Bakıda «Yer kürəsi
uşaqların gözü ilə» fotomüsabiqəsinin sərgisi
açılmışdır
Noyabrın 17-də "Park Bulvar" ticarət və əyləncə mərkəzində Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü - IDEA Kampaniyası tərəfindən həyata keçirilən "Yer kürəsi uşaqların gözü ilə" fotomüsabiqəsinin sərgisi açılmışdır.
Sərginin açılış mərasimində Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü - IDEA Kampaniyası haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, 2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış IDEA Kampaniyası gənclər arasında ətraf mühitlə bağlı maarifləndirici işlərin aparılmasına, daimi fəaliyyətin təmin olunmasına, ekologiya problemlərini ailənin, cəmiyyətin və milli həyatın ayrılmaz hissəsinə çevrilməsi naminə fəaliyyət göstərən kampaniyadır.
Diqqətə çatdırılmışdır ki, bu məqsədi öz fəaliyyətində rəhbər tutan IDEA Kampaniyası ekoloji maariflənməni beynəlxalq səviyyədə həyata keçirərək "Yer kürəsi uşaqların gözü ilə" fotomüsabiqəsini reallaşdırmışdır. Layihə tanınmış fotoqraf Reza Diqqati ilə əməkdaşlıq çərçivəsində həyata keçirilərək böyük auditoriyanın marağına səbəb olmuşdur. Fotomüsabiqəyə dünyanın 30-a yaxın ölkəsinin uşaq, yeniyetmə və gəncləri "Mən təbiəti sevirəm" və "Mən çirklənmədən qorxuram" mövzularını əks etdirən 1000-dən artıq fotoşəkil təqdim etmişlər.
Müsabiqənin qalibləri görkəmli fotoqraf Reza Diqqatinin sədrliyi ilə dünyanın müxtəlif yerlərindən olan foto və incəsənət ekspertləri tərəfindən seçilmişdir.
Birinci yerə müsabiqənin Rusiyadan olan 8 yaşlı iştirakçısı Anastasiya Vorobko sahib olmuşdur, ikinci yeri 14 yaşlı fransalı Sofiye Vela tutmuşdur. Müsabiqədə üçüncü yerə həm münsiflər heyətinin, həm də internet səsverməsinin nəticəsində iki iştirakçı layiq görülmüşdür. Bunlar 14 yaşlı rumıniyalı Bianka Stan və 10 yaşlı indoneziyalı Maykl Teodriçdir. Bunlarla yanaşı, internet səsverməsinə görə "Sənin seçimin" nominasiyasında 17 yaşlı rusiyalı iştirakçı Kseniya Saberzanova xüsusi prizə layiq görülmüşdür.
Məlumat verilmişdir ki, birinci yerin sahibinə mükafatı bu ilin oktyabrında Moskvada keçirilmiş Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) konfransında RAGT-ın sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA Beynəlxalq ekologiya kampaniyasının təsisçisi Leyla Əliyeva təqdim etmişdir.
"Park Bulvar" ticarət və əyləncə mərkəzində qalib fotoların əks etdirdiyi təbiətə "dost" mesajları 20-dən artıq sayda banner vasitəsilə sərgilənmişdir.
"Yer kürəsi uşaqların gözü ilə" fotomüsabiqəsinin şəkillərinin təbliğ etdiyi ekoloji çağırışları əhaliyə çatdırmaq məqsədilə IDEA Kampaniyasının "Park Bulvar" ticarət və əyləncə mərkəzində keçirdiyi tədbirdə çıxış edən IDEA kampaniyasının layihələr üzrə meneceri Ramiz Babayev bildirmişdir ki, fotomüsabiqənin icrasına avqust ayından başlanılmış və müsabiqə çərçivəsində beynəlxalq sərgi ilk dəfə oktyabr ayında Moskvada keçirilən RAGT -ın konfransında ictimaiyyət üçün açıq təşkil olunmuşdur.
Bakı sakinlərinin də bu sərgi ilə tanış olmalarını məqsədəuyğun hesab etdiklərini vurğulayan R.Babayev qeyd etmişdir ki, əsas məqsəd digər ölkələrdə yaşayan uşaqların, həmçinin gənclərin Yer kürəsində öz gözləri ilə gördükləri və fotokameranın yaddaşına köçürdükləri ətraf mühitlə bağlı problemləri sərgini ziyarət edənlərin də görə bilmələrindən ibarətdir.
Menecer diqqətə çatdırmışdır ki, ətraf mühit çox qlobal əhəmiyyət daşıyan məsələdir və biz planetin gələcəyini əcdadlarımızdan miras almırıq, onu gələcək nəsillərdən borc olaraq götürürük. Ona görə də biz gənclərimizin bu məsələlərlə daha yaxından tanış olmaları və məhz ətraf mühitin qorunması istiqamətində daha da fəal iştirak etmələri üçün belə bir sərgini reallaşdırdıq.
Fotosərginin
nümayişi bir həftə davam edəcək və IDEA
könüllüləri bannerlərlə maraqlanan şəxslərə
fotolar və onların çatdırdığı mesajlar barədə
daha ətraflı məlumat verəcəklər.
AzərTAc
Azərbaycan.-2012.- 18 noyabr.- S.7.