Milyonların inam və etimad ünvanı
Yeni Azərbaycan
Partiyasının 20 illik fəaliyyətinin ən
böyük uğuru müstəqil və inkişaf edən Azərbaycandır
Tarix dediyimiz mücərrəd həyat
faktı öz ardıcıllığında adi təqvim
günləri ilə yanaşı, bütövlükdə
xalqların və dövlətlərin taleyini müəyyən
edən əhəmiyyətli dönəmləri konkretləşdirir.
Öz mahiyyətində minillərin təkamül və
mübarizələrinin bütöv nəticəsini ehtiva edən
bu mərhələlər qarşıdakı həyat
yolları üzərində dəqiqləşdirmə aparmaq
üçün cəmiyyətlərə verilmiş ani seçim
imkanıdır. Millətin, dövlətin gələcək məğlubiyyət
və ya uğurlarını, ətalət və ya intensiv
inkişafını məhz bu dönəmlərdə edilən
tarixi seçimin məzmunu şərtləndirir. Bu
nöqteyi-nəzərdən əminliklə deyə bilərik
ki, yaranmasının 20-ci ildönümünü qeyd edən Yeni
Azərbaycan Partiyası da obyektiv tarixi seçimin nəticəsi
kimi siyasi həyata vəsiqə almış, müdrik
xalqımız üzləşdiyi çətin sınaqdan
üzüağ çıxaraq taleyini "Heydər Əliyev
partiyası"na etibar etmişdir.
İntibah salnaməsinin
müəllifi
Əsl həqiqət müqayisədə üzə çıxır və elə bu həqiqət işığında da tarixin hər səhifəsinə, keçmişin və bugünün gerçəkliklərinə doğru-dürüst qiymət vermək imkanı yaranır. Çətin və keşməkeşli, fəqət şərəfli müstəqillik tariximizin son 20 ildəki uğur salnaməsinin müəllifinə çevrilmiş YAP-ın iqtidar partiyası kimi əldə etdiyi uğurlara nəzər salarkən qəlbimiz qürur hissi ilə dolur. Bəli, 20 ilə yaxın müddətdə fəxarətlə qarşılaya biləcəyimiz uğurlarımız həddən ziyadə çoxdur. İllərin müqayisəsi fonunda hansı ağır sınaqlardan, çətinliklərdən, təlatümlərdən çıxdığımızın daha çox fərqində oluruq. Geridə qalan illər tarix baxımından böyük olmasa da, xaosdan sabitliyə, tərəqqidən inkişafa, səfalətdən rifaha keçidin möhtəşəm salmanəsini özündə əks etdirir.
İstər-istəməz buna adət etmişik - günlərimiz vaxtla mübarizədə keçir. Nə yazıqlar ki, bu mübarizədə bəzən özümüzü məğlub hiss etməli olmuşuq. Zamanın nəbzini tutmaq sələflərimiz üçün qərinələr boyu müşkülə çevrilib. İnkişafa, müasirlik və tərəqqiyə meyillilik bir xalq kimi ruhumuzda olsa da, onilliklər boyu "gedən qatarın" arxasınca həsrət və nisgil dolu nəzərlərlə baxmışıq. Lakin şükürlər ki, o əyyamlar artıq geridə qalıb. Hər bir uğuru ilə öyündüyümüz müstəqil Azərbaycan məhz YAP-ın milli mənafelərə əsaslanan idarəetmə strategiyası nəticəsində sürətli inkişafı ilə sanki zamanı da qabaqlayır. Ola bilər ki, kimlərsə bunu adi, qanunauyğun hal kimi qarşılasınlar. Təbiidir, insan bəzən öz taleyində yaşadığı, içərisində olduğu yenilikləri nəinki tam mahiyyəti üzrə dəyərləndirə bilmir, hətta bunlara vərdiş edir. Bir zamanlar əlçatmaz olan, xəyal kimi görünən iri layihələrin ani bir zamanda real həyata vəsiqə alması, şəhərlərimizin, rayonlarımızın, hətta kəndlərimizin sürətlə abadlaşaraq göz oxşaması, insanların yaşayış səviyyəsinin ildən-ilə yaxşılaşdırılması çoxlarımız üçün adiləşib.
Bəli, hər uğuruna ürəkdən sevindiyimiz doğma vətənimiz YAP-la bərabər çox böyük yol qət edib. Azərbaycanın bölgələri hazırda böyük tikinti meydanını xatırladır. Regionlarda yüksək zövqlə aparılan abadlıq-quruculuq işləri zahiri görüntüyə hesablanan, kampaniya xarakteri daşıyan tədbirlərdən kəmiyyət və keyfiyyətcə fərqlənir. Rayonlara, hətta kəndlərə şəhər simasının gətirilməsi əyalət insanlarının ümumi mənəvi-psixoloji ovqatını, gələcəyə inam hissini yüksəldir. Yeni inşa edilən sosial infrastruktur obyektləri - təhsil, səhiyyə, mədəniyyət müəssisələri yerlərdə mədəni-intellektual səviyyəni yüksəldir, mənəvi iqlimi saflaşdırır.
Hələ
son illərin Bakısını demirəm! Xüsusən
gecə saatlarında nura qərq olan paytaxtımızın
müasirliyini, gözəlliyini qəlbən, ruhən duymaq, həm
də qısa zamanda görülən işləri dəyərləndirmək
üçün, yetər ki, bir neçə gün doğma
şəhərdən ayrı düşəsən. Bax onda şəhərin necə sürətlə
inkişaf etdiyinin və müasirləşdiyinin daha çox
fərqində olursan. Bəli, doğma
paytaxtımız müasirliyinə görə bu gün
heç bir Avropa şəhərindən geri qalmır.
