Mədəniyyət və Turizm
Nazirliyində Qazaxıstanın mədəniyyət və informasiya naziri ilə
görüş keçirilmişdir
Noyabrın
19-20-də Bakıda Qazaxıstan Respublikasının mədəniyyət
günləri keçirilir. AzərTAc xəbər verir ki, bu
münasibətlə Azərbaycan Mədəniyyət və Turizm
Nazirliyində Qazaxıstanın mədəniyyət və
informasiya naziri Mınbay Darxan Kamzabekulının
başçılıq etdiyi nümayəndə heyəti ilə görüş
keçirilmişdir.
Qonaqları
salamlayan Azərbaycanın mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev ölkəmizin mədəni həyatı
haqqında məlumat verərək bildirmişdir ki, son illər
Azərbaycanda teatr və qalereyalar bərpa edilir, yeniləri
tikilir və açılır, dünya miqyaslı tədbirlər
keçirilir. Bu da Azərbaycanın inkişaf səviyyəsindən,
onun dünyada nüfuzunun artmasından xəbər verir. Hazırda
Beynəlxalq Mədəniyyətlərarası Foruma
hazırlıq gedir. Forum gələn il mayın 29-dan iyunun 1-dək
Bakıda keçiriləcəkdir.
Qazaxıstanın
mədəniyyət və informasiya naziri Mınbay Darxan Kamzabekulı TÜRKSOY-un
yaradılması təşəbbüsünə və qurumun
işində fəal iştirakına görə Əbülfəs
Qarayevə minnətdarlığını bildirərək xatırlatmışdır ki, Azərbaycan
və qazax xalqlarının tarixi dostluğunun kökləri əsrlərin
dərinliyinə gedib çıxır. Hazırda iki ölkənin
prezidentlərinin şəxsi dostluğu və səyləri
sayəsində həmin münasibətlərə
yeni təkan verilmişdir.
Qonaq
bildirmişdir ki, UNESCO-nun qərarı ilə bu il "Mədəniyyətlərin
yaxınlaşması ili" elan edilmişdir. Bu il Astana
MDB-nin və TÜRKSOY-un mədəni
paytaxtıdır. Mədəniyyətlər hərəkatının
10 illiyi BMT çərçivəsində də qeyd ediləcəkdir.
Görüşdə
elektron kitabxanaların, virtual muzeylərin yaradılması
istiqamətində təcrübə mübadiləsinin
genişləndirilməsinin zəruri olduğu
vurğulanmışdır.
Azərbaycan.-2012.- 20 noyabr.- S.7.