Ölkəmizin ərazi bütövlüyünün bərpası və ordu quruculuğuna diqqət Azərbaycan dövlətinin prioritetidir

 

"Keçən rübbu ilin doqquz ayı bütün istiqamətlər üzrə ölkə iqtisadiyyatı üçün uğurlu olmuşdur. Beynəlxalq arenada böyük uğurlar əldə edilmişdir. Biz BMT Təhlükəsizlik Şurasının iclaslarında fəal iştirak edir, prinsipial mövqe nümayiş etdiririk. Keçən ilin oktyabr ayında, - artıq bir il keçir, - biz Təhlükəsizlik Şurasına üzv olduqda mən o vaxt xalqa müraciətimdə demişdim ki, biz bu qurumda  ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik və bu sözə həmişə olduğu kimi, əməl edirik. Bizim mövqeyimiz böyük rəğbətlə və böyük hörmətlə qarşılanır. Çünki bir daha demək istəyirəm ki, biz ədaləti və beynəlxalq hüququ müdafiə edirik. Eyni zamanda, seçkilər zamanı bizə göstərilən dəstək artıq özünü digər formalarda büruzə verir. Bildiyiniz kimi, Azərbaycanın namizədliyini 155 ölkə dəstəkləmişdir. Bu yaxınlarda Qoşulmama Hərəkatının zirvə görüşündə 120 ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair qətnamə qəbul etmişdir, bu, bizim növbəti böyük diplomatik uğurumuzdur, Ermənistanın növbəti məğlubiyyətidir. Çünki 120 ölkə  dünya ictimaiyyətinin əksəriyyətini təşkil edir. Dünyada 200-dən bir qədər  çox ölkə vardır. Bunlardan 120-si ərazi bütövlüyümüzü dəstəkləyir,  münaqişənin həllini yalnız bu prinsiplər əsasında görür".

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında demişdir. Belə bir əminliyin reallaşmasına, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına şübhə yerinin qalmaması da Milli Orduya böyük güvəncdən irəli gəlir. Ordu quruculuğuna diqqət Azərbaycan dövlətinin xüsusi önəm verdiyi məsələlərdəndir.

Hərbi hissələrdə, cəbhə xəttində əsgərlərlə görüşlərində də ərazi bütövlüyümüzü bərpa etmək üçün bütün imkanların olduğunu hər dəfə vurğulayan dövlət başçısı bu ayın əvvəllərində Dövlət Sərhəd Xidmətinin Yevlaxdakı "N" saylı  hərbi hissəsinin qarnizonu və yaşayış binaları kompleksinin açılışında iştirak etmişdir. Ölkə rəhbəri hərbi hissənin qərargahında, tədris meydanında, təlim poliqonunda  yaradılmış şəraitlə də tanış olmuşdur. 15 aya inşa edilən bu hərbi hissənin ərazisi 40 hektardır. Burada 80,6 min kvadratmetr ərazidə inşaat işləri  görülmüş, 270 min kvadratmetr sahə abadlaşdırılmışdır. Hərbi hissənin ərazisində 185 mənzilin olduğu beşmərtəbəli 5 bina tikilmişdir. Burada subay zabit və gizirlər üçün 120 nəfərlik hotel tipli yataqxana da istifadəyə verilmişdir. Ərazidə əsgərlərin və digər hərbi qulluqçuların xidməti yüksək səviyyədə həyata keçirmələri üçün bütün zəruri tədbirlər görülmüşdür. Başqa sözlə, hərbçilərin məişət şəraiti üçün lazımi infrastruktur yaradılmış, bütün növ xidmətlər yüksək standartlar nəzərə alınaraq təşkil olunmuşdur.

Daim artan iqtisadi qüdrətimiz hərbi xərcləri ildən-ilə artırmağa imkan verir. Hazırda bu xərclər 3,6 milyard dollar səviyyəsindədir. Bu, torpaqlarımızı işğal altında saxlayan, atəşkəs rejimini pozan, sülh müqaviləsinin imzalanması üçün konstruktiv mövqe nümayiş etdirməyən, əksinə, danışıqları müxtəlif bəhanələrlə uzatmağa çalışan Ermənistanın bütün dövlət xərclərindən 50 faiz çoxdur.

