«İmişlini tanımaq mümkün deyil»

 

Azərbaycan Prezidenti İlham Əliyev bu fikri bölgəyə səfəri zamanı demişdir

 

 Dövlətin davamlı qayğısı, vətəni sonsuz məhəbbətlə sevən, doğma yurdun hər qarışını gülüstana cevirməyə çalışan adamların tükənməz qurub-yaratmaq əzmi İmişlini barlı, bərəkətli Muğan düzünün sinəsində parlaq ulduza çevirmişdir. Bu gün İmişliyə yolu  düşən hər kəs gördüyü mənzərə qarşısında heyrətini gizlədə bilmir. Başdan-başa yenidən qurulan rayon mərkəzi böyük inşaat meydanını xatırladır. Abadlaşan küçələr, yaraşıqlı meydanlar, əsəblərə sığal çəkən musiqili fəvvarələr, bir də göz oxşayan, payızın bu oğlan çağında baharı xatırladan şəhərin hər yerinə qucaq-qucaq səpilmiş al-əlvan  gül-çiçəklər insanın ruhunu təzələyir.

Bu gözəlliklərin dəyəri həm də ona görə qiymətlidir ki, çox qısa bir zamanda, heyrət doğuracaq bir müddətdə yaradılmışdır. Bu böyük hünərin, İmişli camaatının yaratdığı xarüqənin ən gözəl qiymətini isə dövlət başçısı vermişdir. Oktyabrın 28-də Prezident İlham Əliyev İmişli şəhər su anbarları kompleksinin istifadəyə verilməsi mərasimində demişdir: "Doğrudan da, son bir neçə ay ərzində  İmişli rayonunun inkişafı üçün çox böyük, tarixi işlər görülmüşdür. İmişlini tanımaq mümkün deyil. Buraya gələrkən çox təəccüb edirdim ki, mən indi İmişlidəyəm, yoxsa hansısa başqa şəhərdəyəm. Doğrudan da, tarixi dəyişikliklər baş vermişdir. Gözəllik, abadlıq, yeni meydan, Bayraq meydanı, yeni parklar, Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzinin tikintisi, binaların bərpası, küçələrin salınması, yeni işıq dirəklərinin qurulması. Görülən bütün işləri sadalamaq üçün yəqin ki, çox vaxt lazım olacaq, ancaq bir sözlə, siz İmişli sakinləri bunu yaxşı bilirsiniz və bütün bu quruculuq, abadlıq işlərində fəal iştirak edirsiniz. Bu, sizin ümumi zəhmətinizin bəhrəsidir. Bu dəyişikliklər əlbəttə ki, məni ürəkdən sevindirir. Əminəm ki, sizi də sevindirir. Ancaq eyni zamanda, bir vacib məsələni üzə çıxarır ki, istək, siyasi iradə və öz xalqına qayğı olan yerdə hər şey etmək mümkündür. Bir neçə ay bundan əvvəl İmişli rayonuna yeni icra başçısı təyin edilmişdir. O, təyin edilərkən mən ona çox önəmli tövsiyələr, göstərişlər verdim və dedim ki, İmişli rayonu geridə qalmamalıdır, əksinə ölkəmizin ən qabaqcıl rayonlarının birinə çevrilməlidir. Son neçə ayın təcrübəsi göstərir ki, siz bu yolda uğurla irəliləyirsiniz. Əminəm ki, gələn səfərdə yeni gözəl binaları, yeni açılan obyektləri görəcəyəm və  beləliklə, İmişlinin uzunmüddətli  inkişafı təmin ediləcəkdir."

Fəal vətəndaş mövqeyinə, xalqın xoş güzəranına, həyat  firavanlığına hesablanan qurub-yaratmaq əzminə dövlət başçısının verdiyi yüksək qiymət İmişlidə sözün həqiqi mənasında əsl bayram ovqatı yaratmışdır. Bu günlər rayonda ruh yüksəkliyi hökm sürür. Adamlar dövlət başçısının qayğı və  diqqətini yaxından hiss etdikcə inamla başladıqları genişmiqyaslı abadlıq, quruculuq işlərini daha da sürətləndirir, bu isti münasibətə yeni əmək nailiyyətlərilə cavab verməyə çalışırlar.

