Xilaskarlıq və quruculuq missiyası

 

Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu 20 ildə bu missiyanın öhdəsindən uğurla gəlmişdir

 

 Tarixdən məlumdur ki, xalqlarının taleyində əvəzsiz rol oynamış siyasi partiyalar ilk növbədə cəmiyyətin həmrəyliyinə və bütövlüyünə, mənəvi birliyinə yönəlmiş ideyaları ilə xilaskarlıq missiyası həyata keçirməyə müvəffəq olmuşlar. 1992-ci il noyabr ayının 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası da fəaliyyətdə olduğu 20 il müddətində milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış etmiş, hər bir fərdin maraqlarını uca tutmaqla xalqın dərin etimadını qazanmışdır.

Bu gün siyasi baxışlarından asılı olmayaraq, hamı etiraf edir ki, Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir. Ümummilli lider Azərbaycana ikinci rəhbərliyi dövründə vətəndaş sülhü və ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdirmiş, bu siyasi xətti özünün konkret addımları ilə kamil elmi-nəzəri konsepsiya səviyyəsinə qaldırmışdır. Çətin bir siyasi mərhələdə hakimiyyət sükanı arxasına keçərək ölkədə dərinləşən böhranın qarşısının alınması, qanunsuz silahlı qüvvələrin zərərsizləşdirilməsi, xaos və anarxiya mühitinin, özbaşınalığın aradan qaldırılması, habelə ictimai-siyasi sabitliyin, qanunçuluğun təminatı istiqamətində prinsipial addımlar atan ulu öndər cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının  aparıcı amilə çevrilməsi istiqamətində misli-bərabəri olmayan işlər görmüşdür.

Ötən əsrin 90-cı illərinin əvvəlindən etibarən ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər də bir daha təsdiqlədi ki, müstəqilliyin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. 1991-1993-cü illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermişdi. Belə ağır şəraitdə respublikanın tərəqqipərvər qüvvələri, mütərəqqi ruhlu ziyalıları çıxış yolunu ulu öndər Heydər Əliyev kimi müdrik şəxsiyyətin hakimiyyətə gəlməsində görür, hər cür riskə rəğmən, bu istəklərini açıq ifadə etməkdən çəkinmirdilər. Həmin illərdə obyektiv səbəblərdən Naxçıvana gedə bilməyənlər isə muxtar respublikanın Ali Məclisinin Sədri Heydər Əliyevin ünvanına saysız-hesabsız müraciətlər, teleqramlar göndərərək xalqı düşdüyü bəlalardan qurtarmağı xahiş edirdilər. Azərbaycanın düçar ola biləcəyi fəlakətlərin qarşısının vaxtında alınması məqsədilə sağlam qüvvələrin Heydər Əliyevin ətrafında birləşmək niyyəti yalnız bir qrup ziyalının deyil, respublikamızın bütün bölgələrində, şəhər və kəndlərində ayrı-ayrı vətəndaşlar, müxtəlif sosial qruplar arasında eyni zamanda başlanmışdı. İlk dövrlərdə kortəbii, dağınıq fəaliyyət getdikcə daha mütəşəkkil xarakter almış və yeni partiyanın yaradılması üçün Heydər Əliyevə yazılı müraciət edilməsi zərurətini doğurmuşdu.

Xalqın rəyini ifadə edən bir qrup ziyalı ümummilli liderə müraciətində ölkəni anarxiya mühitindən çıxarıb aydın sabaha doğru aparacaq, müstəqilliyimizi əbədi və yenilməz edəcək, millətimizi bir bayraq, eyni amal ətrafında birləşdirəcək, milli həmrəyliyə, vətəndaş cəmiyyətinə qovuşduracaq siyasi partiyanın yaradılmasına yardımçı olmağı xahiş edirdilər. Müraciəti imzalayanlar yaxşı bilirdilər ki, yeni müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Vətənpərvər Azərbaycan ziyalılarının həmin müraciəti sonralar çağdaş tariximizə məşhur "91-lərin müraciəti" adı ilə daxil oldu. Bu tarixi müraciət, əslində, bütün Azərbaycan vətəndaşlarının istəyi, arzusu, haqlı tələbi idi. Xalqının taleyinə heç zaman biganə qalmayan, respublikanın dağılmasına dözməyən ulu öndər ziyalıların müraciətinə müsbət cavab verdi: "Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində iştirak etməyə hazıram".

