«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)» Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə

 

Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli qanunu ilə təsdiq edilmişdir

 

 Maddə 1. Təltif edilən şəxslər

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə 2013-cü il iyunun 26-dək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata və ya istefaya buraxılmış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qurulmasında və möhkəmləndirilməsində fəal iştirak edən zabitlər təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" Azərbaycan Respublikasının yubiley medalından sonra taxılır.

 

 

Azərbaycan.-2012.- 18 noyabr.- S.3.