Səttar Bəhlulzadə və Qarabağ

 

Bütün varlığı ilə Azərbaycan təbiətinə bağlı olan, onun gözəlliklərini - dağını, dərəsini, gülünü, çiçəyini minbir məhəbbətlə tablolarında əks etdirən Səttar Bəhlulzadə Vətən torpağına Məcnun kimi vurğun kəsilmişdi. Əlbəttə, Azərbaycanın görkəmli, şöhrətli rəssamları çoxdur, lakin hələ heç biri Səttar Bəhlulzadə qüdrətində Azərbaycan təbiətinin poeziyasını tablolara öz rəngində, öz gözəlliyində köçürə bilməyib. Bu sahədə Səttarın bənzəri yoxdur!

Bəzən deyirlər ki, böyük sənətkarları görmək, onlarla yaxından təmasda olmaq, haqqında müəyyən xatirələri bilmək xoşbəxtlikdir. Bəlkə də belədir. Amma Səttarı tanımaqla tanımamaq arasında elə bir fərq, uzun məsafə yoxdur. Çünki Səttar kim idisə, elə əsərlərində də odur. Bizim yaddaşımızda Səttar ən çox pərişan saçları, qeyri-adi baxışları, şümşad barmaqları... və bir də möcüzəli tabloları ilə qalıb. Onun əsərləri önündə heyrətə gələn də çox olub, sənət dünyasından söz açan da. Amma hələ heç kəs bu qüdrətli rəssamın rənglər dünyasının cazibəsindəki sehri dərindən aça bilməyib.

Onu görənlər yaxşı xatırlayırlar ki, Allah Səttarı adi bir insan kimi bizlərə bağışlamamışdı. Təkcə fırçasının yaratdıqları deyil, zahiri görkəmi ilə də hamıdan seçilirdi. Uzun, şümşad barmaqları, uşaq qolları kimi nazik qolları, təsəvvür olunmayan dərəcədə böyük, qəribə mənalarla dolu, dənizə bənzəyən gözləri, qeyri-adi baxışları, pərişan, xurmayı saçları, qoz ağacı rəngində sifəti var idi. Onun zahiri görkəmi elə idi ki, bir tərəfdən sirli təsir bağışlayırdı, digər tərəfdən də sanki dünyanın bütün sirləri ancaq ona bəlli idi. Danışırlar ki, o, təbiətin sehrinə çıxanda gül-çiçəyin içində xüsusi cəhd göstərmədən, qeyri-adi formada bükülə bilərmiş. Elə qəribə vəziyyət alarmış ki, bilmək olmurdu ayaq hardadı, əllər harda... Niyə belə edirmiş? Kiçik çiçəklərin, yarpaqların zərifliyini daha yaxından görmək, qəlbinə ötürmək, yadında saxlamaq və sonra onu öz naxışları ilə abidələşdirmək üçünmü?..

Bütün varlığı ilə təbiət adamı olan Səttar Bəhlulzadə Azərbaycanı qarış-qarış gəzər, gül-çiçək toplayar, buz bulaqlardan su içər, sinədolusu təmiz hava udar, sonra da bu prosesləri böyük məhəbbətlə ağ kətanlara köçürərdi. İnsanları heyrətə gətirən bu əsərlərə baxanda Azərbaycanın coğrafiyasını görmək mümkündür. Naxçıvandan, Zəngəzurdan, Abşerondan, Muğandan, Mildən, Qarabağdan nişanə olan bu tablolarda, mənzərələrdə ana təbiətimizin minbir rəngi ilə yanaşı, onun böyük oğlunun - Səttarın ürəyini görürsən!