Nəhayət, 1992-ci il noyabrın 21-də müstəqil Azərbaycanın çağdaş dövlətçilik tarixində yeni səhifə açan əlamətdar hadisə baş verdi: Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə YAP-ın təsis qurultayı keçirildi, ulu öndər Heydər Əliyev yekdilliklə təşkilata sədr seçildi. Müstəqilliyə yenicə qovuşmuş respublikada milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən YAP-ın yaranması tarixi zərurətdən, o illərdə mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu milli tələbatdan irəli gəlirdi.

YAP-ın qısa müddətdə cəmiyyətdə həlledici çoxluq tərəfindən ölkəni idarə etməyə qadir alternativsiz qüvvə kimi qəbul olunması da məhz ulu öndər Heydər Əliyevin fenomenal liderlik və idarəçilik keyfiyyətləri ilə şərtlənirdi. 1993-cü ilin məlum iyun böhranı zamanı ölkənin taleyinə biganə olmayan insanlar yaxşı başa düşürdülər ki, Azərbaycanı sürətlə fəlakətə sürükləyən məkrli planların qarşısını almağa, düçar olduğu fəlakətlərdən qurtarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. 1993-cü il iyun ayının 9-da xalqın və həm də o zaman çıxılmaz vəziyyətə düşmüş AXC-Müsavat iqtidarının təkidi ilə Bakıya qayıdan ulu öndər təbiətin ona bəxş etdiyi fövqəlidarəçilik keyfiyyətlərindən məharətlə bəhrələnərək ölkəni vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil oldu. İyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi isə ölkədəki kütləvi inamsızlıq, hərc-mərclik mühitinin aradan qalxmasına, siyasi gərginliyin tədricən azalmasına, sözün həqiqi mənasında xalqın böyük fəlakətlərdən qurtulmasına real zəmin yaratdı.

Məhz bu xilaskar missiyanın nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında YAP sədri Heydər Əliyevə etimad göstərərək onu özünün layiqli rəhbəri seçdi, bununla da ölkəmiz davamlı və dönməz inkişaf yoluna qədəm qoydu. Prezident seçilən Heydər Əliyev 1993-cü il oktyabrın 10-da keçirilmiş andiçmə mərasimində "Belə bir yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən birinci növbədə Azərbaycan zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edib. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm" deyərək müstəqil Azərbaycanın milli inkişaf strategiyasını irəli sürərək onun həyata keçirilməsinə başladı.

YAP-ın ideya məfkurəsini təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri partiyanın qarşısında duran vəzifələrin reallaşdırılmasının ideya təminatı olmaqla yanaşı, Azərbaycanın siyasi gələcəyini, inkişaf prioritetlərini də şərtləndirmişdir. Ulu öndərin yeritdiyi siyasət hər bir fərdin maraq və mənafeyini özündə ehtiva etdiyindən qısa zamanda cəmiyyətin ən müxtəlif zümrələrinin YAP-a sürətli axınına səbəb olmuş,  onların ictimai-siyasi həyatda fəallığı əhəmiyyətli dərəcədə artmışdı. Partiyanın statusu tədricən yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında tutduğu mövqe möhkəmlənmişdir. YAP kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmiş, onun yüz minlərlə üzvü dövlət əhəmiyyətli məsələlərin həllinə səfərbər olaraq ölkədə gedən ictimai-siyasi proseslərə fəal surətdə qoşulmuşdur.

Ölkədə xalqın iradəsi ilə baş vermiş qanuni hakimiyyət dəyişikliyi nəticəsində Yeni Azərbaycan Partiyasının iqtidar partiyasına çevrilməsi dövlətin müstəqilliyinin praktik müstəvidə möhkəmləndirilməsi üçün real əsaslar yaratdı. Heydər Əliyevin Prezident seçiləndən sonra müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi sürətləndi. Ulu öndər ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmalı oldu - qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm tədbirlər həyata keçirilməyə başlandı. Dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi.

