Vətəndaş rifahını uca tutan
partiya
YAP ötən 20
ildə sosialyönümlü uğurlu siyasəti ilə hər bir vətəndaşın siyasi
istinadgahına çevrilmişdir
Tarixi
təcrübə sübut edir ki, hər bir cəmiyyətdə
mütləq çoxluğun bölüşdüyü
müsbət yüklü ideya, məqsəd və dəyərlər
məslək, əqidə və dünyagörüşü
yaxınlığı yaradaraq milli intibah baxımından
vacib olan məqsədlərin həyata keçirilməsinə
zəmin formalaşdırır. Milli ideya müasir dövrdə
də dövlətlərin davamlı yüksəlişi
yolunda mayak rolunu oynadığı üçün bunsuz
inkişafı təmin edən milli birlik və həmrəylik
konsepsiyasını reallaşdırmaq mümkün deyildir.
İnkişafyönümlü mütərəqqi
ideyaların konkret platforma şəklinə salınmasında
isə, bir qayda olaraq, cəmiyyətdəki çoxluğun
etimadını qazanmış ümummilli partiya və lider
amilinin rolu müstəsnadır.
Çoxluğun mənafeyinin təminatçısı
Ümummilli maraqları təmsil edən lider və onun rəhbərlik etdiyi siyasi təşkilat konkret məram və məqsədlər irəli sürərək bunlara nail olmaq üçün ictimai şüura pozitiv təsir imkanlarından səmərəli istifadə edir. Çoxluğun maraq və mənafeyinin legitim ifadəçisinə çevrilmiş partiyanın hədəflədiyi, önə çəkdiyi məqsədlərin mahiyyətindən asılı olaraq beynəlxalq miqyasda dövlətlərin imici formalaşır. Xalqdan mandat alaraq hakimiyyət Olimpinə yüksəlmiş partiyalar fəaliyyətləri ilə həm də fərdlərin arzu və istəklərinin real təminatçısına çevrilirlər.
2012-ci il noyabrın 21-də yaradılmasının 20-ci ildönümü tamam olan Yeni Azərbaycan Partiyasının, bu mənada ümummilli siyasi təşkilata, ölkə vətəndaşlarının mütləq əksəriyyətinin inam ünvanına çevrildiyini əminliklə söyləmək olar. Bu müddətdə partiyanın keçdiyi mürəkkəb və həm də şərəfli inkişaf yolu Azərbaycanın xoas və anarxiyadan, vətəndaş müharibəsi təhlükəsindən sabitliyə, tərəqqiyə, yüksəlişə, hüquqi, demokratik, dünyəvi dövlətə doğru inamlı addımlarını özündə ehtiva edir. Yeni Azərbaycan Partiyasının xalqla sarsılmaz mənəvi birliyi ötən 20 ildə müstəqil Azərbaycanın inanılmaz intibah yolu keçməsinə, yaxın perspektivdə inkişaf etmiş ölkələr sırasında dayanmaq kimi ciddi bir iddia ortaya qoymasına imkan yaratmışdır. Bəli, günümüzün qüdrətli, müstəqil, inkişaf edən, müasirləşən Azərbaycanı YAP-ın 20 illik fəaliyyətinin qiymətləndirilməsində ən obyektiv istinad yeridir. Əgər partiyanın şanlı tarixini bir cümlə ilə ifadə etməli olsaq, əminliklə deyə bilərik ki, YAP ən mürəkkəb, çətin sınaqlardan şərəflə çıxan, ölkədəki vəziyyəti realistcəsinə qiymətləndirərək xalqının, dövlətinin inkişafı üçün əzmlə çalışan insanları yüksək mənəvi-siyasi ideallar ətrafında birləşdirən alternativsiz siyasi təşkilatdır.
Yeni Azərbaycan Partiyası siyasi səhnəyə ötən əsrin 90-cı illərinin əvvəlində - mürəkkəb ictimai-siyasi şəraitdə qədəm qoymuşdur. 1991-ci ilin oktyabrında respublikamız dövlət müstəqilliyinin bərpasına nail olsa da, 1993-cü ilin iyun ayınadək müşahidə olunan hakimiyyət dəyişiklikləri, siyasi qarşıdurmalar, sosial-mənəvi böhran insanların sabaha olan ümidlərini tamamilə itirmiş, cəmiyyətdə xaos və anarxiya mühitini dərinləşdirmişdi. Bu illərdə dövlət müstəqilliyi şərti mahiyyət kəsb etdiyindən, xalqımız demokratik, hüquqi və iqtisadi cəhətdən inkişaf edən dövlətdə yaşamaq arzusunu gerçəkləşdirə bilməmişdi. Sosializmin mirası olan planlı təsərrüfat sistemindən yeni iqtisadi münasibətlərə keçid istiqamətində heç bir ciddi addım atılmamış, nəticədə iqtisadiyyatın tənəzzülü prosesi daha da dərinləşmişdi. Halbuki ölkədə sərbəst bazar münasibətlərinə əsaslanan müstəqil milli iqtisadiyyatın formalaşdırılması məqsədilə sosial-iqtisadi sistemin transformasiyası obyektiv zərurətə çevrilmişdi. O dövrdə hakimiyyətdə olanlar, naşı və yarıtmaz qüvvələr bazar iqtisadiyyatına keçid kimi çətin və ağrılı bir prosesin öhdəsindən gəlməkdə, sözün əsl mənasında, aciz idilər.
