Sabitlik, inkişaf və rifah partiyası

 

Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşması YAP-ın fəaliyyəti ilə bağlıdır

 

 Tarixi təcrübə göstərir ki, dövlət və cəmiyyət həyatında müstəsna rol oynayan, demokratik, hüquqi dövlətin mühüm atributlarından sayılan ümummilli siyasi partiyalar, adətən, milli tələbatdan yaranırlar. Hər bir demokratik ölkədə əhalinin geniş təbəqələrinin ictimai-siyasi həyatda iştirakı da məhz belə partiyalar vasitəsilə reallaşır.

Xalq və dövlət maraqlarını özünün praktik fəaliyyətində ifadə etməyən, cılız siyasi məqsədlər ətrafında formalaşan partiyalar cəmiyyətin etimadını qazanmaq, dövlət idarəçiliyində iştirak etmək imkanlarından məhrum olurlar. Başqa sözlə, cəmiyyətin ayrılıqda götürülmüş bir təbəqəsinin, yaxud sosial qrupunun mənafe və maraqlarını qoruyan siyasi təşkilatın xalqı, milləti arxasınca apara bilməsi qətiyyən mümkün deyildir.

Bu gerçəkliklər fonunda əminliklə demək olar ki, Azərbaycanda vətəndaş mənafeyinin və dövlətçilik maraqlarının təminatçısı olmaq kimi çətin və məsuliyyətli missiyanın öhdəsindən ötən 20 ildə uğurla gələn Yeni Azərbaycan Partiyasının yaranması obyektiv tarixi qanunauyğunluqlarla şərtlənmiş, ötən əsrin 90-cı illərinin əvvəlindəki ağır, böhranlı durumun doğurduğu obyektiv tələbat olmuşdur.

XX əsrin sonlarına doğru əzmkar mübarizə bahasına milli dövlətçiliyini bərpa etmiş xalqımız müstəqilliyinin ilk illərində mənəvi sarsıntılara məruz qalır, üzləşdiyi böhran və faciələr fonunda gələcək barədə nikbin düşünə bilmirdi. Ağır vəziyyətdə  əksəriyyət yaxşı bilirdi ki, məhz ulu öndər Heydər Əliyev kimi müdrik siyasət ustadının rəhbərliyi altında formalaşan siyasi partiya xalqın inamını doğrultmaq və respublikanı üzləşdiyi böyük faciələrdən hifz etmək iqtidarında ola bilər.

1992-ci il oktyabrın 16-da Yeni Azərbaycan Partiyasının yaradılması təşəbbüsü ilə Heydər Əliyevə rəsmi müraciət edən 91 nəfər nüfuzlu ziyalı ölkədəki ağır siyasi, iqtisadi, hüquqi, mənəvi problemləri ürək yanğısı ilə göstərir, ulu öndərdən xalqın gələcək taleyi naminə məsuliyyəti öz üzərinə götürməsini xahiş edirdi.

1992-ci il oktyabrın 24-də həmin müraciətə müsbət cavab verən ümummilli lider Heydər Əliyev ölkədəki acınacaqlı vəziyyəti geniş təhlil edərək ziyalıların narahatlığını bölüşdüyünü bildirir, gənc müstəqil dövlətin xilası naminə yeni siyasi təşkilatın yaradılmasını dəstəkləyirdi: "Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı bu problemlərinə biganə qalmağa heç kəsin haqqı yoxdur. Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zəruriyyətdən doğulur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa onun fəaliyyətində fəal iştirak etməyə hazıram".

1992-ci il noyabrın 21-də Naxçıvanda - çətin bir siyasi şəraitdə təsis qurultayı keçirilmiş Yeni Azərbaycan Partiyasının qısa müddətdə təşkilatlanaraq monolit qüvvəyə çevrilməsi təşkilatın qarşıya qoyduğu məqsədlərin bütövlükdə cəmiyyətin maraqlarına cavab verməsi ilə şərtlənmişdir. Mütləq çoxluğun arzu və istəklərini ifadə edən, güclü ideologiyaya, liderə, yüksək intellektual potensiala malik siyasi elitaya, yetkin siyasi strukturlara malik olan YAP ötən 20 ildə cəmiyyətdəki aparıcı rolunu qoruyub saxlamışdır.

