Müşfiqabad böyüyərək abadlaşır

 

 Yeni məcburi köçkün şəhərcikləri

 

Burada 22 hektar sahədə 20 beşmərtəbəli, bütün infrastruktura malik yaşayış binalarından ibarət qəsəbə salınır

 

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  qaçqın və  məcburi köçkün həyatı yaşamağa məcbur olan insanlarla hər dəfə görüşəndə xatırlatdığı və beynəlxalq tədbirlərdə bəyan etdiyi kimi, dövlətimizin bütün sahələrdə qazandığı uğur və nailiyyətlər imkan verir ki, ölkəmizin və xalqımızın bir nömrəli problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapsın. 1988-ci  ildən Qərbi Azərbaycandan, 1992-ci ildən isə Dağlıq Qarabağ və onun ətrafındakı işğal olunmuş daha 7 rayonun ərazisindən təcavüzkarlar tərəfindən zorla  çıxarılıb didərgin salınan bir milyondan artıq qaçqın və  məcburi köçkünlərin məskunlaşdırılması, onların, ən azı, minimum həyat şəraiti ilə təmun edilməsi o qədər də asan başa gəlmədi. İlk illərdə beynəlxalq humanitar  təşkilatların ayırdığı yardımlardan  istifadə olunsa da, bu, uzun müddət davam etmədi. Təbii ki, problemin  aradan qaldırılması respublikanın iqtisadi inkişafından çox asılı idi.

Müstəqilliyin bərpasından  ötən dövr ərzində  Azərbaycan dövlətinin sürətli iqtisadi inkişafı nəticəsində nəinki ölkənin sosial-mədəni  həyatında, həmçinin qaçqın və məcburi köçkünlərin həyat və məişət şəraitinin yaxşılaşdırılmasında da mühüm dəyişikliklər baş verdi. İlk növbədə, bu kateqoriyadan olan insanların məskunlaşdırılması, həyat şəraitinin yaxşılaşdırılması və işlə təmin olunması dövlət başçısının gündəlik qayğısına çevrildi. Bu məsələnin həlli istiqamətində atılan mühüm addımlardan biri  qaçqın və məcburi köçkünlərin vaxtilə məskunlaşdıqları qeyri-yaşayış yerlərindən, ilk növbədə,  dəmir vaqonlardan və çadır düşərgələrindən çıxarılaraq  yeni salınan qəsəbələrə köçürülməsini təmin etmək idi. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçkilərində bir dənə də olsun çadır düşərgəsinin qalmayacağını bildirən cənab İlham Əliyev verdiyi vədə  əməl etdi: çadır düşərgələri bütünlüklə ləğv edildi, əvəzində bütün infrastruktura malik yeni qəsəbələr salındı. Əsasən, Dövlət Neft Fondundan ayrılan vəsaitlə başa gələn, 1241 min kvadratmetr sahəsi olan 71 qəsəbəyə, hündürmərtəbəli binalardan ibarət məhəllə və fərdi həyət evlərinə  23070 məcburi köçkün ailəsi  (114600 nəfər) köçürüldü. Bu illər ərzində  129 məktəb, 43 uşaq bağçası, 47 tibb müəssisəsi, 34 rabitə evi tikilib, 595,7 km yol, 726,3 km su, 1157 km elektrik, 212,6 km qaz, 38,4 km kanalizasiya, 6,3 km istilik xətti çəkilib, 591 ədəd müxtəlif gücə malik transformator quraşdırılıb. Abşeron rayonu ərazisində 1047 məcburi köçkün ailəsi (4600 nəfər)  onlar üçün tikilən və hər cür zəruri şəraiti olan  mənzillərə köçürülüb.

Ümumiyyətlə isə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə 1993-2012-ci illər ərzində 5,3 milyard ABŞ dolları həcmində vəsait xərclənib ki, onun 3 milyard ABŞ dolları dövlət büdcəsindən, 1,375 milyard ABŞ dolları Dövlət Neft Fondundan, 930 milyon ABŞ dolları isə beynəlxalq humanitar  digər təşkilatlar tərəfindən ayrılıb.