Bu mənada, müstəqilliyin bərpasının ilk illərində ölkədə digər sahələrdə olduğu kimi, iqtisadi sferada da acınacaqlı mənzərə hökm sürürdü. İqtisadiyyat sürətlə tənəzzülə uğrayır, inflyasiyanın səviyyəsi gündən-günə yüksəlir, əhalinin sosial rifah halı pisləşir, ölkənin zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadə yönümündə səmərəli addımlar atılmırdı. 1991-1993-cü illərdə ölkə iqtisadiyyatında ümumi daxili məhsul hər il orta hesabla 16,5 faiz aşağı düşürdü. Tənəzzül meyli sənayedə xüsusilə kəskin xarakter almış, 1985-ci ilə nisbətən sənaye məhsulları istehsalının həcmi 1991-ci ildə 10 faiz, 1992-ci ildə 37 faiz, 1993-cü ildə 50 faiz azalmışdı. Ölkə istehsal potensialının 23 faizini itirmiş, 1992-ci ildə inflyasiyanın səviyyəsi əvvəlki ilə nisbətən 4,9 dəfə artmışdı.
Müstəqilliyin
bərpasının ilk illərində ölkədəki
iqtisadi və siyasi böhran tədricən özünün
kulminasiya nöqtəsinə - vətəndaş
qarşıdurması həddinə yüksəlirdi. Belə
ağır şəraitdə cəmiyyət ümumxalq
inamına malik, ilk növbədə milli birliyə, vətəndaş
həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan
xilas etməyə qadir yeni siyasi qüvvəyə ehtiyac
duyurdu. Bu gün siyasi baxışlarından asılı
olmayaraq, hər bir vətəndaş etiraf edir ki, 1992-ci il
noyabrın 21-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi
altında Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanda
siyasi böhrana, vətəndaş müharibəsi təhlükəsinə,
separatçılıq meyillərinə, dövlət
çevrilişi cəhdlərinə, terror aktlarına son
qoymuş, möhkəm ictimai-siyasi sabitlik təmin edilmiş,
sosial-iqtisadi tənəzzülün qarşısı
alınmışdır.
İqtisadi tərəqqinin hədəfləri
Siyasi partiyalar tarixində ən
qısa müddətdə, yaranmasından cəmi 7 ay sonra -
1993-cü ilin iyununda xalqın etimadı ilə hakimiyyətə
gələn YAP-ın uğurlu fəaliyyəti Azərbaycanın
davamlı sosial-iqtisadi inkişafı üçün
etibarlı zəmin yaratmış, partiya öz proqram və qətnamələrində
iqtisadi islahatların başlıca konturlarını müəyyən
etmişdir.
Hər
bir dövlətin davamlı inkişafının sosial-iqtisadi
islahatlarla bağlılığını ilk gündən
uzaqgörənliklə müəyyənləşdirən ulu
öndər Heydər Əliyev YAP-ın proqramında yer alan
ideyalarını reallaşdırmaq üçün ölkənin
iqtisadi və intellektual resurslarını uğurla səfərbər
etmişdir. YAP-ın proqramında göstərildiyi kimi,
"iqtisadiyyat hər bir dövlətin mövcudluğunun əsası
kimi onun fəaliyyətinin başlıca sahəsi hesab olunur.
Güclü iqtisadiyyat vətəndaşların maddi, mənəvi,
sosial cəhətdən zəngin və firavan həyat şəraitində
yaşamasını təmin edir. Partiya hesab edir ki, Azərbaycan
zəngin intellektual potensiala, əsaslı istehsal fondlarına
və böyük işçi qüvvəsinə malikdir.
Bütün bunlardan Azərbaycanın müstəqilliyini
möhkəmləndirmək və əhalinin həyat səviyyəsini
yaxşılaşdırmaq üçün səmərəli
istifadə olunmalıdır".
Partiya
ilk gündən iqtisadi islahatların
reallaşdırılması yolu ilə cəmiyyətdə dəyanətli
sabitliyi, firavan həyatı təmin edəcək
sosialyönümlü bazar iqtisadiyyatının, habelə
bazar infrastrukturunun formalaşdırılmasını, Azərbaycanın
dünya iqtisadi məkanına inteqrasiyasını
qarşıda ciddi vəzifələr kimi müəyyənləşdirmişdir.