Son bir neçə ayda İmişlinin heyrətamiz sürətlə inkişaf edib dəyişməsi, tanınmaz görkəm alması hamının gözü qarşısında olan bir reallıqdır. Bu da həqiqətdir ki, şəhərin gözəlliyinə yeni naxışlar vuran hər binanın, inşa olunan yeni meydanın, qürurla ucaldılan Dövlət bayrağının, yeni qurulan hər işıq  dirəyinin, günəşə boylanan, göz oxşayan hər yaşıl fidanın, minbir rəngə çalan hər gülün, çiçəyin araya, ərsəyə gəlməsi doğma yurda sonsuz məhəbbət hissilə döyünən odlu ürəklərin, hərarətli əllərin, doğma və isti nəfəsin hesabınadır.

İmişlidə yeniləşən, gözəlləşən təkcə küçələr, meydanlar, parklar, binalar deyil. Nə xoş ki, burada yaşayan adamların həyata baxışları, dünyagörüşləri, cəmiyyətdə tutduqları mövqe də yaxşıya doğru dəyişir, təzələnir. İmişli Rayon Ağsaqqallar Şurasının sədri Mirələkbər Həsənovun dedikləri bu baxımdan xarakterikdir:

"Müdrik atalarımız yaxşı deyib ki, çörəyi ver çörəkçiyə, birini də üstəlik. Ataların bir misalını da xatırladım: vur deyənlə vuran yarıdır. Biz ağsaqqallar dünyanın hər üzünü görmüşük. İmişli camaatı həmişə xalqın böyük oğlu Heydər Əliyevə sədaqətli olubdur. Bu mövqe tarixin  müxtəlif məqamlarında dəyişməz qalıb. İmişlidə əhalinin yaxşı dolanışığı sovet dövründə də, sonrakı illərdə də Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin xalqa ən böyük töhfəsi isə İlham Əliyev kimi qüdrətli oğuldur. Prezident İlham Əliyev  bütün həyatını doğma xalqına həsr etmiş atasının başladığı işləri uğurla davam etdirməklə həm dünyanı heyrətə salan ölkəmizin iqtisadi inkişafına imza atmış, həm də kökünə, soyuna bağlı ləyaqətli oğul kimi bütün millətin qəlbində özünə məhəbbət yaratmışdır. Mən dövlət başçısının İmişlidə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışına  diqqətlə qulaq asdım. Əlbəttə, bütün bölgələrdə olduğu kimi, İmişlidə də həyata keçirilən böyük abadlıq, quruculuq işlərinin, iri sosial layihələrin  təşəbbüsçüsü dövlət başçısıdır. Görüş zamanı İmişlidə qazanılan uğurlara onun  necə sevindiyinin şahidi oldum və bundan özüm üçün məntiqi nəticə çıxardım. Axı, İmişlinin abad küçələrində, yaraşıqlı park və meydanlarındakı gül-çiçəklərin arasında biz ağsaqqallar, övladlarımız gəzib dincələcək, rahatlıq tapacaqlar. Amma bölgəmizin  ağ günlərinə, xoş növrağına bizdən də çox Prezident sevinir. Əlbəttə, bu, təbiidir. Prezident Azərbaycan adlı böyük bir ailənin başçısıdır. Bu ailədə qazanılan hər bir uğur isə elə dövlət başçısının öz uğurudur".

