Azərbaycan idman şöhrətini daim
yüksəklərdə saxlayır
Bu gün dünyada gedən qlobal inteqrasiya proseslərinin sürətləndirilməsində əhəmiyyəti, irqindən, dinindən asılı olmayaraq, müxtəlif millətlərin nümayəndələrini bir araya toplayaraq onların ədalətli oyun prinsipləri əsasında idman mübarizəsinə qoşulmasını təmin etməsi ilə seçilən beynəlxalq Olimpiya hərəkatı müasir həyatın ayrılmaz tərkib hissəsidir. İndi heç bir dövlət Olimpiya oyunlarından kənarda qalmır, dünyanın ən mötəbər idman tədbirində layiqincə təmsil olunmağa çalışır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Olimpiya oyunlarında göstərilən nəticə təkcə ölkənin idman həyatının deyil, onun iqtisadi potensialının, ictimai, sosial-mədəni həyatının göstəricisidir. Olimpiya oyunlarında qazanılan uğurlar beynəlxalq miqyasda ölkənin imicini yaxşılaşdırmaqla yanaşı, onun imkanlarını nümayiş etdirir.
1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsi ilə ölkəmizdə Olimpiya hərəkatının və bütövlükdə idmanın inkişafında yeni mərhələ başladı. İlk növbədə, Azərbaycan Olimpiya hərəkatının real vəziyyəti öyrənildi, mövcud problemlər aşkara çıxarıldı, işə əngəl törədən amillər müəyyənləşdirildi və onları aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlər görüldü.
Azərbaycanın Olimpiya oyunlarında layiqincə təmsil olunmasını təmin etmək, beynəlxalq əlaqələri qurmaq və MOK-nın beynəlxalq Olimpiya ailəsinin nüfuzlu üzvünə çevirmək, idmanın bütün növlərini inkişaf etdirmək, idmançılar üçün təlim-məşq toplanışlarını təşkil etmək, onların sosial vəziyyətini yaxşılaşdırmaq, idmançı uğurunu və əməyini qiymətləndirmək, idmanın maddi-texniki bazasını möhkəmlətmək, ölkədə beynəlxalq yarışların təşkilini təmin etmək, beynəlxalq idman qurumlarının tədbirlərinə fəal qoşulmaq, idmanın və bədən tərbiyəsinin kütləviliyini artırmaq, uşaq və yeniyetmələri idmana cəlb etmək kimi məsələlər MOK-nın fəaliyyətinin əsas istiqamətləri oldu.
Beləliklə,
cənab İlham Əliyevin MOK-nın prezidenti seçilməsindən
sonra ölkədə bədən tərbiyəsi və
idmanın inkişafı geniş vüsət aldı,
respublikamız beynəlxalq Olimpiya hərəkatına
qoşuldu, bu sahədə sistemli şəkildə işlər
görüldü.
Azərbaycanın
yeniyetmə idmançılarının beynəlxalq turnirlərə
göndərilməsi, onların Beynəlxalq Olimpiya Komitəsinin
(BOK) və Avropa Olimpiya Komitəsinin (AOK) himayəsi altında
keçirilən böyük idman yarışlarında
iştirakı təmin olundu. Eyni zamanda ölkədə
yeniyetmələr arasında qitə və dünya miqyaslı
yarışların təşkili istiqamətində məqsədyönlü
işlər həyata keçirildi.
İndi
artıq bu tədbirlər silsilə xarakter
almışdır. Cənab İlham Əliyevin sayəsində
Azərbaycan başda BOK və AOK kimi nüfuzlu təşkilatlar
olmaqla dünyanın bütün idman qurumları ilə
sıx əlaqə saxlayır. Son illər bu əməkdaşlıq
daha da genişlənmişdir. Bunu beynəlxalq idman təşkilatlarının
rəhbərlərinin Bakıya müntəzəm səfərləri
və ölkəmizdə keçirilən mötəbər
idman yarışları da təsdiqləyir.
1997-ci
ildən bu günədək BOK, AOK və digər idman təşkilatları
ilə sıx əməkdaşlığın qurulması
ölkəmizin dünya Olimpiya hərəkatında fəal
iştirakını nümayiş etdirir. Bir sözlə, MOK cənab
İlham Əliyevin rəhbərliyi altında ideal Olimpiya
qurumuna çevrilmişdir.
Ümumiyyətlə,
Milli Olimpiya Komitəsinin tarixi müstəqilliyimizin tarixi ilə
təxminən üst-üstə düşür. Milli
müstəqilliyin bərpasından bir il sonra - 1992-ci ildə
Milli Olimpiya Komitəsi yaradıldı. Bu gün Milli Olimpiya
Komitəsi 20-ci il
dönümünü qeyd edir.
