Regional inkişaf qeyri-neft sektoru üzrə
gəlirlərin artımını təmin edir
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iri şəhərlərin daha sürətlə inkişaf etməsi, rayonların və kəndlərin isə tərəqqi prosesindən geridə qalması kimi neqativ tendensiya ilə üzləşmişdi. Paytaxt və digər böyük şəhərlərin, iri yaşayış massivlərinin kənd, rayon və qəsəbələrə nisbətən daha sürətlə inkişaf etməsinə təkcə postsosialist dövlətlərində deyil, ümumilikdə bütün qabaqcıl ölkələrdə də geniş rast gəlinir. Həmin ölkələrin təcrübəsi göstərir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin qorunub saxlanılması vacib şərtlərdəndir.
Bu reallıqları düzgün dəyərləndirən Prezident İlham Əliyev sosial ədalət prinsipinin qorunması baxımından respublikanın hər bir bölgəsinin - potensial və imkanlar nəzərə alınmaqla - proporsional inkişafını vacib sayır. Dövlət başçısı haqlı olaraq bildirir ki, urbanizaya prosesi - şəhərlərə yüksək axın hazırda bütün dövlətləri qayğılandıran və ciddi fəsadlarla müşayiət olunan qlobal problemdir. Bunun miqyasını və Azərbaycan üçün aktuallığını nəzərə alan Prezident İlham Əliyev hələ Nazirlər Kabinetinin 17 noyabr 2003-cü ildə keçirilmiş ilk iclasında regionların tarazlı və davamlı inkişafını hökumətin qarşısında başlıca vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Həmin dövrdə o prinsip önə çəkilmişdir ki, dövlət hansı iqtisadi-coğrafi zonada yaşamasından asılı olmayaraq, hər bir vətəndaşın sosial-mədəni və intellektual yüksəlişinə çalışmalıdır. Bu, ilk növbədə, cəmiyyətdə sosial ədalət prinsipinin qorunması baxımından vacibdir.
Prezident İlham Əliyevin 2004-cü il fevralın 11-də imzaladığı "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" fərman da regionların inkişafını təmin edən mükəmməl konsepsiya olmuşdur. Dövlət proqramı regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə, oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi resurslardan kifayət qədər səmərəli istifadəyə, iqtisadiyyatın dinamik inkişafına, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına imkan yaratmışdır. Fərmanın icrası ilə bağlı Azərbaycan hökuməti 2004-2008-ci illər ərzində regionlarda kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafına yardım göstərmiş, o cümlədən emal müəssisələrinin, xidmət və digər infrastruktur obyektlərinin yaradılması istiqamətində sistemli tədbirlər həyata keçirmişdir.
Regionların sosial-iqtisadi inkişafı birinci Dövlət Proqramında vacib məqam insan amili ilə şərtlənmiş, bu proqram əsasında işsizlik probleminin aradan qaldırılması, yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin tikintisi, yeni yolların çəkilişi və əsaslı bərpası istiqamətində tədbirlər həyata keçirilmişdir.
Etiraf olunmalıdır ki, əksər hallarda dövlətləri genişmiqyaslı sosialyönümlü tədbirlər sistemi həyata keçirməyə sövq edən başlıca amillər sırasında məhz bir ictimai-iqtisadi formasiyadan digərinə keçidlə bağlı yaranan işsizlik problemi, yaxud əməyin ucuzlaşması olur. Yeni iqtisadi münasibətlər sistemində özəlləşdirmə və sahibkarlığın inkişafı məsələləri ilə bağlı olaraq vətəndaşların işlə təminatı sırf dövlətin funksiyalarına şamil edilmir. Xüsusi mülkiyyətçilik şəraitində dövlət əmək resurslarına qismən nəzarət etdiyindən, işsizliyin müəyyən səviyyədə mövcudluğu labüd prosesə çevrilir. Cənab İlham Əliyev hesab edir ki, dövlət iş yerlərinin açılması prosesinə, sadəcə, münbit şərait yaratmalı, əhalinin faydalı məşğulluğunun təmin edilməsi məsələsini bu və digər hüquqi əsasda stimullaşdırmalıdır.
