Millət fədaisinin etnoqrafik
görüşləri
XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində yaşayıb-yaratmış ziyalılarımız arasında çoxsahəli yaradıcılığı və ensiklopedik biliyi ilə fərqlənən, bütün mənəvi həyatını xalqımızın inkişafına, onun cəhalətdən, zülm və əsarətdən qurtulrmasına, maariflənməsinə, elmə, təhsilə yiyələnməsinə həsr etmiş və qismən də olsa buna nail olmuş şəxsiyyətlər arasında Həsən bəy Zərdabi xüsusi yer tutur.
Böyük ziyalı, pedaqoq, naşir, maarifçi, filosof, təbiətşünas, torpaqşünas, etnoqraf, ictimai-siyasi xadim Həsən bəy Məlikov Zərdabi 1842-ci il iyul ayında o vaxtkı Göyçay qəzasının Zərdab kəndində bəy ailəsində anadan olmuşdur.
H.Zərdabi Rusiyada Moskva Dövlət Universitetində ali təhsil alan ilk azərbaycanlı olub. Universitet həyatı onun təhsilə yiyələnməsi ilə yanaşı, həm də dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. Onun universitetdə oxuduğu illərdə bir sıra dərnəklərlə yanaşı, Rusiyada yaşayan xalqların tarixini, etnoqrafiyasını, məişət və mədəniyyətini öyrənən dərnək də fəaliyyət göstərirdi. Zərdabi bu dərnəyin fəal üzvlərindən biri olmuşdur və etnoqrafiyaya marağı da elə buradan başlamışdır.
Təhsil illərini başa vurduqdan sonra vətənə qayıdan Həsən bəy 1865-1866-cı illərdə Borçalı qəzasının Tiflis Torpaq Palatasında, 1866-cı ildə Qubada məhkəmə katibi, 1869-cu ildən isə Bakıdakı Realnı Gimnaziyada "Təbiyyat tarixi" müəllimi işləmişdir. Hansı yerdə, hansı vəzifədə işləməsindən asılı olmayaraq, bu dərin düşüncəli insanı xalqının ağır, acınacaqlı həyatı düşündürmüş və o, belə bir nəticəyə gəlmişdir ki, milləti qəflət yuxusundan oyatmağın yeganə çarəsi xalq üçün ana dilində qəzet çap etməkdir.
Beləliklə
o, "Əkinçi"nin ilk nömrəsini 22 iyul 1875-ci
ildə çap etdirir və bununla da Azərbaycan milli mətbuatının
əsasını qoyur. Qəzet həftədə iki dəfə
çıxırdı. Zərdabiyə görə "hər
bir vilayətin qəzeti gərək o vilayətin aynası
olsun ki, o qəzetə baxan, xalqı aynada görən kimi
görsün". "Əkinçi" qəzetinin
"Daxiliyyə", "Əkin və ziraət xəbərləri",
"Elm xəbərləri", "Təzə xəbərlər"
kimi şöbələri çox idi. "Əkinçi"
adından fərqli olaraq, sırf təsərrüfat qəzeti
deyildi. Onun qarşısında əsasən siyasi vəzifələr
dururdu və əkinçilik məsələləri bu vəzifələrlə təmasda
verilirdi. H.Zərdabi xalqın güzəranını
yaxşılaşdırmaq, həyatın bütün
qaranlıq sahələrinə işıq salmaq
üçün qəzetdə ictimai-siyasi, fəlsəfi,
iqtisadi, maarifçilik, pedaqoji, əkinçilik və kənd
təsərrüfatı, təbiətşünaslıq, xalq
məişətinin müxtəlif sahələrinə dair məqalələr
dərc etdirirdi.
"Əkinçi"nin səhifələrində Azərbaycan və digər xalqların etnoqrafiyasına dair çap olunan materiallar diqqəti cəlb edir. H.Zərdabiyədək Azərbaycan xalqının məişət və mədəniyyətilə bağlı, onun təsərrüfat həyatında mühüm sahələrdən birini təşkil edən əkinçilik, maldarlıq məsələlərini, maddi və mənəvi dəyərlər mədəniyyət sahəsini, ailə məişətini incəliklərinədək əks etdirən digər bir şəxsin olmadığını desək, yanılmarıq.
