Şoran torpaqlarda
quruculuq işləri uğurla gedir
Ucarda son
illər ərzində abadlıq-quruculuq işləri
uğurla gedir. Əminəm ki, gələcək illərdə
də bu meyillər daha da güclənəcəkdir. Elə
etməliyik ki, hər bir bölgə, hər bir rayon mərkəzi,
hər bir kənd abadlaşsın, gözəlləşsin.
Bunu etmək üçün imkanlarımız vardır.
İlham ƏLİYEV
Bakı-Yevlax-Gürcüstan
avtomobil magistralından Ucar rayonunun mərkəzinə tərəf
dönəndə hiss edirsən ki, digər bölgələrimiz
kimi, bu rayon da dövlətimizin mövcud imkanlarından, hərtərəfli
diqqət və qayğısından yetərincə bəhrələnir.
Abad avtomobil yolu, səliqəli küçə və səkilər,
milli ornamentli daş hasarlar, "nizam"la
düzülmüş ticarət-məişət obyektləri
və bütün bu mənzərələrin
baxımlılığını bir az da artıran müasir
işıq dirəkləri ilk andaca xatırladır ki, Ucar
artıq ötən dövrlərdəki rayon deyil.
Axşamlar
bu dirəklərdəki işıqlar yananda bir vaxtlar şər
qarışmamış "yuxuya gedən" Ucarı sakinlər
özləri də indi keçmiş xatirə kimi yada
salırlar. İndi tək Ucarda deyil, digər bölgələrimizdə
də sakinlər cavanlı, qocalı axşam həyatını
yaşamağa başlayıblar. Gəzintiyə
çıxmaq, dost-tanışla görüşmək, səliqə-sahmanlı
kafelərin (çayxanaların) birində əyləşib
çay içə-içə söhbət etmək və
ya kiçik yaşlıları təmiz havada əyləndirmək
üçün yetərincə müasir istirahət
parkları mövcuddur. Bütün bunlar bu gün Ucarın da
reallıqlarıdır. Həm də qeyd etmək
lazımdır ki, dövlətin yüksək
qayğısı sayəsində inkişaf rayon mərkəzi
ilə məhdudlaşmır, qəsəbə və kəndlər
də tərəqqi dövrünü yaşayır.
Ucardakı
möhtəşəm Heydər Əliyev Mərkəzinin
qarşısındakı park həmişə qonaq-qaralı
olur. Bu həm də insanların normal gün-güzəranının,
dolanışığının əlamətidir ki,
könüllərində bir rahatlıq tapıb parka, bağa
istirahət etməyə çıxa bilirlər.
Şübhəsiz
ki, rayonda gedən abadlıq-quruculuq işləri, sosial-iqtisadi
layihələrin gerçəkləşdirilməsi
insanların ovqatının yüksəlməsinə də təsir
edir. Bütün bu tədbirlərin həyata keçirilməsi
həm də yeni iş yerlərinin açılması deməkdir.
Təsadüfi deyildir ki, bu ilin doqquz ayı ərzində
açılan 342 iş yerindən
305-i daimidir.
Regionların
sosial-iqtisadi inkişafına dair ikinci Dövlət
Proqramında Ucar rayonu ilə bağlı nəzərdə
tutulan tədbirlərin icrasının sürətləndirilməsi
məqsədi ilə ölkə rəhbərinin
1 noyabr
2011-ci il tarixli "Ucar rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə
tədbirlər haqqında" sərəncamına əsasən
Prezidentin Ehtiyat Fondundan
2 milyon
manat vəsait ayrılıb. RİH-dən
aldığımız məlumata görə, həmin vəsaitin
1,3 milyon manatı şəhərdaxili yolların
salınmasına, 0,7 milyon manatı isə ictimai
yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsinə
yönəldilib. İlin əvvəlindən şəhər ərazisində
22 yaşayış binasının dam örtüyü dəyişdirilib
və məhəllədaxili yollara 75968 kvadratmetr asfalt
örtük çəkilib. Şəhərin Koroğlu
küçəsində divarların 1500 kvadratmetrdən
artıq hissəsi üzlənib, qalan işlər də davam
edir.