Dünya ölkələrində mövcud elmi-texniki tərəqqidən,
qabaqcıl texnologiyalardan geniş istifadə olunması, məhsuldar
qüvvələri, təsərrüfat mexanizmlərini, idarəetmə
sistemlərini yeni şəraitə uyğunlaşdıraraq, səmərəli
iqtisadiyyata, inkişaf etmiş, yetkin istehsal münasibətlərinə
malik iqtisadiyyata keçidin təmini partiyanın strateji xəttidir.
Azərbaycanda struktur və investisiya siyasətinin çevik və
operativ idarəçiliyini təşkil etmək, onu elmi
proqnozlar və iqtisadi proqramlaşdırma üzərində
qurmaq yaxın dövr üçün ən vacib məsələlərdən
biri kimi gündəlikdə durur.
Partiya
iqtisadi fəaliyyət sahəsində ölkənin
ayrı-ayrı bölgələrinin dinamik
inkişafının təmin edilməsi məqsədilə
xüsusi və məqsədyönlü regional siyasətin həyata
keçirilməsinə də ciddi əhəmiyyət verir. YAP
özəlləşdirmə, büdcə-vergi və
gömrük siyasəti ilə ölkənin büdcə-vergi
mexanizminin daha da təkmilləşdirilməsini, pul-kredit siyasətinin
müasir tələblərə
uyğunlaşdırılmasını, valyuta rejiminin
liberallaşdırılmasını, ölkənin ixrac
potensialının artırılmasını, xarici ticarətin
sərbəstləşdirilməsini iqtisadi siyasət
strategiyasının əsasında dayanan mühüm məsələlər
hesab edir.
"Sosial dövlət"
konsepsiyası
Ötən 20 ildə YAP, həmçinin
ölkənin iqtisadi inkişafını sürətləndirmək
və sosial islahatlar aparmaq yolu ilə vətəndaşların
layiqli həyat şəraitini təmin etməyə, insanlara
sağlam həyat tərzi aşılamaq üçün məqsədyönlü
sosial siyasət yürütməyə
çalışmışdır. Partiyanın
üstünlük verdiyi sosialyönümlü iqtisadi model
sosial ədalətin və sosial müdafiənin təminatı,
eləcə də iqtisadi-sosial həyatın humanistləşdirilməsi
məsələlərini ön plana çəkir. Bu model
radikal bazar iqtisadiyyatı ilə mərkəzləşdirilmiş
planlı iqtisadiyyat arasında aralıq mövqe tutur.
Sosialyönümlü bazar iqtisadiyyatı bir tərəfdən
iqtisadi azadlığın, digər tərəfdən sosial
dövlət ideyası ilə əlaqədar sosial müdafiə
və sosial ədalət ideyalarının vəhdətinə
əsaslanır. Bu modelin əsas cəhəti isə onun
güclü sosial siyasət sisteminə malik olmasıdır.
Bu siyasət əhalinin gəlirləri arasında mövcud
olan fərqləri minimuma endirmək məqsədilə
dövlətin həyata keçirdiyi yenidən bölgü
prinsipini, sosial müdafiə və sosial sığorta
sisteminin inkişaf etdirilməsini, minimum yaşayış həddinə
təminatın mövcudluğunu və digər zəruri tədbirləri
nəzərdə tutur.
YAP-ın
platformasında ölkənin sosial siyasətinin mahiyyəti
dolğun şəkildə əksini tapmışdır:
"Keçid dövründə sosial siyasət sayəsində
vətəndaşların sosial-iqtisadi fəallığını
inkişaf etdirməklə yanaşı, əhalinin aztəminatlı
təbəqələrinin dövlət tərəfindən fəal
sosial müdafiəsi sistemi yaradılmalıdır. Bu məqsədlə
sosialyönümlü müəssisələr
üçün əlverişli şərait yaratmağa,
sahibkarlıq strukturlarını həmin sahələrin
birbaşa maliyyələşdirməsinə, sahibkarların
sosial sahəyə qoyduğu vəsaitdən alınan vergiləri
azaltmaqla tənzimləməyə
çalışılmalıdır. YAP-ın sosial siyasət
sahəsində strateji inkişaf proqramının
qarşısında insana qayğı, onun maddi və mənəvi
tələbatlarının ödənilməsi
üçün zəruri şəraitin yaradılması,
sosial ədalət prinsipinin daim qorunması və müxtəlif
sosial qruplar arasında kəskin təbəqələşmənin
yumşaldılması durur".