Yaşadığı dövrdə Azərbaycanda əkinçilik təsərrüfatının vəziyyəti, onun qayğıları, inkişaf perspektivləri, xalqın bu sahədə əldə etdiyi empirik biliklər, əkinçilik sistemləri, xalq təqvimi, torpağın əkinə hazırlanması üsulları və bu sahədə tətbiq edilən əmək alətləri - bütün bunlar böyük mütəfəkkiri düşündürən, narahat edən ictimai-iqtisadi məsələlər olmuşdur. Məhz bu məsələlərlə bağlı "Əkinçi" qəzeti səhifələrində gedən məqalələrin əksəriyyətini H.Zərdabi sadə xalq dilində özü yazmışdır. O, əkinçilərə torpaqdan daha yüksək məhsul götürmə yollarını və ondan səmərəli istifadə qaydalarını, habelə başqa xalqların bu sahədə qazandıqları zəngin təcrübə barəsində geniş məlumat verməyi özünə borc bilirdi. Həsən bəy "Əkinçi" qəzetinin 1876-cı il 4-cü sayında həmkəndlilərinə başa salırdı ki, torpaqdan daha çox məhsul götürməyin əsas yollarından biri məhz onun gübrələnməsindədir. Torpağın gübrələnməsi inqilaba qədərki Azərbaycan kəndi üçün səciyyəvi hal deyildi. Buna görə də böyük torpaqşünas kəndliləri müxtəlif gübrələrin əkin üçün əhəmiyyəti ilə tanış edir və əkinçiləri onlardan istifadə etməyə çağırırdı. "Əkinçi" qəzetinin 1875-ci il 4-cü və 9-cu saylarında Zərdabi Abşeron yarımadasında şiddətli küləklərin əsməsi ilə əlaqədar əkinçilərə məsləhət görürdü ki, əkini xəndəkdə əkməklə yanaşı, xəndəyin ətrafında küləyə alışmış otlardan əkinə hasar çəkmək lazımdır. Eləcə də qumsallığa davam gətirmək üçün əncir, nar, tut və söyüd ağaclarının əkilməsini məsləhət görürdü. Məqalədə Həsən bəy qumsal torpaqda əkin əkmək məsələsinin elmi surətdə izahını da vermişdir.
Tarixi-etnoqrafik baxımdan Zərdabinin irsilə tanışlıq göstərir ki, o, yaradıcılığının bütün dövrlərində Azərbaycanda suvarma məsələləri ilə maraqlanmış və suvarmanı əhalinin təsərrüfatında əkinçiliyin inkişaf etdirilməsinin əsas amillərindən biri olmasını qeyd etmişdir. Zərdabi suvarma kanallarının, artezian quyularının əkinçilikdə vacib olduğunu göstərmiş, hətta Mingəçevir su anbarının yaradılması ideyasını irəli sürmüş, onun dəqiq yerini göstərmişdir ("Əkinçi", 1876, ¹ 2).
H.Zərdabi meşələrimizin qırılıb tələf edilməsinə qarşı öz etiraz səsini bildirərək yazırdı: "Qədim zaman meşə çox olduğuna insanlar onların xeyrini bilməyib... tələf ediblər... Bizim Qafqazda da bıçaq sümüyə dayanıbdır, yəni biz də meşələrimizi qırıb tələf etmişik və hər tərəfdən yayda müsəlla sədası və qışda təzək tüstüsü gəlir".
Azərbaycan xalqının qədim məşğuliyyət sahələrindən olan maldarlıq da H.Zərdabinin yaşayıb-yaratdığı dövrdə əhalinin təsərrüfat həyatında başlıca yerlərdən birini tutmuşdur. Zərdabi uşaqlıqdan vətəni Şirvan və ona qonşu olan Muğanda əhalinin əksər hissəsinin maldarlıqla məşğul olduğunu görmüşdü. Deməli, Azərbaycan əhalisinin təsərrüfat məişətinə yaxından bələd idi. Ona görə də böyük ziyalının öz əsərlərində bu məsələlərə xüsusi yer verməsi təsadüfi deyildir. Onun maldarlıq təsərrüfatı haqqında bizə miras qoyub getdiyi dəyərli fikirləri indi də öz aktuallığını saxlamaqdadır və elmi tədqiqat üçün ilkin mənbə rolunu oynayır.