Ulu öndər Heydər Əliyev sədri olduğu partiyanın rəhbər tutduğu ali prinsiplərin real həyatda tətbiqi üçün bütün imkanlardan istifadə edir, ilk növbədə cəmiyyətdə qanunçuluğu, hüquq qaydalarını möhkəmləndirməyə çalışırdı. Bu da təsadüfi deyildi - qüvvədə olan Nizamnamənin 1-ci maddəsinə görə, "Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında - Azərbaycanda hüquqi dövlət, sivil vətəndaş cəmiyyəti, sabit və sosialyönümlü iqtisadiyyat, azərbaycançılığı ehtiva edən milli birlik yaratmaq məqsədilə birgə fəaliyyət göstərən vətəndaşların birləşdiyi parlament tipli siyasi partiyadır".

Ümummilli lider Heydər Əliyev cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görərək bunun üçün bütün zəruri tədbirləri həyata keçirirdi. Məhz ulu öndərin gərgin səyi nəticəsində müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyuldu, onun təkmilləşdirilməsi prosesi uğurla davam etdirildi. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatı sahəsində YAP-ın qarşıya qoyduğu məqsədləri özündə ehtiva edirdi. Eyni zamanda həmin gün paralel olaraq Milli Məclisə keçirilmiş seçkilər YAP-ın cəmiyyətdə yüksək nüfuz və potensialını nümayiş etdirməklə, onu güclü iqtidar partiyasına çevirmiş, cəmiyyətdəki mövqelərini möhkəmləndirmişdi.

Azərbaycan Respublikasının ilk Konstitusiyası müstəqil dövlətimizin inkişafının əsas istiqamətlərini müəyyənləşdirən tarixi sənəd olaraq xalqın rifahına yönələn dövlət idarəetmə mexanizminin hüquqi təməlini təşkil etmişdir. YAP-ın  qarşıya qoyduğu strateji hədəflər Ali Qanunda öz əksini tapmış, respublikada hüquqi dövlət və vətəndaş cəmiyyətinə xidmət edən liberal islahatlar reallaşdırılmış, məhkəmə-hüquq islahatları mərhələli şəkildə həyata keçirilmiş, seçki qanunvericiliyinin unifikasiyası prosesi davam etdirilmiş, söz və mətbuat, sərbəst fikir söyləmək, vicdan azadlıqları təmin olunmuşdur. 1995-ci ildən etibarən qəbul olunmuş çoxsaylı qanunların da kökündə məhz insan şəxsiyyətinə hörmət amili dayanmışdır. Respublikada əfvetmə institutunun bərpası, 1998-ci ildə ölüm hökmünün ləğv olunması, insan hüquqları üzrə müvəkkil (ombudsman) institutunun yaradılması, hüquq-mühafizə orqanlarında dövrün tələblərinə cavab verən mütərəqqi islahatların aparılması məhz Heydər Əliyevin qətiyyətli addımları sayəsində gerçəkliyə çevrilmişdir.

Böyük strateq Heydər Əliyev özünün zəngin bilik və təcrübəsi əsasında həm də Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini də müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktiki əsasda göstərmişdir. Ümummilli lider mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu bir ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini irəli sürərək, onun həyata keçirilməsinə çalışmışdır. İqtisadi sahədə reallaşdırılan islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə ümumi daxili məhsul istehsalını artırmaq, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək məqsədi dayanmışdır. YAP-ın Proqramını əsas tutan ulu öndər Heydər Əliyev ölkənin bazar iqtisadiyyatı şəraitində özünü tamamilə doğruldan sosialyönümlü inkişaf modelini bəyan etmişdir. Bu siyasətin ana axarında təhsil və səhiyyə məsələləri daim öndə olmuş, xüsusən də tibb təhsilinin inkişafına böyük qayğı göstərilmişdir.

Cəmiyyətin ayrılıqda götürülmüş bir təbəqəsinin və yaxud sosial qrupunun mənafe və maraqlarını qoruyan siyasi təşkilatın, həmçinin ictimai qurumun milləti öz arxasınca apara bilməsi həmişə mümkün deyildir. Partiyanın siyasi cəhətdən təşkilatlanaraq monolit qüvvəyə çevrilmək əzmi ilk növbədə onun ideoloji-siyasi kursunun bütövlükdə cəmiyyətin maraqlarına cavab verməsi ilə şərtlənir. Yalnız xalqın bütün təbəqələrinin arzu və istəklərini ifadə edən, güclü ideologiyaya, liderə, yüksək intellektual potensiala malik siyasi elitaya və yetkin siyasi strukturlara malik partiya cəmiyyətdəki aparıcı rolunu qoruyub saxlamağa, hakimiyyəti uzun müddət idarə etməyə qadirdir. Bu mənada, ötən illərdə ölkədəki digər siyasi partiyaların heç biri YAP-la rəqabət aparmaq imkanında olmamışdır.