Partiya
hesab edir ki, hər bir insanın yaxşı yaşamağa
haqqı vardır və zəngin təbii ehtiyatlara malik Azərbaycan
vətəndaşları üçün layiqli həyat səviyyəsinin
təmin edilməsi ümdə vəzifədir. YAP əməkhaqqı
və pensiya təminatı sistemində islahatlar
aparılmasını, əməkhaqqının,
pensiyaların, sosial ödənişlərin
artırılmasını, yeni iş yerlərinin
açılmasını özünün başlıca vəzifələrindən
hesab edir. Eyni zamanda, ana və uşaqların, işsiz
qadınların, qoca, ahıl və əlillərin, ailə
başçısını itirmiş ailələrin sosial
müdafiəsinin gücləndirilməsini, bu qəbildən
olan vətəndaşlara layiqli təqaüd və müavinətlərin
verilməsini xüsusi diqqət mərkəzində
saxlayır.
Ulu
öndər Heydər Əliyevin rəhbərliyi, YAP-ın fəal
iştirakı ilə hazırlanaraq 1995-ci ilin noyabrında
ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan
Konstitusiyasında milli iqtisadi inkişaf modelinin əsas
prioritetləri hüquqi kontekstdən göstərilmiş,
insanların firavan yaşayışının təmin edilməsi
dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyada
mülkiyyətin çoxnövlüyü, təbii sərvətlərin
xalqa məxsusluğu, habelə hər bir vətəndaşın
sosial təminat, əmək, azad sahibkarlıq, mülkiyyət,
mənzil toxunulmazlığı və s. hüquqları, habelə
dövlətin üzərinə götürdüyü
iqtisadi öhdəliklər əksini tapmışdır. Əsas
Qanunun 16-cı maddəsinin I hissəsində göstərilir
ki, "Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın
rifahının yüksəldilməsi, onun sosial müdafiəsi
və layiqli həyat səviyyəsi qayğısına
qalır".
Sosial liberalizm ideyalarına sadiqlik
Hakim partiyanın ölkə vətəndaşlarının
sosial rifah halının yaxşılaşdırılmasını
fəaliyyətində əsas prioritetlərdən biri elan etməsi
ilk növbədə onun insan hüquq və
azadlıqlarına yüksək sadiqliyindən irəli gəlir.
YAP bununla eyni zamanda ümumbəşəri prinsiplərə,
beynəlxalq konvensiya və paktlara hörmətlə
yanaşan siyasi təşkilat olduğunu nümayiş etdirir.
Belə ki, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin
25-ci maddəsinin 1-ci bəndində əksini tapmış
müddəa da müasir dünyanın sosial liberalizm
ideyalarına necə böyük dəyər verdiyini, habelə
dövlətin sosial istiqamətləndirilməsinin zəruriliyi
məsələsinin beynəlxalq ictimaiyyət tərəfindən
qəbul edildiyini göstərir: "Hər bir insan
özünün və ailəsinin sağlamlıq və əmin-amanlığının
qorunması üçün vacib olan qida, geyim, mənzil, tibbi
və zəruri sosial xidməti özündə birləşdirən
həyat şəraiti hüququna, işsizlik, xəstəlik, əlillik,
dul qalma, qocalıq və ya ondan asılı olmayan səbəblərdən
yaşayış vasitələrinin itirilməsi hallarında
təminat hüququna malikdir".
Azərbaycan
Respublikası Birləşmiş Millətlər Təşkilatının
1966-cı il tarixli "İqtisadi, sosial və mədəni
hüquqlar haqqında Pakt"ına, "Mülki və siyasi
hüquqlar haqqında Beynəlxalq Pakt"ına, habelə
Avropa Şurasının 1961-ci il tarixli "Avropa Sosial
Xartiyası"na qoşulmuş müstəqil dövlət
kimi xalqının sosial və mədəni
inkişafını özünün başlıca vəzifəsi
hesab edir. "İqtisadi, sosial və mədəni hüquqlar
haqqında Beynəlxalq Pakt"ın 2-ci maddəsinin 1-ci bəndində
deyilir: "Bu Paktda iştirak edən hər bir dövlət fərdi,
o cümlədən beynəlxalq yardım və əməkdaşlıq
qaydasında qanunvericilik tədbirləri də daxil olmaqla
ehtiyatda olan maksimal miqdarda vəsaitlərdən istifadə edərək,
xüsusilə iqtisadi və texniki sahələrdə
tanınan hüquqların bütün lazımi üsullarla tədricən
tam həyata keçirilməsini təmin etməlidir".