Bu gün respublikada 50-dən çox siyasi partiya mövcud olsa da, onların heç biri sosial bazasına, nüfuzuna və gücünə görə Yeni Azərbaycan Partiyası ilə müqayisə oluna bilməz. Ölkədəki siyasi partiyaların ideoloji təsnifatına nəzər saldıqda, YAP-ın istər proqram prinsipləri, istərsə də fəaliyyət istiqamətləri baxımından digərlərindən şəksiz üstün mövqedə olduğu aydın görünür. Partiyanın istinad etdiyi ideoloji prinsiplər - müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət prinsipləri ötən 20 ildə dövlət quruculuğuna əlverişli imkan yaratmışdır. 

Hakim partiyanın cəmiyyətin aparıcı qüvvəsi kimi çıxış etməsi həm də lider amili ilə şərtlənir. Ulu öndər Heydər Əliyev 1993-2003-cü illərdə ölkəyə uğurlu idarəçiliyi ilə partiyanın proqramının praktik surətdə gerçəkləşdirilməsini təmin etmiş, eyni zamanda, həmin proqramda yer almış müddəaların praktikliyini sübuta yetirmişdir. Söhbət YAP Nizamnaməsinin 2-ci maddəsində əksini tapmış məqsədlərin praktik olaraq gerçəkləşdirilməsindən gedir. Bu maddədə göstərilir ki, partiyanın məqsədlərinə nail olması yolunda qarşıda duran vəzifələr dolğun şəkildə əksini tapmışdır:

- müstəqil, demokratik, hüquqi, dünyəvi və sosialyönümlü dövlətin qurulması naminə birgə səy göstərmək istəyən Azərbaycan vətəndaşlarını öz ətrafında birləşdirmək və partiya işinə cəlb etmək;

- peşəkar idarəetmə və demokratik prinsiplər əsasında dövlət quruculuğunu inkişaf etdirmək, siyasi, hüquqi, iqtisadi və sosial islahatları dərinləşdirmək üçün əsaslı təkliflər, proqramlar və platformalar hazırlamaq;

- qanunçuluğa hamılıqla hörmət edilməsi, qanunların icrasının dönmədən təmin edilməsi, ictimai həyatın bütün sahələrinin demokratikləşdirilməsi məqsədilə geniş siyasi fəaliyyət göstərmək;

- Azərbaycan Respublikasının reallıqlarını və xüsusiyyətlərini nəzərə alan mərhələli, davamlı siyasi, iqtisadi və sosial islahatlar bazasında cəmiyyəti tədricən dinamik surətdə inkişaf etdirmək;

- bazar iqtisadiyyatının və azad sahibkarlığın inkişafı yolu ilə istehsalın yüksəldilməsinə, vətəndaşların rifah halının təmin olunmasına, ölkədə fəal sosial siyasətin həyata keçirilməsinə nail olmaq;

- çoxpartiyalı sistemə, demokratik hakimiyyətə və siyasi plüralizmə əsaslanan dövlət idarəçiliyi və vətəndaş cəmiyyətini inkişaf etdirmək;

- qanunların və digər normativ hüquqi aktların layihələrinin müstəqil ictimai ekspertizasını keçirmək, onların təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

- şəxsiyyətin hüquq və azadlıqlarının, şərəf və ləyaqətinin hərtərəfli müdafiəsinə, vətəndaşlar arasında qarşılıqlı anlaşmanın, inamın və humanitar əlaqələrin inkişafına kömək etmək;

- millətlərin, etnik qrupların, mədəniyyətlərin və dinlərin azad inkişafına nail olmaq;

- Azərbaycanın dövlət müstəqilliyinin, milli təhlükəsizliyinin qorunması mövqeyindən çıxış etmək, bütün dünyada sülhün, dövlətlər, xalqlar arasında əməkdaşlığın inkişafına və Azərbaycanın dünya birliyində layiqli təmsil olunmasına çalışmaq, beynəlxalq normalara hörmətlə yanaşmaq, dünya sivilizasiyasının nailiyyətlərindən geniş istifadə etmək.