H.Zərdabinin "Əkinçi" qəzeti səhifələrində elat-əhalinin yaşayış tərzi, məişəti ilə bağlı çap etdirdiyi bir sıra məqalələri diqqəti cəlb edir. O, yazırdı ki, maldarlar adi səhiyyə, məişət xidmətindən kənarda qalmışdır. Azərbaycan kəndində qızılca, sarılıq, çiçək, tif kimi xəstəliklər adi hala çevrilmişdi. Bunun əyani nəticəsidir ki, hər il minlərlə kasıb ölür, kəndlərdə antisanitariya hökm sürür. Kənd əhalisinə xidmət etmək üçün tibbi ləvazimat almaq üçün cüzi vəsait ayrılır. Azərbaycan kəndlilərinin hesabına milyonlar qazanan yerli və əcnəbi kapitalistlər, eləcə də dövlətin özü heç vaxt əhalinin gündəlik həyati məsələləri ilə məşğul olmağa vaxt tapmır. Müəllif maldar əhalinin acınacaqlı dolanacağını, gündəlik həyat tərzini təsvir edir.
H.Zərdabi "Əkinçi" və "Kaspi" qəzetləri səhifələrində maldarlıq təsərrüfatı ilə bağlı əhaliyə geniş məlumatlar verməklə yanaşı, otlaqların çatışmadığı yerlərdə, maldarlığın inkişafına şərait olmayan zonalarda quşçuluq təsərrüfatını ələlxüsus toyuqçuluq təsərrüfatını inkişaf etdirməyin faydalı olması haqqında yazırdı. Bir təsərrüfat sahəsi kimi Azərbaycanda quşçuluğun inkişaf etdirilməsi məsələsi H.Zərdabiyədək XIX əsr ədəbiyyatında təsadüf olunmur. Yalnız XX əsrin 50-ci illərindən sonra alimin bu arzusu həyata keçirilməyə başlandı. Azərbaycanın müxtəlif yerlərində quşçuluq fermaları təşkil olunurdu.
H.Zərdabinin irsinə etnoqrafik nöqteyi-nəzərdən yanaşdıqda deyə bilərik ki, geniş dünyagörüşə malik bu böyük ziyalının əsərlərində xalqımızın məişətinə daxil olan əkinçilik və maldarlıq məsələlərilə yanaşı, həm də maddi mədəniyyətin əsas ünsürlərindən sayılan yaşayış evləri, yemək və geyimlər haqqında həyati mülahizələr və elmi fikirlər də öz əksini tapmışdır. Bu baxımdan onun "Torpaq, su, hava" və "Bədəni salamat saxlamaq düsturüləməlidir" adlı əsərləri diqqəti cəlb edir. Zərdabi yazırdı ki, bədəni salamat saxlamaq elmi 20-30 il bundan əvvəl binə olmuşdur. O vaxtacan bu elm yox idi və hər kəs öz ağlına və güzəranına görə özünü saxlayırdı. Avropa əhli bədəni salamat saxlamaq şərtlərini xalqa məlum etməkdən ötrü kitablar yazaraq çap etdirib paylayırlar ki, hər kəs öz bədənini yaxşı saxlamağı öyrənib, qeyriləri naxoşluğa salmasın. Belə kitabçaların birini öz dilimizdə yazıb, çap etdirib paylamağı lazım bildim.
Əsərdə diqqəti cəlb edən məsələlərdən biri də budur ki, Həsən bəy insanların sağlamlığı üçün əsas sayılan 7 amilə əməl olunmasını vacib bilmişdir: ev, hava, su, xörək, bədəni təmiz saxlamaq, paltar, yuxu və yatacaq paltarı.
Evin hündür və ya alçaq olması yox, üzü qibləyə tikilməsi vacibdir. Bunun səbəbini müəllif belə izah edir ki, üzü qibləyə və günbatana tikilən evdə salamatlıq olur, amma üzü şimala və gündoğana baxan evdə naxoşluq artıq olur. Mənzilə lazımi qədər işığın düşməsi vacibdir - deyən Zərdabi "İşıqsız evdən təbib ayağı kəsilməz" xalq məsəlini misal gətirib.
İnqilaba qədərki heç bir ədəbiyyatda Azərbaycan milli xörəklərinin təsnifatı haqqında yazılı məlumat verilməmişdir. "Bədəni salamat saxlamaq düsturüləməlidir" əsərində H.Zərdabi Azərbaycan milli xörəklərinin ilk təsnifatını vermişdir. Həsən bəy xörəyin insan orqanizmi üçün vacibliyini qeyd edərək yeməkləri uşaq xörəyi, qoca xörəyi, səfər xörəyi kimi qruplaşdıraraq, qrup daxilində onları yarımbölmələrə ayırmış, hər bir bölmə və yarımbölmələr daxilində yeməklər haqqında ətraflı məlumat vermişdir.