YAP-ın bəzən "Heydər Əliyev partiyası" adlandırılması da obyektiv qanunauyğunluqlara əsaslanır və partiyanın uğurlarında lider amilinin rolunu dolğun şəkildə təcəssüm etdirir. Ulu öndər Heydər Əliyev 1993-2003-cü illərdə ölkəyə uğurlu idarəçiliyi sayəsində partiyanın proqramının praktik surətdə gerçəkləşdirilməsini təmin etmiş, eyni zamanda həmin proqramda yer almış müddəaların reallığını sübuta yetirmişdir.

1995-2000-ci illər YAP-ın fəaliyyətində məzmun və keyfiyyətcə yeni dövr kimi xarakterizə oluna bilər. Çoxpartiyalı siyasi sistemin formalaşması ilə müşayiət olunan həmin illərdə partiyanın sıralarının sayı 130 min nəfəri ötmüşdür. Ölkə rəhbərliyinin sosial, iqtisadi, hüquqi, mədəni sahədə həyata keçirdiyi islahatlar onun cəmiyyətdəki dayaqlarının daha da möhkəmlənməsinə imkan vermiş, nüfuzunu yüksəltmişdir. Əhalinin sosial müdafiəsinə göstərdiyi qayğı, siyasi rəqiblərə münasibətdə dözümlülük nümayiş etdirməsi, söz, mətbuat azadlıqlarına geniş yer verməsi YAP-ı alternativi olmayan siyasi təşkilat kimi tanıtmışdır. İqtidarda olan partiya kimi YAP-ın həlledici nəticələrə imza atması, dövlətçiliyi xaos və anarxiya burulğanından davamlı tərəqqi və yüksəliş yoluna çıxarması, öz potensialını səmərəli şəkildə realizə etməsi ilk növbədə ümummilli liderin fenomenal liderlik və idarəçilik keyfiyyətləri sayəsində mümkün olmuşdur.

Ulu öndərin Yeni Azərbaycan Partiyasının 1997-ci il noyabrın 29-da keçirilmiş 5 illik yubileyində vurğuladığı kimi, təşkilat yürütdüyü siyasətlə ölkə vətəndaşlarının dərin inam və etimadını qazanmışdır: "Azərbaycan indi elə bir səviyyədədir ki, Yeni Azərbaycan Partiyasının Proqramında əks edilmiş, nəzərdə tutulan prinsiplərin çoxunu artıq həyata keçirib, ya da həyata keçirmək prosesindədir. Hesab edirəm ki, Yeni Azərbaycan Partiyası yaranandan onun ən üstün, müsbət cəhəti ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyasının amalı, məqsədləri, qəbul etdiyi proqram müstəqil Azərbaycan Respublikasında demokratik, dünyəvi dövlət qurmaq, Azərbaycanda demokratik prinsipləri bərqərar etmək, Azərbaycanı dünya iqtisadiyyatına bağlamaq, Azərbaycanda iqtisadi-siyasi islahatlar həyata keçirmək və Azərbaycanı inkişaf etdirmək olubdur. Bunlar hamısı Yeni Azərbaycan Partiyasının Proqramında - 1992-ci ilin noyabr ayında bizim qəbul etdiyimiz proqramda öz əksini tapıbdır".

