Milli Məclis TANAP layihəsinə müsbət münasibət bildirdi

 

Noyabrın 20-də Milli Məclisin növbəti plenar iclası keçirilmişdir. İclasın gündəliyinə 10 məsələ daxil edilmişdir. Milli Məclisin Sədri Oqtay Əsədov cari məsələlərin müzakirəsinə ehtiyac olmadığını bildirdi və deputatlar birbaşa gündəlikdəki məsələlərin müzakirəsinə başladılar.

Gündəlikdəki birinci və ikinci məsələ Trans-Anadolu (TANAP) təbii qaz boru kəməri sisteminə dair "Azərbaycan Respublikasının hökuməti və Türkiyə Respublikasının hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair" Sazişin təsdiq edilməsi haqqında və "Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair" Sazişin təsdiq edilməsi barədə qanun layihələri idi.

Sənədlə bağlı vitse-spiker Valeh Ələsgərov məlumat verərək bildirdi ki, bir vaxtlar xaricə çıxış imkanları olmayan Azərbaycan artıq yeddi kəmərlə öz qazını dünya bazarlarına çıxaracaq: "Azərbaycan qazını Avropa bazarlarına çıxarmaq üçün yeni layihələrə ehtiyac var idi. Artıq aparılan danışıqlar nəticəsində yeni qaz kəməri inşa olunacaq". Vitse-spiker dedi ki, yeni qaz ehtiyatları kəşf olunduqca və hasilat artdıqca Azərbaycan qazını, o cümlədən Xəzər regionunda olan ölkələrin istehsal etdiyi qazı Avropa bazarlarına çıxara bilən kəmərə ehtiyac duyulur. Azərbaycan artıq qaz kəmərlərini Avropanın qaz kəmərlərinə birləşdirən layihəyə imza atıb. Onun sözlərinə görə, ilk sazişlə tərəflər arasında müəyyən münasibətlər, yəni Azərbaycanın "Şahdəniz" qaz yatağının ikinci mərhələsində istehsal olunan qazın Türkiyə bazarlarına çatdırılması və bu qaz "BOTAŞ"la ARDNŞ arasında imzalanmış alqı-satqı sazişinə uyğun olaraq satılacaq. Sazişdə qaz kəmərinin inşası ilə bağlı bütün şərtlər, tədbirlər əhatə olunub, vergi məsələsi, nəqletmə tarifləri, gömrük rüsumları öz əksini tapıb. Bu layihəyə qoyulan sərmayələr Türkiyədə qəbul edilmiş qanunvericiliyə uyğundur və sərmayəçilər müvafiq imtiyazlar, güzəştlər əldə edə bilərlər. Sazişdə göstərilir ki, Azərbaycan Respublikası Türkiyəni ilkin olaraq "Şahdəniz"in ikinci mərhələsindən 6 milyard kubmetr təbii qazla təmin etməyə, Türkiyə tərəfi isə Azərbaycandan illik olaraq 6 milyard kubmetrə qədər ikinci mərhələ qazını satın almağa dair öhdəlik götürüblər. Bu Sazişə əsasən, Azərbaycandan Türkiyəyə nəql edilən qaz Türkiyə tərəfindən üçüncü ölkələrə ixrac edilə bilər.

"Bu Saziş Azərbaycan qazının Avropaya çıxarılması üçün mühüm addımdır. Layihə çox önəmlidir. Xəzər regionu üçün bəlkə də Bakı-Tbilisi-Ceyhan layihəsi qədər önəmli bir layihədir və əminəm ki, Azərbaycan iqtisadiyyatının inkişafı üçün, ölkənin regionda qüdrətinin daha da artırılması üçün mühüm bir layihədir", - deyən Valeh Ələsgərov bildirdi ki, qaz Azərbaycanın təbii sərvəti olduğuna görə bu qazın satışı ilə bağlı digər məsələlərin tənzimlənməsində Azərbaycan nəzarət hüququnu özündə saxlayır.

İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. TANAP-ın 2017-ci ilin sonu və ya 2018-ci ilin əvvəlində işə düşəcəyi gözlənilir.

