Azərbaycanın Daşkənddəki səfirliyi Özbəkistan Elmlər Akademiyasının Elmi Kitabxanasına kitab jurnallar hədiyyə etmişdir

 

Azərbaycanın Özbəkistandakı səfirliyinin ikinci katibi Səbuhi Əhmədov bildirmişdir ki, bu ölkənin Elmlər Akademiyasının Elmi Kitabxanasına müxtəlif kitab, broşür və jurnallar hədiyyə edilmişdir.

Kitablar arasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən daxili və xarici siyasətlə bağlı müxtəlif nəşrlər, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin son illərdə çap olunan əsərləri vardır.

"Şuşa: 20 il işğal altında", "Qarabağ reallıqları" seriyasından çap edilən digər kitablar, ingilis dilində olan "Azərbaycan: 100 sual, 100 cavab" toplusu, "Milli Azərbaycan Tarixi Muzeyi-2011" kitabları və digər nəşrlər də kitabxanaya verilmişdir.

Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, adət-ənənələri ilə bağlı müxtəlif nəşrlər, "Azərbaycan xalçaları" kitabı, Naxçıvan, Quba, Şirvan, Təbriz qrupuna aid digər toplular, "İRS-Nasledie" jurnalının müxtəlif nömrələri də bu elm mərkəzinə təqdim olunmuşdur.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Daşkənd

 

Azərbaycan.-2012.- 20 noyabr.- S.6.