1998-ci ildə keçirilən Prezident seçkilərində YAP-ın layiqli qələbəsi, habelə partiyanın 1999-cu ilin dekabr ayında keçirilmiş I qurultayı onun yarandığı gündən böyük ictimai dəyər kəsb edən milli və ümumbəşəri ideyalarla silahlandığını, konkret dövr üçün qarşıya qoyduğu vəzifələrin öhdəsindən əzmlə gəldiyini bir daha təsdiq etdi. 1999-cu il dekabrın 20-21-də Bakı şəhərində keçirilmiş I qurultay Yeni Azərbaycan Partiyasının, Heydər Əliyev ideyalarının təntənəsinə çevrildi. Müstəqil, demokratik ölkəmizin tarixində mühüm siyasi hadisəyə çevrilən bu qurultay Heydər Əliyev siyasi xəttinin, dövlətçilik fəaliyyətinin daha bir təntənəsi kimi böyük təəssürat doğurmuşdu. Ulu öndər YAP-ın birinci qurultayındakı çıxışında bir sıra problemlərlə  yanaşı, gənclərin partiyanın sıralarında geniş təmsil olunması vacibliyini xüsusi diqqətə çəkmiş, onların içərisində sədaqətli insanların çoxluq təşkil etdiyini vurğulamışdı.

Heydər Əliyev bildirirdi ki, qurultayın gələcək üçün proqramında əsas məsələlərdən biri də Yeni Azərbaycan Partiyasında gənclərin sayını artırmaq, onlara özlərini göstərmək, istedadlarını nümayiş etdirmək üçün şərait yaratmaq, onun tərkibini gəncləşdirməkdən ibarət olmalıdır. Böyük strateqin qarşıya qoyduğu bu vəzifənin icrası istiqamətində ən mühüm addım elə YAP-ın birinci qurultayında ARDNŞ-in birinci vitse-prezilenti, MOK-un prezidenti, Milli Məclisin deputatı İlham Əliyevin partiya sədrinin müavini seçilməsi oldu. Bu tarixi seçim təsadüfi deyildi: 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə İlham Əliyev kimi idarəçi və təşkilatçı bir şəxsin seçilməsi idman və gənclər siyasəti sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açmışdı. MOK prezidenti İlham Əliyev ölkədə olimpiya hərəkatının genişlənməsi, idman və bədən tərbiyəsinin tərəqqisi, daha geniş coğrafi məkanda təbliği, habelə Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün ciddi tədbirlər həyata keçirmişdi. İdmana dövlət qayğısı ilə yanaşı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda ciddi işlər görülmüşdü. Bu sahəyə göstərilən diqqət və qayğı Azərbaycanın milli genofondunun qorunması, habelə gənclərin vətənpərvər və sağlam ruhlu təbəqə kimi tərbiyə edilməsi məqsədindən irəli gəlirdi.

Bütün bunlar İlham Əliyevin YAP siyasi rəhbərliyində təmsil olunmasını ictimai və sosial zərurət kimi ortaya çıxarmışdı. Bu tarixi seçim az sonra partiyanın gəncləşməsində, cəmiyyətdəki mövqelərinin və nüfuzunun yüksəlməsində, sıralarının genişlənməsində vacib rol oynayacaqdı. Qurultayda dərin məzmunlu nitq söyləyən İlham Əliyev YAP-ın siyasi partiya olaraq gücünü ilk növbədə lider fenomeni ilə bağlılığını önə çəkdi: "Heç kəsə sirr deyil ki, YAP Heydər Əliyevin sayəsində yaranmış, onun şəxsiyyəti ətrafında birləşmişdir. Məhz bu amil YAP-ın təşəkkül tapmasında və inkişafında, ölkənin aparıcı siyasi qüvvəsinə çevrilməsində həlledici rol oynamışdır. YAP-ın gücü nədədir? Mən bu suala qısaca olaraq belə cavab verərdim: YAP-ın gücü ilk növbədə onun əvəzsiz lideri Heydər Əliyevdədir. YAP-ın gücü bundadır ki, partiyanın yeritdiyi siyasət xalqın maraqlarına uyğundur. YAP-ın gücü bundadır ki, onun təməlində duran prinsiplər əməli surətdə həyata keçirilir. YAP-ın gücü ondadır ki, Prezidentin və YAP liderinin daxili və xarici siyasətini xalq bəyənir və dəstəkləyir".

