«Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi
haqqında» Azərbaycan Respublikasının 2012-ci il 1 oktyabr
tarixli 436-IVQD nömrəli qanununun tətbiqi barədə
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər
tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişikliklər
edilməsi haqqında" Azərbaycan Respublikasının
2012-ci il 1 oktyabr tarixli 436-IVQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin
etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində
Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılmasına dair təkliflərini
hazırlasın və Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2. üç ay müddətində
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4. həmin qanundan irəli gələn
digər məsələləri həll etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların "Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi
haqqında" Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat
versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 13 noyabr
2012-ci il
Azərbaycan.-2012.- 18 noyabr.- S.1.