«Four Seasons Hotel Baku»nun açılışına həsr edilmiş gecə «Baku» jurnalının nəşrinin 5 illiyi ilə bağlı sərgi keçirilmişdir

 

Noyabrın 17-də Bakıda beşulduzlu "Four Seasons Hotel Baku"nun açılışına həsr olunmuş təntənəli gecə keçirilmiş və "Baku" jurnalının nəşrinin 5 illiyi ilə bağlı sərgi açılmışdır.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının təsisçisi və baş redaktoru Leyla Əliyeva iştirak etmişdir.

Mərasimdə xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin nümayəndələri, yerli və xarici media mənsubları, tanınmış iş adamları, mədəniyyət və incəsənət xadimləri iştirak etmişlər.

"Four Seasons" otellər şəbəkəsinin Parisdən gəlmiş bədii işlər üzrə mütəxəssisi Ceff Litamın "Four Seasons Hotel Baku"nun açılışına həsr olunmuş təntənəli gecəyə verdiyi bənzərsiz dizayn  qonaqların zövqünü oxşamışdır.

Otelin ikinci mərtəbəsinin foyesində qonaqlar əməkdar artist Azərinin canlı ifasında Azərbaycan xalq və bəstəkar mahnılarını dinləmişlər.

Tədbir iştirakçılarını salamlayan "Four Seasons Hotel Baku"nun baş meneceri Tarek Murad Bakıda fəaliyyət göstərmələrindən məmnunluğunu ifadə etmişdir.

Bildirilmişdir ki, nadir memarlıq həlli ilə diqqəti cəlb edən "Four Seasons" otellər şəbəkəsi fərdi üslubu, yüksək keyfiyyəti və çoxsaylı xidmət növləri ilə fərqlənir. Klassik və müasir dizaynı ilə seçilən Bakı kompleksində beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılmışdır.

"Four Seasons Hotel Baku"nun orijinallığını artıran və daha çox diqqəti cəlb edən amillərdən biri də dizayn zamanı milliliyin diqqətdə saxlanılmasıdır. Təsadüfi deyildir ki, "Four Seasons Hotel Baku"nun bütün zallarına və toplantı otaqlarına ecazkar Azərbaycan muğamlarının adları verilmişdir. Burada "Segah" adlı 500 nəfərlik böyük ziyafət zalı yaradılmışdır. Bu zalda xüsusi mərasimlər və tədbirlər keçirmək mümkündür. Belə mərasimlərin keçirilməsi üçün oteldə həcmcə daha kiçik bir zal - 390 nəfərlik "Rast" zalı da fəaliyyət göstərir. Otelin "Şur", "Çahargah", "Bayatı Şiraz", "Hümayun", "Şüştər" otaqlarında müxtəlif işgüzar görüşlərin keçirilməsi üçün bütün şərait yaradılmışdır. Qonaqların istirahətini yüksək səviyyədə təşkil etmək üçün hər cür avadanlıqla təchiz olunmuş müxtəlif idman zalları yaradılmışdır. Füsunkar mənzərəli 10 prosedur otağı da qonaqların ixtiyarına verilmişdir.

Məşhur "Four Seasons" otellər şəbəkəsinin dünyada sayca 90-cı oteli "Four Seasons Hotel Baku" 27 lüks və yüksək səviyyəli qonaqlar üçün nəzərdə tutulan 2 nömrə də daxil olmaqla, ümumilikdə 171 geniş otaqdan ibarətdir. Klassik interyeri, göz oxşayan rəng çalarları və gözəl balkonları ilə diqqəti çəkən otaqlar yüksək texnologiya ilə təchiz olunmuşdur. Otaqların əksəriyyətindən Bakının və Xəzər dənizinin füsunkar mənzərəsini seyr etmək mümkündür. Burada müxtəlif zövqlərə uyğun nömrələrlə yanaşı, müştərilərə zəngin əyləncə növləri də təklif edilir.

Otelin restoranında da qonaqlar üçün hər cür şərait yaradılmışdır. Restoranda özəl ziyafətlər üçün "Qarabağ" zalı da fəaliyyət göstərir. Otelin mətbəxləri yüksək keyfiyyətli avadanlıqla təchiz olunmuşdur.

Sonra qonaqlar nəşrə 2007-ci ildə Moskvada rus dilində başlayan "Baku" jurnalının 5 illiyinə həsr olunmuş fotosərgi ilə  tanış olmuşlar. Sərgidə məşhur fotoqrafların Bakının dəbini və müasir üslubunu təcəssüm etdirən fotoları nümayiş olunur.

Ötən beş ildə jurnal dünyanın aparıcı mətbu orqanlarından birinə çevrilmiş və çoxsaylı oxucu marağına səbəb olmuşdur. Bu müddət ərzində jurnalın dünyanın bir çox ölkələrində təqdimatları keçirilmişdir. Jurnalda Azərbaycanın tarixi, mədəniyyəti, dünəni və bu günü haqqında maraqlı materiallar dərc olunmaqdadır. Əsas məqsədlərindən biri ölkəmizi daha geniş coğrafiyada tanıtmaqdan ibarət olan "Baku" jurnalı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm layihələrə imza atır.

Tədbir yerli və xarici rəqs qruplarının, musiqi kollektivlərinin iştirakı ilə hazırlanmış geniş konsert proqramı ilə davam etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 18 noyabr.- S.5.