Türk dilində Xocalı faciəsindən bəhs edən daha bir kitab nəşr edilmişdir

 

Ankarada "EkoAvrasya" nəşriyyatında Xocalı həqiqətlərini əks etdirən daha bir kitab - "Bir qış günü vəhşəti: Xocalı" ("Bir kış günü vahşeti: Hocalı") türk dilində çap edilmişdir.

AzərTAc xəbər verir ki, kitab Dünya Gənc Türk Yazarlar Birliyinin  "Azərbaycanın maddi və qeyri-maddi  irsinə qarşı erməni vandalizmi" layihəsi çərçivəsində, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə işıq üzü görmüşdür.

Erməni terrorçularının törətdikləri Xocalı faciəsinin dəhşətlərini əks etdirən kitabın müəllifləri "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri, hərbi jurnalist Şamil Sabiroğlu və "Xalq qəzeti"nin əməkdaşı Əfsanə Bayramqızıdır.

Kitab "O günlər unudulmaz", "Qədim Azərbaycan-türk torpağı Xocalı", "Bir qış günü faciəsi və ya Xocalıda evim qaldı", "Xocalı qətliamı insanlığa qarşı işlənmiş cinayətdir" və digər bölmələrdən ibarətdir.

"EkoAvrasya" dərnəyinin rəhbəri, kitaba yazılmış "Ön söz"ün müəllifi Hikmət Eren "Bu kitab adi bir qış gününü, bir dəhşəti, sadəcə Xocalını deyil, insanlıq dramını anlatmaqdadır.  XXI əsrdə elmin, mədəniyyətin, sivilizasiyanın çatdığı son nöqtəni anladır bizlərə..." fikri ilə kitabdakı faktların dəqiqliyini və məzmun zənginliyini yüksək qiymətləndirmişdir.

Kitabdakı materiallar erməni silahlı qüvvələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə törədilmiş Xocalı soyqırımından möcüzə ilə xilas olan və həmin ağrı-acını yaşamış, yaxın və doğmalarını itirmiş insanların ağrılı-acılı xatirələri əsasında hazırlanmışdır.

Kitabın "Əlavələr" bölməsində erməni vandalları tərəfindən təkcə Xocalıda deyil, Şuşa, Zəngilan, Laçın, Kəlbəcər, Füzuli və Cəbrayılda da törədilmiş vəhşiliklər, mədəniyyətimizin məhv edilməsi, tarixi abidələrimizin uçulub-dağıdılması haqqında məlumatlar və dağıdılmış abidələrin siyahısı verilmişdir.

Kitabın redaktorları Oqtay Hacımusalı və türkmən şairi Şəmsəddin Kuzəçidir.

 

 

Azərbaycan.-2012.- 20 noyabr.- S.11.