Əsərdə geyimləri haqqında da ilk bölgü verilmişdir. Zərdabi geyimləri "alt paltarı", "uşaq paltarı", "səfər paltarı", "yuxu və yatacaq paltarı" kimi qruplaşdırmışdır. Xalq geyimləri haqqındakı bu bölgü etnoqrafik ədəbiyyatda təsnifat baxımından ilk təşəbbüs sayılır.
H.Zərdabinin etnoqrafik irsində xalqımızın ailə məişətinə daxil olan nikah, toy, uşaqların ailədə tərbiyəsi, qadının ailədə və cəmiyyətdə vəziyyəti kimi məsələlərin əksi xüsusilə diqqətə layiqdir. "Əkinçi" qəzetinin 1877-ci il 1-ci sayında o, fiziki cəhətdən sağlam nəsil yetişdirmək üçün keçmişdən irs qalmış qohumla evlənmək adətlərinə qarşı öz etirazını bildirmişdir. Bu zərərli adətləri tibb elmi baxımından izah edən Zərdabi əhaliyə başa salırdı ki, belə nəsildən övlad az olur, ondan lal, kar, qeyri naxoş, habelə cəfahətli kəslər törəyir. "Əkinçi" qəzetinin 17-ci sayında müəllif qız qaçırma adətlərinin mənşəyi məsələsinə toxunaraq yazır ki, bu adət çox ibtidai dövrlərdə meydana çıxmışdır. O dövrdə kəbin olmayıb, hər camaatın övrətləri başqa camaatın kişilərinin olub. Belədə bir kişi bir övrətin məxsusi onun olmağını istəyəndə labüd qalıb onu qeyri camaatdan oğurlayıb; yəni kəbinin əsli - övrəti oğurlamaqdan əmələ gəlib. Və bir də keçmişdə qeyri tayfalardan oğurlanan, yəni əsir olan kəslər qul hesab olub. O dövrdə övrəti götürüb qaçan kəslər də onu özünə qul, əsir hesab ediblər. Məqalədə H.Zərdabi qız qaçırmanın mənşəyini matriarxal dövrü ilə bağlayır və onun səbəbini isə tarixi inkişafın daha sonrakı dövrləri üçün səciyyəvi olan qul əldə etməkdə görürdü. Məqalədə müəllif həmyerlilərinə deyir ki, dövr həmin dövr, zəmanə həmin zəmanə deyil, keçmişin bu zərərli adətlərindən əl çəkmək lazımdır. Həsən bəy həmin məqalədə eləcə də bir çox xalqların məişətində kök salan kişi ölərkən onun arvadının da öldürülüb onların birgə dəfn edilməsi, qan intiqamı alınması, habelə ölünün qəbrinə müxtəlif ərzaq, silah, alət qoyulması adətləri və onların mənşəyi məsələsinə də toxunaraq dünya xalqlarının həyatından misallar gətirib. Sırf etnoqrafik mahiyyət daşıyan bu faktların hər biri Zərdabinin dünya xalqlarının adət-ənənələrinə, məişətinə də bələd olduğunu deməyə tam əsas verir. Qız qaçırma adətinin əksinə olaraq Zərdabi kənd toylarını tərifləyir, onu təsvir edir və toy mərasimini xalqın məişətində xüsusi yer tutan ümumi el şənliyi kimi qiymətləndirirdi. Xalqımızın yas və toy mərasimlərində bir-birinə əl tutması, kömək göstərməsi adətlərini bəyənərək bunu ailəyə kömək əli uzatmaq kimi qiymətləndirirdi:.
