Dağ kəndləri yolsuzluq «mühasirə»sindən çıxır

 

Bu yerlərin füsunkar təbiəti, dağ-dərəsi, meşəsi, buz bulaqları, yaşıl donlu meşəsi xüsusən yay aylarında ilahi bir cazibə ilə adamı özünə çəkir. Aranda ot saralanda, ərik, gilas yetişəndə burada düzlər-yamaclar gül-çiçəyə bürünür. Vızıltı ilə belədən-belə uçan arılar güldən-gülə, çiçəkdən-çiçəyə qonaraq şirə çəkir. Bunları görüb-duyduqca fikrin-hissin, xəyalın Tanrı dərgahına qanadlanır. "Allah yeri-göyü yaradanda heç nəyi yaddan çıxarmayıb" məşhur kəlamını xatırlamalı olursan. Birinə bir şeydən çox veribsə, digərinə başqa şey ərməğan edib. Qalanlarını isə insanın öhdəsinə buraxıb. "Hünərin varsa, sən də bir iş gör, qur-yarat" - deyib.

Lerik ana təbiətin sığal çəkdiyi nadir məkanlardandır. İlk cümlələrimiz bu torpağın qısadan da qısa bioqrafiyasıdır. 56 kilometrlik Lənkəran-Lerik yolunu qət edərkən, Lerik şəhərini gəzib-dolaşarkən aldığımız təəssüratlardır. Lakin bunlar hələ tam təsəvvür demək deyil. Uzunömürlülər diyarı kimi şöhrət tapmış bu torpağı yaxşı tanımaq üçün gərək onu oba-oba, oymaq-oymaq gəzib dolaşasan, minilliklərin o tayından boylanan tarixi abidələrini gözlərinlə görəsən, dünyagörmüş ağsaqqalları, ağbirçəkləri ilə görüşüb söhbət edəsən. Etiraf etməliyik ki, indiki zamanda nə biz jurnalistlər, nə də yazıçıların özü çox da böyük olmayan vətənimizin ucqar guşələrini görməyə, orada yaşayan insanların yaşayış tərzi ilə tanış olmağa o qədər də təşəbbüs göstərməmişik. Bunun əsas səbəbi həmin yerlərə gedən yolların bərbad olması idi.

Sevindirici haldır ki, son illər respublikamızda yol infrastrukturunun yenidən qurulması ilə bağlı mühüm işlər görülür. Bu sırada Lənkəran-Lerik magistral şose yolunu da göstərmək olar. Keçən əsrin 20-ci illərində çəkilən bu yol sovetlər birliyi dağılandan sonra baxımsızlıq üzündən yararsız vəziyyətə düşmüşdü. Rayon əhalisi bu yolu avtomobillə 3-3,5 saata gedirdi. Narahat yolla bir dəfə gedənlər ikinci dəfə bundan imtina edirdilər. Bu yolla hərəkət edən maşınlar tez-tez təmirə dayanırdı. O vaxtlar Bakıda, Sumqayıtda yaşayan leriklilər belə öz dədə-baba ocaqlarına az-az gedib-gəlirdilər. Lakin Lənkəran-Lerik yolunun da, necə deyərlər, üzünə gün doğdu. Əsaslı təmirdən sonra yol 2005-ci ilin payızında istismara verildi. Yolun açılışında ölkə rəhbəri İlham Əliyev iştirak etdi. Rayonun əsaslı inkişafı da elə o dövrdən başladı. Rahat yolla rayon mərkəzinə ardı-arası kəsilmədən tikinti materialları, lazımi avadanlıqlar gətirildi. Rayon mərkəzinə təbii qaz xətti çəkildi, yeni-yeni yaşayış evləri, ictimai binalar inşa edildi, park və xiyabanlar salındı, küçələr asfaltlaşdırıldı. Beləliklə, rayon mərkəzi böyüyərək, abadlaşaraq qəsəbədən şəhərə çevrildi.

