Gəncədə Nizami
Rayon Məhkəməsinin yeni inzibati binasının
açılışı olmuşdur
Gəncədə
Nizami Rayon Məhkəməsinin yeni inzibati binasının
açılışı olmuşdur. Açılış
mərasiminin iştirakçıları əvvəlcə mərkəzi
meydanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət
etmiş, abidə önünə gül dəstələri
qoymuş, ulu öndərin xatirəsinə ehtiramlarını
bildirmişlər.
Ədliyyə
naziri, Məhkəmə-Hüquq Şurasının sədri
Fikrət Məmmədovun, Ali Məhkəmənin sədri
Ramiz Rzayevin, Gəncə Şəhər İcra Hakimiyyətinin
başçısı Elmar Vəliyevin, eləcə də
hüquq-mühafizə orqanları rəhbərlərinin, ədliyyə
işçilərinin və ictimaiyyət nümayəndələrinin
iştirakı ilə keçirilən açılış
mərasimində çıxış edənlər
bildirmişlər ki, Azərbaycan Prezidenti İlham Əliyevin
tapşırıqlarına əsasən son illər ədalət
mühakiməsinin səmərəliliyinin
artırılması və məhkəmə fəaliyyətinin
təkmilləşdirilməsi üzrə aparılan
genişmiqyaslı islahatlar nəticəsində ölkəmizdə
məhkəmə sistemi əsaslı şəkildə
yaxşılaşdırılmış, infrastrukturun
müasirləşdirilməsi istiqamətində
ardıcıl tədbirlər görülmüşdür.
Keçən
il Oğuz rayonunda, bu günlərdə Bakı şəhəri
Yasamal rayonunda, indi isə Gəncə və Gədəbəy
məhkəmələri üçün inşa edilən
yeni inzibati binalar bu sahədə aparılan islahatların
davamı olduğunu diqqətə çatdıran natiqlər
demişlər ki, vətəndaşların müraciətlərinin
asanlaşdırılması, məlumatlılığın və
şəffaflığın təmin edilməsi məqsədilə
inşa edilən bu binalarda ən son
rabitə və informasiya texnologiyaları tətbiq
edilmiş, məhkəmə zallarında proseslərin daha dəqiq
və sürətlə protokollaşdırılmasına xidmət
edən, audio-video yazılışları aparan
"Femida" sistemi, elektron sənəd dövriyyəsi
üçün bütün zəruri avadanlıqlar
quraşdırılmışdır. Sahəsi 3 min 700
kvadratmetr olan binada konfrans və
iclas zalları, kitabxana, təlim, maddi sübutlar otaqları,
arxiv, təqsirləndirilən şəxslərin müvəqqəti
saxlanma kameraları və digər əlavə sahələr də
yaradılmışdır. Bununla yanaşı burada vətəndaşlara
bank, tibb və poçt xidmətlərindən istifadə etmək
imkanı yaradılmışdır.
Qeyd
edilmişdir ki, Ədliyyə Nazirliyi ilə Dünya Bankı
arasında "Ədliyyə sisteminin müasirləşdirilməsi"
birgə layihəsi çərçivəsində
ümumilikdə respublikamızda 30-dək məhkəmə
binasının tikintisi nəzərdə tutulmuşdur.
Hazırda həmin layihəyə uyğun olaraq Bakının
Sabunçu, habelə Şəki və Quba rayonlarının məhkəmələri
üçün inzibati binaların tikintisi davam etdirilir.
Sonra
ədliyyə naziri, Məhkəmə-Hüquq
Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin
sədri Ramiz Rzayev, Gəncə Şəhər İcra
Hakimiyyətinin başçısı Elmar Vəliyev və
digər qonaqlar Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin
üçmərtəbəli yeni inzibati binasına
baxış keçirmiş, burada yaradılmış şəraitlə
tanış olmuşlar.
AzərTAc
Azərbaycan.-2012.- 20 noyabr.- S.6.