YAP-ın 20 il müddətində cəmiyyətin yüksək etimadını qoruyub saxlaması, ilk növbədə, onun ideyalarının ictimai dəyəri ilə şərtlənir. Digər siyasi təşkilatlardan fərqli olaraq, YAP praktik surətdə reallaşdırılması mümkün olmayan populist vədlərdən, yalançı şüarlardan uzaq olmuş, reallıqdan çıxış etmişdir. Ciddi problemlərin həllinə hər bir vətəndaşın mənafeyi baxımından yanaşan YAP milli iqtisadi inkişaf prioritetlərini müəyyən edərkən Azərbaycanın mövcud imkanlarını nəzərə almış, tarixi ənənələri müasir dünya təcrübəsi ilə birləşdirməyə çalışmışdır.

Partiyanın hakimiyyət dövrünün ən parlaq uğurlarından biri də müstəqil Azərbaycanın davamlı və sabit tərəqqi yoluna çıxarılması, onun milli iqtisadi inkişaf modelinin formalaşdırılmasıdır. Dövlət başçısı cənab İlham Əliyev YAP-ın 20 illik yubileyi münasibəti ilə 2012-ci il noyabrın 16-də "Buta" sarayında keçirilmiş təntənəli mərasimdə demişdir: "Ulu öndərin müdrikliyi hər bir istiqamət üzrə çox konkret və dəqiq proqramın formalaşmasında çox mühüm rol oynamışdır. Biz bu gün bu yolla gedirik. Bu gün Heydər Əliyev siyasəti davam etdirilir və əlbəttə ki, zənginləşdirilir. Azərbaycanın uğurlu inkişafının təməli məhz o illərdə qoyulmuşdur. Azərbaycanda böyük infrastruktur layihələri həyata keçirilməklə, biznes mühitini yaxşılaşdırmaqla, xarici investorları ölkəmizə dəvət etməklə də biz, demək olar ki, iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Təsadüfi deyildir ki, bu gün Azərbaycan dünya miqyasında iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkə kimi tanınır".

Böyük strateq Heydər Əliyevin siyasi uzaqgörənliyinin və qətiyyət nümayişinin məntiqi nəticəsi olaraq 1994-cü ildə "Əsrin müqaviləsi"nin əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına ciddi təkan vermişdir. "Əsrin müqaviləsi"nin imzalanmasının milli inkişafdakı misilsiz əhəmiyyəti bügünkü intensiv sosial-iqtisadi inkişaf fonunda daha qabarıq görünür. Bu müqavilə dünyada miqyasca ən böyük enerji layihəsinin həyata keçirilməsini təmin etməklə yanaşı, respublikamızın ciddi elmi əsaslara söykənən sosial-iqtisali inkişaf strategiyasının gerçəkləşməsinə imkan yaratmış, dayanıqlı siyasi sabitliyə, iqtisadi və milli təhlükəsizlik maraqlarının beynəlxalq səviyyədə təminatına real zəmin formalaşdırmışdır.

YAP-ın proqramında əksini tapmış sosial ədalət prinsipi ulu öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi milli inkişaf modelinin başlıca istiqamətlərindən birini təşkil edir. Konstitusion təminatı olan, insan amilinin yüksəlişinə - vətəndaşların maddi, intellektual və mənəvi tələbatlarının dolğun şəkildə ödənilməsinə, cəmiyyətdə sosial ədalət meyarının bərqərar olmasına xidmət edən bu inkişaf strategiyasının uğurları isə, ilk növbədə, şəffaflığa və hesabatlılığa əsaslanır. Xatırlatmaq lazımdır ki, ötən əsrin 90-cı illərinin əvvəllərindəki iqtisadi tənəzzül insanların həyat səviyyəsinin ümumiləşmiş göstəricisi olan pul gəlirlərinə də mənfi təsir etmiş, 1991-1994-cü illərdə bu göstərici real ifadədə 3,6 dəfə aşağı düşmüşdü. Həmin illər ərzində respublika əhalisinin adambaşına pul gəlirləri hər il orta hesabla 1,4 dəfə azalmışdı. Lakin 1995-ci ildən Azərbaycan iqtisadiyyatının dirçəlməsi sahəsində görülmüş ardıcıl işlər nəticəsində əhalinin gəlirləri də tədricən artmağa başlamışdır. 2003-cü ilədək ölkədə orta aylıq real əməkhaqqı 5,1 dəfə, pensiyalar 5,1 dəfə, orta aylıq nominal əməkhaqqı 6 dəfədən çox artmış, habelə əhalinin rifahının yaxşılaşdırılması sahəsində ardıcıl proqramlar yerinə yetirilmişdir.

Bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması və inkişafı prosesində orta təbəqənin - iqtisadi inkişaf və sabitliyin təminatçısı sayılan sahibkarlar sinfinin rolu müstəsnadır. YAP-ın 1999-cu ilin dekabrında keçirilmiş I qurultayının qətnaməsində vurğulanırdı ki, partiya iqtisadi islahatların davam etdirilməsi yolu ilə cəmiyyətdə sabitliyi və firavan həyatı təmin edəcək sosial yönümlü bazar iqtisadiyyatının, aqrar iqtisadi münasibətlərin dönmədən inkişaf etdirilməsini, bazar infrastrukturunun formalaşdırılmasını, Azərbaycanın dünya iqtisadi məkanına inteqrasiyasını özünün mühüm vəzifəsi hesab edir. Eyni zamanda, qətnamədə partiyanın azad rəqabət və mülkiyyət çoxnövlüyünün sərbəst fəaliyyətinin təmin edilməsi, sahibkarlığın stimullaşdırılması, iqtisadiyyatın dövlətsizləşdirilməsi yolu ilə dövlətin iqtisadi fəaliyyət funkiyasının azaldılmasını dəstəklədiyi xüsusi qeyd olunurdu.

Ümummilli ilder Heydər Əliyev milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışırdı. Bunun nəticəsidir ki, 1995-2003-ci illərdə respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradıldı. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirildi. 1997-ci ildə qəbul edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (1997-2000-ci illər) Dövlət Proqramı" əhəmiyyətinə, aktuallığına və miqyasına görə milli sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı olmuş, bu sahədə dövlət siyasətinin başlıca prinsiplərini müəyyənləşdirmişdir.

Kiçik və orta sahibkarlıq subyektlərinin normal fəaliyyəti üçün sonrakı mərhələdə "Azərbaycan Respublikasında kiçik sahibkarlığa dövlət köməyi haqqında" Qanuna bir sıra mütərəqqi dəyişiklik və əlavələr edilmiş, habelə "Haqsız rəqabət haqqında", "İnvestisiyaların qorunması haqqında", "İstehlak bazarı haqqında" və digər zəruri qanunlar qəbul edilmişdir. Bu qanunlar yerli və xarici sahibkarların təhlükəsiz və xüsusi risklilik tələb etməyən biznes fəaliyyətinə dövlət tərəfindən verilən hüquqi təminatı daha da gücləndirmiş, investisiyaların qarşılıqlı təşviqinə və qorunmasına əsaslı zəmin formalaşdırmışdır.

Dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması məsələsinə də xüsusi diqqət yetirən Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının yaradılması özəl sektora dəstək istiqamətində mühüm addımlardan biri idi. Bütün bu tədbirlərin nəticəsi kimi 1996-2003-cü illərdə Azərbaycanın bütün həyati əhəmiyyətli sahələrində dinamik inkişaf və tərəqqi təmin edilmiş, milli sahibkarlar ordusu formalaşmış, ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 1994-cü ildəki 29 faizdən 75 faizə yüksəlmişdir.