Prezident
İlham Əliyev 2004-2008-ci illərdə respublikanın əksər
rayonlarına, o cümlədən Bakı kəndlərinə
səfərlər etmiş, regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramı çərçivəsində
görülən işlərlə maraqlanmış,
tapşırıq və tövsiyələrini vermişdir. Cənab
İlham Əliyev son beş ildə respublikanın
regionlarına 127 dəfə səfər etmiş, o cümlədən
6 dəfə Naxçıvan Muxtar Respublikasında olmuş,
yerlərdə görülən işlərlə, xalqın həyat
səviyyəsi ilə maraqlanmış, tapşırıq və
tövsiyələrini vermiş, ölkənin
abadlaşması və inkişafı üçün əhəmiyyətli
olan 500-dək müəssisə və obyektin təməlqoyma
və açılış mərasimlərində iştirak
etmişdir. Bu səfərlərin nəticəsi kimi
Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran,
Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi
rayonlarına daxil olan şəhər və rayonların
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə 17 sərəncam imzalanmış, dövlət
proqramında nəzərdə tutulmayan bəzi mühüm tədbirlər
həyata keçirilmişdir.
Ötən
müddətdə dövlət proqramının icrasına
yönələn investisiyaların həcmi 6,8 milyard manat təşkil
etmişdir. İqtisadiyyatın şaxələndirilməsi və
qeyri-neft sektorunun inkişafı istiqamətində həyata
keçirilmiş əməli tədbirlər sayəsində
qeyri-neft sektoruna qoyulan investisiyalar 2004-2008-ci illərdə 6,2
dəfə artmış, onun xüsusi çəkisi
2003-cü ildəki 26,8 faizdən 2008-ci ildə 69 faizə
yüksəlmişdir. Bölgələrin inkişafına
xidmət edən bu və digər dövlət
proqramlarının uğurla həyata keçirilməsi sayəsində
əhalinin, xüsusən də regionlarda yaşayan əhalinin
məşğulluq səviyyəsi yüksəlmiş, 27 min
500 yeni müəssisə yaradılmış, 766 min 300 iş
yeri açılmışdır. Nəticədə sənaye
istehsalı 3,7, investisiyalar 2,4, strateji valyuta ehtiyatları 9,8,
ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 1,7, qeyri-neft
məhsullarının ixracı 2,2, orta aylıq əməkhaqqı
2,7, pensiyaların orta aylıq məbləği 4 dəfə
artmış, yoxsulluğun səviyyəsi 2003-cü ildəki
49 faizdən 13,2 faizə enmişdir. 2003-cü ildən həmçinin
büdcə xərcləri 12 dəfədən çox
artmış, respublikanın strateji valyuta ehtiyatları 18
milyard dolları ötmüşdür.
Regionların sosial-iqtisadi inkişafı ilk Dövlət Proqramında nəzərdə tutulan mühüm vəzifələrdən biri də bütün sahələrdə yeni dövrün tələblərinə cavab verən infrastrukturun yaradılması yolu ilə insan resurslarının inkişafı olmuşdur. Hər bir vətəndaşın firavan həyat səviyyəsini təmin etməyi ali məqsəd kimi qarşıya qoyan Azərbaycan hökuməti fəaliyyətini yalnız sosial müdafiə tədbirləri ilə məhdudlaşdırmamış, bütün sahələrdə kompleks islahatların aparılmasına, o cümlədən infrastruktur layihələrinin gerçəkləşdirilməsinə xüsusi diqqət yetirmişdir. İnfrastruktur layihələrinə dövlət büdcəsindən ayırmaların ildən-ilə yüksək templə artması dövlət başçısının bu məsələyə necə böyük həssaslıqla yanaşdığını göstərir. Əgər 2006-cı ilin dövlət büdcəsində investisiya layihələrinin maliyyələşdirilməsinə 600 milyon manat ayrılmışdısa, 2007-ci ildə bu rəqəm 1,5 milyard, 2008-ci ildə 4,3 milyard, 2009-cu ildə 5,6 milyard olmuşdur.
