Azərbaycan hakimiyyətinin beynəlxalq basqılara qarşı mübarizəsinin, gücünün əsasında xalqın birliyi dayanır

 

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov noyabrın 20-də "Media forum" saytının suallarını cavablandırıb.

- Prezident İlham Əliyev YAP-ın 20 illik yubileyində bildirdi ki, Azərbaycan üç mərkəzin təzyiqləri ilə üzləşir. Bu təzyiqlər yeni başlanıb?

- Bu, yeni situasiya deyil. Bir il əvvəl Nazirlər Kabinetinin iclasında cənab Prezident bəzi anti-Azərbaycan qüvvələrinin bu tipli təzyiqi, ölkəyə qarşı informasiya kampaniyası aparması, bəzi xarici dairələrin beynəlxalq təşkilatlarda erməniləri dəstəkləməsi və digər hallarla bağlı məlumat vermişdi. Prezident təəssüf hissi ilə bildirmişdi ki, bu, müasir dünyanın yeni reallıqlarıdır. Müasir dünyada beynəlxalq hüquq və onun normaları ilə yanaşı, hüquqi norma səviyyəsinə qaldırılmamış müəyyən standartlar da mövcuddur. Bu standartlar vahid deyil, fərqlidir. Məsələn, Cənubi Qafqazda Azərbaycan, Ermənistan və Gürcüstanda baş verən proseslərə bir qayda olaraq fərqli standartlar tətbiq olunur. Ermənistanda parlament gülləbaran edilir, hakimiyyətə etiraz edənlərin hamısı ciddi təzyiqlərə məruz qalır, mitinqçilər öldürülür, amma beynəlxalq aləm, nədənsə, buna etiraz bildirmir. Başqa ölkələrdə də bu tip hadisələr baş verir, amma nədənsə, bunlara çox səthi yanaşılır, səslərini çıxarmırlar. Bir növ himayəçilik edirlər. Amma Azərbaycanda adi bir jurnalistlə bağlı baş vermiş insident qabardılır, az qala beynəlxalq hüququn dəhşətli dərəcədə pozulması kimi təqdim edilir.

Məsələn, Fransada Türkiyəyə qarşı bir cəza mexanizmi yaratmaq istəyirdilər. Fransada bir layihə hazırlanmışdı, layihə qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tuturdu. Bu layihənin hazırlanıb dövriyyəyə buraxılması bütün dünyanın gözü qarşısında fundamental hüquqların tapdanması, fərqli düşüncənin, siyasi plüralizmin boğulması idi. Təsəvvür edin ki, insanlar cəzalandırılacaqdı. Nəyə görə? Fərqli düşündüklərinə görə. Gərək mütləq şəkildə qəbul edəsən ki, "erməni soyqırımı" baş verib. Əgər qəbul eləmirsənsə, fərqli düşünürsənsə, sənə cəza kəsəcəklər. Bu tipli hallara, elə Fransadakı hadisənin özünə, "Sərhədsiz reportyorlar", "Fridom Haus", "Human Rayts Votç" bir cür yanaşır, amma Azərbaycanda baş verən, statusuna, baş vermə mühitinə, hadisənin mahiyyətinə, məğzinə görə buna yaxın olmayan hadisələrə tamamilə şişirdilmiş bir münasibət göstərirlər.

Biz bunu "Avroviziya" yarışması zamanı da gördük. Bu yarışmanın Azərbaycanda keçirilməsini istəmirdilər, sadəcə, gözügötürməzliyə görə. 7-ci Beynəlxalq İnternet İdarəçiliyi Forumunun Azərbaycanda keçirilməsinə görə də böyük kampaniya apardılar. Müasir dünyada bir ədalətsizlik hökm sürür. Eyni məsələlərə fərqli standartlarla yanaşırlar.

Prezident İlham Əliyev də son çıxışında Azərbaycana qarşı aparılan kampaniyaların mahiyyətini, bunun arxasında duran qüvvələrin kimlərdən ibarət olduğunu izah elədi və bildirdi ki, anti-Azərbaycan kampaniyasının arxasında, ilk növbədə, erməni lobbisi, eyni zamanda onların təsiri altında olan, maliyyəsi ilə fəaliyyət göstərən və erməni diasporuna yaxınlığı ilə seçilən beynəlxalq dairələr, QHT-lər, mərkəzlər dayanır. Bu fikirlər Nazirlər Kabinetinin iclasında da səslənmişdi.