Ümumilikdə ulu öndərin rəhbərliyi altında həyata keçirilən islahatlar ölkədə yeni iqtisadi sistemə uğurlu keçidi təmin etməklə yanaşı, davamlı tərəqqini də təmin etmişdir. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əməkhaqqı 5,6 dəfə artmış, inflyasiyanın səviyyəsi 2-3 faiz təşkil etmişdir. Bu illərdə bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçmişdir.

1998-ci ildə prezidentliyə namizəd Heydər Əliyevin vəkili olmuş şəxs kimi deyə bilərəm ki, ulu öndərin həmin seçkilərdəki parlaq qələbəsi vətəndaşların YAP-ın sosial-iqtisadi proqramına olan yüksək inamı ilə şərtlənirdi. Bu inam sonrakı illərdə də hakim partiyanın bütün seçkilərdə layiqli qələbə qazanmasına, cəmiyyətdəki lider partiya statusunu qoruyub saxlamasına imkan vermişdir. Prezident İlham Əliyev YAP-ın 20 illik yubileyi münasibəti ilə "Buta" Sarayında  keçirilən təntənəli mərasimdə demişdir: "Yarandıqdan bu günə qədər partiyamız çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Bu gün sıralarımızda 600 minə yaxın üzv vardır. Partiyamızın xarici əlaqələri çox genişdir və bu əlaqələr gündən-günə genişlənir. Ölkə daxilində mövqelər çox möhkəmdir. Partiyamız, demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır. Əminəm ki, növbəti illərdə də partiyamız liderlik qabiliyyətini özündə saxlayacaqdır. Bu gün partiyamız Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir".

2003-cü və 2008-ci illərdə keçirilmiş prezident seçkilərində YAP-ın namizədi kimi xalqın böyük dəstəyini qazanaraq Heydər Əliyev siyasi kursunun varisliyini təmin edən Prezident İlham Əliyevin yürütdüyü mükəmməl iqtisadi strategiya partiyanın cəmiyyətdəki mövqelərini daha da möhkəmləndirir. Hər bir fəaliyyət sahəsində yalnız milli maraqları, Azərbaycanın çağdaş və perspektiv mənafelərini əsas götürən cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 9 ildə qazanılan sosial-iqtisadi nailiyyətlər həm də statistik rəqəmlərdə əksini tapır. 2003-cü ildə cəmi 1,3 milyard dollar təşkil edən Azərbaycanın dövlət büdcəsi 2013-ci ildə 25 milyard dollara yüksələcəkdir. Əgər 2003-cü ildə adambaşına düşən milli gəlirin həcmi 888 ABŞ dolları təşkil edirdisə, bu rəqəm 2012-ci ildə 8000 dolları ötmüşdür.

Sahibkarlığın inkişafı da diqqət mərkəzindədir: 2004-cü ildən indiyədək regionlarda çalışan sahibkarlara 910 milyon manatdan çox güzəştli kredit verilmiş, eyni zamanda, sosial-infrastruktur layihələrinin icrasına 90 milyard dollardan çox vəsait xərclənmişdir. 2012-ci ilin 9 ayının yekunlarına görə, bu məbləğ 16 milyard dollar təşkil etmişdir. Qeyri-neft sektorunun inkişafının mühüm göstəricilərindən biri də ötən 9 ayda investisiya qoyuluşlarının həcminin və keyfiyyətinin yüksəlməsidir: hesabat dövründə investisiyalar 27 faiz artmış, o cümlədən qeyri-neft sektorunda 31 faiz təşkil etmişdir.

Azərbaycan Prezidentinin ötən 9 ildə iqtisadi sferada həyata keçirdiyi siyasətin ən önəmli cəhətlərindən biri də hər zaman sosialyönümlülüyün ön plana çəkilməsidir. Bunun nəticəsidir ki, cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə başladıqdan sonra imzaladığı ilk fərman və sərəncamlar sırasında ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər xüsusi yer tutmuşdur. Sosialyönümlü tədbirlərdən biri də Azərbaycan  Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli fərmanı ilə keçmiş SSRİ dövründən qalmış əmanətlərin qaytarılması prosesinə başlanılmasıdır. Ölkəmizin sosial-iqtisadi inkişafında qazanılmış uğurlar, əldə olunmuş makroiqtisadi sabitlik Azərbaycan dövlətinin maliyyə imkanlarının artması bu əmanətlərin qaytarılmasına imkan verməklə yanaşı, həm də Azərbaycan Prezidentinin vətəndaşlara yüksək qayğısının real təzahürüdür.

