İnsan hüquqlarına hörmət uşaqlara münasibətdən
başlayır
BMT-nin Uşaq
Hüquqları Konvensiyasının qəbul edildiyi
gündən 23 il keçir
23 il əvvəl - 1989-cu il noyabrın 20-də BMT-nin Uşaq Hüquqları Konvensiyası qəbul edildi. Bu konvensiya uşaqların hüquqlarının qorunması sahəsində ən mükəmməl beynəlxalq sənəddir. Konvensiyaya 189 ölkə qoşulub. Azərbaycan da bu ölkələr sırasındadır.
Uşaqların hüququnu qorumaq üçün ilk təşəbbüs 1924-cü ildə Millətlər Cəmiyyətinin beş əsas prinsipdən ibarət bəyannaməsi oldu. Həmin sənəd Cenevrə bəyannaməsi adlanır. 1959-cu ildə isə BMT Baş Məclisi "Uşaq Hüquqları Bəyannaməsi"ni qəbul etdi. Lakin bəyannamənin hüquqi qüvvəsi və nəzarət mexanizmi yox idi, dövlətlərin üzərinə məsuliyyət və öhdəlik qoymurdu.
1989-cu ildə qəbul olunmuş konvensiyanın məzmunu və əsas ideyası uşaq şəxsiyyətidir. Bununla yanaşı o, iştirakçı ölkələri uşaqlara öz vətəninin sosial-siyasi həyatında daha fəal iştirak etmək üçün şərait yaratmağa çağırır. Konvensiyanın mühüm prinsipi irqi ayrı-seçkiliyə yol verməməkdir. Uşaqlar irqindən, dərisinin rəngindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən asılı olmayaraq öz hüquqlarından istifadə etməlidirlər. Konvensiyada bu hüquqlar müəyyən əlamətlərə görə qruplaşdırılmayıb. Bununla belə, onları şərti olaraq dörd qrupa bölmək olar. Bunlardan yaşamaq hüququ önə çəkilir. Belə ki, bu qrupda uşaqların yaşamaq hüququ və bunun üçün zəruri olan tələbatlar əhatə edilir. Buraya müvafiq həyat standartları - sığınacaq, qida və tibbi yardım almaq imkanları daxildir.
İkincisi inkişaf hüququ qrupudur. Bu qrupa uşaqların inkişaf potensialı - təhsil, oyunlar, asudə vaxt, mədəni fəaliyyət, informasiya almaq azadlığı, eləcə də söz, vicdan və dini əqidə azadlığı aiddir.
Müdafiə hüququ uşağın pis rəftardan, hörmətsiz münasibətdən və istismardan müdafiəsini təmin edən məsələləri əhatə edir. Nəhayət, iştirak hüququ qrupuna fikri sərbəst ifadə etmək, öz həyatı barədə rəy söyləmək, ictimai təşkilatlara qoşulmaq, dinc yığıncaqlar keçirmək kimi məsələlər daxildir. Bu hüquqlar qrupu uşaqlara qabiliyyətləri çatdığı qədər cəmiyyətin həyatında iştirak etmək imkanı verir, onlarda fəal vətəndaş mövqeyi formalaşdırır.
Azərbaycan Respublikası BMT-nin Uşaq Hüquqları Konvensiyasına 1992-ci il iyulun 21-də üzv olub. Sonralar həmin konvensiyanın müvafiq protokollarına da qoşulub. Dövlətimiz bu konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün hər cür şərait yaradır.
Ümummilli lider Heydər Əliyevin uşaqlara məhəbbəti hamı üçün ibrətamiz nümunədir. Bu, 1993-cü ildən sonra sözügedən sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl islahatların aparılmasında da özünü göstərib. Azərbaycan Respublikasının "Uşaq hüquqları haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunları da məhz 90-cı illərin ikinci yarısında qəbul olunub. Həmin vaxtlardan sonra ölkədə qəbul olunan və həyata keçirilən onlarca dövlət proqramı uşaqlarla bağlı bütün problemlərin həllinə yönəldilmiş vahid bir siyasəti reallaşdırır.
İnsan hüquqlarına hörmət hər bir cəmiyyətin uşaqlara münasibətindən başlayır. Məlumdur ki, uşaqlar fiziki və psixoloji cəhətdən müdafiəsiz və zəif olduqlarından onların xüsusi qayğı və münasibətə ehtiyacı var. Odur ki, uşaqların hüquqlarının qorunmasında birinci dərəcəli məsuliyyət ailənin üzərinə düşür.