YAP və
onun alternativsiz lideri - möhtərəm Prezident İlham Əliyevin
rəhbərliyi altında əldə olunan böyük
uğurlar insanlarda gələcək barədə nikbin təəssürat
və daxili əminlik doğurur. Çətin
günlərimiz çoxdan geridə qalıb.
Üfüqdə sürətlə müasirləşən,
iqtisadi uğurları, demokratikləşmə səviyyəsi
ilə dünya arenasında layiqli mövqeyini təmin edən,
inkişaf etmiş ölkələrlə bir sırada dayanan
qüdrətli Azərbaycan görünür!
Ümidləri doğruldan seçim
Dövlət müstəqilliyinin
ilk illərində yaşadığımız
ağrılı problemlər indi yaddaşımızın
acı xatirəsinə çevrilib. Ötən əsrin
90-cı illərinin əvvəllərindən fərqli olaraq,
bu gün heç kim respublikamızın
müstəqilliyi ilə bağlı hansısa bədgüman
fikirlərə düşmür, sovet dövrünün
"nostalgiyası" ilə yaşamır.
Düşünürəm ki, sadaladığım və tam əksəriyyətinə
hələ toxunmadığım uğur və nailiyyətlərin
əsasında bir vacib məqam dayanır - lider amili!
Tarixi gerçəkliklər sübut edir ki, siyasi liderin
və onun rəhbərlik etdiyi siyasi təşkilatın idarəetmə
qabiliyyətindən ilk növbədə dövlətin və
xalqın taleyi asılıdır. Hər bir xalqın
milli özünütəsdiqinin parlaq ifadəsinə
çevrilmiş müstəqil dövlətçilik
konsepsiyası da məhz fenomenal liderlərin adı ilə
bağlı olur. Rusiya üçün belə lider əgər
Böyük Pyotrdursa, Hindistan üçün Mhatma Qandi,
Çin üçün Mao Tszedun, qardaş Türkiyə
üçün Mustafa Kamal Atatürk, Azərbaycan
üçün isə Heydər Əliyevdir! Böyük
strateq 40 illik siyasi fəaliyyəti dövründə üzləşdiyi
bütün çətinlikləri, maneələri, problemləri,
hətta uğursuzluqları mətinliklə dəf edən, məğlubiyyət
sözünü yaxına buraxmayan, inamlı addımları
ilə Azərbaycanın dövlətçiliyini məhv
olmaqdan xilas edən millət fədaisi, sərkərdə və
lider kimi xatırlanır.
Tarixin böyük sınaqları ilə üzləşən
Azərbaycan xalqı ötən əsrin sonlarında məhz
70-80-ci illərdə formalaşmış möhkəm iqtisadi
təməl üzərində dövlət müstəqilliyini
bərpa etdi.
Fəqət, müstəqilliyin ilk illərində
yaşanan sarsıntılar xalqa böyük acılar,
ağrılar yaşatdı. Respublikada
1991-ci ildən 1993-cü ilin iyununadək hökm sürən
xoşagəlməz durumu bu gün hər bir azərbaycanlı
ürək ağrısı ilə xatırlayır. Məhz belə bir mərhələdə cəmiyyətin
üzdə olan ziyalılarının, reallığı
düzgün dəyərləndirən çoxsaylı
insanların ümid dolu nəzərləri yenidən Heydər
Əliyev fenomeninə yönəldi. Azərbaycanın
taleyini düşünən insanlar ölkəni böhrandan
çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü
ilə çıxış edərək Heydər Əliyevin
ətrafında birləşdilər. Azərbaycanın
çoxsaylı ziyalı və sadə vətəndaşlarının
müraciətləri ilə bir sırada keşməkeşli
zamanın, çətin və mürəkkəb ictimai-siyasi
proseslərin, xüsusən ağır vəziyyətə
salınmış xalqın gələcək taleyinin Heydər
Əliyev dühası tərəfindən nəzərə
alınması isə YAP-ın yaranması ilə nəticələndi.
Beləliklə, 1992-ci il noyabrın 21-də
Heydər Əliyevin rəhbərliyi altında yeni
partiyanın yaranması Azərbaycanın ən yeni tarixinin
parlaq səhifəsinə çevrildi.
YAP-ın
yaranmasının 20-ci ildönümü münasibətilə
noyabrın 16-da "Buta" sarayında təşkil
olunmuş tədbirdə dərin məzmunlu
çıxış edən partiya sədri, möhtərəm
Prezident İlham Əliyev demişdir: "Yeni Azərbaycan
Partiyasının yaradılması Azərbaycanda, əslində,
siyasi sistemin yaradılması demək idi. Çünki
o vaxta qədər bizdə siyasi sistem mövcud deyildi. Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti,
siyasi mübarizə qaydalarının təbliği,
ümumiyyətlə, siyasətin sivil yollarla aparılması
ideyaları da cəmiyyətdə böyük əks-səda
yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi.