Ümumilikdə, cənab İlham Əliyevin YAP-ın iqtisadi proqramını əsas tutmaqla həyata keçirdiyi tədbirlərə ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə reallaşdırılması; qeyri-neft sektorunun inkişaf etdirilməsi; hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması, onların inkişafının tarazlaşdırılması; çoxlu sayda yeni iş yerlərinin açılması; sahibkarlığın inkişaf etdirilməsi; sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının artırılması; yoxsulluğun azaldılması; yüksək elmi-mədəni tərəqqinin təmini və s. mühüm məsələləri şamil etmək olar.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan bir neçə ildən sonra inkişaf etmiş ölkələrin sırasına daxil olmağa iddialıdır. "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf  Konsepsiyası da bunun üçün fundamental əsaslar formalaşdırır. Dövlət başçısı YAP-ın 20 illik yubileyi münasibətilə keçirilən tədbirdə demişdir: "Əgər gələcəklə bağlı fikirlərimizi bir cümlə ilə ifadə etsək, deməliyik: biz inkişaf etmiş ölkəyə çevrilməliyik! İnkişaf etmiş ölkələrin meyarları vardır. Bunları bilirik və biz hər bir istiqamət üzrə o meyarlara çatmalıyıq - həm siyasi,  iqtisadi islahatlar, sosial siyasət və digər istiqamətlərdə. Buna nail olmaq üçün həmişəki kimi, cəmiyyətimiz bir nöqtəyə vurmalıdır və cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası növbəti 20 il ərzində, əlbəttə ki, öz işini uğurla aparmalıdır, müasir qaydalarla, müasir üsullarla!".

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyinə həsr olunmuş tədbirdəki dərin məzmunlu nitqi partiyanın hər bir rayon və şəhər təşkilatı, sıravi üzvü üçün mükəmməl fəaliyyət proqramı kimi dəyərləndirilməlidir. Hazırda sıralarında Heydər Əliyev ideyalarına yüksək sadiqliyi ilə seçilən 20010 nəfəri, o cümlədən 9023 nəfər qadını, 9209 nəfər gənci, 26 nəfər alimi birləşdirən YAP Sumqayıt Şəhər Təşkilatı ölkə rəhbərinin dövlətimizin güclənməsi istiqamətində yürütdüyü davamlı siyasəti birmənalı dəstəkləyir.

Sabitlik, inkişaf və tərəqqi kursuna layiqli töhfələrini verməyə çalışan, bütün seçkilərdə yüksək fəallıq nümayiş etdirən təşkilatımız ictimai-siyasi proseslərdə, o cümlədən Sumqayıt şəhərində geniş vüsət almış abadlıq, quruculuq işlərində yaxından iştirakı, yüksək təşkilatçılığı, təşəbbüskarlıq səviyyəsi ilə YAP-ın ümumxalq partiyası olduğunu bir daha nümayiş etdirir. YAP Sumqayıt şəhər təşkilatının iqtisadi siyasət komissiyasının sədri kimi deyə bilərəm ki, son illər dövlət başçısının Sumqayıt şəhərinə yüksək diqqət və qayğısı, burada reallaşdırılan genişmiqyaslı yenidənqurma, abadlıq tədbirləri, vətəndaş mənafeyinə xidmət edən sosial-infrastruktur layihələri şəhər sakinlərində rəğbət hissi doğurur. Son bir il ərzində cənab İlham Əliyevin 3 dəfə Sumqayıta səfər etməsi şəhərin qayğılarının, sakinləri narahat edən problemlərin həllində keyfiyyətcə yeni mərhələ açmışdır. Dövlət başçısı bu səfərlər zamanı Sumqayıtda müasir olimpiya idman kompleksinin açılış mərasimində iştirak etmiş, şəhərin müxtəlif yerlərində - park və xiyabanlarda, küçələrdə, o cümlədən dənizkənarı bulvarda başlanmış əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə yaxından tanış olmuş, bu işlərin zövqlə aparılması üçün dəyərli tövsiyələrini vermişdir. Bu səfərlər həm də göstərir ki, cənab İlham Əliyev Sumqayıt sakinlərinin hansı qayğılarla yaşadığını yaxşı bilir və onların problemlərinin tez bir zamanda həlli üçün şəhər rəhbərliyinə lazımi dəstək verir. Ümumilikdə, son illər şəhərdə aparılan abadlıq, quruculuq işləri mahiyyətcə kampaniyaçılıqdan, kosmetik dəyişikliklərdən uzaq olub, uzun illərdən bəri davam edən problemlərin əsaslı həllinə xidmət edir. Ölkə Prezidentinin Sumqayıt sakinləri ilə keçirdiyi görüşlər, şəhər infrastrukturunun və sənayesinin yeniləşməsi vacibliyi ilə bağlı söylədiyi fikirlər deməyə əsas verir ki, bundan sonrakı mərhələdə Sumqayıtın inkişafı məqsədilə atılan addımlar daha sistemli, ünvanlı, ardıcıl xarakter daşıyacaqdır.