Səttar Bəhlulzadə ötən əsrin ortalarından başlayaraq bir neçə dəfə Qarabağda olub. Xüsusilə də Şuşanı çox sevərmiş. Vaxtilə onu bu dilbər guşədə görənlər söyləyirlər ki, Səttar Üçmıxın ətəyində sıldırım qayalıqların arasında bükülərək saatlarla Cıdır düzünə, onun sinəsində göyərmiş gül-çiçəyə tamaşa edərmiş. Maraqlıdır ki, Səttarı Şuşada xatırlayanlar heç vaxt onun tablo üzərində necə işlədiyindən yox, məhz uzun-uzadı təbiətin gözəlliklərini həssaslıqla seyr etdiyini məhəbbətlə dilə gətirirlər. Daşaltı çayının sahilində dayanaraq suların yuduğu şumal daşları əlinə alar, onun hamarlanmış səthində minbir gözəllik taparmış. Şuşanı "Allahın möcüzəsi" adlandıran Səttar Bəhlulzadə özü də nadir və qeyri-adi bir möcüzə idi.

Səttar Bəhlulzadənin 1956-cı ildə çəkdiyi "Şuşa. Ağaclar" əsərindəki rənglərin harmoniyası öz qeyri-adiliyi ilə seçilir. Bu tablonu seyr etdikcə yaşıl rəngin gözəlliyi ovqata bir sakitlik bəxş edir. Səttar özü də rəng yaradıcısı idi. Müxtəlif rənglərin ünsiyyətindən adını ifadə etməyi mümkün olmayan rəng alırdı. Ümumiyyətlə, bu rəssamın yaradıcılığında rəng çalarları həddən artıq çoxdur. Adını çəkdiyimiz əsərdə də yaşıl rəngin naxışları bir-birini əvəzləyir. Bu əsərin doğulduğu gündən yarım əsrdən artıq vaxt keçməsinə baxmayaraq, elə bil rəssam onu indi tamamlayıb. Rənglər olduqca canlı, təzə-tər görünür. İlk baxışda adama elə gəlir ki, ona toxunsan, rənglərin sahmanı pozula bilər. Rəssamın Qarabağla bağlı çəkdiyi "Dağ ətəyində etüd"ü də maraqlıdır. Yağlı boya ilə işlənmiş bu əsərdə dağ ətəyinin gözəlliyi, füsunkarlığı adamı özünə çəkir. Bənövşənin, nərgizin, yarpızın ətrini duyursan. Qarabağ mövzusunda çəkdiyi əsərlərin heç birində bənzəyiş, təkrar yoxdur. Elə bu səbəbdən də Səttar Bəhlulzadənin tablolarına baxdıqca elə bil möcüzə baş verir. Özünü o təbiətin qoynunda hiss edirsən. Rəssamın kətan üzərində yağlı boya ilə işlədiyi "Yuxarı Daşaltı" əsəri də bu baxımdan olduqca maraqlıdır. Şuşa dağlarının, çaylarının, bağlarının gözəlliklərini rənglərin dili ilə kətan üzərində əbədiləşdirən Səttar Bəhlulzadə burada yüzlərlə, bəlkə də minlərlə çalarlardan istifadə edib. Qüdrətli rəssamın fırçası rəngləri bir-biri ilə elə qovuşdurub, elə tamamlayıb ki, onlara baxdıqca həm bir qəlb genişliyi tapırsan, həm də Səttar fırçasının qüdrətinə heyran olursan.

Səttar Bəhlulzadə Qarabağın gözəlliklərini müxtəlif fəsillərin rəngində kətan üzərinə köçürüb. Rəssamın 1960-cı ildə işlədiyi "Şuşa. Dağlar" əsəri payızın qızılı rəngini əks etdirir. Bu əsərdə də rənglər dil açıb danışır. Səttar Bəhlulzadə həmişə yalançı, süni detallardan uzaq sənətkar olub. Heç vaxt xüsusi fiqurlar çəkməyib. Bir rəssam kimi ona Vətən torpağının gülü, səması bəs edərdi. Elə bu əsərində də dağların əzəməti, bağların qızılı rəngi, bəzi məqamlarda da ovqatından gələn əlavələr insanın ruhunu oxşayır.

