Xalqın siyasi
istinadgahı
Yeni Azərbaycan
Partiyası
1992-ci il noyabrın 21-də Naxçıvanda ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının (YAP) yarandığı elan olundu. Tarixi zərurətdən yaranan YAP Azərbaycanın siyasi həyatında özünəməxsus rola malik olan nüfuzlu bir təşkilat kimi qəbul edildi. Bunun da əsas səbəbi o idi ki, partiyanın başında dahi siyasətçi Heydər Əliyev kimi Azərbaycan xalqının böyük hörmət və inam bəslədiyi şəxsiyyət dayanırdı.
1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış Azərbaycan ziyalısının "Səs" qəzetində dərc olunmuş tarixi müraciətində deyilirdi: "İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq, Sız qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləyəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və ya yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respbulikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu dolduracaq, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə biləcək. Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşəcək dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu peşəkar insanların siyasi partiyasına çevriləcəkdir".
Müstəqil Azərbaycan dövlətinin başının üstünü almış təhlükələrin ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında aradan qaldırılmasında, xaos və özbaşınalığın birdəfəlik ləğv edilməsində, ictimai-siyasi sabitliyin bərqərar olmasında, bazar iqtisadiyyatı əsasında yeni neft strategiyasının işlənib hazırlanmasında və reallaşdırılmasında partiya fəallarının xüsusi xidmətləri olmuşdur. YAP yaranandan təxminən yarım il sonra Azərbaycanda insanların kütləvi şəkildə ölkəni ulu öndər Heydər Əliyevin xilas etməsi ilə bağlı istəkləri və tələbləri meydana çıxdı. Ümummilli lider YAP-a söykənərək dövlətçiliyimizin qorunması və inkişafını həyata keçirdi.
1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasında növbədənkənar prezident seçkilərində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Seçkilər tam demokratik əsaslarla, dünya təcrübəsinə uyğun keçirilmişdi. Heydər Əlirza oğlu Əliyevə seçicilərin 98,8 faizi səs vermişdi. Oktyabrın 10-da Respublika sarayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin andiçmə mərasimi keçirildi. Heydər Əliyevin andiçmə mərasimindəki dərin məzmunlu, parlaq nitqi keçid dövrünün böyük proqram sənədi oldu. Müstəqil Azərbaycanın memarı və qurucusu, dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyəti nəticəsində vətənimiz azad bazar iqtisadiyyatı yoluna qədəm qoydu, dövlətçiliyimiz gündən-günə gücləndi. Azərbaycanın müstəqilliyinin əbədiliyi, dönməzliyi, yenilməzliyi təmin olundu.
Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə milli müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi. Bununla da, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycanın dövlət müstəqilliyi hər cür daxili və xarici təhdidlərdən qurtuldu. Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin 20 sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlandı. Bu, müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən yeni neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü idi.
Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə bağlı pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alındı, bütün qanunsuz silahlı dəstələr ləğv olundu. Bunlar bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alındı, dövlət müstəqilliyi qorunub saxlandı.
1993-cü ildən başlayaraq ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət aldı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyası təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci il noyabrın 12-də müəllifi Heydər Əliyev olan müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu. Müstəqillik illərində Azərbaycan dili, sözün həqiqi mənasında, müstəqil Azərbaycanın dövlət dilinə çevrildi.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, hərtərəfli inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur.
Ulu öndər Azərbaycanın təbii sərvətlərindən, əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən ölkənin milli mənafelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində son dərəcə gərgin və səmərəli fəaliyyət göstərmişdir. Ümummilli liderin böyük siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində əhəmiyyətli beynəlxalq müqavilələrə imza atılmış və onların həyata keçirilməsinə başlanmışdır. Heydər Əliyevin təşəbbüsü ilə böyük siyasi məna kəsb edən bir sıra dünya miqyaslı iqtisadi proqramların həyata keçirilməsində Azərbaycan aparıcı rol oynamışdır.
Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri vardır. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy göstərmiş, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul etmişdir.
Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev, eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. Ulu öndər Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaratmışdır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.