Bu gün İmişli rayonunda "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda qarşıya qoyulan vəzifələr müvəffəqiyyətlə icra olunmaqdadır. Çox sayda yeni istehsal və emal müəssisələri  yaradılmış, yeni məktəblər, mədəniyyət və səhiyyə obyektləri inşa olunmuşdur. Cari ildə 403-ü daimi olmaqla 1058 iş yeri açılmışdır. Bu ilin aprel ayından start verilən genişmiqyaslı abadlıq və quruculuq işləri şəhərin simasına müasir görkəm vermişdir. Tarixin bütün dönəmlərində xalqımızın ümummilli lideri Heydər Əliyevə sədaqətli olan İmişli camaatının ulu öndərin əziz xatirəsinə hörmət və ehtiramı bu gün də sonsuzdur. Bu el məhəbbətinin ifadəsidir ki, ulu öndərin  adını daşıyan park yüksək zövqlə yenidən qurulmuşdur. Yeni inşa edilmiş Heydər Əliyev Mərkəzi öz möhtəşəmliyi ilə diqqət çəkir. Mərkəzdə ümummilli liderin mənalı ömrünün qiymətli anlarını əks etdirən eksponatlar, fotolar ziyarətçilərin böyük marağına səbəb olur.

Dövlət başçısının Prezidentin Ehtiyat Fondundan ayırdığı vəsait hesabına əsaslı təmir edilən İmişli Rayon Mərkəzi Xəstəxanası müasir standartlara cavab verən səviyyəyə çatdırılmışdır. Xəstəxananın şöbələrində Yaponiya, Türkiyə, İtaliya, Koreya Respublikasından və Avropanın inkişaf etmiş digər ölkələrindən gətirilmiş, elmin və texnikanın son nailiyyətləri səviyyəsində hazırlanmış avadanlıqlar quraşdırılmışdır. İndi nəinki İmişli camaatı, eyni zamanda qonşu rayonların sakinləri də bu imkanlardan yararlana biləcəklər.

Ölkədə müvəffəqiyyətlə reallaşan Ərzaq Təhlükəsizliyi  Dövlət Proqramına İmişli sahibkarları sanballı töhfələr verirlər. Sahibkarlığa Kömək Milli Fondunun maliyyə  dəstəyi ilə inşa olunmuş, ümumi dəyəri 7,3 milyon manat, tutumu 50 min ton olan "Kraun Ko" taxıl anbarı kompleksinin istifadəyə verilməsi bölgənin iqtisadi həyatında mühüm hadisəyə çevrilmişdir.

İmişlidə sahibkarlığın  inkişafına yaradılan əlverişli şərait iş adamlarına yüksək ruh verir. Ən müasir tələblər səviyyəsində qurulan "Araz" damazlıq quşçuluq fabriki bu fikrin əyani təsdiqidir. Fabrikin yenidən qurulmasına 7,3 milyon manat vəsait sərf edilmişdir. Bunun 5 milyon manatı İqtisadi İnkişaf Nazirliyinin ayırdığı güzəştli kreditdir. Fabrikdə illik 10 milyon damazlıq yumurta istehsalı proqnozlaşdırılır.

Yeni şahmat məktəbinin istifadəyə verilməsi isə İmişli gənclərinə "İdman  ili"ndə ən gözəl hədiyyədir. Şəhərdə Gənclər Mərkəzinin sürətlə inşa edilməsi isə hər kəs tərəfindən razılıqla qarşılanır. Bu ocaqda rayon gənclərinin hərbi vətənpərvərlik ruhunda böyüyəcəyi, intellektual səviyyə qazanacağı heç kəsdə şübhə doğurmur.

Dövlət başçısının səfəri çərçivəsində İmişli şəhər su anbarları kompleksinin istifadəyə verilməsi mərasimində iştirak  etməsi rayonun sosial həyatında uzun illər boyu arzulanan  yeni bir dövrün başlanğıcı anlamına gətirdi. Bu bölgədə içməli su sarıdan həmişə korluq çəkilib. Dövlət başçısının qayğısı artıq bu problemi də aradan qaldırır. Su həyatdır, sağlamlıqdır. Suyun aydınlıq olduğunu da deyirlər. Bu dövlətin sükanı arxasında dayanan qüdrətli və eyni zamanda qayğıkeş rəhbərin xalqın xoş güzəranına, firavan həyatına hesablanan aydın niyyəti İmişlidə uşaqdan tutmuş böyüyə kimi hər kəsin qəlbində minnətdarlıq duyğuları oyadır.

 

 

 Lazım QULİYEV

 

Azərbaycan.-2012.- 20 noyabr.- S.8.