Həyatın önündə

 

"Şəmkir" qəzetinin 80 yaşı tamam oldu. Bu qəzet əvvəlcə "Qırmızı Şamxor" adı ilə  nəşrə başlamışdı. 1961-ci ildə bölgə qəzetləri birləşəndə  bir müddət Qazaxda "Qalibiyyət bayrağı" adı altında fəaliyyətini davam etdirdi. Sonralar Şəmkir və Gədəbəy rayonlarını əhatə edib "Ulduz" adı ilə Şəmkirdə nəşr olundu. Gədəbəydə müstəqil "Tərəqqi" qəzeti yarananda əvvəl "Ulduz", sonra isə "Şəmkir" adı ilə oxucuların görüşünə gəldi.

"Şəmkir" qəzeti rayonun ictimai-iqtisadi həyatını əks etdirməklə yanaşı, ədəbi-bədii mühitin formalaşmasında, gənc istedadların aşkar edilib püxtələşməsində və onların yaradıcılığının təbliğində də uğurlu işlər görmüşdür. "Şəmkir inciləri" ədəbi dərnəyinin yaradılması oxucular tərəfindən rəğbətlə qarşılanmışdı. Səyavuş Sərxanlı, Taleh Həmid, Şamxal Rüstəm, Vasif Süleymanov kimi şairlər vaxtilə bu ədəbi məclisdən bəhrələnmişlər.

Qəzet həmişə həyatın önündə olur. Xüsusən Azərbaycan müstəqilliyini bərpa edəndən sonra azad sözə geniş meydan açıldı. Ümummilli lider Heydər Əliyev tərəfindən mətbuata göstərilən diqqət və qayğının bu gün möhtərəm Prezident İlham Əliyevin uğurla davam etdirməsi bizim redaksiya kollektivinidaim yaxşı işləməyə sövq edir. Odur ki, "Şəmkir" qəzetinin səhifələrində rayon əhalisinin xoş işləri, təhsil, səhiyyə, mədəniyyət və digər  sahələrdə qazandığı uğurlar, habelə yüksəlişə mane olan əngəllər öz əksini tapır. Hazırda qəzet 1000 nüsxə tirajla hər ay oxucularının görüşünə gəlir.

Kollektivin ənənələri zəngin və genişdir. Rayonun tarixini öz səhifələrində yaşadan qəzetə ayrı-ayrı illərdə bir-birindən bacarıqlı, peşəsinə qəlbən bağlı adamlar redaktorluq etmişlər. Bu gün Mövsüm Salahovu, Əsgər Əlizadəni, İsmayıl Cəfərovu, Musa Musayevi, Tahir Cəfərovu, Sabir Hacıyevi, Nəriman Həsənovu, İlham Zamanoğlunu, Nəriman Məmmədovu və başqalarını mətbuatsevərlər xoş duyğularla xatırlayırlar.

Mənim əlli ilə yaxın əmək fəaliyyətim də birbaşa bu qəzetlə bağlıdır. Burada korrektorluqdan redaktorluğa qədər yol keçmişəm.

"Şəmkir"in 80 illik yubileyi ərəfəsində 7 mininci nömrəsi çapdan çıxmışdır. Bu nömrədə də həmişə olduğu kimi, ümumən ölkəmizdə, eləcə də Şəmkir rayonunda gedən abadlıq və quruculuq işlərindən geniş söhbət açılır.

 

 

İlyas QASIMOV,

"Şəmkir" qəzetinin redaktoru

 

Azərbaycan.-2012.- 18 noyabr.- S.8.