Lerik şəhərindən çıxıb sıldırımlı qayalardan yaranmış "Dağlar qapısı"nı keçəndən sonra narahat dağ yolu qıvrıla-qıvrıla Kəlvəz bölgəsinə tərəf uzanıb gedir. "Bölgə" ona görə deyirik ki, bu yolun üstündə 28 min əhalisi olan 28 kənd yerləşir. 1930-cu ilə qədər bütövlükdə Lerikin mərkəzi bura olub və Zuvand rayonu adlanıb. Ərazi özünün tarixi abidələri, havası, suyu, əsrarəngiz təbiəti ilə Lerikin digər yerlərindən fərqlənir. Buradakı Büzeyir mağarası Azıxdan sonra Azərbaycanın ikinci yaşayış məskəni sayılır. Yerin təkindən çıxan Zərinqala suyu süfrələrin bəzəyi, ürəklərin məlhəmidir. Dağlarında zəngin mərmər yataqları var. Quru iqlim şəraitinə malik olan Kəlvəz bölgəsinin qışı sərt, yayının gecələri sərin keçir. Deyirlər, bir dəfə yay vaxtı Bakıdakı ali məktəb müəllimlərindən biri əslən Kəlvəzdən olan dostu ilə bir neçə günlüyə buraya istirahətə gəlir. Axşam onun üçün yatmağa yer salanda yorğan da qoyurlar ki, üstünə çəksin. İstidən təngə gəlmiş qonaq xahiş edir ki, yorğanı götürsünlər. Ev yiyəsi yorğanı götürüb otağın bir küncünə qoyur. Çox çəkmir, ev sahibi görür ki, qonaq yatağından qalxaraq yorğanı axtarır.

Bax, belədir buranın iqlim şəraiti. Qışda da, yayda da Lerik rayonunun mərkəzi ilə Kəlvəz bölgəsinin arasındakı ilqlim fərqlidir. Bura bütün parametrləri ilə turizmin inkişafı üçün də çox əlverişlidir.

Prezident İlham Əliyevin 3 aprel 2012-ci il tarixli sərəncamı ilə Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun çəkilişinə 3 milyon manat vəsait ayrılmışdır. Bu, ərazidə yaşayan hər bir insanın hədsiz sevincinə səbəb olmuşdur. Deməli, onlar əzab-əziyyətdən xilas olacaqlar. Rayon mərkəzinə, ölkəmizin paytaxtına və digər yerlərə ən çətin hava şəraitində belə gedib-gəlmək imkanı əldə edəcəklər. Halbuki indiyədək qışın qarlı-çovğunlu günlərində rayon mərkəzinə getməkdə olmazın əzab-əziyyət çəkirdilər. Bəzən bir həftə, hətta 10 gün əlaqə kəsilirdi.

Uzunluğu 26,7 kilometr olan yolda artıq bir sıra işlər görülmüşdür. 8 kilometr məsafəyə asfalt döşənmişdir. Mürəkkəb relyefə malik olan dağlıq ərazidə 25 su ötürücüsü və körpü inşa ediləcək və əvvəlkilər təmir olunacaq. Yolun inşası tenderdə qalib gəlmiş "Yol-tikintinəqliyyatservis" MMC tərəfindən aparılır. Tikinti-quraşdırma işlərində Almaniyanın "WİRTGEN", "HAMM", "VÖGELE" və "MAN" şirkətlərinin istehsalı olan ən müasir yol texnikalarından istifadə edilir. Hava şəraiti imkan verən kimi yolçəkənlər işlərini davam etdirəcəklər.

Bundan əlavə, Lənkəran-Lerik magistral şose yolunun 50-ci kilometrindən ayrılan, ümumi uzunluğu 36 kilometr olan Şingədulan-Xanagah yolunun yenidən çəkilməsi ilə əlaqədar tədbirlər həyata keçirilir. Sənədlər hazırlanaraq mərkəzi icra orqanlarına təqdim olunmuşdur.

Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyatdır. Odur ki, yol çəkilişi dağ rayonu Lerikin, onun qəsəbə və kəndlərinin inkişafında mühüm rol oynayacaq. Deyirlər, ömürlər bitir, yollar bitmir. Çəkilən bu dağ yolları da ayrı-ayrı şəhərlərin geniş yolları ilə birləşərək dünyanın lap o başına getmək imkanı yaradacaq. Dağ kəndindən çıxan neçə-neçə nəsillər bu yollarla dünyaya qovuşacaq.

 

 

 Seyran CAVADOV

 

Azərbaycan.-2012.- 20 noyabr.- S.8.