«Müslüm Maqomayev Azərbaycan və
dünya musiqi sənəti kontekstində»
Azərbaycan Bəstəkarlar İttifaqında SSRİ-nin və Azərbaycanın xalq artisti, "İstiqlal" və "Şöhrət" ordenli görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin anadan olmasının 70 illiyinə həsr edilmiş "Müslüm Maqomayev Azərbaycan və dünya musiqi sənəti kontekstində" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, konfransı giriş sözü ilə Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə açmışdır.
Qeyd edilmişdir ki, Müslüm Maqomayev Azərbaycanın müasir musiqi sənəti tarixində silinməz iz buraxmışdır. O, müğənni və bəstəkar kimi hərtərəfli istedadı, gözəl bariton səsi ilə seçilirdi, ən mürəkkəb ariyaları, estrada mahnılarını eyni məharətlə ifa edirdi. Onun "Azərbaycan" mahnısı ölkənin himninə çevrilmiş və bir çox beynəlxalq tədbirlərdə səsləndirilmişdir.
Müslüm həmçinin istedadlı rəssam, heykəltəraş olmuş, kitablar yazmışdır. İtaliya müğənnisi Mario Lantsa haqqında çox yazılsa da, Müslümün kitabı ən yaxşı kitablardan biri hesab edilir.
Konfransdan əvvəl Cahangir Qurbanov Müslüm Maqomayevin repertuarından əsərlər - Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Həsən xanın ariyasını və Müslümün "Elegiya"sını ifa etmişdir.
Sonra
"Azərbaycan musiqisində iki dahi Müslüm - tarixi
paralellər" (sənətşünaslıq üzrə fəlsəfə
doktoru Səadət Səttarova), "XX əsrin vokal sənətində
Müslüm Maqomayev fenomeni" (xalq artisti Xuraman Qasımova),
"M.Maqomayevin "Mario Lantsa" kitabı haqqında bəzi
qeydlər" (fəlsəfə üzrə elmlər doktoru,
professor Mina Hacıyeva) və digər məruzələr dinlənilmişdir.
Azərbaycan.-2012.- 20 noyabr.- S.11.