Biz bu ideyalara bu gün də sadiqik. Bütün siyasi mübarizələri sivil qaydalarla
aparırıq və bütün siyasi məsələlərdə
daim qələbə qazanırıq. Yeni
Azərbaycan Partiyası və onun nümayəndələri
bütün prezident, parlament və bələdiyyə
seçkilərində böyük üstünlüklə qələbə
qazanmışlar. Bu, partiyamızın
ümummilli partiya olduğunu bir daha sübut edir".
Davamlı
inkişafa təminat yaradan ideologiy
Antik yunan filosofu
Demokrit zamanında yazırdı ki, siyasət insanları
inandırmaq, müəyyən məqsədlər naminə səfərbər
etmək, onların şüuruna təsir göstərmək
vasitəsidir. Siyasi liderin və onun rəhbərlik
etdiyi partiyanın etimad qazanmaq üçün seçdiyi
vasitə nə qədər dürüst və saf olarsa,
xalqın onlara ictimai inamı da bir o qədər güclü
olar. Bu mənada YAP-ın siyasi partiyalar tarixində nadir
hadisə sayılan qısa zaman kəsiyində - 7 ay sonra Azərbaycanda
hakimiyyətə gəlişi Heydər Əliyev şəxsiyyətinə
olan yüksək ictimai inamın, etimadın təzahürü
idi. 1993-cü ilin iyununda, kifayət qədər
mürəkkəb bir mərhələdə xalqın səsinə
səs verən, məsuliyyəti üzərinə
götürməkdən çəkinməyən lider yenə
də Heydər Əliyev oldu. Ulu öndər
Azərbaycan rəhbərliyinə sanki yeni ruh, nəfəs
kimi qayıtdı, dövləti parçalanmaqdan, xalqı vətəndaş
müharibəsindən qurtardı, ictimai-siyasi sabitliyi,
qanunçuluğu bərpa etdi.
Ötən 20 ildə böyük uğurlara imza atmış
YAP ideyalarının xalqa daha cəlbedici və yaxın
olması ilə ölkənin siyasi taleyində mühüm
rol oynamaq qüdrətini tam təsdiqlədi. Ulu öndərin yeritdiyi
siyasət hər bir fərdin maraq və mənafeyini
özündə ehtiva etdiyindən, qısa zamanda cəmiyyətin
ən müxtəlif zümrələrinin, xüsusən də
həssas təbəqə olan gənclərin və
qadınların YAP-a sürətli axını başladı,
onların ictimai-siyasi həyatda fəallığı əhəmiyyətli
dərəcədə artdı. 1995-ci ildə
YAP Qadınlar Şurasının yaradılması bizim milli
mentalitetimizə uyğun bir hadisə - qədim ənənəvi
dəyərlərdən cəmiyyətimizi saflaşdırmaq
və möhkəmləndirmək üçün istifadə
etmək təşəbbüsü oldu.
YAP-ın
iqtisadi plaftormasına uyğun olaraq 90-cı illərin
ortalarından başlayaraq yeni dövrün tələbinə
uyğun islahatların həyata keçirilməsinə
başlanıldı. Ölkədə azad bazar
iqtisadiyyatı prinsipləri sürətlə bərqərar
oldu. Ölkəmizin yerli xüsusiyyətlərini, təbii
sərvətlərini, coğrafi şəraitini nəzərə
alan Heydər Əliyev Azərbaycanın
milli iqtisadi inkişaf strategiyasını irəli
sürdü. Yeni neft strategiyasını uğurla gerçəkləşdirdi,
"Əsrin müqaviləsi"nin
imzalanmasına nail oldu. Azərbaycana xarici
investisiyaların cəlb edilməsi üçün geniş
təşviqat apardı. Neft-qaz sənayesinin
modern texnologiya ilə yenidən qurulmasını təmin etdi.
Özəlləşdirmə prosesini uğurla
başa çatdırdı, torpağı əsl sahibinə -
kəndliyə qaytardı. İş
adamlarının fəaliyyəti üçün geniş
imkanlar açdı. Müasirləşməyə
xidmət edən siyasətin digər sahələrdə də
uğurla davam etdirilməsi 1997-ci ildən pozitiv nəticələrə
yol açmağa başladı.
Heydər Əliyev siyasi kursu Azərbaycanı davamlı
iqtisadi inkişaf yoluna çıxarmaqla yanaşı, cəmiyyətin
bütövlüyünü, həmrəyliyini təmin etdi. Ulu öndər
özünün milli birlik və həmrəylik
konsepsiyasını partiyanın proqramında dolğun şəkildə
ifadə etmişdi. YAP-ın indi də qüvvədə
olan həmin proqramında göstərilir ki, "partiya
insanlardan fəal vətəndaş mövqeyi tutmağı,
müstəqil və sərbəst düşünməyi,
milli mənəvi dəyərlərin, adət-ənənələrin
qorunması və ümumbəşəri dəyərlərlə
daha da zənginləşdirilməsi məqsədi ilə
yaradılan ictimai təşkilatların, hərəkatların
və birliklərin işində yaxından iştirak etməyi
vacib hesab edir... Yeni Azərbaycan Partiyası əsas
mövqelər üzrə razılıq əldə olunan
bütün ictimai təşkilatlarla və partiyalarla fəal əməkdaşlıq
etməyi özünün əsas prinsiplərindən biri
hesab edir. Partiyanın bu yönümdə əsas
şüarı - müxalifət naminə müxalifət
olmamaqdır və hansı sahədə fəaliyyət
göstərməsindən asılı olmayaraq, xalqa, dövlətə
xidmət göstərməkdir".