Bu
kontekstdə ulu öndər Heydər Əliyevin hər bir vətəndaşın
mənafeyinə cavab verən iqtisadi siyasəti cəmiyyətdə
özünü göstərən sosial ziddiyyətlərin
aradan qaldırılmasına istiqamətlənmişdi. Bazar
münasibətləri əsasında formalaşan
sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas
strategiya kimi müəyyən edən ümummilli liderin həyata
keçirdiyi sosial siyasətin iki əsas xarakterik cəhəti
diqqəti xüsusilə cəlb edirdi. Bunlardan birincisi sosial
siyasətin dayanıqlı xarakter daşıması, ölkənin
iqtisadi bazisinə əsaslanması, ikincisi onun mükəmməl
və dünya təcrübəsində uğurla sınaqdan
çıxmış normativ-hüquqi bazaya söykənməsi
idi. Partiyanın 1999-cu ilin dekabrında keçirilmiş I
qurultayının qətnaməsində sosial sahədə
qarşıda duran vəzifələr bu cür xarakterizə
olunurdu: "Aztəminatlı əhali qruplarının gəlirlərinin
və əməkhaqqının mərhələ-mərhələ
yaşayış minimumuna yaxınlaşdırılması, hər
bir ailənin ayrıca yaşayış sahəsinə - mənzilə
və ya fərdi evə malik olması, mənzil tikintisinin
müxtəlif formalarla inkişafına qayğı göstərilməsi
gənc ailələrə mənzil almaq və ya ev tikdirmək
üçün uzunmüddətli güzəştli kreditlərin
verilməsi keçid dövründə diqqət mərkəzində
dayanmalıdır".
Sosial siyasətdə keyfiyyətcə
yeni mərhələ
2003-cü ilin oktyabrından ölkəyə
uğurla rəhbərlik edən Prezident İlham Əliyev
YAP-ın platformasında mühüm yer tutan sosial siyasət məsələlərinin
praktik surətdə gerçəkləşdirilməsi məqsədilə
çoxşaxəli islahatlar həyata keçirir. Ötən
9 ildə Azərbaycanda həyata keçirilən
islahatların Azərbaycanda insan və vətəndaş
amilinin yüksəlişinə xidmət etdiyini xüsusi
vurğulamağa ehtiyac yoxdur. Respublikanın iqtisadi cəhətdən
inkişaf etmiş dövlətə çevrilməsi məqsədinin
özü də ilk növbədə ölkə vətəndaşların
sosial rifah səviyyəsinin yüksəldilməsi niyyətindən
irəli gəlir. Bütün bunların fonunda
sosialyönümlülük respublikanın milli iqtisadi
inkişaf modelinin əsas xüsusiyyətlərindən birinə
çevrilmişdir. Bu baxımdan, Azərbaycanın müasir
inkişaf modelinin İçveç modelinə nisbətən
daha yaxın olduğunu söyləmək olar. İsveç
modelində sosial siyasət vacib yer tutur və işçi
qüvvəsinin (əsasən yüksək ixtisaslı) təkrar
istehsalı üçün qismən normal şəraitin
yaradılmasını təmin etməklə, sosial gərginliyin
azaldılmasında, sinfi antoqonizm və münaqişələrin
neytrallaşdırılmasında mühüm rol oynayır.
Azərbaycan
dövlətinin sosial sahəyə müdaxiləsi konsensus və
kompromis fəlsəfəsinə əsaslanmaqla, liberal
demokratiyanın daha sağlam və möhkəm özül
üzərində təşəkkülünü şərtləndirir.
Bu gün Azərbaycanda bazar iqtisadiyyatının bəşəri
prinsiplər əsasında fəaliyyəti təmin edilir.
Bazar iqtisadiyyatı hər bir vətəndaşın ümumi
sərvətlərdən bəhrələnməsinə, cəmiyyətdə
gedən proseslərə inteqrasiyasına xidmət edir. 2009-cu
il martın 18-də YAP-ın təşəbbüsü ilə
keçirilmiş ümumxalq referendumunun nəticəsi kimi Azərbaycan
Respublikası Konstitusiyasının 12-ci maddəsinə
edilmiş dəyişikliyə görə, insan və vətəndaş
hüquq və azadlıqları ilə yanaşı, "Azərbaycan
Respublikasının vətəndaşlarının layiqli həyat
səviyyəsinin təmin edilməsi" də dövlətin
ali məqsədləri sırasına daxil edilmişdir. Bu əlavənin
Konstitusiyada əksini tapması respublikanın maliyyə
imkanlarının əhəmiyyətli dərəcədə
artması, YAP-ın iqtisadi siyasət strategiyasında
sosialyönümlü məsələlərin prioritet
olması ilə şərtlənmişdir. Azərbaycan
dövləti insan hüquq və azadlıqlarının
yüksək səviyyədə müdafiəsi ilə öz
vəzifəsini qətiyyən məhdudlaşdırmayıb,
hər kəsin layiqli həyat səviyyəsinin təmin
olunmasını da ciddi öhdəlik kimi üzərinə
götürmüşdür.
YAP-ın
iqtisadi proqramını uğurla reallaşdıran dövlət
başçısı İlham Əliyev bu reallığı
daim önə çəkir ki, sosial-iqtisadi hüquqların
müdafiəsi sahəsində dövlətin başlıca vəzifəsi
mütərəqqi iqtisadi və sosial islahatları həyata
keçirmək, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın
iştirakını təmin etmək, mövcud potensialdan hər
bir fərdin bacarıq və qabiliyyətinə görə ədalətli
şəkildə yararlanmasına şərait yaratmaqdır.