"Əkinçi" qəzetinin 1877-ci il, 12-ci sayında müəllif qadın və onun ailədə, məişətdə yeri, ümumiyyətlə, qadın azadlığı məsələlərinə toxunmuşdur. Zərdabinin fikrincə, Azərbaycanda qadın əsarətinin əsasını əsrlərdən bəri qadınların elm və maarifdən təcrid edilmələrində axtarmaq lazımdır. H.Zərdabi azərbaycanlı qadınların cəmiyyətdə, ailədə öz yerlərini bilmələri üçün onların oxumasını, maariflənməsini, elmə mədəniyyətə yiyələnməsini tövsiyə edirdi. Zərdabi ananı ailədə başlıca sima sayır, uşaqların tərbiyəsində ona xüsusi yer verir, onun bu işdə kişidən daha üstün rola malik olduğunu göstərirdi. O qeyd edirdi ki, elmsiz, avam, savadsız qadınlar möcüzələrə, cadugərlərə, şeytanlara, divlərə inanıb, onlardan mərhəmət gözləyirlər. Bunlarla irəli getmək olmaz, ana savadlı, mədəni olmazsa, övladların tərbiyəsi yanlış yola gedər, sağlam uşaq tərbiyə edə bilməz.
H.Zərdabi ailədə uşaqların əmək tərbiyəsinə, təhsilinə xüsusi əhəmiyyət verərək, yerlərdə məktəblər açılmasını arzu edirdi. Bu məqsədlə də "Əkinçi" qəzetində (1877, ¹ 11) Ə.Göraninin imzası ilə çap olunan məqaləsindən bir parçanı nümunə gətirərək oxuculara müraciətlə demişdir: "Ay qardaşlar, yaddan çıxarmayın ki, uşaqlar millətin ümididirlər və bunu bilin ki, Avropa əhlinin bir məsəli var ki, deyir millətin gələcəkdə xoşbəxt, ya bədbəxt olmağına bais uşaqların əvvəl yaxşı, ya yaman tövr ilə əlifbəyi oxumağıdır".
H.Zərdabi göstərirdi ki, əgər dövlətlilər xalqın alın təri hesabına əldə etdikləri milyonları kefə-işrətə işlətməyib, onun heç olmasa kiçik bir hissəsini məktəblərin açılmasına ayırsalar, onda uşaqlarımızı oxutmaq olar, necə ki, tamam dünya, bizim qonşularımız elm, təhsil etməyə səy etsinlər... amma bizlər Allahdan buyruq, ağzıma quyruq deyib duraq.
Etnoqrafiyanın mühüm amillərindən biri də onun mənəvi mədəniyyətlə bağlılığıdır. H.Zərdabinin yaradıcılığında mənəvi mədəniyyət məsələləri, xüsusilə ədəbiyyat, incəsənət, dil və din məsələləri mühüm yer tutur. Zərdabi bu məsələləri bilavasitə cəmiyyətin inkişafı ilə bağlı şəkildə, vəhdətdə görürdü. Çünki ədəbiyyat və incəsənət xalqın cəhalət yuxusundan oyadılıb, maariflənməsində mühüm rol oynaya bilər. Bu məqsədlə "Əkinçi" qəzetinin 1877-ci il 10-cu sayında böyük ziyalı yazırdı: "...bizim zəmanə tərəqqi zəmanəsidir və tərəqqi etməyən taifə günü-gündən tənəzzül edib axırda puç olacaq. Ona binaən bizim şüara qardaşlarımızdan ki, onlar əlhər xalqın güzgüsüdürlər, iltimas edirik təqazeyi zəmanəyə müvafiq, xəlqin gözünü açmağa səy etsinlər".
H.Zərdabi xalqımızın maariflənməsi işi yolunda şifahi xalq yaradıcılığına, onun ayrı-ayrı forma və janrlarına xüsusi əhəmiyyət vermiş, bu xalq incilərinin toplanılıb çap olunmasına böyük rəğbət bəsləmişdir. Bu məqsədlə İrəvan Müəllimlər Seminariyasının Azərbaycan dili müəllimi Məmməd Vəli Qəmərlinski tərəfindən kiçik bir rayon ərazisindən 750-yə qədər zərb-məsəl toplanılıb, 1899-cu ildə rus dilində "Tatarskiye poslovitsı" adı altında çap etdirdiyini Zərdabi alqışlamışdı.