İkincisi, islamofobiya xəstəliyinə tutulmuş ayrı-ayrı siyasətçilər, müxtəlif beynəlxalq təşkilatların rəhbərləri var. Məsələn, "Fridom Haus" təşkilatının rəhbəri və başqaları. Bunlarda ənənəvi olaraq islama və müsəlman dövlətlərinə qarşı həmişə çağırışlar, fikirlər olur. Müsəlman ölkəsində baş verən adi hadisəni şişirdirlər, bunu böyük terror cəhdi kimi təqdim edirlər, bundan təzyiq vasitəsi kimi istifadə edirlər. Amma xristian ölkələrində baş verənlərə göz yumurlar. Norveçdə 80-ə yaxın gəncin qətlə yetirilməsini kiçildirlər, sanki bu ölkədə belə bir hadisə baş verməyib, reaksiyalarını bu formada ortaya qoyurlar. Bunların hamısı islamofobiya xəstəliyinə tutulmuş beynəlxalq təşkilatların, onların rəhbərlərinin anti-islam kampaniyasının arxasında duran şəxslərin əməllərinin nəticəsidir.

Azərbaycana təzyiq edən beynəlxalq mərkəzlərə gəlincə, Prezident İlham Əliyev bununla da bağlı tam açıq danışdı. Təəssüflər olsun ki, bəzi dövlətlər son zamanlar kiçik dövlətlərlə, o cümlədən Azərbaycan tipli ölkələrlə bərabərhüquqlu, qarşılıqlı, faydalı əməkdaşlıq etmək iradəsi deyil, "böyük-kiçik" dövlət münasibətləri nümayiş etdirməyə cəhd göstərirlər. Beynəlxalq aləmdə hüququ olan Azərbaycan eyni məsələləri böyük dövlətlərin qaldırdığı formada gündəmə gətirəndə buna qarşı qısqanclıqlar olur, hansısa formada Azərbaycanı təqibetmə halları baş verir. 7-ci Beynəlxalq İnternet İdarəçiliyi Forumunun Azərbaycanda keçirilməsinə qarşı böyük bir kampaniya apardılar. Avropa İttifaqında, başqa təşkilatlarda böyük narahatlıq keçirirlər ki, bu forum niyə Azərbaycanda təşkil olunur? Azərbaycan kimi dinamik inkişaf edən ölkələri böyük tədbirlərə, o cümlədən "Avroviziya"ya sanki layiq görmürlər.

Prezident İlham Əliyev Azərbaycana təzyiq edən mərkəzlər deyəndə, əsasən keçmişdə hansısa böyük dövlətçilik, imperiyaşovinist ideyalarla yaşamış, indi isə həmin ideyalardan əl çəkə bilməyənləri, Azərbaycan kimi ölkələri özlərinə bərabərhüquqlu dövlət kimi görə bilməyənləri nəzərdə tutur.

- Ekspertlər isə hesab edir ki, Azərbaycana təzyiq edən ABŞ, Avropa İttifaqı və Rusiyadır. Amma siz daha çox hansısa qeyri-hökumət təşkilatları və mərkəzlər haqqında danışdınız. Azərbaycana təzyiq edən qüvvələr arasında böyük dövlətlər varmı?

- Əlbəttə, söhbət həm də ayrı-ayrı dövlətlərdən gedir. Məsələ ondadır ki, belə ikili standartlar artıq bəzi ölkələrin siyasəti səviyyəsinə qalxıb. Hətta o həddə çatıb ki, Azərbaycanda baş verən hadisələri dərhal böyük ironiya ilə qarşılayırlar. Deyirlər ki, bu kiçik dövlətdə niyə belə böyük proseslər baş verir? Niyə bu kiçik ölkə belə sürətlə inkişaf edir? Avropada, dünyanın digər ölkələrində böhran olduğu halda, niyə Azərbaycanda da böhran yoxdur? Müəyyən dövlətlərin siyasətində də bunların izləri görünür.

- Hakimiyyət təzyiqlərdən qorunmağın yollarını necə görür? Azərbaycana irad tutulan əsas sahələr olan insan hüquqları, demokratiya, söz və mətbuat azadlığı sahəsində müəyyən addımların atılması mümkündürmü?