Başqa sözlə, Azərbaycanda uğurla gerçəkləşdirilən
sosial təminat tədbirləri insanların həyati tələbatlarının
ən azı minimum səviyyədə ödənilməsinə
xidmət edir.
Azərbaycan
azad bazar iqtisadiyyatı yolunu prioritet seçmişdir və bu
sistemdə YAP-ın yürütdüyü
sosialyönümlü siyasətin məqsədi heç də
təkcə sosial bərabərsizliyi aradan götürmək
deyil, onu tarazlaşdırmaq, vətəndaşların maddi vəziyyətlərindəki
ədalətsiz fərqliliyi aradan qaldırmaq, kəskin təbəqələşməyə
yol verməmək, cəmiyyətin bütün üzvlərini
layiqli həyat səviyyəsi ilə təmin etmək
üçün fərdin ictimai statusunu yüksəltməkdir.
Hökumət azad iqtisadi münasibətlərə, özəl
mülkiyyətçiliyə, sahibkarlığın
inkişafına hər cür kömək göstərməklə
yanaşı, cəmiyyətdə himayəyə, dəstəyə
ehtiyacı olan təbəqəni qətiyyən nəzərdən
qaçırmır. Möhtərəm Prezidentin bununla
bağlı fikirləri maraq doğurur: "Əgər Azərbaycanda
sırf bazar iqtisadiyyatı prinsipi tətbiq olunarsa, əhalinin
bir hissəsi böyük çətinliklərlə üzləşə
bilər. Xüsusilə keçid dövründə
yaşayan ölkələr üçün bu, adi haldır və
tarixdən də biz bunu görürük. Ona görə
iqtisadi yönümlü, investisiya yönümlü, bazar
iqtisadiyyatı prinsiplərinə sadiq olan siyasətimiz eyni
zamanda sosial proqramlar ilə tamamlanmalıdır. Bu məqsədlə
də böyük işlər görülür və
görüləcəkdir. Əhalinin sosial müdafiəsi məsələləri
daim ön planda olmalıdır".
YAP-ın
sosialyönümlü iqtisadi siyasətinin parlaq göstəricilərindən
biri də ötən 9 ildə 1 milyon 100 mindən çox
yeni iş yerinin açılması, ciddi sosial bəla kimi
özünü göstərən işsizlik probleminin əhəmiyyətli
dərəcədə aradan qalxması, habelə yoxsulluq həddinin
49 faizdən 7,1 faizə enməsidir. Gənc ailələrin mənzillə
təmini üçün ipoteka sisteminin yaradılması, eləcə
də dövlət büdcəsindən maliyyələşən
strukturlarda məvaciblərin mütəmadi olaraq
qaldırılması da bu istiqamətdə görülən
mühüm tədbirlər sırasındadır. Vətəndaşların
təbii qaza və suya görə olan borclarının silinməsi,
sovet dövründən banklarda qalmış vəsaitlərinin
qaytarılması, böyük maliyyə vəsaiti tələb
edən sosial-infrastruktur layihələrinin həyata
keçirilməsi - bütün bunlar YAP-ın proqramında əksini
tapmış müddəaların praktik surətdə
gerçəkləşdiyinə dəlalət edir.
Ötən
9 ildə dəniz səviyyəsindən 2000 metr hündürlükdə yerləşən
Xınalıq kəndinə yolun, sovet dövründə belə
mavi yanacaq üzü görməyən Lerik və
Yardımlıya qaz kəmərinin çəkilməsi, eləcə
də Naxçıvan MR-in davamlı olaraq elektrik enerjisi və
qazla təmin olunması, Bakıya Oğuz-Qəbələ
zonasından su kəmərinin çəkilməsi, paytaxtda
yeni körpülərin, yolötürücülərin,
piyada keçidlərinin istifadəyə verilməsi, rayonlarda
yeni təhsil, səhiyyə, mədəniyyət, olimpiya idman
komplekslərinin tikintisi və digər tədbirlər hakim
Yeni Azərbaycan Partiyasının sosialyönümlü
iqtisadi siyasətinin dinamizmini, səmərəliliyini bir daha
sübuta yetirir.