2008-ci ilin ortalarından bir çox dövlətlərin iqtisadiyyatı qlobal maliyyə böhranının mənfi təsirlərinə məruz qalsa da, Azərbaycanda iri infrastruktur layihələrinin icrasında hansısa geriləmə müşahidə edilməmiş, işlər əvvəlki ahəngi ilə davam etdirilmişdir. Elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması üçün 7-si regionlarda olmaqla 9 müxtəlif tipli elektrik stansiyasının tikintisi başa çatdırılmışdır. Naxçıvan Muxtar Respublikası uzun fasilədən sonra Lerik və Yardımlı rayonları, habelə Füzuli rayonunun Horadiz şəhəri ilk dəfə təbii qazla təmin edilmişdir.
2009-cu
ildə regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının imzalanmasının 5 illiyinə həsr
olunmuş konfransda ölkə başçısı Azərbaycan
iqtisadiyyatının bütün sahələrdə
inkişaf etdiyini demiş, bunun sırf neft amili ilə əlaqələndirilməsini
düzgün saymamışdır: "Bəzi hallarda məsələni
dərindən bilməyən, yaxud bizim işlərimizə
bir növ kölgə salmaq istəyən mənbələrdən
belə bir fikir gəlir ki, guya buna ancaq neft amilinə görə
nail ola bilmişik. Bax bu gün icra hakimiyyəti
başçılarının çıxışlarında
səslənən rəqəmlər bütün bu
yanlış tezisi alt-üst edir. Demək olar ki, əksər
rayonlarda 2 dəfə, 2,5 dəfə, 2,8 dəfə iqtisadi
artım var. Bizim bölgələrimizdə neft hasilatı
yoxdur. Yəni orada artım məhz qeyri-neft sektorunun
hesabına baş veribdir. Bu artım məhz aparılan
islahatlar nəticəsində, ayrılan vəsait, verilən
kreditlər, sahibkarlığın geniş vüsət
alması nəticəsində baş veribdir".
Azərbaycan
Prezidenti regionların sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramının icrasının gedişi, yeni iş yerlərinin
açılması ilə əlaqədar qarşıya
qoyulmuş vəzifələrin yerinə yetirilməsi,
ümumiyyətlə, regionlardakı mövcud vəziyyətlə
tanışlıq məqsədilə 2004-2005-ci illərdə
respublikanın əksər rayon və şəhərlərinə
səfərlər etmişdir. Prezident İlham Əliyevin
imzaladığı fərman və sərəncamların
icrasına bilavasitə nəzarət etməsi, hər bir
işə xüsusi tələbkarlıqla yanaşması da təqdirəlayiq
hal kimi dəyərləndirilə bilər. Ölkə rəhbəri
sürətli sosial-iqtisadi inkişafı, əhalinin həyat
səviyyəsinin yüksəldilməsini nəzərdə
tutan bütün məsələləri daim diqqət mərkəzində
saxlamaqla yanaşı, bir vacib məqamı da nəzərdən
qaçırmır: şübhəsiz, vətəndaşları
narahat edən problemlərin həlli yönümündə ən
müdrik addım elə onlarla canlı ünsiyyət yaratmaq,
xalq arasına çıxmaqdır. Dövlət
başçısının vətəndaşlarla birbaşa
təmasda olması, narahatlıq doğuran problemlərin yerində
həlli üçün lazımi göstərişlər
verməsi ictimaiyyət tərəfindən də yüksək
qiymətləndirilir. Bu, bir tərəfdən mövcud vəziyyətlə
bağlı ən obyektiv məlumatları əldə etmək
imkanı verir, digər tərəfdən dövlət məmurlarını
əhalinin problemlərinə daha ciddi yanaşmağa sövq
edir.
