Bakıda kreativ gənclər «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramı ətrafında müzakirələr aparmışlar

 

Noyabrın 19-da "Hyatt Regency" mehmanxanasında Azərbaycan  Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) "Kreativ gənclər şəbəkəsi" layihəsi çərçivəsində respublika kreativ gənclər forumu keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan ARGTMŞ-nin sədri Şahin Seyidzadə təşkilatın yaranması tarixindən və fəaliyyət istiqamətlərindən danışmışdır. Bildirmişdir ki, hazırda 93 gənclər təşkilatını birləşdirən ARGTMŞ 1995-ci il noyabrın 21-də 11 gənclər təşkilatı tərəfindən təsis olunmuşdur. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının artırılmasına, onların beynəlxalq aləmdə layiqli yer tutmalarına dəstək olmaqdır.

Məlumat verilmişdir ki, ARGTMŞ 1997-ci ildən Avropa Gənclər Forumunun, elə həmin ildən Türk Dünyası Gənclər Birliyinin tamhüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, 2004-cü ildən İslam Konfransı Gənclər Forumunun təsisçisi və tamhüquqlu üzvüdür.

Forumun açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanda kifayət qədər intellektual potensiala malik gənclərin olduğunu bildirmişdir. Qeyd etmişdir ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində gənclərimiz bir çox beynəlxalq tədbirlərdə Azərbaycanı ləyaqətlə təmsil edirlər.

Nazir müavini kreativ düşüncəyə malik gəncləri birləşdirmək və səfərbər etmək, eləcə də onların fəaliyyətini ölkəmizdə uğurla gedən  demokratik quruculuq işlərinə yönəltmək baxımından ARGTMŞ tərəfindən həyata keçirilən layihənin əhəmiyyətini də vurğulamışdır.

 Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycan dövləti tərəfindən gənclər üçün yaradılan şəraitdən söhbət açmış və forumun işinə uğurlar arzulamışdır.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüsal Quliyev Prezident İlham Əliyevin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində ölkəmizdə mühüm tədbirlər həyata keçirildiyini vurğulamışdır. Bu layihənin də həmin tədbirlərdən biri olduğunu diqqətə çatdıran dövlət rəsmisi belə layihələrin davamlı olacağına əminliyini bildirmişdir.

Açılış mərasimindən sonra "Kreativ gənclər şəbəkəsi" layihəsi iştirakçılara təqdim edilmişdir. ARGTMŞ-nin baş katibi Seymur Hüseynov Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə reallaşan "Kreativ gənclər şəbəkəsi" layihəsinin başa çatdığını bildirmişdir. Qeyd etmişdir ki, layihənin məqsədi paytaxt və regionlardan olan gənclərin dövlət proqramı çərçivəsində fikir mübadiləsi aparmalarını təmin etmək və kreativ gəncləri üzə çıxartmaq olmuşdur.

Diqqətə çatdırılmışdır ki, layihə 2012-ci ilin sentyabr-noyabr aylarında həyata keçirilmişdir. Layihə çərçivəsində Bakı şəhərinin 13 ali təhsil müəssisəsində təqdimatlar, Gəncə şəhərində, Şəki və Lənkəran rayonlarında kreativ gənclər forumları təşkil olunmuşdur. Forumlarda gənclər "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı ətrafında ekspertlərlə müzakirələr aparmış və öz ideyaları ilə çıxış etmişlər. Layihə, ümumilikdə, 1000-dən artıq gənci əhatə etmiş və gənclər tərəfindən 400-dən çox təklif irəli sürülmüşdür.

 Forum panel iclasları ilə davam etmişdir. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının müvafiq maddələri üzrə "Dövlət dövlət proqramı", "QHT dövlət proqramı", "Biznes dövlət proqramı", "KİV dövlət proqramı" mövzularında  ekspertlərin çıxışları dinlənilmişdir.

Sonra "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı ətrafında müzakirələr aparılmış və gənclər öz təkliflərini səsləndirmişlər. Qarşılıqlı fikir mübadiləsi zamanı formalaşan kreativ təkliflər seçilərək gələcəkdə dövlət proqramına təqdim olunması üçün qeydə alınmışdır.

 

 

Azərbaycan.-2012.- 20 noyabr.- S.6.