«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)» Azərbaycan Respublikasının yubiley medalının təsviri

 

Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli qanunu ilə təsdiq edilmişdir

 

 1. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) milli ornamentin üzərində aypara ilə səkkizguşəli ulduz təsvir edilmiş ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızılı suya çəkilmiş, dairəvi, diametri 35 mm olan lövhədən ibarətdir.

2. Medalın ön tərəfinin sağında onu yarımdairə şəklində yuxarıdan aşağı iki hissəyə bölən və Azərbaycan Respublikası Dövlət bayrağının rəngləri ilə boyanmış lent təsvir edilmişdir. Lentin fonunun yuxarı hissəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin emblemi, aşağı hissəsində isə "95 il" sözləri yazılmış və bu sözlər dəfnə budağı ilə haşiyələnmişdir.

3. Lentin sol tərəfində yuxarıda ulu öndər Heydər Əliyevin barelyefi həkk edilmiş, barelyefin altında "1918", daha aşağıda isə "2013" rəqəmləri yazılmışdır.

4. Medalın ön tərəfinin yuxarısında qövs boyunca "Azərbaycan Respublikası", aşağısında isə "Silahlı Qüvvələri" sözləri yazılmışdır.

5. Emblem, dəfnə budağı, barelyef, sözlər və rəqəmlər relyeflidir. Gümüşü rəngli qılınclar, ağ rəngli aypara və ulduz, mavi, qırmızı və yaşıl mina ilə örtülmüş lent və ağ mina ilə örtülmüş "95 il" sözləri istisna olmaqla, digər elementlər qızılı rəngdədir.

6. Medalın arxa tərəfinin ortasında "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" sözləri yazılmış və aşağı hissəsində milli ornamentin üzərində aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Ulduz, aypara, sözlər, ornament relyefli və qızılı rəngdədir.

7. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentdə kənarlarından mərkəzə doğru ardıcıl olaraq 2 mm enində mavi, 10 mm enində qırmızı, mərkəzdə isə 3 mm enində yaşıl rəngli şaquli zolaqlar təsvir edilmişdir.

8. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçüdə qəlib əlavə olunur.

 

 

Azərbaycan.-2012.- 18 noyabr.- S.3.