Qurultaydan sonra hakim partiyanın cəmiyyətdəki mövqeləri daha da güclənmiş, üzvlərinin sayı 130 mindən 240 minə çatmışdır. YAP iqtidar partiyası kimi qarşıya qoyduğu bir sıra mütərəqqi islahatları uğurla həyata keçirərək Azərbaycanda sosial-iqtisadi inkişaf meyillərinin sürətlənməsinə, xalqın maraqlarına cavab verən tarazlı xarici siyasət yeritməyə, respublikanın beynəlxalq mövqelərinin və nüfuzunun yüksəlməsinə nail olmuşdur. Respublikada milli mənafelərə əsaslanmaqla həyata keçirilmiş xarici siyasət kursunun prioritet istiqaməti müstəqil və güclü dövlət modelinin praktik surətdə reallaşdırılmasına yönəlmiş, ölkə beynəlxalq normalara istinad edərək sivil dünyanın hüquqi-siyasi atmosferini müəyyənləşdirən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərini yüksək dinamizmlə inkişaf etdirmək xəttinə üstünlük vermişdir.

YAP-ın Proqramında əksini tapmış mühüm müddəalardan biri də Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi naminə respublikanın dünya birliyinə sıx inteqrasiyasının təmin olunmasıdır. Ulu öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində bu məsələ öz həllini tam şəkildə tapmış və beynəlxalq təşkilatlarda bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilmişdir. 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmuş Azərbaycan ötən müddətdə "Avropa ailəsi"nə qovuşmaq istəyinin səmimi olduğunu təsdiqləmiş, təşkilat qarşısında götürdüyü bütün öhdəliklərə sadiq qalmışdır. Beləliklə, xarici siyasətdə qarşıya qoyduğu əsas prioritetlərdən daha birini uğurla gerçəkləşdirən müstəqil respublika milli maraq və mənafelərinin müdafiəsi, habelə erməni lobbisinə qarşı səmərəli əks ideoloji-siyasi təbliğatı gücləndirmək üçün əlverişli tribuna qazanmışdır.

Ötən 20 ildə partiyanın cəmiyyətdəki nüfuzunun ən qabarıq göstəricilərindən biri də məhz demokratik seçki şəraitində qazanılan layiqli qələbələr olmuşdur. 1999-cu ildə keçirilən bələdiyyə seçkiləri də YAP-ın inamlı zəfəri ilə başa çatmışdır. Bir il sonra - 2000-ci ilin noyabrında keçirilmiş parlament seçkilərində 124 yerdən 75-ni tutan partiya cəmiyyətdə yüksək reytinq və sosial bazaya malik olduğunu tam təsdiqləmiş, parlamentdə həlledici çoxluğa malik olmaqla xalqın mənafeyi baxımından zəruri olan qərarların qəbulunda əsas söz sahibi kimi çıxış etmişdir.

Yeni Azərbaycan Partiyasının 2001-ci il noyabr ayının 21-də keçirilən II qurultayı da partiyanın tarixində ən əlamətdar hadisələrdən biri kimi xatırlanır. Qurultaydakı çıxışında ulu öndər Heydər Əliyev partiyada demokratiyanın təkmilləşdirilməsi, gənclərə, qadınlara daim qayğı göstərilməsi, təbliğat işinin müasir metodlarla qurulması, keyfiyyət və professionallıq səviyyəsinə görə digərlərindən fərqlənən kadrların hazırlanmasını YAP qarşısında mühüm vəzifələr kimi müəyyənləşdirmişdir. Qurultayda YAP-ın Nizamnaməsində müəyyən dəyişikliklər edilmiş, partiya sədrinin birinci müavini vəzifəsi təsis olunmuş, bu mühüm posta Heydər Əliyev siyasi məktəbinin ən layiqli nümayəndəsi cənab İlham Əliyev seçilmişdir.

YAP-ın II qurultayı Azərbaycanda müstəqil, demokratik dövlət quruculuğu prosesinin uğurla həyata keçirildiyini bəyan etmişdir. Qurultay öz qətnaməsində yeni, müstəqil Azərbaycan uğrunda ideyasının faktiki olaraq gerçəkləşdiyini və müstəqilliyinin əbədiliyini, dönməzliyini, sarsılmazlığını təmin etmişdir. Yeni Azərbaycan Partiyası qurultaydan sonrakı dövr üçün irəli sürdüyü yeni strategiya ilə xalqın firavan həyatı və sosial rifahı ideyası uğrunda mübarizə aparmışdır. Burada həmçinin yeni dövr üçün partiyanın qarşısında duran başlıca vəzifələr müəyyən edilmişdir. Ulu öndərin həyata keçirdiyi islahatlara dəstək vermək, bu siyasətdə fəal iştirak etmək hər bir partiya üzvünün qarşısında başlıca vəzifələrdən biri kimi müəyyənləşdirilmişdir.