Məhz bu platforma ötən əsrin 90-cı illərinin
əvvəllərində qütblərə
bölünmüş cəmiyyətin monolitliyini təmin
etdi.
YAP-ın platformasında xüsusi yer almış azərbaycançılıq
ideologiyasının tarixən formalaşmış komponentlərini
sistem halına salan ulu öndər onu milli ideologiya şəklində
cəmiyyətə təqdim etdi. Dövlətçilik,
vətənçilik, türkçülük, müasirlik
kimi dəyərləri özündə birləşdirən
bu mükəmməl ideologiya xaricdə yaşayan
soydaşlarımız üçün də istinad mənbəyinə
çevrildi. Partiyanın proqramında
vurğulandığı kimi, azərbaycançılıq
ideologiyası geniş profilli, dövlət quruculuğunun
bütün sahələrini əhatə edən konsepsiya, həmçinin
milli intibahımızın ən dəqiq və doğru
müəyyənləşdirilmiş konseptual istiqamətidir.
Bir sözlə, YAP-ın ideoloji istinadgahı
olan azərbaycançılıq ideologiyası artıq milli
inkişafın praktik modeli kimi qəbul olunaraq, dövlətçilik
nəzəriyyəsinin təkmil konsepsiyasına çevrilib.
Müstəqilliyin ilk illərindən etibarən
daim aktual olan "Yolumuz haradır və hansı potensialla irəliləyirik"
sualına cavabı məhz bu konsepsiyanın müddəalarında
tapmaq olur.
Milli-mənəvi dəyərlərə
yüksək sadiqlik nümunəsi
Böyük strateq Heydər
Əliyev müstəqil dövlət quruculuğu prosesinin zəruri
tərkib hissələrindən biri kimi hələ 70-80-ci illərdə
respublikada formalaşdırdığı zəngin
elmi-intellektual potensiala istinad edərək özünün
mükəmməl elm və təhsil konsepsiyasını irəli
sürdü, milli tərəqqi baxımından strateji əhəmiyyət
daşıyan bu sahələrin problemlərini diqqət mərkəzində
saxladı. Heydər Əliyevin mənəvi və
intellektual yüksəlişə xidmət edən siyasəti əslində
Yeni Azərbaycan Partiyasının da proqramında dolğun əksini
tapmışdır: "Yeni Azərbaycan Partiyası
özünün mənəvi inkişaf sahəsindəki
başlıca vəzifəsini milli dövlətçilik təfəkkürünə,
zəngin, mənəvi, elmi-intellektual potensiala malik olan, zəhmətsevər,
humanist, vətənpərvər və ictimai cəhətdən
fəal Azərbaycan vətəndaşı tərbiyə etməkdə
görür. Partiya bu vəzifələri həyata
keçirmək üçün sosial mədəni həyatın
əsas sahələrini elmin, təhsilin və mədəniyyətin
inkişafını, gənc nəslin tərbiyəsini
ümumxalq və ümumdövlət işi səviyyəsinə
qaldırmağı və bu istiqamətdə səmərəli
dövlət siyasətinin həyata keçirilməsini zəruri
hesab edir".
Ümummilli liderin milli mədəniyyətə, incəsənətə,
ədəbiyyata, ana dili məsələlərinə
xüsusi qayğı ilə yanaşması həm də mənəvi
irsə qayğı siyasətinin mahiyyətindən irəli gəlirdi. Sovet Azərbaycanına
rəhbərliyi dövründə
formalaşdırdığı mütərəqqi ənənəni
davam etdirən Heydər Əliyev görkəmli şair və
yazıçıların, elm, təhsil, incəsənət
xadimlərinin yubileylərinin keçirilməsinə, ev-muzeylərinin
yaradılmasına xüsusi diqqətlə yanaşırdı.
Bu, eyni zamanda, YAP-ın hazırda da qüvvədə
olan proqramından irəli gələn qayğıkeş
addımlar idi. Həmin proqrama görə,
partiya insanları yaşamağa, işləməyə
ruhlandıran, onların mühüm ilham mənbəyi olan ədəbiyyat
və incəsənətin rolunun yüksəldilməsini, bu
sahəyə dövlət qayğısının
artırılmasını zəruri hesab edir. Partiya hesab edir ki, ədəbiyyat və incəsənət
insanların bəşəri duyğularını və fikirlərini
ifadə edir, onların zənginləşməsində, mənəvi
tərbiyəsində mühüm rol oynayır. Partiya ədəbiyyat və incəsənətin
inkişafına daim elə bir diqqət və qayğı ilə
yanaşmağı tələb edir ki, o, xalqın həyatı
ilə əlaqəni kəsməsin, gerçəkliyi
düzgün və yüksək bədiiliklə əks etdirə
bilsin. Yeni, qabaqcıl təcrübələr
və tərəqqi ilhamla qələmə alınsın, cəmiyyətin
irəliləyişinə mane olan nə varsa, hamısı
hiddətlə ifşa olunsun. Yeni Azərbaycan
Partiyası cəmiyyətin sağlamlaşmasına,
insanların mənəvi təmizliyinə, islam
dininin əsrlərin sınağından
çıxmış mütərəqqi dəyərlərinin
qorunmasına və yaşamasına da böyük önəm
verir. Partiya ictimai davranışa, milli əxlaqa,
adət-ənənələrə, mentalitetə zidd olan
hallara qarşı ciddi barışmaz mübarizə
aparır.