Xalqın mənəvi inkişafında, dünya baxışında mahnı və nəğmələrin xüsusi yer tutması haqqında da Zərdabi yazırdı: "Mahnı vacib şeydir. Ona binaən onun manəsını yaxşılaşdırmaq səyinə düşmək lazımdır. Hər tayfanın vətandaşlıq və millətin keçmişində olan yaman və yaxşı günlərini şərh edən mahnıları olur ki, bu mahnılar ağızdan-ağıza düşüb milləti birləşdirməyə bais olur". Mahnılarımızın ideya-siyasi mahiyyətini, xalqın mənəvi həyatında onların oynadığı rolu gözəl başa düşməsi, habelə böyük vətənpərvərlik hissləri H.Zərdabinin xalq mahnılarını toplayıb, 1901-ci ildə onları "Türk nəğmələri" adı altında çap etdirməyə sövq etmişdir. O, həmin kitabını pulsuz olaraq Bakı məktəblərində oxuyan uşaqlara paylamış, bir hissəsini isə Azərbaycanın başqa şəhər və kəndlərində fəaliyyət göstərən məktəblərə göndərmişdir. Yerlərdə ona tələbatın yüksək olması ilə bağlı 1905-ci ildə bu kitab ikinci dəfə çap edilmişdir. Şagirdlərin bu məcmuədə toplanmış mahnıları münasib musiqi ilə ifa etmələri üçün Həsən bəy ziyalılara müraciət etmiş, xalq nəğmələrimizin toplanması və öyrədilməsi işinə başlanmasını onlardan təvəqqe etmiş, habelə uşaqlar üçün şeirlər yazıb, onları xoş havalar ilə oxumağı şagirdlərə öyrətməyə çağırmışdır. Həsən bəyin bu çağırışına A.Səhhət, M.Ə.Sabir, Abdulla Şaiq məmnuniyyətlə qoşulmuşlar. Böyük mütəfəkkir şeirə, nəğməyə adi söz yığını kimi deyil, ideya silahı, xalqı oyanışa, qurtuluşa çağıran bir vasitə kimi baxırdı. Elə buna görə də aşıq şeirinə, aşıq musiqisinə əhəmiyyət verər, aşığa isə şeirimizi xalq arasında yayan bir təbliğatçı kimi baxırdı. Zərdabi yaxşı bilirdi ki, XIX əsrdə və eləcə də XX əsrin əvvəllərində Azərbaycan kəndində aşıqlar qədər xalqa yaxın, onun dərdini-kədərini bilən sənət sahibləri yox idi. Çünki aşıq insanlarla gündəlik təmasda olan, onun məişətini bilən el nümayəndəsiydi.
H.Zərdabi həm də ana dilini xalqın mənəvi inkişafında mühüm amillərdən biri olduğunu göstərirdi. Onun "Dil və din", "İttihadi-lisan" və "Dil davası" adlı məqalələri bu baxımdan çox səciyyəvidir.
H.Zərdabi qeyd edirdi ki, istəyirsinizsə Azərbaycan milləti yaşasın, qabağa getsin, elmi və maarifi olsun, ona ana dili verin... onlar yazsın, qabağa getsin, məktəblər bina edib, öz dillərində elm təhsil etsin. Həsən bəy ona dilini xalqın mənəvi siması, millətin yaşadıcısı, onun bel sütunu hesab etmiş və bu cəbhədə M.F.Axundzadənin bir sələfi kimi Azərbaycan dilinin saflığı uğrunda həyatının sonunadək mübarizə aparmışdır. Zərdabinin fikrincə, "Bir milləti məhv etmək istəyirsənsə, əvvəlcə onun dilini, sonra isə özünü məhv elə".
Böyük maarifçinin mədəniyyətimizlə bağlı xidmətlərindən danışarkən onun milli teatrımızla bağlı fəaliyyətini də unuda bilmərik. Bununla əlaqədar H.Zərdabi "Bakıda müsəlman teatrının binası" adlı məqaləsində yazırdı: "Mən Tiflisdə qulluq edən vaxtda mərhum M.F.Axundov öz komediya kitablarının bir cildini mənə vermişdi... Teatr təşkil etmək ideyası çoxdankı arzum idi. Bunu həyata keçirmək Bakıda gimnaziyada müəllim işlədiyim dövrə düşür. Gimnaziyada 50-yə qədər müsəlman (azərbaycanlı - E.C.) şagirdləri var idi. Bir neçə gün onları yığıb Mirzə Fətəlinin komediyalarını onlara oxuyub təvəqqe elədim ki, onların birisini seçib oynasınlar. "Hacı Qara"nı seçdilər... Sonra rollar paylandı. Oynayanlar özlərinə paltar və qeyrə tapdılar, gimnaziya otaqlarının bir böyründə teatr çıxartdıq..." Bu hadisə 1873-cü il, aprel ayının 17-də olmuşdur. Bu da Azərbaycanda milli teatr tarixinin yarandığı gündən xəbər verirdi ki, bunun da ilk təşəbbüsçüsü yenə H.Zərdabi idi. "Əkinçi"nin nəşrinədək milli teatrın əsasının qoyulması xalqımızın mənəvi tarixində çox böyük mütərəqqi hadisə idi.