Ümumiyyətlə,
sosialyönümlü dövlət proqramları
sırasında Azərbaycan Prezidentinin "2006-2015-ci illərdə
Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişaf Dövlət Proqramı"nın
hazırlanması haqqında" 21 iyun 2005-ci il tarixli, "Azərbaycan
Respublikasında dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi
(Deinstitusionalizasiya) və alternativ qayğı Dövlət
Proqramı (2006-2015-ci illər)"nın təsdiq edilməsi
haqqında" 30 mart 2006-cı il tarixli, "Ahıl vətəndaşların
sosial müdafiəsinin gücləndirilməsi üzrə
Dövlət Proqramı"nın təsdiq edilməsi barədə"
18 aprel 2006-cı il tarixli, "Azərbaycan
Respublikasının Məşğulluq Strategiyasının həyata
keçirilməsi üzrə Dövlət Proqramı
(2007-2010-cu illər)"nın təsdiq edilməsi barədə"
16 may 2007-ci il tarixli sərəncamlarının əhəmiyyətini
xüsusi önə çəkmək olar.
İnsan
amilinin inkişafına xidmət edən bu siyasətin
uğurlarını nüfuzlu beynəlxalq təşkilatlar da
birmənalı etiraf edirlər. Birləşmiş Millətlər
Təşkilatının (BMT) İnkişaf Proqramının
2010-cu il üzrə İnsan İnkişafı Hesabatına
görə, Azərbaycan insan inkişafı indeksinin orta illik
tempinə görə keçmiş Sovet İttifaqı
ölkələri arasında son 10 ildə aparıcı
dövlətdir. Respublikamız bu istiqamətdə hətta
dünya üzrə qabaqcıl sayılan iki dövləti -
Çin və Hindistanı da arxada qoymağa müvəffəq
olmuşdur. Azərbaycan 2000-2010-cu illərdə postsovet məkanında
insan inkişafı indeksinə görə illik 1,77 artım dərəcəsi
ilə ən yüksək göstərici nümayiş
etdirmiş, nəticədə "orta insan
inkişafı" qrupu ölkələrini tərk edərək,
"yüksək insan inkişafı" ölkələri
kateqoriyasına daxil olmuşdur.
2013-cü ildə
yaşayış minimumu və ehtiyac meyarı artacaq
"Azərbaycan
Respublikasının 2013-cü il dövlət büdcəsinin
layihəsi sosial məsələlərin hökumət
üçün prioritet olduğunu bir daha təsdiqləyir. Gələn
ilin dövlət büdcəsi gəlirlərinin 19,2 milyard
manat, xərclərinin isə 19,8 milyard manat təşkil edəcəyi
proqnozlaşdırılır - bu, cari illə müqayisədə
2,14 milyard manat çoxdur. Ali maliyyə sənədinə əsasən,
sosial müdafiə və təminat xərcləri
üçün gələn il 1 milyard 813,6 milyon manat vəsait
ayrılmalıdır. Dövlət büdcəsindən maliyyələşən
və maliyyə yardımı alan elm, elmi tədqiqat, təhsil,
səhiyyə, sosial təminat, kənd təsərrüfatı,
hüquq-mühafizə orqanlarında çalışan
dövlət qulluqçularının aylıq əməkhaqları,
habelə pensiyaların artırılması gözlənilir.
2013-cü
ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac
meyarının həddi də artırılacaqdır. "Azərbaycanda
2013-cü il üçün yaşayış minimumu
haqqında" qanun layihəsinə əsasən, gələn
il üçün yaşayış minimumu ölkə
üzrə 116 manat səviyyəsində nəzərdə
tutulmuşdur. Növbəti ildə yaşayış minimumu əmək
qabiliyyətli əhali üçün 125 manat,
pensiyaçılar üçün 94 manat, uşaqlar
üçün isə 93 manat səviyyəsində
proqnozlaşdırılır. "2013-cü il üzrə
ehtiyac meyarının həddi haqqında" qanun layihəsinə
əsasən, gələn ilin əvvəlindən Azərbaycanda
ünvanlı dövlət sosial yardımının təyin
edilməsi məqsədilə ehtiyac meyarının həddi
93 manat məbləğində müəyyən
olunacaqdır. Beləliklə, gələn ilin əvvəlindən
Azərbaycanda ünvanlı dövlət sosial
yardımının təyin edilməsi məqsədilə
ehtiyac meyarının həddi 10,7 faiz artırılacaqdır.
Bütün
bunlar bir daha təsdiqləyir ki, respublikamızda həyata
keçirilən sosial siyasətin başlıca istiqamətləri
davamlı olaraq bütün sosial kateqoriyaların əməkhaqqı,
müavinət və təqaüdlərinin
artırılmasından ibarətdir. Bu sosial siyasətin təntənəsi
kimi son 8 ildə minimum əməkhaqları, ehtiyac meyarı və
yaşayış minimumunun məbləğinin hər il
artırılması nəzərə çarpır. Məsələn,
2004-cü ildə 25 manat təşkil edən
yaşayış minimumunun həddi gələn il 108 manat
olacaqdır. Bu məbləğin orta həddi 2005-ci ildə 52
manat, 2006-cı ildə 58 manat, 2007-ci ildə 64 manat, 2008-ci ildə
70 manat, 2009-cu ildə 84 manat, 2010-cu ildə 87 manat, 2011-ci ildə
102 manat təşkil etmişdir. Beləliklə, ötən 8
il ərzində ölkə üzrə yaşayış
minimumunun məbləği 4,2 dəfə
artırılmışdır.