Azərbaycan Silahlı Qüvvələrinin müdafiə və döyüş qabiliyyətinin  gücləndirilməsinə bundan sonra da böyük dəstək veriləcəyini bildirən Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, orduda xidmət edənlərin arasında vətənpərvərlik hissləri çox yüksək səviyyədədir: "Əminəm ki, maddi-texniki təminat, iqtisadi qüdrətimiz, hərbçilərin hazırlanması, gənclərimizin vətənpərvərlik ruhunda böyüməsi - bütün bu amillər bizi müqəddəs məqsədə çatdıracaqdır. Torpaqlarımız işğal altındadır. Bu işğal davam edir. Bu işğala son qoyulmalıdır və son qoyulacaqdır".

Buna görə də ordumuzun hərbi qüdrəti ildən-ilə artır. Xaricdən müasir döyüş təyyarələri, döyüş helikopterləri, artilleriya qurğuları, hava hücumuna qarşı qurğular alınıb ordunun ixtiyarına verilir. Ordunun hərbi sursattexnika ilə təchizatı məsələsində Azərbaycan Prezidentinin sərəncamı ilə yeddi il bundan əvvəl yaradılan Müdafiə Sənayesi Nazirliyimühüm rol oynayır. Ötən müddətdə ölkədə hərbi təyinatlı 20 zavodistehsalat birliyi yaradılmışdır. Həmin müəssisələrdə 665 adda hərbi təyinatlı məmulat istehsal edilir.

Azərbaycan Silahlı Qüvvələrinin təhsil sistemimüasir standartlara üyğun  təkmilləşir. Təhsil ocaqlarında hərb elminin prinsiplərinə uyğun zabit kadrları hazırlanır. Hərbi təhsil müəssisələrinin kursantları ölkəmizin ali məktəbləri arasında keçirilən olimpiadalarda və yarışlarda, NATO üzvü olan və tərəfdaş dövlətlərlə birgə keçirilən beynəlxalq təlimlərdə iştirak edirlər. Onların bu tədbirlərdə əldə etdiyi yüksək nəticələr, ilk növbədə, təhsil sahəsində əldə etdikləri nailiyyətlərlə bağlıdır.

Dövlətin qayğısı sayəsində hərbi qulluqçuların sosial müdafiəsi də daim  diqqətdə saxlanılır. Prezident İlham Əliyevin 2011-ci il dekabrın 28-də "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" imzaladığı fərman buna misal ola bilər. Yeri gəlmişkən,  keçən il hərbçilərin əməkhaqları da 25 faiz artırılmışdır. Bu yaxınlarda Silahlı Qüvvələrin hərbi qulluqçularının istifadəsi üçün 312 mənzil təhvil verilib və qısa müddət ərzində 600-dən çox mənzil istifadəyə tam hazır olacaqdır.

Hər bir ölkə üçün ordu quruculuğu prioritet əhəmiyyət daşıyan əsas sahədir. Müharibə şəraitində yaşayan ölkəmiz üçün isə güclü ordu, təkmilləşmiş hərbi sistem, inkişaf etmiş müdafiə sənayesi dövlətimizin və əhalinin təhlükəsizliyi baxımından daha böyük önəm kəsb edir. Ölkə rəhbəri də bildirib ki, bizim ordumuz müstəqilliyimizi şərtləndirən amildir. Biz bundan sonra da orduya, ordu quruculuğuna, hərbçilərə olan diqqəti artıracağıq, bu diqqəti göstərəcəyik.

Ali Baş Komandanın bu fikirləri Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin üzərinə daha böyük məsuliyyət qoymuşdur. Axı hər gün cəbhə bölgəsində güllə səsləri eşidilir, erməni silahlı birləşmələri atəşkəs rejimini pozurlar.

Buna baxmayaraq, vaxt Azərbaycanın xeyrinə işləyir. Bunu indi Ermənistanda da yaxşı başa düşürlər. Erməniləri qorxuya salan da budur. Haqq-ədalət gec-tez yerini tapacaq, Azərbaycanın işğal altında olan torpaqları azad ediləcək. Artıq xarici ölkələrin siyasi icmalçıları Dağlıq Qarabağın tarixi hüquqi cəhətdən Azərbaycanın ayrılmaz hissəsi olduğunu bildirirlər. Məsələn, nüfuzlu "Macar nemzet" qəzetinin siyasi icmalçısı qeyd edir ki, Dağlıq Qarabağ "dondurulmuş" hesab olunsa da, indi onun ətrafında çox qızğın proseslər gedir. Azərbaycanın üzləşdiyi ədalətsizlik, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi dünya birliyinin laqeydliyi fonunda bu ölkə özünün işğal olunmuş torpaqlarını geri qaytarmaq üçün daha təsirli tədbirlərə əl atsa, heç kim buna təəccüblənməməlidir.

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.-2012.- 18 noyabr.- S.5.