Daun sindromlu uşaqların rəsm və əl işlərindən ibarət sərgisi təşkil olunmuşdur

 

Noyabrın 20-də Birləşmiş Millətlər Təşkilatının (BMT) "Uşaq hüquqları haqqında" Konvensiyasının Azərbaycan hökuməti tərəfindən ratifikasiya olunmasının ildönümüdür.

Bununla bağlı noyabrın 19-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və  Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında daun sindromlu uşaqların rəsm və əl işlərindən ibarət "Biz Günəşin şəfəqləriyik" mövzusunda sərgisi keçirilmişdir.

Açılış mərasimində çıxış edən AQUPDK-nın sədri Hicran Hüseynova dövlət uşaq siyasətindən danışaraq demişdir ki, ölkədə xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət yetirilir. Bu uşaqların cəmiyyətə inteqrasiyası, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məsələləri ölkə Prezidentinin daim  diqqət mərkəzindədir.

BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyasının Fakültativ Protokolunun Milli Məclis tərəfindən ratifikasiya edildiyini diqqətə çatdıran komitə sədri ölkədə uşaqların istedadlarının üzə çıxarılması və inkişaf etdirilməsi üçün hər cür şərait yaradıldığını bildirmişdir.

Daun sindromlu uşaqların rəsm və əl işlərini yüksək qiymətləndirən H.Hüseynova bu sərginin uşaqların daxili aləminin zənginliklərini təcəssüm etdirdiyini vurğulamışdır.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mark Herevard  və Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov ölkədə uşaqlara göstərilən dövlət qayğısından danışmış, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım  Əliyevanın fəaliyyətini xüsusi qeyd etmişlər.

Qeyd olunmuşdur ki, ölkədə uşaqların yaradıcılıq imkanlarının genişləndirilməsi, onların təhsili, tərbiyəsi prioritet məsələlərdən biridir. Uşaqların sosial və psixoloji reabilitasiyasına, imkanlarına uyğun təhsil almalarına, peşə seçmələrinə, əməyə cəlb olunmalarına köməklik göstərilir. Xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiya məsələləri bu sahədə qəbul olunmuş bir sıra dövlət proqramlarında öz əksini tapmışdır.

Sonra Daun Sindromlu Şəxslərin Assosiasiyanın nəzdində yaradılmış "Dəcəllər" teatrının uşaqları konsert proqramı ilə çıxış etmiş, səhnəciklər göstərmişlər.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 20 noyabr.- S.7.