Müstəqil Azərbaycan dövlətinin banisi - ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, onu özündən sonra inamla idarə edəcək, çoxşaxəli mütərəqqi islahatların varisliyini uğurla təmin edəcək peşəkar lider də yetişdirmişdir. 2003-cü ilin oktyabrında ulu öndər Heydər Əliyevin "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deməklə cəmiyyətə özünün layiqli davamçısı kimi təqdim etdiyi cənab İlham Əliyevin son 9 illik prezidentlik fəaliyyətinin ümumi təhlilinə nəzər saldıqda, həmin fikrin qəti qənaət olduğunun bir daha fərqinə varırıq. Ümummilli liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun xalqına, dövlətinə necə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Dövlət başçısının idarəçilik keyfiyyətlərindən ən mühümü, şübhəsiz, uzun illər boyu zərrə-zərrə formalaşaraq sabitləşmiş milli dövlətçilik ənənələrinə sadiqliyidir.
Ulu öndər Heydər Əliyevin zəngin irsinə söykənən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən inkişaf strategiyasının təhlili onun üç fundamental prinsipə istinad etdiyini söyləməyə əsas verir. Bunlar güclü dövlət, səmərəli iqtisadiyyat və azad insandır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı nailiyyətlər hər üç başlanğıcın qarşılıqlı ahəngdar fəaliyyətinin ölkənin yüksək inkişafına, hərtərəfli tərəqqisinə xidmət edən əzəmətli vasitəyə çevrilmək gücündə olduğunu sübuta yetirir.
Ölkənin və onun əhalisinin təhlükəsiz, əmin-amanlıq şəraitində yaşaması güclü dövlətin ən mühüm şərti kimi sosial-siyasi və milli-əxlaqi mühitin, birgəyaşayış norma və qaydalarının mövcudluğunu özündə ehtiva edir. Ölkədə sabitliyi, əmin-amanlığı, dövlət intizamını təmin etmək, qanunçuluğu və hüququn aliliyini gözləmək sahəsində atdığı addımlar Prezidentin Azərbaycanı qüdrətli dövlətə çevirmək istəyindən irəli gəlir. İqtisadi sahədə reallaşdırılan islahatlar - azad sahibkarlığın möhkəmləndirilməsi, işgüzar mühitin liberallaşdırılması, investisiyalara dövlət təminatının gücləndirilməsi, qeyri-neft sektorunun, informasiya-kommunikasiya texnologiyalarının inkişafı, vətəndaşların təşəbbüskarlığına geniş meydan verilməsi kimi mühüm tədbirlər Azərbaycanda səmərəli iqtisadiyyatın formalaşdırılmasına xidmət edir. Nəhayət, bütün bu addımlarla paralel şəkildə siyasi və hüquqi azadlıqların dərinləşdirilməsi, vətəndaş cəmiyyəti quruculuğuna yönəlmiş islahatların davam etdirilməsi ölkədə şəxsiyyətin və fərdin azadlığına xidmət edir.
Uzun əsrlər
boyu böyük şəxsiyyət və zaman
qarşılıqlı münasibətlərinə dair siyasi
və ictimai baxışlar kifayət qədər rəngarəng
və fərqli olması ilə seçilmişdir. Lakin
bütün bu rəngarənglik və müxtəliflikdə
daxili bir bağlılıq da həmişə aydın şəkildə
özünü büruzə vermişdir. Yəni, tarixi şəxsiyyəti
zamansız, zamanı isə şəxsiyyətsiz qavramanın
mümkünsüzlüyü təsdiqini tapmışdır.
Bu məntiqdən yanaşdıqda etiraf etməliyik ki, Azərbaycanın
müasir tarixi Heydər Əliyev dühasından ayrı təsəvvür
edilə bilməz. Bu siyasi kursu inamla davam etdirən dövlət
başçısı İlham Əliyev də Heydər Əliyevin
yaratdığı şanlı tarixi yaşatmaqla bərabər,
həm də yeni dövlətçilik məktəbinin banisinə
çevrilmiş, yeni bir tarixi epoxanın əsasını
qoymuşdur.
Tahir SÜLEYMANOV,
Milli Məclisin deputatı
Azərbaycan.-2012.- 20 noyabr.- S.4.