- Azərbaycanda demokratiya, söz, mətbuat azadlığı, plüralizm, insan hüquqlarının genişləndirilməsi, demokratik haqlar sahəsindəki vəziyyət bizə irad tutan ölkələrin heç birindən pis deyil. Elə bircə qanunsuz aksiyaları götürək. Azərbaycanda qanunsuz aksiyalar zamanı polisin hərəkətlərinə də baxın, həmin Qərb ölkələrindəki aksiyalarda polisin davranışına da baxın. Qanunsuz etiraz aksiyasında iştirak edənləri və polisin onlara münasibətini təhlil edin. İnanın ki, Azərbaycanda polis daha adekvatyumşaq hərəkət edir, nəinki xarici ölkələrdəki polislər. Qərb ölkələrində polislər aksiya iştirakçılarına ciddi şəkildə təzyiq edir, onları döyür, qız, ya oğlan olmasına fikir vermədən dəyənəyin altına salıb əzişdirir, qazla boğur... Belə hallar Qərbdə hər gün baş verir. Prezident İlham Əliyev də bunlar haqda geniş danışdı.

Məsələ ondadır ki, bizdə baş verən hadisələri şişirdib beynəlxalq mətbuata, transmilli mediaya çıxarırlar. Sanki Azərbaycanda dünya dağılır. Amma özlərində baş verən hadisələr haqda informasiyaların yayılmamasına çalışırlar. Həmin "Fridom Haus", "Human Rayts Votc", Helsinki Vətəndaş Assambleyası və digərləri, nədənsə, Qərb ölkələrində baş verənləri görmürlər. Ona görə də biz hesab etmirik ki, Azərbaycanda bu sahələrdə problemlər mövcuddur və hansısa dəyişikliklərə ehtiyac var. Bizim ölkədə demokratiyanın, insan hüquqlarının məhdudlaşdırılması, söz və mətbuat azadlığının boğulması haqda deyilənlərin hamısı fiksiyadır. Bunlar hamısı Azərbaycana təzyiq etmək istəyən həmin dairələrin əlində vasitədir, belə məsələlərdən sui-istifadə edirlər.

Azərbaycan hakimiyyətinin bu tipli beynəlxalq basqılara qarşı mübarizəsinin, gücünün əsasında xalqın birliyi dayanır. Biz xalqın birliyinə və iradəsinə söykənirik. Eyni zamanda bugünkü hakimiyyətin iradəsinə dayanırıq. Hazırkı hakimiyyət xalqın iradəsinə, onun maraqlarına söykənərək beynəlxalq aləmdən Azərbaycana tuşlanmış təzyiqlərə sinə gərəcək və bundan sonra da müstəqil siyasətini davam etdirəcək. Biz bütün dünyaya sübut edəcəyik ki, xalqların gücü heçonun ərazisinin böyüklüyündə, əhalisinin sayında deyil, xalqın iradəsindədir. Prezident İlham Əliyev xalqın iradəsinə söykənərək müstəqil siyasət yürüdürbundan sonra da belə olacaq.

- Azərbaycana təzyiqlərin artmasının 2013-cü ildə keçiriləcək prezident seçkisi ilə bağlılığı varmı? Seçki yaxınlaşdıqca təzyiqlər daha da arta bilərmi?

- Mən bu təzyiqləri müəyyən qədər də seçki ilə bağlayıram. Çünki xarici dairələr sorğular da keçirirlər, sorğu keçirən müəyyən təşkilatların rəyləri ilə də tanışdırlar. Onlar da bilirlər ki, hazırda Azərbaycanda Prezident İlham Əliyevin çox yüksək reytinqi var və əhalinin 90 faizinə qədəri onu birmənalı şəkildə dəstəkləyir, əgər o, prezidentliyə namizədliyini irəli sürəcəksə, birmənalı şəkildə qalib gələcək. Prezident öz gücü hesabına böyük əksəriyyətin səsini qazanmaqla qalib gəlirsə, deməli, onunla qeyri-bərabər hüquqda danışmaq çox çətindir, müstəqil siyasətini yenə davam etdirəcək. Ona görə də seçkidən də təzyiq vasitəsi kimi istifadə edirlər.

 

 

Azərbaycan.-2012.- 21 noyabr.- S.3.