Son illər Sumqayıt Texnologiyalar Parkının (STP) bir sıra istehsal zavodlarının fəaliyyətə başlaması bunu bir daha təsdiqləyir. Burada müasir texnologiyalar əsasında respublika üçün mühüm əhəmiyyət kəsb edən və ixrac potensialına malik elektroenergetika və maşınqayırma sənayesi məhsulları istehsal edilir. Ölkə başçısının 5 noyabr 2012-ci il tarixli "Yüksək Texnologiyalar Parkının yaradılması haqqında" ("YT Park") fərmanı da bu baxımdan mühüm əhəmiyyətə malikdir. Belə bir fərmanın imzalanması iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsi, elmi tədqiqatlar aparılması və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslər yaradılması məqsədinə xidmət edir. Fərmana əsasən, "YT Park" informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatlar aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazi kimi fəaliyyət gəstərəcəkdir. "YT Park"ın fəaliyyətinin təşkili və idarə olunması məqsədi ilə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində "Yüksək Texnologiyalar Parkı - "YT Park" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması nəzərdə tutulur. Ümumilikdə, son illər dövlətin dəstəyi ilə Sumqayıtın əksər sənaye müəssisələrinin işə salınması şəhərdəki strateji əhəmiyyətli şüşə zavodunun da böhrandan çıxacağına böyük ümidlər yaradır.

Ölkə başçısının Sumqayıta yüksək diqqət və qayğısı YAP-ın yerli təşkilatının nüfuzunu daha da gücləndirir, sıralarının genişlənməsini təmin edir. Əlamətdar yubiley ərəfəsində - noyabrın 14-də təşkilatın 20 mininci üzvünə partiya vəsiqəsi təqdim edilmişdir.

Yaranmasının 20-ci ildönümünü qeyd edən Yeni Azərbaycan Partiyasının milyonlarla insanın inam və etimad ünvanına çevrilməsi onun xalq və dövlət qarşısındakı məsuliyyətini daha da artırır. Partiya qarşısında iqtisadi sahədə əldə olunmuş nailiyyətləri daha da genişləndirmək, vətəndaşların sosial rifah halını davamlı şəkildə yüksəltmək, demokratikləşmə prosesini dərinləşdirmək kimi mühüm vəzifələr dayanır. Əminik ki, YAP ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında bu və digər məqsədlərə nail olacaq, ən başlıcası, Azərbaycan qarşıdakı illərdə inkişaf etmiş dövlətlərlə bir sırada dayanacaqdır. 

 

 

 Qüdrət KƏRİMOV,

"Xəzər" ASC-nin sədri,

iqtisad elmləri doktoru

 

Azərbaycan.-2012.- 20 noyabr.- S.5.