Azərbaycan ilə Qazaxıstan arasında bütün sahələrdə əməkdaşlıq əlaqələri uğurla inkişaf edir

 

Noyabrın 19-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Qazaxıstan Respublikasının mədəniyyət və informasiya naziri Mınbay Darxan Kamzabekulı ilə görüşmüşdür.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri münasibətilə ölkəmizə gəlmiş qonağı salamlayan Baş nazir Artur Rasi-zadə qarşılıqlı əlaqələrimizin bütün istiqamətlər üzrə uğurla davam etdiyini vurğulamışdır. O, iqtisadi-siyasi sahələrlə yanaşı, elm, təhsil, mədəniyyət, turizm, informasiya və digər sahələrdə də əməkdaşlığın möhkəmləndirilməsinin zəruriliyini vurğulamışdır.

Xalqlarımızın dərin tarixi bağlara, ortaq mədəni dəyərlərə malik olduğunu xatırladan Baş nazir qeyd etmişdir ki, çoxəsrlik münasibətlər ənənəsini bundan sonra da yaşatmaq, xüsusən, TÜRKSOY çərçivəsində əlaqələrin daha da möhkəmləndirilməsinə səy göstərmək vacibdir. Bu baxımdan müvafiq dövlət qurumları arasında keçirilən görüşlərin, mədəniyyət sahəsində təcrübə mübadiləsinin də faydalı olacağını nəzərə çatdıran Baş nazir onlara öz fəaliyyətlərində uğurlar arzulamışdır.

Qazaxıstanlı nazir Mınbay Darxan Kamzabekulı mədəniyyət günlərinin proqramı barədə Azərbaycanın Baş nazirinə ətraflı məlumat vermişdir. O bildirmişdir ki, dost Azərbaycan xalqını Qazaxıstan incəsənət xadimləri ilə tanış etməklə yanaşı, həmçinin Bakıya səfəri çərçivəsində azərbaycanlı həmkarları ilə mədəni əməkdaşlığa dair aktual məsələləri müzakirə etmək, müştərək layihələr barədə fikir mübadiləsi aparmaq niyyətindədir.

Sonra qonaq mədəniyyət günlərinin keçirilməsi üçün yaradılan münbit şəraitə görə Azərbaycan hökumətinə minnətdarlıq ifadə etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 20 noyabr.- S.1.