Tanınmış ədəbiyyatşünas
alimin 75 illik yubileyi qeyd edilmişdir
Noyabrın 19-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin anadan olmasının 75 illiyi qeyd edilmişdir.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Arif Əmrahoğlunun aparıcılığı ilə keçirilən yubiley tədbirində elm və mədəniyyət xadimləri, ziyalılar, sənət adamları, alimin doğmaları iştirak etmişlər.
Tədbirdə AYB-in sədri, xalq yazıçısı Anar, xalq şairləri Fikrət Qoca, Sabir Rüstəmxanlı, AMEA-nın müxbir üzvləri Tofiq Hacıyev, Nizami Cəfərov, Milli Məclisin deputatı Qənirə Paşayeva və başqaları çıxış edərək yubilyarın maraqlı və zəngin ədəbi-elmi yaradıcılığı, axtarışları, tərcümələri, yüksək insani keyfiyyətlərindən söz açmışlar.
Bildirilmişdir ki, Qəzənfər Paşayev Kərkük folklorunu toplayıb nəşr etməklə yanaşı, həm də araşdırmış və bu zəngin xəzinəyə neçə-neçə elmi əsər həsr etmişdir. Bu baxımdan onun namizədlik və doktorluq dissertasiyaları ilə yanaşı, "Kərkük folklorunun fonetikası", "İraq-türkmən ləhcəsi", "İraq-türkmən folkloru" əsərləri ayrıca qeyd olunmalıdır. Sonuncu monumental əsər Bakı, Bağdad, İstanbul və Tehranda nəşr edilmiş, haqqında xeyli dəyərli məqalələr yazılmışdır. Bundan başqa, o, danışıq lüğətləri, ayrı-ayrı qələm sahibləri haqqında portret kitablar hazırlamaq kimi ciddi bir işlə də məşğul olmuşdur.
Vurğulanmışdır ki, böyük tirajla çap olunmasına baxmayaraq, çoxları üçün əlçatmaz olan "Altı il Dəclə-Fərat sahillərində" kitabı Qəzənfər Paşayevin yaradıcılıq yolunun ən ciddi uğurlarındandır. Bu əsər onu Azərbaycanın və İraq türklərinin hər bir ailəsində tanıtdırmış və sevdirmişdir. Bu ciddi elmi-bədii tanıtım kitabı macəra romanlarından daha çox oxunmuş və bəyənilmişdir.
Diqqətə çatdırılmışdır ki, Q.Paşayev harada olmasından, yaşamasından, fəaliyyət göstərməsindən asılı olmayaraq, hər zaman Azərbaycanı düşünmüş və ölkəmizlə bağlı heç nəyi gözdən qaçırmamışdır. Aleksandr Dümanın "Qafqaz səfəri", Sula Benetin "Necə yaşayasan yüzü haqlayasan", İrəc Pərsinecadın "M.F.Axundzadənin kritikası" kitablarını məhz bu mülahizəni əsas götürərək dilimizə çevirmişdir.
Vurğulanmışdır ki, ensiklopedik biliyə malik olan görkəmli alim həmkarları arasında böyük hörmət və nüfuz qazanmışdır. Onun əsərləri haqqında söz deyənlər arasında Azərbaycan və xarici ölkələrin çox nüfuzlu alimləri vardır. Qəzənfər Paşayevin yaradıcılığında Azərbaycan-türk coğrafiyası bütövləşmişdir. Buna görə də onun yaradıcılığı Azərbaycanda olduğu kimi, ölkəmizin sərhədlərindən kənarda da maraqla qarşılanır. Türk, ərəb, ingilis, rus dillərinin geniş dünyası ona açıqdır. Elə bu səbəbdən də fəaliyyətə başladığı ilk vaxtlardan Q.Paşayevin oxucuların mühakiməsinə verdiyi hər bir kitab ictimaiyyət tərəfindən birmənalı şəkildə maraqla qarşılanmışdır. Onun "Nostradamusun möcüzəli aləmi" kitabı da bu baxımdan istisna deyildir.
Natiqlər yubilyarın böyük insani keyfiyyətlərindən, sözünə bütövlüyündən, dostluğa sədaqətindən də ürək dolusu danışmışlar.
Tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən yubilyar demişdir ki, mən çox xoşbəxtəm. Ən azı ona görə ki, Azərbaycanın müstəqilliyini gördüm və yaşadım. İraqda işləyərkən bu məsələ məni heç vaxt rahat buraxmırdı.
Alim demişdir ki, bundan sonra da Azərbaycan xalqının fikir dünyasına, elmi xəzinəsinə yeni-yeni töhfələr təqdim edəcəkdir.
Tədbirdə iştirak edən İraqdan gəlmiş qələm adamları Əsəd Erbil və Riyaz Dəmirçiyə AYB-in fəxri üzvlük vəsiqələri təqdim olunmuşdur.
Sonda
iştirakçılara Qəzənfər Paşayevin
çoxşaxəli yaradıcılığına həsr
edilən məqalələrin toplandığı
"Ömrün əbədiləşən illəri"
kitabı təqdim olunmuşdur.
AzərTAc
Azərbaycan.-2012.- 20 noyabr.- S.9.