 Doğma torpağından, ev-eşiyindən ermənilər tərəfindən didərgin salınmış qaçqın və məcburi köçkünlərin xeyli hissəsi, məlumdur ki, paytaxt Bakıda, əsasən tələbə yataqxanalarında, pansionatlardaqocalar evlərində, uşaq bağçaları və internatlarda, həmçinin tikintisi yarımçıq qalmış yaşayış binalarında məskunlaşıb. Onların da mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlət başçısının daim diqqət mərkəzində saxladığı məsələlərdən biridir. Dövlət başçısının tapşırıq və tövsiyələri əsasında bu insanların həyat şəraitinin təmin olunması istiqamətində müəyyən tədbirlər görülür ki, onlardan biri də şəhərətrafı ərazilərdə  yeni qəsəbələrin salınmasıdır. Belə qəsəbələrdən biriQaradağ rayonunun Müşfiqabad qəsəbəsi yaxınlığında salınır. Bakı-Şamaxı şose yolunun 25 kilometrliyində salınan qəsəbədə son tamamlama işləri görülür.

Qəsəbədə tikinti işlərinin gedişi göstərir ki,  dövlət başçısının tapşırıq və tövsiyələri burada da layiqincə yerinə yetirilir. Qəsəbədə tikinti işlərinin  sürət və keyfiyyəti ilə tanış olarkən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun baş texniki nəzarətçisi Teyyub Hüseynov bildirdi ki, qısa vaxt ərzində burada son tamamlama işləri başa çatacaq. İlin sonuna kimi 20 beşmərtəbəli (onlardan 16-sı 80, 4-ü isə 40 mənzillidir)  binadan ibarət qəsəbə məcburi köçkünlərin istifadəsinə  veriləcək: "Bu qəsəbə ilə digər yeni salınan yaşayış sahələrini fərqləndirən cəhətlərdən biri Bakı-Şamaxı magistral yolundan bura xüsusi yolötürücüsünün ayrılmasıdır. Qəsəbəyə giriş-çıxışın rahatlığını təmin etmək və yolda süni tıxac yaradılmasının qarşısının alınmasında yolötürücü vacib məsələlərdən biridir. Tikintisi ilə 22 şirkətin məşğul olduğu yeni qəsəbədə 2300 nəfərə yaxın usta və fəhlə çalışır. Əlbəttə, onların əksəriyyəti (hətta digər rayonlardan gələnlərin də)  məcburi köçkünlərdən ibarət işçi qüvvəsidir. Zəruri infrastruktura malik  son tamamlama işləri görülən qəsəbədə 3 hektardan artıq sahədə fəvvarəli  park salınır. Bu, yeni yaşayış sahəsində  istirahətin təmin edilməsi ilə yanaşı, qəsəbəyə xüsusi gözəllik də verir".

Qəsəbədə ikimərtəbəli, 140 yerlik uşaq bağçası körpələrin, dördmərtəbəli 1296 yerlik, müasir tipli, standartlara cavab verən orta məktəb isə şagirdlərə dövlət qayğısının bariz nümunələrindəndir. Qəsəbənin su ilə təmin edilməsi üçün 8,56 km məsafədən xətt çəkilib və 2 ədəd 2000 kubmetrlik anbar tikilib. Burada yaşıllıq zolaqlarının salınması ilə yanaşı, kanalizasiya və digər kommunikasiya (elektrik, qaz, rabitə və s.) xətləri çəkilib, modul tipli təmizləyici qurğu tikilib.

Müşfiqabadda abadlığa aparan yollarda quruculuq işlərinin sürət  və keyfiyyəti bir-birini tamamlayır ki,  bu da dövlətin öz vətəndaşlarına, o cümlədən qaçqın və məcburi köçkünlərə qayğısının bariz nümunəsidir.

 

 

 Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.-2012.- 18 noyabr.- S.6.