Səttar Bəhlulzadənin bu silsilədən çəkdiyi tablolar içərisində "Qarabağ. Cıdır düzü" əsərinin öz yeri və əhəmiyyəti var. Yuxarıda dediyimiz kimi, qayalıqların arasında əyləşib saatlarla gözəlliyinə tamaşa etdiyi Cıdır düzünü yaddaşına köçürən Səttar Bəhlulzadə 1960-cı ildə həqiqətən şah bir əsər yaradıb. Bu dilbər guşədə olanlar bilirlər ki, Cıdır düzü hansı füsunkarlığa, cazibədarlığa malik ərazidir. Şuşanın, külli Qarabağın simvoluna çevrilmiş, bir sıra tarixi olaylara şahidlik etmiş Cıdır düzü Səttar Bəhlulzadə fırçasında əbədiləşib. Böyük fırça ustasının "Qarabağda yay" əsəri də al-əlvanlığı ilə seçilir. Uzaqdan görünən gümüşü dağlar, gen dərələr, gül-çiçəkli düzlər, kiçik çaylar, bir sözlə, ürəkaçan mənzərələr Qarabağın bəxtəvər günlərindən xəbər verir. Bir daha böyük rəssamın ruhuna dualar oxuyuruq ki, o, Qarabağla bağlı belə qiymətli əsərlər yaradıb.

Təsviri incəsənətimizə belə gözəl əsərlər bəxş edən Səttar Bəhlulzadənin düşüncələrinə heç yaxın da gəlməzdi ki, nə vaxtsa onun əsərlərinə xiffətlə baxar, Qarabağa, Şuşaya ünümüzün, əlimizin yetmədiyi çağlarda onun tablolarında təsəlli taparıq. Bir fakt da var ki, görkəmli Azərbaycan rəssamı Səttar Bəhlulzadə adətən çəkdiyi əsərləri böyük səxavətlə onu görməyə gələn dostlarına, tanışlarına, gənc rəssamlara təmənnasız bağışlayarmış. Elə bu səbəbdən də onun bütün əsərlərinin bir araya gəlməsi çətindir. Çünki Səttarın çəkdiklərinin əksəriyyəti şəxsi kolleksiyalardadır. Ona görə də rəssamın Qarabağla əlaqədar neçə əsər üzərində işlədiyi, yaratdığı dəqiq məlum deyil. Əlimizdə olanları nəzərdən keçirəndə görürük ki, Səttar Bəhlulzadənin Qarabağ mövzusunda onlarca mənzərəsi, natürmortu, etüdü və qrafik əsərləri var. O, Azərbaycan təbiətini çox sevirdi. Ömrü boyu onun hər guşəsini qarış-qarış gəzirdi. Elə bölgələrimiz var ki, böyük rəssam ora bircə dəfə gedib. Amma Qarabağı, xüsusilə də Şuşanı çox sevirdi. Elə buna görə də gözəl təbiətə, mənzərəyə malik olan yerlərə dəfələrlə gəlməyə üstünlük verib. Hər dəfə də  könlü açılıb, gözü sevinib. Böyük həvəslə, tükənməz enerji ilə maraqlı, yaddaqalan əsərlər üzərində işləyib.

İndi dünyada nə Səttar var, nə də gözəlliyinə vurğun kəsildiyi Şuşa öz doğmalarının ixtiyarındadır. Tamaşa yerlər erməni vandalları tərəfindən işğal edilib. Amma o günün nə vaxtsa olacağını, Qarabağın düzlərinə, dağlarına, bağlarına əbədi sülhün gələcəyinə, torpaqlarımızın alınacağına inanırıq. Ona da inanırıq ki, unudulmaz Səttar Bəhlulzadənin böyük məhəbbətlə sənət həyatı verdiyi Şuşa mənzərələri, Qarabağ etüdləri o yerlərə qayıdacaq...

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.-2012.- 17 noyabr.- S.7.