Son 8
ildə respublikamızda ehtiyac meyarının həddinin də
davamlı olaraq artımı baş vermişdir: bu məbləğ
2004-cü ildə 5 manat, 2005-ci ildə 20 manat, 2006-cı ildə
30 manat, 2007-ci ildə 40 manat, 2008-ci ildə 55 manat, 2009-cu ildə
60 manat, 2010-cu ildə 65 manat, 2011-ci ildə 75 manat, 2012-ci ildə
84 manat təşkil etmişdir. Bununla yanaşı, 2004-2011-ci
illər ərzində minimum əməkhaqqının məbləği
17 dəfə artırılmışdır. 2004-cü ilin əvvəllərində
bu rəqəm 5,5 manat təşkil etdiyi halda, hazırda 93,5
manatdır. Minimum əməkhaqqı, yaşayış
minimumu və ehtiyac meyarının məbləğinə
görə Azərbaycan MDB-də ən yaxşı göstəricilərə
malik ölkələrdən biridir. Respublikamız qeyd olunan
sosial göstəricilər üzrə Rusiya və
Qazaxıstandan sonra 3-cü sırada yer alır.
Ölkəmizdə
həyata keçirilən sosial siyasətin əsas prioritetlərindən
biri də bu sahədə inkişaf indikatorlarını Avropa
Sosial Xartiyasının tələblərinə
çatdırmaqdır. Ortamüddətli dövr
üçün makroiqtisadi inkişaf proqnozları Azərbaycanın
bu sosial meyarlara çatmasına möhkəm zəmin
yaratmış olur.
Qarşıdakı
3 ilin sosial-iqtisadi inkişaf proqnozlarına görə, Azərbaycanda
yaşayış minimumunun və ehtiyac meyarının həddinin
əhəmiyyətli dərəcədə
artırılacağı nəzərdə tutulur.
Yaşayış minimumunun 2014-cü ildə 138 manata, 2015-ci
ildə 146 manatadək artırılması
proqnozlaşdırılır. Ehtiyac meyarının həddinin
2014-cü ildə 107 manata, 2015-ci ildə 114 manata
çatdırılacağı gözlənilir. Qeyd olunan
ortamüddətli dövr üzrə proqnoz göstəricilərində
minimum əməkhaqqının 2013-cü ildə 120,2 manata,
2014-cü ildə 127,7 manata, 2015-ci ildə 140 manata
çatdırılacağı qarşıya məqsəd
qoyulmuşdur.
Ümumiyyətlə,
müasir dövrdə sosial ədalət meyarını rəhbər
tutan hər bir dövlətin qarşıya qoyduğu ən
ali məqsəd vətəndaş amilinin tərəqqisi,
insanlar üçün maksimum firavan yaşayış şəraitinin
təmin edilməsidir. Neft gəlirlərinin iqtisadiyyatın
vacib sahələrinə, xüsusən də qeyri-neft
sektoruna, istehsal sahibkarlığına yönəldilməsi,
yeni müəssisələrin açılması yolu ilə
işsizlik probleminin aradan qaldırılması, bir sözlə,
əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi
Azərbaycanda həyata keçirilən
sosialyönümlü iqtisadi siyasətin ana axarını təşkil
edir.
Bütün
bunlar göstərir ki, ölkədə dövlət
başçısı İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən sosialyönümlü iqtisadi siyasət
insan amilini nəzərdə tutan liberal bazar iqtisadiyyatı xəttini
əsas götürür. Bazar iqtisadiyyatı prinsiplərinin
cəmiyyətdə özünə dayaqlar tapması, özəl
sektorun inkişafına yaradılmış şərait,
iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə
ehtiyacı olan vətəndaşların maraqları ilə qətiyyən
ziddiyyətə girmir. Əksinə, ölkənin iqtisadi
inkişafından, neft strategiyasının səmərəli
nəticələrindən əldə edilən dividendlər
insanların sosial problemlərinin həllinə, vətəndaşların
həyat səviyyəsinin
yaxşılaşdırılmasına yönəldilir.
Bütün bunlar Prezident İlham Əliyevin hələ
2003-cü ilin prezident seçkiləri ərəfəsində
verdiyi "Mən hər bir vətəndaşın Prezidenti
olacağam" vədinin əməli işdə gerçəkləşdiyini
birmənalı təsdiqləyir.
Hadi
RƏCƏBLİ,
Milli Məclisin Sosial siyasət
komitəsinin sədri,
siyasi elmlər doktoru,
professor
Azərbaycan.-2012.- 21 noyabr.- S.5.