2004-2008-ci illərdə ümumi daxili məhsulun (ÜDM) real həcmi 2,6 dəfə artaraq 38 milyard manata çatmış, ÜDM-in adambaşına düşən nominal həcmi 5 dəfə artaraq 4440 manat təşkil etmişdir. Qeyri-neft sektoru 1,8 dəfə artmış, 2008-ci ilin yekunlarına görə ÜDM-də qeyri-dövlət sektorunun payı 84,5 faiz təşkil etmişdir. Qeyri-neft sektoruna qoyulan investisiyanın həcmi 6,2 dəfə artmış, ümumi investisiyaların strukturunda onun xüsusi çəkisi 2003-cü ildəki 26,8 faizdən 2008-ci ildə 69 faizə çatmışdır. Sənayedə 2,5 dəfə, kənd təsərrüfatında 25,2 faiz artım olmuşdur.
Regional inkişafa kompleks məsələ kimi yanaşan dövlət başçısı İlham Əliyev regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmamış bir sıra məqsədlərin gerçəkləşdirilməsi üçün 2009-2013-cü illəri əhatə edən analoji proqramın hazırlanmasını da diqqət mərkəzində saxlamışdır. Dövlət başçısının 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədi isə ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır. Dövlət Proqramında müəyyən edilmiş məqsədlərə nail olmaq üçün ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin olunması - infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsi və sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, iqtisadiyyatın inkişafına investisiyaların cəlb olunması işinin davam etdirilməsi, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması, müasir tipli infrastruktur obyektlərinin yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması istiqamətində tədbirlərin davam etdirilməsi, yoxsulluğun səviyyəsinin azaldılması qarşıya məqsəd qoyulmuşdur.
Dövlət Proqramında müəyyənləşdirilmiş məqsədlərin gerçəkləşdirilməsi baxımından ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanılması vacib əhəmiyyət kəsb edir. Sözügedən sənədin qəbulundan sonrakı dövrdə bütövlükdə iqtisadiyyatın, o cümlədən regionlarda ayrı-ayrı sahələrin inkişafının başlıca şərtlərindən biri olan orta illik inflyasiya tempi və milli valyutanın məzənnəsi məqbul səviyyədə saxlanılmış, kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlərin müddəti artırılmış, yeni iş yerlərinin yaradılması stimullaşdırılmışdır.
Məlumdur ki, məşğulluq siyasətinin mühüm istiqamətlərindən biri yeni iş yerlərinin yaradılmasını məhdudlaşdıran amillərin aradan qaldırılması, məşğulluq səviyyəsinin artırılmasına şəraitin təmin edilməsidir. Bu baxımdan Dövlət Proqramının icrası çərçivəsində kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Buna görə də ötən illər məşğulluq siyasətində əsas məqsəd əmək ehtiyatlarından daha dolğun istifadə yolu ilə əhalinin səmərəli məşğulluğunun təmin edilməsi olmuşdur. Təsadüfi deyil ki, ikinci Dövlət Proqramında da sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı üçün daha münbit şəraitin yaradılması, məşğulluğun səmərəli inkişafını təmin edən investisiya fəallığının dəstəklənməsi, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, qeyri-formal əmək münasibətlərinin leqallaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun gücləndirilməsinə yönəldilmiş infrastrukturun təkmilləşdirilməsi, kadr hazırlığı sisteminin, o cümlədən peşə hazırlığı və ixtisasartırma şəbəkələrinin fəaliyyətinin dinamik inkişaf edən əmək bazarının tələblərinə görə nizamlanması məsələləri xüsusi yer almışdır. Bu proqram iş adamlarının fəaliyyəti üçün də yaxşı imkanlar açmışdır. Sənəddə özəl sektorun dəstəklənməsi ilə bağlı nəzərdə tutulan kompleks tədbirlər təsdiqləyir ki, zəngin iqtisadi biliklərə, menecment təfəkkürünə malik olan, dünyada baş verən iqtisadi prosesləri dərindən bilən Prezident İlham Əliyev ölkənin sosial-iqtisadi tərəqqisində sahibkarların rolunu düzgün dəyərləndirir və onlara dəstəyi əsirgəmir.
