Fransa mətbuatı Heydər Əliyev Fondunun mədəni abidələrin bərpasına göstərdiyi humanitar yardımdan yazmışdır

 

Gündəlik nəşr olunan "Le Perche"  qəzetində Heydər Əliyev Fondunun Fransada bir çox mədəni abidənin bərpası ilə əlaqədar göstərdiyi humanitar yardım barədə məqalə dərc olunmuşdur. "Azərbaycandan gələn yardımlar" sərlövhəli məqalədə birinci xanım Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun Bellu kilsəsinin vitrinin bərpasına yardım göstərməsi yüksək qiymətləndirilmişdir.

Məqalədə deyilir: "Qafqazın neftlə zəngin ölkəsinin birinci xanımının rəhbərlik etdiyi Heydər Əliyev Fondu Perşdə, həmçinin dünyada bir çox mədəni abidələrin bərpasına yaxından yardım göstərmişdir".

Məqalədə senator Natali Qulenin ölkəmizlə bağlı fikirləri də yer almışdır. Senator xanım Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə mədəniyyət sahəsində uğurlu siyasət apardığını, Vatikanda kitabların nömrələnməsinə və Strasburqdakı katedral kilsənin vitrinin bir hissəsinin bərpasına yardım göstərdiyini diqqətə çatdırmışdır.

Natali Qule Ornda orqan musiqi alətinin bərpası ilə əlaqədar Fonda etdiyi müraciətə diqqətlə yanaşıldığını və bu məqsədi ilə yardım edildiyini bildirmiş və bunu iki ölkə arasında mədəni sahədə əməkdaşlığın inkişafını təsdiqləyən fakt kimi səciyyələndirmişdir.

Məqalədə yəhudi mənşəli senator təklifi ilə müsəlman ölkəsinin xristian mədəni irsinin bərpasına yardım ayırması mədəniyyətlərarası dialoqun inkişafının təzahürü kimi dəyərləndirilir.

Senator xanım  bildirmişdir ki, Azərbaycanın tolerantlıq, mədəniyyətlərarası dialoq təcrübəsi bir çox başqa ölkələrə örnək ola bilər.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.-2012.- 21 noyabr.- S.4.