Azərbaycanda müstəqil dövlətçilik ənənələrini formalaşdıran ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı böyük xidmətlərindən biri də məhz bundan ibarətdir ki, ümummilli lider müəllifi olduğu ənənələrin davamlılığını təmin etmiş, dərin zəkası hesabına respublikamızın gələcək uğurlarına ciddi təminat yaratmışdır. Tarixin konkret məqamında ümummilli liderin siyasi kursunun davam etdirilməsinin labüdlüyü, şübhəsiz, bu kursun bütünlüklə Azərbaycanın dövlətçilik maraqlarının həyata keçirilməsinə yönəlməsi ilə şərtlənmişdir. Heydər Əliyev kimi böyük siyasətçi və dövlət xadiminin ailəsində yetkinləşərək zəngin dövlətçilik məktəbi əxz edən, müasir bilik və mükəmməl təcrübəyə yiyələnən cənab İlham Əliyev 2003-cü ilin oktyabrında keçirilən prezident seçkilərində layiqli qələbə qazanmış, YAP-ın cəmiyyətdəki mövqelərini daha da gücləndirmişdir. Ötən müddətdə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə vacib amil olan ictimai-siyasi sabitlik qorunub saxlanılmış, iqtisadi inkişafa, vətəndaş sülhünə və həmrəyliyinə, qanunun aliliyinə xidmət edən mükəmməl konsepsiyanın həyata keçirilməsində tamamilə yeni mərhələnin əsası qoyulmuşdur.

Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı, onun ölməz ideyalarından güc alan Yeni Azərbaycan Partiyasının sonrakı seçkilərdə də mütləq qələbə qazanaraq cəmiyyətdəki lider statusunu qoruyub saxlaması təbii qanunauyğunluq kimi nəzərdən keçirilməlidir. Bu seçkilər Azərbaycan xalqının Heydər Əliyev ideallarına sədaqətini, ulu öndərin müəyyən etdiyi strateji inkişaf kursunu bu gün də əzmlə həyata keçirən möhtərəm Prezident İlham Əliyevin apardığı siyasətin uğurlarına ümumxalq inamını təcəssüm etdirmişdir. Xalqımız bu siyasətin həyatımıza gətirdiyi nailiyyətlərə, uğurlu sabahına doğru inamla irəliləyən Azərbaycana səs vermişdir.

YAP 20 illik yubileyini güclü, mütəşəkkil, cəmiyyətdə böyük nüfuza malik partiya kimi qeyd edir. Bunu şərtləndirən başlıca amillərdən biri də ötən 20 ildə partiyanın əldə etdiyi böyük nailiyyətlərdir. Azərbaycan Prezidenti İlham Əliyev praqmatik lider kimi ötən 9 ildə Azərbaycanın regionda güclü və qüdrətli dövlətə çevrilməsini təmin etmişdir. Ölkədə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasətin yeridilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təşkili, dövlətçilik ənənələrinin zənginləşdirilməsi, ölkəmizin dinamik iqtisadi inkişaf magistralına çıxması, onun beynəlxalq nüfuzunun sürətlə artması məhz cənab İlham Əliyevin şəxsi liderlik keyfiyyətləri sayəsində mümkün olmuşdur. Azərbaycan bu gün demokratikləşməyə, siyasi plüralizmin və qanunun aliliyinin möhkəmləndirilməsinə tərəfdar olan, hüquqi dövlət quruculuğu ilə inamla irəliləyən nüfuzlu Avropa ölkəsidir. YAP sədri, dövlət başçısı cənab İlham Əliyevin müəyyən etdiyi strateji istiqamətlər isə hələ uzun illər Azərbaycanın möhkəmləndirilməsi və gücləndirilməsinə, iqtisadi qüdrətinin artırılmasına, xalqın layiq olduğu xoşbəxtliyə qovuşmasına xidmət edəcəkdir.

 

 

Əhliman ƏMİRASLANOV,

akademik, SSRİ Dövlət mükafatı laureatı,

Milli Məclisin deputatı

 

Azərbaycan.-2012.- 21 noyabr.- S.6.