Real sektorun stimullaşdırılması məqsədilə vergi dərəcələrinin optimallaşdırılması siyasəti ötən illərdə də davam etdirilmişdir. Vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması məqsədilə fərdi sahibkarlara tətbiq edilən gəlir vergisi 2010-cu il yanvarın 1-dən 35 faizdən 20, müəssisələrin mənfəət vergisi 22 faizdən 20, fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə endirilmiş, sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə etmək məqsədləri üçün hüquqi şəxslərin vergi tutulan əməliyyatlarının illik həcmi 90 min manatdan 150 min manatadək artırılmış, ƏDV və aksizlər üzrə elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılmışdır. Bununla da özəl müəssisələrin gəlir və mənfəəti artmış, nəticədə vergitutma bazasının genişlənməsi hesabına dövlət büdcəsinə daxilolmaların həcmi yüksəlmişdir.
Vergi
dərəcələrinin azaldılması iqtisadiyyatın
real sektoruna müsbət təsir göstərərək onun
davamlı, məqsədəuyğun və uzunmüddətli
inkişafını təmin etmiş, istehsalın rentabelliyini
yüksəltmiş, investisiya qoyuluşlarını
artırmaq üçün əlavə imkanlar
yaratmışdır. Dövlət
başçısının müvafiq sərəncamlarına
əsasən, sahibkarlıq subyektlərinin dövlət
qeydiyyatı və dövlət sərhədinin
buraxılış məntəqələrindən
keçirilən malların və nəqliyyat vasitələrinin
yoxlanılması "bir pəncərə" prinsipinə
uyğun təşkil edilmişdir. Özəl sektorun
inkişafının sürətləndirilməsi, bu sahəyə
maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə
dövlət vəsaitləri hesabına sahibkarların
investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsinin
daha effektiv mexanizmi formalaşdırılmışdır.
Prezident
İlham Əliyevin İmişli, Beyləqan və Saatlı
rayonlarına bu yaxınlardakı
səfəri də regionların inkişafının
hökumət üçün prioritet məsələlərdən
biri olduğunu bir daha təsdiqlədi. Regionların
inkişafı ilə bağlı qəbul edilən dövlət
proqramlarının icrası nəticəsində 2012-ci ilin
ötən 9 ayında regionlar üzrə qeyri-neft sektorundan
vergi daxilolmaları 14 faiz artmışdır. Müqayisə
üçün xatırladaq ki, "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın
icrasına başlanılana qədər icmal büdcənin tərkibində
vergi daxilolmalarında bu rəqəm cəmi 5,5 faiz idi.
Şübhəsiz, qeyri-neft sektorunda müşahidə edilən
bu artım uğurlu təməlini həm də regionların
sosial-iqtisadi inkişafı sahəsində həyata
keçirilən tədbirlərdən götürür.
Hökumət
2004-2012-ci illər ərzində regionlarda kənd təsərrüfatının,
qeyri-neft sektorunun inkişafını stimullaşdırmaqla,
yeni istehsal və emal müəssisələrinin
yaradılmasını, xidmət və digər infrastruktur
obyeklərinin, turizmin inkişafını və bunların fonunda çoxlu yeni
iş yerlərinin açılmasını təmin edib.
Prezident İlham Əliyevin İmişli, Beyləqan və
Saatlı rayonlarına səfəri çərçivəsində
sahibkarlarla görüşündə qeyd etdiyi kimi, regional
inkişaf proqramları uğurlu nəticələrini verir:
"Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı hesab edirəm ki, son illər ərzində ölkəmizi
hərtərəfli inkişaf etdirən əsas alət
olmuşdur. Bu proqram qəbul olunanda hədəflər də
müəyyən edilmişdi və hədəflər müxtəlif
istiqamətləri əhatə edirdi. Ancaq bir sözlə demək
mümkündür ki, əsas hədəf ölkə
iqtisadiyyatını şaxələndirmək idi və neft-qaz
amilindən asılılığı azaltmaq məqsədləri
daşıyırdı. Hesab edirəm ki, biz bu hədəflərə
çatmışıq, bütün bölgələrdə
quruculuq, abadlıq, infrastruktur işləri
aparılır".