Xüsusi xatırlatmaq istərdim ki, ümummilli lider Heydər
Əliyev cəmiyyətdə mənəviyyatın təntənəsi
naminə gəncləri təhsilli, elmli və zəkalı
görmək istəyir, bu məqsədlə bütün
imkanları yaradırdı. Ulu öndərin Azərbaycan
müəllimlərinin XI qurultayında məktəb tikintisi,
təmiri və təchizatına yardım göstərilməsi
ilə bağlı çağırışı cəmiyyətdə
böyük əks-səda, canlanma yaratmışdı. Məhz həmin müraciətdən sonra ölkədəki
xarici təşkilatlar və səfirliklər məktəb
tikintisinə yardım etməyə başladılar. Ümummilli liderin qayğısı nəticəsində
təhsil sistemində yenilik və novatorluq dövrü
başlandı, bu sahəyə ayrılan büdcə vəsaitləri
ildən-ilə artırıldı.
YAP-ın
sosialyönümlü siyasətinə yüksək sadiqlik
nümayiş etdirən Heydər Əliyev Azərbaycan müəlliminin
qayğılarını da diqqət mərkəzində
saxlayırdı. Ulu öndər müəllimlərin
uca və müqəddəs peşə sahibləri
olduqlarını söyləyir, cəmiyyəti onlara
qarşı sayğılı olmağa çağırırdı.
Eyni zamanda Azərbaycan müəllimini müqəddəs
peşəsinə sadiq olmağa, bu peşənin
ucalığını qorumağa səsləyirdi. Ümummilli liderin təhsilə böyük diqqət
və qayğısının nəticəsidir ki, bu gün
ölkəmizdə vətənpərvər
dünyagörüşlü və yüksək təhsilli gənclərimizin
sayı xeyli artıb. Şübhəsiz, həmin
gənclər Heydər Əliyevin şah əsəri olan
müstəqil, sabit, qüdrətli Azərbaycanın gələcəyidirlər.
Ulu
öndər Heydər Əliyev mənəvi tərbiyə məsələsini
də Azərbaycan gəncliyi qarşısında dayanan
mühüm prioritetlərdən hesab edirdi: "Gənclərimizin
qarşısında duran ən əsas məsələlərdən
biri mənəvi tərbiyə məsələsidir. Bilirsiniz, indi maddi çətinlik, maddi ehtiyaclar,
şübhəsiz ki, cəmiyyətdə cürbəcür mənfi
halların meydana gəlməsinə gətirib
çıxarır. Ancaq gənclərimiz
də bilməlidir, vətəndaşlarımız da bilməlidir
ki, bu dövrün müvəqqəti çətinliklərinə
dözmək lazımdır, mənəvi tərbiyəni daim
aparmaq lazımdır və gənclərimizi yüksək mənəviyyat
ruhunda tərbiyələndirmək lazımdır. Ümumbəşəri dəyərlər, Azərbaycan
xalqının milli-mənəvi dəyərləri hər bir
gənc tərəfindən mənimsənilməlidir. Mənəviyyat
olmayan yerdə heç bir şey ola bilməz.
Nə qədər var-dövlət olsa da, nə qədər
pul olsa da, nə qədər zənginlik olsa da, mənəviyyat
olmayan yerdə heç bir şey ola bilməz.
Xalqımızın tarixinin əsasını təşkil
edən bütün mərhələlərdə,
keçmiş əsrlərdə yüksək mənəviyyat
olmuşdur".
Yeni əsrin
müasir ruhlu lideri
Ümummilli lider Heydər
Əliyev bütün mənalı həyatı və şərəfli
dövlətçilik fəaliyyəti müddətində
yalnız Azərbaycanı düşündü, onun
müasirləşməsinə, qüdrətlənməsinə,
çiçəklənməsinə çalışdı.
Dahi öndər Azərbaycanı daim inkişaf
edən, müasir görmək istəyirdi. Elə bu məramla
da xalqın gələcək taleyinə biganə qalmadı:
müasirləşmə xəttini özündən sonra
layiqincə davam etdirəcək müasir düşüncəli,
yüksək idarəetmə və təşkilatçılıq
qabiliyyətinə malik müasir ruhlu lider yetişdirdi. Əgər
Heydər Əliyevin müasirləşmə siyasəti ötən
əsrin 70-ci illərində Azərbaycanı keçmiş
SSRİ-nin qabaqcıl ölkəsinə çevirdisə, eyni
zamanda 90-cı illərdə xaos və tərəqqidən
inkişafa doğru mükəmməl strategiyanı təmin
etdisə, onun layiqli davamçısı cənab İlham Əliyevin
yürütdüyü modernləşmə kursu
respublikamızın milli inkişaf yolunu
formalaşdırdı.
