ABŞ-ın İllinoys Ştatı Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır

 

Dünən Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan ABŞ-ın İllinoys Ştatının Nümayəndələr Palatasının sədri Maykl Jozef Madiganın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

Oqtay Əsədov bildirdi ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xarici dövlətlər, o cümlədən də Amerika Birləşmiş Ştatları ilə sıx dostluq əlaqələri qurub. Bu gün ABŞ ilə Azərbaycan arasında  strateji tərəfdaşlıq mövcuddur. ABŞ-ın İllinoys Ştatı ilə əməkdaşlıq münasibətlərinin qurulması və inkişafı da hər iki dövlətin ümumi maraqlarına xidmət edir. Oqtay Əsədov demişdir: "İnanırıq ki, sizin bu səfəriniz əlaqələrimizin hərtərəfli inkişafına təkan verəcəkdir. Milli Məclisdə ABŞ ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupları da var. İstərdik ki, ABŞ-ın ayrı-ayrı ştatları, eləcə də İllinoys Ştatının parlamenti ilə də belə dostluq qrupları yaradılsın".

Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Maykl Jozef Madigan Azərbaycanın sürətli inkişafını, neft gəlirlərinin yeni sahələrə, xüsusən də, informasiya texnologiyalarına yönəldilməsini yüksək qiymətləndirdi. Qonaq qeyd etdi ki, Azərbaycan hökumətinin informasiya texnologiyaları ilə bağlı xüsusi layihələr hazırlaması və həyata keçirməsi çox yaxşı haldır. İllinoys Ştatı gələcəkdə bu sahədə Azərbaycanın təcrübəsindən bəhrələnə bilər.

Sonra görüşdə qarşılıqlı səfərlərin təşkili, parlamentlərarası əməkdaşlıq, qanunvericilik sahəsində təcrübə mübadiləsi və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

 

 

Azərbaycan.-2012.- 20 noyabr.- S.1.