İqtisadi
İnkişaf Nazirliyinin məlumatına əsasən, regional
inkişaf proqramları çərçivəsində
2004-cü ildən indiyədək bölgələrdə
çalışan sahibkarlara 910 milyon manatdan çox güzəştli
kredit verilmiş, eyni zamanda, sosial-infrastruktur layihələrinin
icrasına 90 milyard dollardan çox vəsait qoyulmuşdur. Təkcə
2012-ci ilin ilk 9 ayının yekunlarına görə, bu məbləğ
16 milyard dollar təşkil etmişdir. Qeyri-neft sektorunun
inkişafının mühüm göstəricilərindən
biri də həmin müddətdə investisiya
qoyuluşlarının həcminin və keyfiyyətinin
yüksəlməsidir. İnvestisiyalar 27 faiz artmış, o
cümlədən qeyri-neft sektorunda 31 faiz təşkil
etmişdir. Regionlarda 125 məktəb, 8 uşaq
bağçası, 14 səhiyyə, 13 mədəniyyət,
16 gənclər və idman obyektinin tikintisi başa
çatmış, 24 məktəb, 22 uşaq
bağçası, 10-dan çox mədəniyyət, səhiyyə,
gənclər və idman obyektində əsaslı təmir işləri
yekunlaşmışdır. Hazırda 270-dən çox sosial
müəssisənin tikintisi davam etdirilir. Bundan başqa,
regionların tarazlı inkişafı, əlverişli biznes və
investisiya mühitinin formalaşdırılması sayəsində
2004-cü ildən bəri 1 milyon 100 min yeni iş yeri
açılmış, qeyri-neft sektoru 2,2 dəfə
artmışdır. 2012-ci ilin ilk 9 ayında bu artım 10,3
faiz olmuşdur.
Ümumilikdə,
regionların sosial-iqtisadi inkişafı dövlət
proqramları ölkədə sahibkarlıq subyektlərinin
dinamik artımını təmin edir. 2012-ci ilin yanvar-oktyabr
aylarında 60668 vergi ödəyicisinin dövlət
qeydiyyatından keçməsi ölkədə biznesə
başlama prosedurlarının sadələşməsinin nəticəsidir.
Qeydiyyatdan keçmiş vergi ödəyicilərinin 3944-ü
kommersiya-hüquqi, 56388-i isə fiziki şəxsdir. Eyni zamanda
vergi ödəyicilərinin 37892-si elektron qaydada qeydiyyatdan
keçmişdir.
Ölkənin
iri şəhərlərində və regionlarında
sahibkarlıq subyektləri üçün
yaradılmış münbit şərait nüfuzlu beynəlxalq
təşkilatların da hesabatlarında dolğun əksini
tapır. Dünya Bankı və Beynəlxalq Maliyyə
Korporasiyası tərəfindən hazırlanan və biznes
mühitinin əlverişliliyi üzrə qiymətləndirməni
özündə əks etdirən nüfuzlu "Doing Business
2013" hesabatı bunu bir daha təsdiqləyir. Hesabatda 185
ölkə arasında 67-ci yerdə qərarlaşmış
Azərbaycan bir sıra göstəricilər üzrə yenə
də qabaqcıl ölkələr sırasındadır. Məsələn,
hesabatlara görə, keçən il Azərbaycan
iqtisadiyyatı 117, bu il isə 118 ölkəni geridə qoyur.
Builki
hesabatda "müəssisənin yaradılması"
göstəricisi üzrə Azərbaycan 18-ci, "əmlakın
qeydiyyatı" üzrə 9-cu yerdə qərarlaşmışdır.
Hesabatda "əmlakın qeydiyyatı" göstərici
üzrə Azərbaycan ilk onluğa daxil edilmiş və bu
sahədə Böyük Britaniya, Malayziya və Yeni Zelandiya
kimi qabaqcıl ölkələrlə yanaşı, dünyada
ən yaxşı təcrübəyə malik ölkə kimi
göstərilmişdir. "İnvestorların
maraqlarının qorunması" göstəricisi üzrə
25-ci pillədə olan Azərbaycan hesabatın dərc edildiyi
tarixdən nailiyyəti
köklü surətdə
yaxşılaşdırmış və bu sahədə
islahatlar aparan ölkə kimi ilk onluğa daxil olmuşdur.
