«Miqrasiya orqanlarında
qulluqda fərqlənməyə görə»
Azərbaycan Respublikası medalının təsviri
Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr
tarixli qanunu ilə təsdiq edilmişdir
1.
"Miqrasiya orqanlarında qulluqda fərqlənməyə
görə" Azərbaycan Respublikasının medalı
(bundan sonra - medal) bürüncdən tökülmüş və
qızıl suyuna çəkilmiş, diametri 35 mm olan səkkizguşəli
ulduz formalı lövhədən ibarətdir.
2. Hər
bir guşəsi qabarıq olan səkkizguşəli ulduz
formalı medalın ön tərəfində iki dairə yerləşdirilmişdir.
Birinci dairənin daxilində aşağı hissədə həkk
edilmiş diametri 2 mm olan səkkizguşəli ulduzdan sol tərəfdə
aşağıdan başlamaqla dairə boyunca "Miqrasiya
orqanlarında qulluqda fərqlənməyə görə"
sözləri həkk olunmuşdur. Medalın ön tərəfinin
səthi nahamardır.
3.
İkinci dairənin daxilində səkkizguşəli ulduz,
onun ətrafı boyunca çevrə formasında üç
zolaq təsvir olunmuş, ikinci zolağın üzərində,
ulduzun guşələri arasında səkkiz düymə bərkidilmişdir.
Ulduzun daxilində müvafiq icra hakimiyyəti orqanının rəsmi
embleminə müvafiq şəkildə Yer kürəsi, onun mərkəzində
paralel və meridianların kəsişməsi fonunda Azərbaycan
Respublikasının xəritəsi təsvir edilmişdir. Dəfnə
yarpaqları ilə əhatə olunmuş bu kompozisiyanın
yuxarı hissəsində diametri 3 mm olan səkkizguşəli
ulduz təsvir olunmuşdur. Səkkizguşəli ulduzlar,
Yer kürəsi, xəritə,
paralel və meridianlar, dairəvi xətlər, dəfnə
yarpaqları və sözlər relyefli olub, qızılı rəngdədir.
4.
Medalın arxa tərəfinin səthi hamardır, mərkəzində
dairə, dairənin daxilində səkkizguşəli ulduz,
onun ətrafı boyunca çevrə formasında üç
zolaq təsvir olunmuş, ikinci zolağın üzərində,
ulduzun guşələri arasında səkkiz düymə bərkidilmişdir.
Səkkizguşəli ulduzun daxilində müvafiq icra hakimiyyəti
orqanının rəsmi embleminə müvafiq şəkildə
Yer kürəsi, onun mərkəzində paralel və
meridianların kəsişməsi fonunda Azərbaycan
Respublikasının xəritəsi təsvir edilmişdir. Bu
kompozisiyadan aşağıda medalın nömrəsi, nömrədən
sol tərəfdə aşağıdan başlamaqla dairə
boyunca "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti"
sözləri, həmin sözlər və medalın nömrəsi
boyunca diametri 1 mm olan 32 səkkizguşəli ulduz təsvir
olunmuşdur. Yer kürəsi, xəritə, paralel və
meridianlar, səkkizguşəli ulduzlar, sözlər və rəqəmlər
relyefli olub, qızılı rəngdədir.
5.
Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm
x 43 mm ölçülü düzbucaqlı xara lentə halqa
və ilgək vasitəsilə birləşdirilir.
Yaşıl xara lentin kənarlarından mərkəzə
doğru bir-birindən 5 mm aralı yerləşən və hər
biri 1 mm olan sarı rəngli iki zolağın arasında 3 mm
enində sarı rəngli zolaq təsvir edilmişdir. Xara
lentin üst hissəsinə eni 4 mm olan hamar qızılı təbəqə
bərkidilir. Xara lentin alt hissəsinə eni 7 mm olan hamar
qızılı təbəqə bərkidilir, təbəqənin
ortasında aypara və səkkizguşəli ulduz təsvir
edilmişdir.
6.
Medala paltara bərkidilmək üçün medalın
elementi olan xara lentdən üz çəkilmiş 27 mm x 9 mm
ölçülü qəlib əlavə olunur.
Azərbaycan.-2012.- 18 noyabr.- S.3.