Miqrasiya orqanları işçilərinin
fasiləsiz qulluq illərinin və bununla əlaqədar
onlara verilən əlavələrin hesablanması qaydası
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 16 noyabr tarixli 260 nömrəli qərarı
ilə təsdiq edilmişdir
1. Ümumi
müddəa
1.1. Bu qayda "Azərbaycan
Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli
qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında
qulluq keçmə haqqında Əsasnamə"də dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2012-ci il 20 aprel tarixli 344-IVQD nömrəli qanununun tətbiqi və
"Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"nin
təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 206 nömrəli
fərmanında dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 632
nömrəli fərmanının 1.3-cü bəndinin
icrasını təmin etmək məqsədi ilə
hazırlanmışdır və miqrasiya orqanlarının
xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə
çalışan işçilərinin (bundan sonra -
işçilər) fasiləsiz qulluq illərinin və bununla əlaqədar
onlara verilən əlavələrin hesablanması
qaydasını müəyyən edir.
2. Qulluq illərinin hesablanması
qaydası
2.1.
Miqrasiya orqanları işçilərinin fasiləsiz qulluq illərinə
aşağıdakı dövrlər daxil edilir:
2.1.1.
miqrasiya orqanlarında vəzifəyə təyin olunduğu
gündən başlayaraq, sonrakı işlədiyi müddət;
2.1.2. miqrasiya orqanlarında stajorluq və
sınaq müddəti;
2.1.3.
miqrasiya orqanlarında qulluq edərkən vəzifəsinin və
əməkhaqqının saxlanması şərtilə,
işçinin qulluqdan ayrıldığı müddət;
2.1.4.
miqrasiya orqanlarının kadrlarında saxlanılmaqla,
müvafiq normativ hüquqi aktların tələblərinə
uyğun olaraq, Azərbaycan Respublikasının ali icra və
ya qanunvericilik hakimiyyəti orqanlarına, hüquq-mühafizə
orqanlarının təşkilati və qanunvericilik təminatı
ilə bağlı işə keçmiş və bu
orqanlardan işdən çıxdıqdan sonra miqrasiya
orqanlarında xidmətini davam etdirən işçilərin
həmin orqanlarda işlədikləri müddət;
2.1.5.
məzuniyyət dövrləri;
2.1.6.
əmək qabiliyyətinin müvəqqəti itirildiyi
müddət;
2.1.7.
miqrasiya orqanları işçilərinin sərəncamda
olduqları və ya vəzifə səlahiyyətlərinin
icrasından kənarlaşdırıldıqları müddət;
2.1.8.
peşə fəaliyyəti ilə bağlı miqrasiya
orqanının müvafiq göndərişinə əsasən
Azərbaycan Respublikasının və xarici dövlətlərin
tədris müəssisələrində təhsil
aldıqları müddət;
2.1.9.
miqrasiya orqanları işçilərinin ilkin hazırlıq,
ixtisasartırma və yenidən hazırlıq kurslarına cəlb
edildikləri müddət.
2.2.
Miqrasiya orqanları işçilərinin qulluq illərinə
onların aşağıdakı orqanlarda işlədikləri
müddətlər də daxil edilir:
2.2.1.
"Prokurorluq haqqında" Azərbaycan Respublikasının
Qanununda göstərilən prokurorluq işçisi vəzifələrində
qulluqda olduqları müddət;
2.2.2.
digər hüquq-mühafizə və fövqəladə
hallar orqanlarının sıravi və rəis heyəti vəzifələrində,
həmçinin məhkəmə hakimiyyəti orqanlarında
işlədikləri müddət;
2.2.3.
ali icra və qanunvericilik orqanlarında, yuxarı icra hakimiyyəti
orqanlarında, 1991-ci il oktyabrın 18-dək dövlət,
sovet və partiya orqanlarında hüquq-mühafizə
orqanlarının fəaliyyətinin əlaqələndirilməsi,
qanunvericilik və ya təşkilati təminatı ilə
bağlı vəzifələrdə işlədikləri
müddət;
2.2.4.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində
və Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə,
habelə SSRİ Silahlı Qüvvələrində həqiqi
hərbi xidmət müddəti, zabit, gizir, miçman və
müddətdən artıq hərbi qulluqçu vəzifələrində
xidmət müddəti.
2.3.
Qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan
miqrasiya orqanlarından xaric olunmuş, sonradan isə məhkəmənin
və ya Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin,
yaxud Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya
Xidmətinin qərarı əsasında miqrasiya orqanlarına
bərpa edilmiş işçilərin miqrasiya orqanlarından
xaric olunduqları gündən işə bərpaolunma
haqqında əmrin verildiyi günədək olan miqrasiya
orqanlarında qulluq keçmədikləri müddət qulluq
illərinə daxil edilir.
2.4.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən,
cinayət prosesini həyata keçirən orqanın səhvi
və ya vəzifəsindən sui-istifadəsi nəticəsində
vurulmuş ziyanın ödənilməsi hüququna malik
miqrasiya orqanları işçilərinin tutulma, həbsdəolma
və cəzaçəkmə müddətləri qulluq illərinə
daxil edilir.
2.5.
Azərbaycan Respublikasının digər normativ hüquqi
aktları ilə qulluq illərinin güzəştli şərtlərlə
hesablanması nəzərdə tutulan hallar miqrasiya
orqanlarında fasiləsiz qulluq illərinin hesablanmasında nəzərə
alınır.
2.6.
Xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə
çalışan işçilər miqrasiya orqanlarında vəzifəyə
təyin olunmazdan əvvəl mülki ali təhsil müəssisələrində,
habelə xüsusi təyinatlı təhsil müəssisələrində,
o cümlədən qiyabi təhsilalma formasında
keçirdiyi təlim vaxtı da 5 (beş) ilədək
müddət daxilində təlimin bir ili altı ay
sayılmaqla fasiləsiz qulluq illərinə daxil edilir.
2.7.
Dövlət qulluqçusu miqrasiya orqanlarında xüsusi
rütbələr nəzərdə tutulan vəzifəyə
təyin edildikdə, əvvəlki dövlət qulluğu vəzifəsindəki
qulluq illəri fasiləsiz qulluq illərinə daxil edilir.
3. Əlavə haqqın
hesablanması və verilməsi qaydası
3.1.
Qulluq illərinə görə verilən əlavə haqq vəzifə
maaşından və xüsusi rütbəyə görə əlavədən
hesablanaraq, aşağıdakı məbləğlərdə
ödənilir:
3.1.1.
1 ildən 2 ilə qədər qulluq illərinə görə
- 5 faiz;
3.1.2.
2 ildən 5 ilə qədər qulluq illərinə görə
- 10 faiz;
3.1.3.
5 ildən 10 ilə qədər qulluq illərinə görə
- 15 faiz;
3.1.4.
10 ildən 15 ilə qədər qulluq illərinə görə
- 20 faiz;
3.1.5.
15 ildən 20 ilə qədər qulluq illərinə görə
- 25 faiz;
3.1.6.
20 ildən 25 ilə qədər qulluq illərinə görə
- 30 faiz;
3.1.7.
25 ildən 30 ilə qədər qulluq illərinə görə
- 40 faiz;
3.1.8.
30 ildən yuxarı qulluq illərinə görə - 50 faiz.
3.2.
Müvəqqəti əvəzetmə üzrə iş
zamanı əlavə haqq əsas işin vəzifə
maaşına və rütbəsinə uyğun hesablanır.
3.3.
Təqvim ayı ərzində qulluq illərinə görə
əlavə haqqın məbləği artdığı təqdirdə,
həmin ay üçün əlavə haqqın məbləği
ayın təqvim günlərinə mütənasib şəkildə
artırılaraq hesablanır.
3.4.
Bu qaydanın 3.3-cü bəndi ay ərzində miqrasiya
orqanı işçisinin vəzifə maaşının və
xüsusi rütbəyə görə əlavələrin dəyişməsi
zamanı da tətbiq edilir.
3.5. Əlavə
haqq miqrasiya orqanı işçisi üçün
qanunvericilikdə nəzərdə tutulmuş qaydada orta
aylıq əməkhaqqı hesablanarkən nəzərə
alınır.
4. Qulluq illərinin müəyyən
edilməsi və rəsmiləşdirilməsi qaydası
4.1.
Qulluq illərini müəyyən edən əsas sənəd
əmək kitabçası hesab edilir. Əmək
kitabçası olmadıqda və ya onda lazımi qeydiyyatlar
aparılmadıqda, habelə iş dövrləri
düzgün əks etdirilmədikdə, qulluq illərinin
müəyyən edilməsi üçün əmrlərdən
çıxarışlar, şəxsi hesab vərəqələri,
əməkhaqqının ödəniş cədvəlləri
və iş fəaliyyətləri barədə məlumat verə
biləcək digər təsdiqedici sənədlər əsas
götürülür.
4.2.
Miqrasiya orqanları işçilərinin qulluq illəri Azərbaycan
Respublikası Dövlət Miqrasiya Xidməti aparatının
və Naxçıvan Muxtar Respublikası Dövlət
Miqrasiya Xidmətinin müvafiq struktur bölməsi tərəfindən
bu qaydaya uyğun olaraq hesablanır.
4.3.
Bu qaydanın 2-ci hissəsinin tətbiqi zamanı
yaranmış fikir ayrılığı Azərbaycan
Respublikası Dövlət Miqrasiya Xidmətinin aparatında,
Naxçıvan Muxtar Respublikasının Dövlət
Miqrasiya Xidmətində, habelə Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətinin rəisi (bundan sonra - Dövlət
Miqrasiya Xidmətinin rəisi) tərəfindən səlahiyyət
verilən struktur qurumlarda yaradılan miqrasiya orqanları
işçilərinin qulluq illərinin hesablanması üzrə komissiya tərəfindən
aradan qaldırılır.
4.4.
Miqrasiya orqanları işçilərinin qulluq illərinin
hesablanması üzrə komissiyaların tərkibi Dövlət
Miqrasiya Xidmətinin rəisi, Naxçıvan Muxtar
Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi və
müvafiq struktur qurumların rəhbərləri tərəfindən
müəyyən edilir.
4.5.
Bu qaydanın 2-ci hissəsinin tətbiqi zamanı fikir
ayrılığı yarandıqda, əlavə haqq miqrasiya
orqanları işçilərinin qulluq illərinin
hesablanması üzrə komissiyaların qərarlarına əsasən
verilir. Qulluq illərinin müəyyən edilməsi
haqqında qərarlar göstərilən komissiyalar tərəfindən
protokol formasında rəsmiləşdirilir. Protokolun əsli
müvafiq miqrasiya orqanında saxlanılır, surəti isə
işçinin şəxsi işinə əlavə edilir.
4.6.
Miqrasiya orqanları işçilərinin qulluq illərinin
hesablanması üzrə komissiyaların qərarından
Dövlət Miqrasiya Xidmətinin rəisinə və məhkəməyə
şikayət verilə bilər.
Azərbaycan.-2012.- 20 noyabr.- S.2.