"Müqavilələrin icrasının təmin edilməsi"
göstəricisi üzrə 25-ci yerdə qərarlaşan Azərbaycan
kommersiya mübahisələrinə baxılma müddətinə
görə Sinqapur, Yeni Zelandiya və Koreya ilə
yanaşı 7-ci yerdə qərarlaşmışdır.
"Vergilərin ödənişi" göstəricisi
üzrə isə Azərbaycan uğurlu islahatlar aparan ilk
beş ölkə sırasına daxil edilmişdir.
Respublikanın uzunmüddətli inkişafını təmin edəcək strateji əhəmiyyətli sənəd - "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının layihəsində 2020-ci ilədək respublika iqtisadiyyatının inkişafının başlıca təmayülləri əksini tapmış, ümumi daxili məhsulun sürətli artımına hansı resurslar hesabına nail olunması dolğun və əhatəli şəkildə göstərilmişdir. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası sayəsində 2020-ci ilədək ölkədə adambaşına düşən ÜDM-in həcminin 2 dəfədən çox artaraq 13 min ABŞ dollarına çatdırılacağı proqnozlaşdırılır. Həmin dövrədək Azərbaycanın Dünya Bankının adambaşına düşən ümumi milli gəlir təsnifatına görə "yuxarı orta gəlirli ölkələr", habelə BMT İnkişaf Proqramının insan inkişafı ilə bağlı təsnifatına görə "yüksək insan inkişafı ölkələri" qrupunda üstün mövqelərə yüksəlməsi hədəflənir.
Azərbaycanın beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabət qabiliyyətinə malik ölkəyə çevrilməsi də qarşıya qoyulmuş əsas vəzifələrdən biridir. Bu məqsədlə respublikanın regionun ticarət mərkəzinə çevrilməsi, qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcminin 1000 ABŞ dollarına çatdırılması proqnozlaşdırılır. Göstərilən məqsəqlərə nail olmaq üçün sağlam rəqabəti təmin edən səmərəli dövlət tənzimlənməsinin həyata keçirilməsi, enerjidən səmərəli istifadə edən və yüksək əlavə dəyər yaradan ixrac yönümlü iqtisadiyyatın formalaşdırılması xüsusi diqqət mərkəzində saxlanılacaq.
2020-ci ilədək inflyasiyanın məqbul səviyyədə saxlanılması, daha çevik məzənnə rejiminə keçidin təmin olunması, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur. Neft-qaz sektorunun, neft-kimya sənayesinin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsi, aqrar sektorun inkişafı, ərzaq təhlükəsizliyinin təmini, ticarət və xidmət növlərinin genişləndirilməsi, xarici ticarətin, investisiyaların strukturunun təkmilləşdirilməsi prioritet istiqamətlər olacaq. Konsepsiyanın əhatə etdiyi dövr ərzində qeyri-neft sektoru üzrə ÜDM-in orta illik artım tempinin 7 faizdən yüksək olması hədəflənir.
Əldə
edilən nailiyyətlərlə arxayınlaşmayan Azərbaycan
hökuməti regionların sosial-iqtisadi inkişafına
hesablanmış yeni-yeni layihələr həyata keçirmək
niyyətindədir. Məlum olduğu kimi, artıq xeyli
vaxtdır ki, 2014-2023-cü illəri əhatə edən yeni
regional inkişaf proqramının hazırlanması istiqamətində
işlər aparılır. Bütün bunlar isə yaxın
illərdə respublikanın paytaxtı ilə regionların
inkişafı arasındakı fərqin tamamilə
azalmasına, bölgələrdə ən müasir
standartlara cavab verən infrastrukturun yaradılmasına, firavan
həyat tərzinin təmin olunacağına, eləcə də
mədəni-intellekual intibaha əlverişli zəmin
yaradır.
Asəf NADİROV,
Akademik
Azərbaycan.-2012.- 21 noyabr.- S.8.