Möhtərəm Prezident İlham Əliyev ötən
9 ildə respublikanın inanılmaz uğurlarının əsas
müəllifi kimi YAP-ın ümumxalq partiyası imicini daha
da möhkəmləndirib. Azərbaycan Qərb
dövlətlərinin onilliklər boyu adladığı
inkişaf mərhələlərini qısa zamanda keçərək
iqtisadi sahədə keçid dövrünü inamla başa
vurub. İqtisadi islahatlarla yanaşı,
ölkədə siyasi, hüquqi, mədəni islahatlar da
uğurla davam etdirilir. Bütün bunlar isə
partiyamızın cəmiyyətdəki mövqelərini,
nüfuzunu daha da möhkəmləndirir. YAP-ın
yaranmasının 20-ci ildönümü ilə bağlı
"Buta" sarayında keçirilən tədbirdə cənab
İlham Əliyev demişdir: "...Hər bir istiqamət
üzrə möhkəm əsaslar qoyulmuşdur və biz bu
gün bu əsaslar üzərində inkişaf edirik. Əlbəttə, Yeni Azərbaycan Partiyasının
və onun üzvlərinin bu işlərdə çox
böyük zəhməti, rolu olmuşdur. Mən çox şadam ki, partiyamız bu gün də
inkişafdadır. Əlbəttə, mən
çox sevinirəm ki, partiyamızın sıraları
genişlənir. Eyni zamanda, gənc nəslin
partiyamıza axını məni çox sevindirir. Yəni partiyamızın ideyaları, partiya üzvlərinin
hərəkətləri, bizim ciddi siyasi məsələlərin
həllində rolumuz, eyni zamanda, beynəlxalq nüfuzumuz, əlbəttə
ki, cəmiyyətimizin üzvlərini partiyaya daxil olmaq
üçün həvəsləndirir".
Dövlət başçısı İlham Əliyev cəmiyyətin
iqtisadi inkişafı ilə yanaşı, onun mənəvi-intellektual
yüksəlişinin də təminatçısıdır. Etiraf etməliyik
ki, qloballaşma proseslərindən ən çox ziyan çəkən
milli mədəniyyət və digər milli dəyərlərdir.
Çünki bu proses vahid dünya təsərrüfatı və
iqtisadi sistemin yaradılmasından başqa, mənəvi, mədəni,
siyasi, ictimai həyatın digər sahələrini də əhatə
edir. Bəzən Qərbin kosmopolit və
universal "dəyərləri" ən mükəmməl,
mütərəqqi sivilizasiya kimi, həm də cəlbedici
şəkildə təbliğ edilir. Beləcə,
milli mədəniyyətin, dilin, dinin, adət-ənənələrin
sıxışdırılmasına və milli şüurun
kosmopolitləşdirilməsinə cəhd göstərilir.
Bu reallıqlardan çıxış edən
ölkə başçısı milli-mənəvi dəyərləri
qorumağın vacibliyini xüsusi önə çəkir.
Bu gün milli özünəməxsusluğu
yabançı Qərb dəyərlərinin
dağıdıcı təsirindən qorumaq istəyən Azərbaycan
ilk növbədə cəmiyyətin təməli olan milli ailə
institutunun tarixi ənənələr üzərində
möhkəmlənməsinə çalışır. Ailəyə
bağlılıq azərbaycanlılarda tarixi kökdən, ənənələrdən,
milli dəyərlərdən rişələnir. Azərbaycan Prezidenti İlham Əliyev ailə dəyərlərinə
qəlbən bağlı lider kimi Azərbaycanda bu institutun
möhkəmlənməsinə, problemlərinin həllinə
çalışır. Dövlət
başçısı hələ Nazirlər Kabinetinin 2009-cu
ilin 1-ci rübünün yekunlarına həsr olunmuş
iclasında demişdir: "Ailə və uşaq problemləri
çox böyük əhəmiyyət daşıyır. Ailə dəyərləri xalqımız
üçün həmişə çox doğma olub, çox
əziz olub və deyə bilərəm ki, ailə dəyərləri
əslində bizim milli dəyərlərimizdir. Azərbaycan dünya birliyinə inteqrasiya edir. Ölkəmizin inkişafı, müstəqilliyimizin
daha da möhkəmləndirilməsi üçün və
milli dəyərlərin tam şəkildə bərqərar
edilməsi üçün ailə dəyərləri daim
yüksəklərdə olmalıdır".
Ailə dəyərlərinin mühafizəsi isə ilk
növbədə qadın adının uca tutulmasından,
gender siyasətinin düzgün istiqamətləndirilməsindən
asılıdır. Hakimiyyətdə olduğu 19 il
müddətində YAP hər zaman qadınlara yüksək
ehtiram, qayğı, nəvazişlə
yanaşılmasının, habelə onların cəmiyyət
həyatında layiqli iştirakının təmin edilməsinin
qarantı kimi çıxış edib. Xatırlatmaq
yerinə düşər ki, ümummilli lider Heydər Əliyevin
xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə
qayıdışından sonra Azərbaycan qadını layiq
olduğu uca mövqeyə yüksəlib. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə
qəbul olunmuş müstəqil Azərbaycanın ilk
Konstitusiyasının 25-ci maddəsində kişi ilə
qadının eyni hüquq və azadlıqlara malik olduğu
birmənalı təsbit edilib. Əsas Qanunun qəbulundan sonra
respublikamızda kişi və qadın bərabərliyinin
təmini, gender balansının qorunması istiqamətində
də mühüm addımlar atılıb. Ulu öndər
Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli
fərmanı ilə gender siyasətinin həyata keçirilməsi
məqsədi ilə Qadın Problemləri üzrə Dövlət
Komitəsi yaradılıb.
