«Erməni
soyqırımı»: mif və gerçəklik»
kitabı erməni yalanlarının ifşasında dəyərli
tədqiqat əsəridir
Noyabrın 17-də
Beynəlxalq Mətbuat Mərkəzində "Erməni
soyqırımı": mif və gerçəklik"
kitabının təqdimatı olmuşdur.
Elmi
redaktoru və məsləhətçisi Azərbaycan
Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov, ideya müəllifi
Milli Məclisin deputatı Adil Əliyev olan kitabda erməni
terror təşkilatlarının Azərbaycanda törətdiyi
qanlı hadisələrdən bəhs edilmişdir.
AzərTAc
xəbər verir ki, tədbirdə Milli Məclisin
deputatları, elm və mədəniyyət xadimləri,
ziyalılar, mətbuat nümayəndələri iştirak
etmişlər.
Layihənin
ideya müəllifi Adil Əliyev bu cür nəşrlərin əhəmiyyətini
xüsusi vurğulamışdır. Bildirilmişdir ki, kitabda
Osmanlı imperiyasında "erməni
soyqırımı"nın uydurma olduğu faktlar, sənədlər,
ABŞ Konqresinin stenoqramları, publisistlərin,
demoqrafların, tarixçilərin, diplomatların məqalələri
əsasında ifşa edilir. Nəşrdə erməni
terrorizminin mahiyyəti, onun dünyanın müxtəlif
ölkələrində hər növ təşkilat və
narkotik ticarəti ilə əlaqəsi, agentlik şəbəkəsi
və törətdiyi cinayətlərin xronologiyası
geniş şəkildə və sənədlər əsasında
nəzərdən keçirilir. "Erməni
soyqırımı": mif və gerçəklik"
kitabı ilk dəfə 1985-ci ildə ABŞ-da ingilis dilində
nəşr edilmişdir. Sonradan rus dilinə tərcümə
olunmuş, bu gün isə Azərbaycan dilində oxuculara təqdim
edilmişdir. "Ön söz", "giriş",
"strateji əhəmiyyətli məsələlər",
"erməni terrorizmi və terrorizmin beynəlxalq sistemi",
"tarixi mənzərə", "ittiham və mübahisə"
fəsillərindən,
"Qeydlər"dən və "XX əsrin
80-90-cı illərində Azərbaycanda ermənilər tərəfindən
törədilən terror aktları" əlavəsindən
ibarət olan kitab mütəxəssislər və həmçinin
geniş oxucu kütləsi üçün nəzərdə
tutulmuşdur.
Milli
Məclisin deputatı Mübariz Qurbanlı belə
kitabların çapının daha da
artırılmasının vacibliyini
vurğulamışdır. O bildirmişdir ki, bu nəşr
ermənilərin tarix boyu Azərbaycana qarşı törətdiyi
bütün cinayət və terrorların dünya ictimaiyyətinə
çatdırılmasında dəyərli bir mənbədir.
Ermənilərin daim tarixi saxtalaşdırdıqlarını
bir daha diqqətə çatdıran deputat bu kitabın həmin
istiqamətdə böyük bir tədqiqat əsəri
olduğunu demiş, nəşrdə həm də tarixi
xronoloji ardıcıllıqla indiyə kimi üzə
çıxmayan faktların öz əksini tapdığını
bildirmişdir.
M.Qurbanlı
ümumilikdə bu kitabın qondarma "erməni
soyqırımı"nı, Ermənistanın Azərbaycana
qarşı işğalçı siyasətini bir daha
sübut etdiyini və erməni yalanlarının
ifşasında dəyərli bir tədqiqat əsəri
olduğunu demişdir.
Tədbirdə
çıxış edən Milli Məclisin deputatları Musa
Qasımlı, Aydın Mirzəzadə, Nizami Cəfərov və
başqaları kitabda erməni yalanları və
iftiralarının ifşası üçün konkret sənədlərə
müraciət olunduğunu qeyd etmişlər. Natiqlər
kitabın yaradıcı heyətinə təşəkkürlərini
bildirmişlər.
Azərbaycan.-2012.- 18 noyabr.- S.4.