H.Zərdabi xalqın mənəvi inkişafı qarşısında böyük sədd olan xurafata qarşı "Əkinçi" və eləcə də "Kaspi", "Həyat" və digər dövri mətbuat səhifələrində məqalələri ilə çıxış edirdi. Böyük şair Sabirin dili ilə desək, Azərbaycanın hər yerindən, hər obasından "oxutmuram, əl çəkin" sədaları gəldiyi bir vaxtda "biz müsəlmanlar elmdən vəba naxoşluğundan qaçan kimi qaçırıq" ("Əkinçi", 1875, ¹ 8) söyləyən Zərdabi həm də "milləti islam, ayıl bu qəflət yuxusundan" ("Əkinçi", 1877, ¹ 4) deyə, car çəkib, xalqının elmə, təhsilə yiyələnməsi üçün fəryad qoparırdı.
1877-ci ildə Bakıya gəlib, Rusiyada yeganə Azərbaycan qəzetinin nəşri ilə maraqlanan, H.Zərdabi ilə şəxsən tanış olan fransız jurnalisti, üç ildə "Əkinçi"nin cəmi 300 abunəçisinin olduğunu, qəzetin təkcə bir nəfər tərəfindən çıxarıldığını bildikdən sonra çox təəccüblənmiş və Həsən bəyə demişdi ki, "Doğrusu, Siz əsl qəhrəmansınız! Bizim Fransada belə bir yoxsul qəzet üçün işləmək istəyən tapmaq olmazdı. Sizin qüvvənizə heyran eləyirəm. Belə məlum olur ki, Siz öz xalqınızı çox istəyirsiniz".
H.Zərdabinin xalqını ürəkdən sevməsi onun ölüm yatağında dediyi sözlərdə biz daha aydın görürük: "Sizdən xahiş edirəm: təntənəli dəfn mərasimi düzəltməyin, məni çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım gələn vəsaiti müsəlmanlar arasında savad yayan cəmiyyətə verin. Bu mənim başı bəlalar çəkmiş xalqım üçün daha faydalı olar!"
Beləliklə,
xalqı qəflət yuxusundan oyatmağın yeganə
çarəsini onun elmə, təhsilə yiyələnməsində
görən görkəmli pedaqoq, maarifçi, publisist,
torpaqşünas, təbiətşünas alim, xalq məişətimizin
bilicisi, maddi və mənəvi dəyərlər, mədəniyyət
məsələləri ilə bağlı bizə zəngin
irs qoymuş Zərdabinin "Əkinçi" qəzeti səhifələrində
dərc etdirdiyi məqalələrindən aydın olur ki, o,
yalnız ilk milli mətbuatımızın (1875-1877), ilk
xeyriyyə cəmiyyətimizin (1871), ilk milli teatrımızın
(1873) yaradıcısı olmamışdır. Etnoqrafik
baxımdan diqqəti cəlb edən məqalələrində
Həsən bəy eləcə də Azərbaycanda əkinçilik
təsərrüfatı ilə bağlı onun inkişaf
perspektivləri, torpağın əkinə hazırlanması
üsulları və bu sahədə tətbiq edilən əmək
alətlərinin ilk təsnifatını, torpağın məhsuldarlığını
artırmaq üçün ona müxtəlif gübrələrin
və peyinlərin verilməsinin vacibliyini də ilk dəfə
göstərmiş, yerlərdə mədəni otlaqlar
yaradılması ideyasını, maldarlıq təsərrüfatı
ilə bağlı heyvanları müxtəlif xüsusiyyətlərinə
görə qruplaşdıraraq onların ilk təsnifatını
verə bilmişdir. İnqilaba qədərki heç bir ədəbiyyatda
yazılmayan Azərbaycan milli geyimlərimizin, milli yeməklərimizin
ilk təsnifatı da H.Zərdabi tərəfindən "Bədəni
salamat saxlamaq düsturüləməlidir" adlı əsərində
işıqlandırılmışdır.
Esmira CAVADOVA,
tarix üzrə
fəlsəfə doktoru,
zərdabişünas
Azərbaycan.-2012.- 20 noyabr.- S.10.