Müstəqil respublikamızda qadın hüquqları
bu gün də etibarlı şəkildə qorunur, yüksək
səviyyədə müdafiə edilir. Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il 6 fevral tarixli sərəncamı ilə
gender sahəsində vahid dövlət siyasətini həyata
keçirən komitənin adı dəyişdirilib, Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi kimi yenidən formalaşdırılıb. Bu təşkilatın
ümumən Cənubi Qafqazda gender sahəsində fəaliyyət
göstərən yeganə dövlət strukturu olduğu da
xüsusi qeyd olunmalıdır. 2006-cı ilin
dekabrında Milli Məclisdə qəbul olunmuş "Gender
(kişi və qadınların) bərabərliyinin təminatları
haqqında" Azərbaycan Respublikasının Qanunu da
respublikamızda qadınların hüquqlarının
etibarlı müdafiəsi baxımından mühüm əhəmiyyətə
malikdir.
Ümumilikdə YAP-ın da iştirakı ilə son illərdə
ölkədə qadınların ictimai-siyasi fəallığı
artırılıb, dövlət idarəçiliyi sistemində
onların fəal iştirakı təmin edilib. Müxtəlif
nazirliklər və icra hakimiyyəti orqanlarında
qadınların hüquqlarının müdafiəsi ilə məşğul
olan cavabdeh şəxslər təyin edilib. Qürurla deyə
bilərik ki, 2010-cu ildə keçirilmiş parlament
seçkilərinin nəticələrinə görə,
YAP-ı Milli Məclisdə təmsil edən xanım
deputatların sayı əvvəlki dövrdəki 7 nəfərdən
15 nəfərə yüksəlib.
YAP-ın
ilbəil güclənməsi, sıralarının artması
onun tərkibində qadınların rolunu da gücləndirir.
Hakim partiyanın üzvü olan qadınlar idarəetmə
orqanlarında, elm, təhsil, mədəniyyət müəssisələrində
öncül sıralarda təmsil olunur, ölkəmizin
inkişafına layiqli töhfələrini verirlər.
Hazırda partiya üzvlərinin təxminən 47,8 faizini qadınlar təşkil edir. Bu baxımdan YAP Qadınlar Şurasının partiya
fəaliyyətinin uğurla həyata keçirilməsində
özünəməxsus yeri və rolu var. YAP Qadınlar
Şurası seçki kampaniyalarının uğurla
aparılmasında və partiya həyatı ilə
bağlı digər tədbirlərdə daim yüksək fəallıq
göstərir. Qadınların
seçkili orqanlarda təmsilçiliyinin yüksəlməsi,
ümumilikdə zərif cinsin nümayəndələrinin
seçkilərdə aktiv iştirakı da məhz aparılan
geniş təbliğat və maarifləndirmə işlərinin
nəticəsi sayılmalıdır. Qadınlar
Şurasının keçirdiyi müxtəlif tədbirlər
YAP rəhbərliyi tərəfindən də daim dəstəklənir,
lazımi qiymətini alır.
Qadın hüquqlarının
etibarlı hamisi
Azərbaycanda qadın hərəkatının
geniş vüsət almasında, xanımlarımızın nəcib
və xeyirxah məqsədlər naminə sistemli və
ardıcıl fəaliyyətinin genişlənməsində,
onların YAP-a axınının təmin edilməsində Azərbaycanın
birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri
xüsusi vurğulanmalıdır. Azərbaycan qadını
üçün səciyyəvi olan humanizm,
qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban
xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü
tapır.
Heydər Əliyev Fondunun prezidentinin çoxşaxəli
fəaliyyəti milli-mənəvi dəyərlərə
söykənən və intellektual yüksəlişə xidmət
edən ideyaların cəmiyyətdə daha da zənginləşməsinə
və möhkəmlənməsinə yönəlib. Fond ölkəmizdə
elmin, təhsilin, mədəniyyətin inkişafı, sosial problemlərin
həlli naminə gördüyü fəal işlərlə
yanaşı, gender problemlərinə, qadınlara
qarşı bütün zorakılıqların, ənənəvi
Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan
qaldırılmasına xüsusi diqqət yetirir. 2008-ci
il yanvarın 16-da Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu
(UNFPA) və Azərbaycanın Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi arasında
XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə
birgə layihəyə dair sənədlərin imzalanması
da deyilənlərin əyani təsdiqidir.
Bu gün
YAP Qadınlar Şurası Mehriban xanım Əliyevanın
sivilizasiyalar arasında mədəni dialoqun qurulmasına,
ayrı-ayrı xalqların ortaq mədəni dəyərlərinin
aşkara çıxarılmasına, ölkələr
arasında elmi-humanitar və mədəni əməkdaşlığın
dərinləşməsinə yönəlmiş fəaliyyətini
yüksək qiymətləndirir və bu prosesə öz
töhfəsini verməyə çalışır. 2008-ci
ilin yayında Mehriban xanım Əliyevanın təşəbbüsü,
UNESCO-nun və ISESCO-nun dəstəyi ilə keçirilən
"Mədəniyyətlərarası dialoqda qadınların
rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq
Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər
arasında ortaq təmas nöqtələrinin tapılması,
ümumbəşəri konsolidasiya prosesində
qadınların rolunun araşdırılması, bu
yönümdə konkret fəaliyyət istiqamətlərinin
müəyyənləşdirilməsi baxımından
mühüm əhəmiyyət kəsb edib. Həmin tədbirdə
Azərbaycanın birinci xanımı ölkə
qadınlarının cəmiyyətin ictimai-siyasi və mədəni
həyatında daim mühüm rola və mövqeyə malik
olduqlarını xüsusi vurğulayıb: "Bu gün
qadınlarımız idarəetmə, hüquq və məhkəmə
sistemində təmsil olunur, ölkənin ictimai və siyasi həyatında
fəal iştirak edirlər. Onlar ölkə
üzrə məktəb müəllimlərinin 71, həkimlərin
61, elmi işçilərin isə 50 faizini təşkil edirlər.
