siyasi iradənizi nümayiş etdirəsiniz. Çünki bu
cür addımlar münaqişənin sülh yolu ilə həll
olunması istiqamətində aparılan danışıqlar
prosesinə zərər gətirməklə yanaşı,
regionun gələcək statusuna və inkişafına da ciddi
xələl gətirə bilər".
Azərbaycan.-2012.- 17 noyabr.- S.6.