Layihə ilə bağlı müzakirələrdə çıxış edən deputat Vahid Əhmədov bildirdi ki, Gürcüstanda son vaxtlar orada yaşayan azərbaycanlılarla, ARDNŞ-lə bağlı müəyyən fərqli mülahizələr yayılır: "Həmin strateji layihələr də Gürcüstandan keçir. Layihələrin reallaşacağı torpaq sahələrini pulla almaq olar. Niyə biz bu torpaq sahələrini özəlləşdirməyək? Azərbaycanın buna imkanı çatır".

Vitse-spiker Valeh Ələsgorov isə deputatın fikirlərinə cavab olaraq bildirdi ki, bu barədə deyilənlər və yazılanlar yanlışdır.

Sonra bu məsələyə ARDNŞ-nin prezidenti, deputat Rövnəq Abdullayev aydınlıq gətirdi. Gürcüstan-Azərbaycan münasibətlərində hansısa gərginliyin yaranması ilə bağlı məlumatları təxribatçı yazılar adlandıran deputat həmkarlarını bu cür iddialara əhəmiyyət verməməyə çağırdı: "Gürcüstanın yeni hakimiyyəti Azərbaycanla işləmək niyyətindədir və Baş nazir İvanişvili Azərbaycanla münasibətlərində daha ciddi uğurlar əldə ediləcəyini bildirir. Bizim görüşümüz oldu və bildirildi ki, yaranmış boşluqdan istifadə edən kriminal dairələr Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı bir sıra mənfi hadisələr törədiblər və bunun qarşısı da artıq alınıb". ARDNŞ-nin prezidenti qeyd etdi ki, Gürcüstanın yeni hökuməti Azərbaycanla əlaqələri yüksək qiymətləndirir və Azərbaycanı aktiv izləmək niyyətindədirlər: "Odur ki, bu məsələdə Azərbaycanla Gürcüstan arasında hansısa problemlərin olması haqqında deyilənlər həqiqəti əks etdirmir".

Torpaq məsələsinə də toxunan R.Abdullayev diqqətə çatdırdı ki, layihələrin ərazidən keçən boruları altında olan bütün torpaqlar şirkət tərəfindən alınıb.

Milli Məclis hər iki Sazişin təsdiq edilməsi haqqında qanun layihələrini səsə qoyaraq qəbul etdi.

Sonra iclasda Azərbaycan və Tacikistan hökumətləri arasında imzalanan 4 sənəd müzakirə edildi.

Bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Birgə Bəyanatının təsdiq edilməsi haqqında qanun layihəsi, "Azərbaycan Respublikası hökuməti və Tacikistan Respublikası hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında", "Azərbaycan Respublikası hökuməti və Tacikistan Respublikası hökuməti arasında təhsil, elmi dərəcələr və elmi adlar barədə sənədlərin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında" sazişlərin təsdiq edilməsi barədə qanun layihələri və "Azərbaycan Respublikası hökuməti və Tacikistan Respublikası hökuməti arasında 2013-2015-ci illər üçün iqtisadi əməkdaşlıq Proqramı"nın təsdiq edilməsi haqqında qanun layihələri idi.

İlk sənədlə bağlı məlumat verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirdi ki, bu sənəd Azərbaycanla Tacikistan arasındakı əlaqələrin daha da yaxınlaşmasına, siyasi, iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edir. Sənəd səsə qoyularaq qəbul edildi.  "Azərbaycan Respublikası hökuməti və Tacikistan Respublikası hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında" və "Azərbaycan Respublikası hökuməti və Tacikistan Respublikası hökuməti arasında təhsil, elmi dərəcələr və elmi adlar barədə sənədlərin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında" sazişlərin təsdiq edilməsi barədə qanun layihələri ilə bağlı Elm tə təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev məlumat verdi. Deputat bildirdi ki, ilk sənəd iki ölkə vətəndaşlarının və müəlliflik hüquqlarının qorunması ilə bağlı məsələlərə öz töhfəsini verəcək. Digər sənəd isə hər iki ölkə vətəndaşlarının əldə etdikləri sənədlərin qarşılıqlı tanınması məsələsini tənzimləyəcək. Sənədlərin tanınması ilə yanaşı, onların ekvivalentliliyi də qəbul ediləcək.