Bu yolu Azərbaycan qadını 90 il ərzində
keçmişdir. Bütün bunlarla
yanaşı, Azərbaycan qadını ailə dəyərlərinin
qorunub saxlanması kimi mühüm bir sahədə də
öz layiqli töhfəsini vermişdir".
Heydər Əliyev Fondunun millətin fiziki və mənəvi
sağlamlığı, milli-genetik ruhunun qorunması naminə
həyata keçirdiyi sosialyönümlü layihələr
sırasında təhsil və səhiyyəyə yardım,
bu sahələrin infrastrukturunun yeniləşdirilməsi tədbirləri
mühüm yer tutur. Bu baxımdan "Yeniləşən Azərbaycana yeni məktəb",
"Təhsilə dəstək", "Diabetli uşaqlara ən
yüksək qayğı", "Talassemiyasız həyat
naminə" və digər layihələr cəmiyyətdə
böyük rəğbətlə qarşılanıb. Fondun 8 illik fəaliyyətinin ən mühüm nəticələrindən
biri də respublikada xeyriyyə fəaliyyətinin
canlandırılmasıdır. UNESCO-nun və
ISESCO-nun xoşməramlı səfiri haqlı olaraq qeyd edir
ki, xeyriyyəçilik cəmiyyətdə mənəvi-psixoloji
ab-havanın yaxşılaşmasına şərait
yaradır, insanlar arasında münasibətləri humanistləşdirir,
onların daha xeyirxah, səmimi və həssas olmasına
müsbət təsir göstərir. Çətin
məqamda başqalarından dəstək almış insan
imkanı daxilində başqalarına kömək göstərməyə
daha çox meyil edir. Beləliklə, cəmiyyətdə
xeyirxah işlərin dairəsi genişlənir,
qarşılıqlı kömək və dəstək sistemi
yaranır.
Fondun ən uğurlu fəaliyyət istiqamətlərindən
biri də Azərbaycan mədəniyyətinin dünyada təbliğidir. Uzağa getməyək, elə
bu ilin may ayında "Eurovision" mahnı
yarışmasının Bakıda yüksək səviyyədə
keçirilməsi də məhz Heydər Əliyev Fondunun
adı ilə bağlıdır. Müsabiqənin
keçirilməsi üzrə Təşkilat Komitəsinə
rəhbərlik edən Azərbaycanın birinci
xanımının yüksək təşkilatçılığı
sayəsində respublikamız nəinki bu məsuliyyətli
işin öhdəsindən uğurla gəldi, eyni zamanda milli
mədəniyyətinin zənginliyini və özünəməxsusluğunu
da təsdiqləmək imkanı qazandı. Mehriban
xanım Əliyeva "Eurovision" mahnı müsabiqəsi
ilə bağlı Bakıya gəlmiş əcnəbilərə
müraciətində deyirdi: "Ölkəmizdə tarixən
tolerantlıq ənənələri, mədəniyyət və
sivilizasiyaların dialoqu mövcud olmuşdur. Burada
müxtəlif xalqların və dinlərin nümayəndələri
əsrlər boyu sülh və əmin-amanlıq şəraitində
yaşamış və yaşamağa davam edirlər. "Eurovision" Mahnı Müsabiqəsi
keçirilən günlərdə də
ifaçıları, qonaqları və
tamaşaçıları, milliyyətindən, dinindən və
siyasi baxışlarından asılı olmayaraq Bakıya
toplaşan bütün insanları musiqi birləşdirəcək".
Bu gün ölkəmizin birinci xanımı Azərbaycan
naminə həyata keçirdiyi ən uğurlu layihələri
ilə müqəddəs analığın xidmətindədir.
Sonda
xüsusi vurğulamaq istərdik ki, YAP-ın 20 illik fəaliyyətinin
ən böyük uğurlarından biri də ölkədə
milli ideyanın formalaşmasıdır. Partiya müstəqil
Azərbaycan qarşısında duran ümummilli məqsədləri
dəqiq müəyyən edərək onların gerçəkləşdirilməsi
istiqamətində ardıcıl, sistemli fəaliyyət
göstərir. Ümumi şəkildə ifadə etsək, bu
gün ölkədə həyata keçirilən siyasətin
başlıca məqsədi modernləşmə mərhələsini
də sürətlə başa vuraraq Azərbaycanı
inkişaf etmiş ölkələr səviyyəsinə
yüksəltmək, demokratik idealların cəmiyyətdə
tam möhkəmlənməsinə nail olmaq, yeni
düşüncəli vətəndaş yetişdirməkdir.
Yeni dövrün milli ideallarına çevrilən bu məqsədlərin
reallığa adekvatlığı isə qətiyyən
şübhə doğurmur. Çünki bu gün Azərbaycana
hər addımda ölkəni inkişaf etdirməyə,
müasirləşdirməyə çalışan, yeni
dünya nizamının tələblərinə cavab verən
siyasət yürüdən müasir menecment təfəkkürlü,
zəkalı, qətiyyətli və müdrik lider rəhbərlik
edir.
Nurlana ƏLİYEVA,
YAP Qadınlar Şurasının sədri,
filologiya elmləri doktoru,
professor
Azərbaycan.-2012.- 21 noyabr.- S.7.