Regionlar inkişafın yeni
keyfiyyət mərhələsinə qədəm qoyub
Prezident İlham Əliyevin
Saatlı, Beyləqan və İmişli rayonlarına səfərinin nəticələri bunu təsdiq
edir
Müxtəlif dövlət
proqramlarının uğurlu icrası artıq neçə
illərdir ki, Azərbaycanın sosial-iqtisadi həyatına
yeni nəfəs gətirməklə yanaşı, bu istiqamətdə
dövlət siyasətinin yeni müstəviyə qədəm
qoymasını təmin edib. Bunun nəticəsidir ki, son illərdə
bir neçə dəfə artan milli iqtisadiyyatımız
inkişaf səviyyəsinə görə dünyada
öncül yerlərdən birini tutur. Elə bir bölgəmiz,
şəhərimiz, rayonumuz yoxdur ki, ötən 8-9 il ərzində
orada yeni istehsal və ya xidmət sahələri, zavod və
fabriklər istifadəyə verilməsin. Bu yaxınlaradək əksər
sənaye məhsullarını xaricdən idxal edən
respublikamız artıq rəqabətə davamlı sənaye
məhsullarının ixracatçısına çevrilməkdədir.
Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsində, yoxsulluq həddinin aşağı düşməsində və əhalinin rifah halının yaxşılaşdırılmasında müstəsna rol oynamaqdadır. Təbii ki, Prezident İlham Əliyevin bütün bölgələrə mütəmadi səfərləri bu proqramların icrasını sürətləndirməklə bərabər, regionların tarazlı inkişafının təmin edilməsi, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində görülən işlərə əlavə stimul verir.
Ölkə
rəhbərinin Saatlı, Beyləqan və İmişli
rayonlarına səfəri də göstərdi ki,
regionların sosial-iqtisadi inkişafına dair ikinci dövlət
proqramı yerlərdə uğurla icra olunur. Xatırladaq ki,
buna qədər Prezident İlham Əliyev Saatlıya 2008-ci
ilin sentyabr, 2010-cu ilin noyabr, 2011-ci ilin may, İmişliyə
2006-cı ilin mart, 2010-cu ilin noyabr, 2011-ci ilin may, Beyləqana
2008-ci ilin aprel və oktyabr aylarında səfər edib.
Ölkə başçısı regionların sosial-iqtisadi
inkişafına dair dövlət proqramı çərçivəsində
görülən işlərlə tanış olub, müəssisələrin
açılışında, təməlqoyma mərasimlərində
iştirak edib. Prezident İlham Əliyevin hər səfəri
bu rayonların həyatında mühüm yeniliklərlə yadda
qalıb, sakinlərin xatirəsində xoş izlər
buraxıb.
Bu dəfə
isə Prezident Saatlı rayonunda
Araz çayı üzərindəki körpünun yenidənqurmadan
sonra, şahmat məktəbinin, tarix-diyarşünaslıq
muzeyi və rəsm qalereyasının yeni binasının, gənclər
mərkəzinin, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının
inzibati binasının açılışında iştirak
etdi, əsaslı şəkildə yenidən qurulan mərkəzi
rayon xəstəxanası ilə tanış oldu.
Beyləqanda
Prezidentin iştirakı ilə Beyləqan şəhərinin
su və kanalizasiya sistemləri kompleksinin təməli qoyuldu,
Beyləqan-Kəbirli-Baharabad avtomobil yolunun, əsaslı təmir
olunan və yenidən qurulan mədəniyyət
sarayının və Heydər Əliyev Mərkəzinin
açılışı oldu.
İmişlidə isə dövlət başçısı şəhər su anbarları kompleksinin istifadəyə verilməsi, "Kraun KO" taxıl anbarı kompleksinin, "Araz" damazlıq quşçuluq fabrikinin, şahmat məktəbinin, Heydər Əliyev Mərkəzinin açılış mərasimlərində iştirak etdi, rayon mərkəzi xəstəxanasında aparılan əsaslı təmir və Heydər Əliyev Parkındakı yenidənqurma işləri ilə tanış oldu.
Prezident İlham Əliyevin Saatlı, İmişli və Beyləqan rayonlarına səfəri göstərir ki, Azərbaycanın inkişafı çoxşaxəlidir və konkret istiqamətlər üzrə məhdudlaşmır. Buraya sahibkarlığın inkişafına dəstək verməklə yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, aqrar istehsalın stimullaşdırılması, işsizliyin aradan qaldırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, mənalı istirahətinin təşkili, gənclər siyasətinin uğurla gerçəkləşməsi, bölgələrdə hər bir sahə üzrə mükəmməl infrastrukturun yaradılması və sair məsələlər daxildir. Təbii ki, bütün bu infrastrukur, sosial və iqtisadi layihələr ölkəmizin inkişafına və vətəndaşların rifahına xidmət edir. İmişli şəhər su anbarları kompleksinin istifadəyə verilməsi mərasimində Prezident İlham Əliyev bununla bağlı deyib: "Mən əminəm ki, bu layihələr, görülən işlər mütləq öz müsbət təsirini insanların sağlamlığında göstərəcəkdir. Çünki insan amili bizim üçün əsas sosial məsələdir. Bu gün bölgə sahibkarları ilə görüşdə də bu məsələyə toxundum. Çünki biz, əlbəttə, iqtisadi islahatları uğurla icra edirik, bölgələr inkişaf edir, gözəlləşir, abadlaşır, yeni iş yerləri açılır. Ancaq bütün bu işlərin təməlində və mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşı sağlam olmalıdır. Azərbaycan vətəndaşı yaxşı şəraitdə gözəl şəhərlərdə yaşamalıdır. Bütün infrastruktur layihələri icra edilməlidir ki, biz dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsindən geri qalmayaq. Biz bunu edirik, edəcəyik. Ölkəmizdə gedən quruculuq, abadlıq işləri hər bir rayonda öz bəhrəsini verir".
Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin səfərləri rayonların həyatında əlamətdar yeniliklərlə yadda qalmaqla yanaşı, dövlət proqramlarının icrasının daha da sürətlənməsi ilə müşahidə olunub. Bu mənada dövlət başçısının "Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 29 oktyabr 2012-ci il tarixli sərəncamı bu rayonun yüksəlişinə mühüm təkan verəcək. Sərəncama əsasən Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2 milyon manat ayrılır.
Ümumiyyətlə
desək, ölkədə formalaşmış əlverişli
iqtisadi-siyasi mühit,
qazanılan misilsiz nailiyyətlər regionların
sosial-iqtisadi inkişafına dair ikinci dövlət
proqramının uğurla başa çatmasını təmin
edəcək. Çünki bu proqramın icrası ilə əlaqədar
Azərbaycanın bütün regionları artıq
inkişafın yeni keyfiyyət mərhələsinə qədəm
qoyub. Prezident İlham Əliyevin Saatlı, Beyləqan və
İmişli rayonlarına səfərinin nəticələri
də qeyd etdiyimiz kimi bunu bir daha təsdiq etdi.
Azərbaycan.-2012.- 20 noyabr.- S.1.