Cari
ayın 7-də MOK-nın 20 illik yubileyi münasibətilə
təntənəli mərasim keçirilmişdir. Tədbirdə
çıxış edən dövlət
başçısı İlham Əliyev idmanımızın
tarixinə qısa nəzər salaraq görülən işlərdən
söz açdı, onların mahiyyət və məqsədlərinə
toxundu. Prezident qeyd etdi ki, dövlət siyasəti idmanın təbliği,
idmanla məşğul olmaq üçün şəraitin
yaradılması, maarifləndirmə, gənc nəslin
yetişdirilməsi kimi mühüm istiqamətləri əhatə
edir. Görülən işlər arasında yeni idman
infrastrukturunun yaradılması xüsusi əhəmiyyət kəsb
edir: "Mən çox şadam ki, vaxtilə Milli Olimpiya
Komitəsinin təşəbbüsü kimi yaranmış bu
proqram artıq ölkə üzrə geniş vüsət
almışdır. Birinci Olimpiya idman kompleksi Milli Olimpiya Komitəsi
tərəfindən 2000-ci ildə Bakıda
ucaldılmışdır. Ondan sonra Azərbaycanda 35 regional Olimpiya Kompleksi tikilib
istifadəyə verilib, 8 kompleksin tikintisi davam edir. Beləliklə,
yaxın gələcəkdə elə bir şəhər
qalmayacaqdır ki, orada müasir, ən yüksək standartlara
cavab verən Olimpiya idman mərkəzi olmasın. Bu mərkəzlərdə
həm peşəkar idmançılar məşq edirlər,
eyni zamanda, bölgə gəncləri, uşaqlar, yeniyetmələr
idman bölmələrinə gələrək öz peşəkarlığını
artırırlar".
Prezident
İlham Əliyevin qeyd etdiyi kimi, böyük idman turnirlərində
qazanılan qələbə sadəcə olaraq uğur
deyildir: "Hər dəfə milli bayrağımız
qaldırılanda, dövlət himnimiz səslənəndə
hər bir vətənpərvər Azərbaycan vətəndaşı
qürur hissi ilə bu gözəl anları yaşayır.
Çünki ölkənin qələbəsi,
idmançıların qələbəsi, bizim
uğurlarımız hər bir vətənpərvər vətəndaşı
sevindirir. Ancaq idman sadəcə olaraq idman
yarışlarında əldə edilən qələbə
deyildir. İdmanın cəmiyyətdə çox geniş,
çoxşaxəli təsiri vardır. Adətən,
inkişaf etmiş ölkələrdə idman da inkişaf
edir. Yəni, idmanın inkişafı ölkələrin
ümumi inkişafının göstəricisidir". Dövlət
başçısı belə bir məqamı xüsusi olaraq
vurğulamışdır ki, hər bir Olimpiadanın
yekunları, uğurları və bəzi hallarda yaşanan məyusluq,
eyni zamanda, gələcək fəaliyyətimiz
üçün də bir yol göstəricisidir: "Hesab
edirəm ki, London Yay Olimpiya oyunları medalların sayına,
idmançılarımızın
çıxışlarına görə, doğrudan da,
böyük qiymətə layiqdir. On medal qazanılıb. Ancaq
hamımız yaxşı bilirik ki, ən azı beş medal
da qazanılmalı idi. İdmançılarımız buna
yaxın idi. Bəzi medalların əyarları daha da
üstün olmalı idi. Biz bunu, bəzi Olimpiya
oyunlarındakı məqamları yaxşı
xatırlayırıq. Ancaq bəzi hallarda ədalətsizlik
bizi yoldan çəkindirməməlidir. Biz daha böyük əzmlə
və iradə ilə çalışmalıyıq ki,
uğurlarımızı artıraq".
Bu gün
Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.
İdman sahəsində gerçəkləşdirilən
dövlət siyasəti, Olimpiya ideallarının təbliği,
idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi,
müasir Olimpiya komplekslərinin inşası və digər tədbirlər
nəticəsində ölkəmiz mötəbər beynəlxalq
idman yarışlarının keçirildiyi məkana,
dünyanın idman mərkəzlərindən birinə
çevrilmişdir. Azərbaycan təkcə müəyyən
kateqoriyalı beynəlxalq yarışların deyil, eyni
zamanda, qitə və dünya çempionatlarının
keçirildiyi ölkədir.
Hazırda
ölkəmizdə elə bir mühit
formalaşmışdır ki, idmançı olmaq çox
şərəfli bir peşədir. Cəmiyyətdə idmana
və idmançıya hörmət və məhəbbət
yüksək səviyyədədir. Bu, dövlətin yeritdiyi
idman siyasətinin birbaşa nəticəsidir.
Elçin CƏFƏROV
Azərbaycan.-2012.- 20 noyabr.- S.4.