Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında Qazaxıstan mədəniyyət günlərinin təntənəli açılışı olmuşdur

 

Noyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanda  Qazaxıstan mədəniyyət günlərinin başlanmasına həsr olunmuş geniş tədbir keçirilmişdir.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Qazaxıstanın mədəniyyət və informasiya naziri Mınbay Darxan Kamzabekulı və başqaları əvvəlcə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının ikinci mərtəbəsində hazırlanmış fotosərgi ilə tanış olmuşlar.

Məlumat verilmişdir ki, sərgidə Qazaxıstanın təbiətini, mədəniyyətini, tarixi abidələrini, idman nailiyyətlərini, müasir durumunu və s. əks etdirən 127 fotoşəkil nümayiş olunur.

Sonra teatrın səhnəsində hər iki nazir Azərbaycanda Qazaxıstan mədəniyyət günlərinin başlanması münasibətilə təbrik nitqi söyləmişlər.

Bildirilmişdir ki, Azərbaycan və qazax xalqlarının tarixi dostluğunun kökləri əsrlərin dərinliyinə gedib çıxır. Müasir dövrdə iki ölkənin prezidentlərinin şəxsi dostluğu və səyləri sayəsində həmin münasibətlərə yeni təkan verilir. Həmçinin belə tədbirlərin keçirilməsinin hər iki tərəfin xalqlarının daha da yaxınlaşması baxımından əhəmiyyəti vurğulanmışdır.

Sonra mədəniyyət günləri çərçivəsində Qazaxıstan incəsənət ustalarının iştirakı ilə qala-konsert təqdim edilmişdir.

Konserti Dinzuxra Tlendiyevanın dirijorluğu ilə Qazaxıstanın Nurqisa Tlendiyev adına "Otırar sazı" akademik folklor etnoqrafik orkestri açmışdır.

Proqramına Qazaxıstanın xalq və bəstəkar mahnılarının, vokal ifaların, milli rəqslərin, Tofiq Quliyevin "Sənə də qalmaz" mahnısının, V.Motsartın əsərlərinin və digər musiqi nömrələrinin də daxil edildiyi qala-konsert alqışlarla qarşılanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 20 noyabr.- S.7.