Müzakirələrdə çıxış edən deputatlardan Gövhər Baxşəliyeva, Astan Şahverdiyev, Aqil Abbas, Qənirə Paşayeva və Musa Quliyev sənədlərin qəbulunun vacibliyini bildirərək qeyd etdilər ki, belə sazişlər Türkiyə və İran İslam Respublikası ilə də bağlanmalıdır. Çünki Azərbaycan alimlərinin, professorlarının əsərləri mənimsənilir və anonim kimi başqa dilə çevrilir. Bu Saziş isə belə halların qarşısını almağa yardımçı olacaq. Hər iki qanun layihəsi səsə qoyularaq qəbul edildi.

"Azərbaycan Respublikası hökuməti və Tacikistan Respublikası hökuməti arasında 2013-2015-ci illər üçün iqtisadi Əməkdaşlıq Proqramı"nın təsdiq edilməsi haqqında qanun layihəsi ilə bağlı isə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü İlham Əliyev məlumat verdi. Deputat bildirdi ki, bu sənəd iki dövlət arasında iqtisadi əlaqələrin gücləndirilməsi məqsədi daşıyır. Bu proqram hər iki ölkənin bilavasitə mənafeyinə xidmət edir və iqtisadi münasibətlərin yeni mərhələsi başlayır. Deputatlar bu qanun layihəsinə də müsbət münasibət bildirdilər.

Sonra Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Deputat diqqətə çatdırdı ki, dəyişikliyə əsasən, təqsirləndirilən şəxs barəsində həbs və ona alternativ qətimkan tədbirləri seçildikdə ittihamın tam həllinədək ondan şəxsiyyətini təsdiq edən pasport və digər sənəd götürülür və cinayət işi üzrə icraatın materiallarına əlavə olunur. Təqsirləndirilən və ya şübhəli şəxs barəsində digər qətimkan tədbiri seçildikdə, habelə bu Məcəllənin 155.5-ci maddəsində nəzərdə tutulmuş halda cinayət təqibi üzrə materiallara şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənədin cinayət prosesini həyata keçirən orqanda təsdiq olunmuş surəti əlavə edilir.

Müzakirələrdə çıxış edən deputat Çingiz Qənizadə bildirdi ki, bundan öncə Cinayət-Prosessual Məcəlləsində bu məsələ ilə bağlı boşluq olub. Bu dəyişiklik mövcud boşluğu doldurmuş oldu. Sənəd səsə qoyularaq qəbul edildi.

İclasda "Dövlət rüsumu haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi və "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihələrinə redaktə xarakterli dəyişikliklər edildi.

Gündəlikdə olan son məsələ Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə isə parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verdi. Deputat qeyd etdi ki, bu dəyişikliklə Qəbələ rayonunun ərazisi genişləndirilir. Bunun səbəbi isə odur ki, rayonda 11 beş və dördulduzlu otellər, ilk dəfə olaraq isə qolf klubu yaradılıb.

Dəyişikliyə əsasən, Qəbələ rayonunun Soltannuxa kənd inzibati ərazi dairəsi tərkibindəki Soltannuxa kəndinin ərazisindən 144,97 ha (bundan dövlət mülkiyyətində olan 22,70 ha, bələdiyyə mülkiyyətində olan 112,39 ha və xüsusi mülkiyyətdə olan 9,88 ha) və Qəbələ şəhərinə bitişik dövlət mülkiyyətində olan 1950,35 ha torpaq sahəsi bu qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq Qəbələ şəhərinin inzibati ərazisinə veriləcək.

Layihə səsverməyə çıxarılaraq qəbul olundu və bununla da Milli Məclisin plenar iclası başa çatdı. 

 

 

Azərbaycan.-2012.- 21 noyabr.- S.1;3.