Azərbaycan ailəsində uşaqlar çox sevilir. Bir körpənin dünyaya gəlişi təkcə onun ata-anasına deyil, nənə və babalarına, əmi-dayısına, bütün qohum-əqrəbaya sevinc gətirir. Körpə əzizlənə-əzizlənə böyüyür. Yəni Azərbaycan ailəsində yaxşı nə varsa - hamısı uşaq üçün, onun xoşbəxt gələcəyi üçündür.
Sevindirici haldır ki, ölkəmizdə əhali daim təbii artımla çoxalır. Bu, o deməkdir ki, əhali kənardan köçüb gələn insanlar hesabına deyil, təzə doğulan körpələr hesabına artır. Azərbaycanda doğum ölümü üç dəfə üstələyir.
Hazırda ölkədə dünyaya körpə gətirmək yaşında olan qadınların hərəsinə orta hesabla 2,3 uşaq düşür. Təkcə bu ilin doqquz ayında Azərbaycanda 131,2 min körpə anadan olub.
Təsadüfi deyil ki, uşaqlara ali münasibət Azərbaycan Respublikasının Ailə Məcəlləsində də öz geniş əksini tapıb. Uşaqların qayğısına qalmaq, onları müdafiə etmək ailənin borcu olduğu burada bir daha vurğulanıb. Dövlət bu borcun necə yerinə yetirilməsinə daim nəzarət edir.
Lakin istər ailədə, istər cəmiyyətdə tək-tək hallarda olsa da, uşaqların incidilməsi faktları ilə rastlaşırıq. Belə hallara qarşı qanun barışmaz mövqedə dayanıb. Dövlət hər bir uşağın mənafeyini yüksək tutur və onu müdafiə edir. Azərbaycanda ailə, qadın və uşaq problemləri ilə məşğul olan dövlət komitəsi fəaliyyət göstərir.
Ölkəmizdə uşaq əməyindən istifadə qadağan olunub. Azərbaycan Respublikasının Əmək Məcəlləsində yaşı 18-dən aşağı olan işçilər üçün isə çoxsaylı güzəştlər nəzərdə tutulub.
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ölkəmizdə uşaqların hüquqlarının hərtərəfli qorunmasına xüsusi diqqət və qayğı göstərir. Bunun nəticəsində sözügedən sahədə geniş tədbirlər həyata keçirilir.
Çox təəssüf ki, dünyanın müxtəlif guşələrində uşaqlara hələ də pis münasibət göstərilməsi halları mövcuddur. Əgər keçən əsrin tarixinə nəzər salsaq, görərik ki, neçə minlərlə uşaq təcavüzə, zorakılığa, irqi ayrı-seçkiliyə, deportasiyaya, soyqırımlarına məruz qalıb. XX əsrdə baş vermiş iki dünya müharibəsi, lokal müharibələr yüz minlərlə uşağı valideyn himayəsindən məhrum edib, onların hələ körpə ikən həyatına son qoyub, adi insani hüquqlarını kobudcasına pozub. Ayrı-ayrı ölkələrdə belə acı olaylar yenə də davam edir.
Müharibə alovları azərbaycanlı uşaqlardan da yan keçməyib. Ermənilər torpaqlarımıza təcavüz etdiyi zaman bizim balalarımız min bir əziyyətə düçar olub. Belə ki, namərd qonşularımız neçə-neçə balaca oğlan və qızı ev-eşiksiz, ata-anasız qoyublar. Bu az imiş kimi, azyaşlı uşaqları yandırıb, gülləyə tutub, onlara işgəncə veriblər. Düşmən bu gün də məkrindən əl çəkmir. Atəşkəs olsa da, öz alçaq xislətinə "sadiq qalaraq" uşaq oyuncaqlarının içinə mərmi qoyub çaylarımızın axarına atır, Qarabağda və digər sərhəd bölgələrində uşaqlarımızın üstünə silah tuşlayır, onların günahsız qanını axıdır. Başqa sözlə, bütün beynəlxalq qaydaları, uşaqlara aid bütün qanunları, ən başlıcası isə insanlıq və vicdan qanunlarını pozur.
Uşaqların hüquqlarını qorumaq əslində elə onların özlərini qorumaq deməkdir. Onlar isə hər bir ölkənin, hər bir xalqın, bütövlükdə bütün bəşəriyyətin gələcəyidir. Bu həqiqəti yer üzündə yaşayan hər bir kəs bütün qəlbi, vicdanı və ağlı ilə dərk etməlidir.
Flora SADIQLI
Azərbaycan.-2012.- 20 noyabr.- S.9.