Daxili
imkanlar hesabına şəhərin Heydər Əliyev
prospektində ictimai yaşayış binalarının kompakt
olduğu ərazidə 250 yerlik xeyir-şər evi tikilib
istifadəyə verilib.
Dövlət
proqramına uyğun olaraq magistral avtomobil yolunun rayon ərazisindən
keçən hissəsi yenidən qurulub. Rayon mərkəzi
ATS-ində rekonstruksiya işləri görülüb, telefon
rabitəsi sistemi elektronlaşdırılıb.
Ucar şəhərinin
su təchizatının və kanalizasiya sisteminin yenidən
qurulması, rayonun yaşayış məntəqələrinin
su təchizatının yaxşılaşdırılması
işləri də qaydasındadır.
Rayonda
broyler quşçuluq fabrikinin tikintisinə
başlanılıb, su kanal idarəsi üçün inzibati
binanın inşası davam edir, statistika idarəsi
üçün tikilən binada isə son tamamlama işləri
gedir.
Təhsil,
səhiyyə və mədəniyyət sahələrinin
maddi-texniki bazalarının möhkəmləndirilməsi
istiqamətində də tədbirlər həyata
keçirilir. 220 şagirdlik Qazyan kənd 3 nömrəli və
şəhər 5 nömrəli tam orta məktəblərin
tikintisi başa çatdırılaraq istifadəyə verilib.
Bərgüşad kənd 2 nömrəli və Xalac kənd
tam orta məktəblərin binalarının tikintisi davam edir.
Rayon uşaq xəstəxanası və poliklinika şöbəsi
əsaslı təmir olunub, Məhkəmə-Tibbi Ekspertiza və
Patoloji Birliyinin Ucar rayon şöbəsi üçün bina
tikilib istifadəyə verilib. Rayon mərkəzi xəstəxanasının,
təcili və təxirəsalınmaz tibbi yardım
stansiyasının inşası davam edir.
Ölkə
rəhbərinin dəfələrlə qeyd etdiyi kimi, ən
ucqar kəndlərin qazlaşdırılması prioritet məsələlərdəndir.
Bu baxımdan Ucar rayonunda da xeyli iş görülüb. Xalac,
Qazıqumlaq və Məlikballı kəndlərinin birpilləli
sistem üzrə qazlaşdırılması başa
çatdırılıb, hazırda sayğaclaşdırma
işləri gedir. Ucar şəhərinin küçələrində,
Qarabörk və Gəraybəyli kəndlərində müxtəlif
diametrli qaz xətlərinin çəkilişi və təmir-bərpa
işləri, həmçinin Qazyan kəndinin birpilləli
sistem üzrə qazlaşdırılması davam edir.
İstismar müddəti başa çatan 2048 ədəd qaz
sayğacı yenisi ilə əvəz olunub.
Kollektor
drenaj şəbəkələrində 453,4 min kubmetr həcmində,
108,2 kilometr uzunluğunda lildən təmizləmə və
torpaqbasma işləri görülüb. Sel sularının
qarşısının alınması məqsədi ilə
rayon ərazisindən keçən Türyançay və
Göyçay çaylarının sağ və sol sahilləri
boyunca Lək, Qazyan, Şahlıq kəndlərində
çay məcrasının təmizlənməsi, bəndin təmiri
və sahilbərkitmə işləri də keyfiyyətlə
yerinə yetirilib.
Ucar kimi
şoran torpaqlı rayonda xeyli yaşıllaşdırma
işləri görülüb. Belə ki, Ucar şəhərində,
kənd yerlərində və yolkənarı ərazilərdə
6200 ədəddən çox müxtəlif ağac və
gül kolları əkilib.
Ucarda diqqətçəkən
məsələlərdən biri də görülən
işləri rayon sakinlərinin razılıq hissi ilə
qarşılamaları, dövlətin və dövlət
başçısının göstərdiyi
qayğını yüksək qiymətləndirmələri
və həyata keçirilən tədbirlərdə fəal
iştirak etməyə çalışmalarıdır.
Ucarlılar yaxşı bilirlər ki, dövlət
qayğısı və insan zəhməti sayəsində
şoran torpaq üstündə də gülüstan yaratmaq
olar.
Telman NƏZƏRLİ
Azərbaycan.-2012.- 20 noyabr.- S.8.