Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır

 

İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında bununla bağlı bəyannamə qəbul edilib

 

 XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımının məhz milli əlamətlər baxımından azərbaycanlılara qarşı yönəldiyi inkarolunmaz faktdır və bu da ermənilərin qeyri-insani davranışlarının genosid kimi tövsifi üçün ciddi hüquqi əsaslar verir. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş və 1961-ci ildə qüvvəyə minmiş "Genosid cinayətinin qarşısının alınması və təqsirkarların cəzalandırılması haqqında" Konvensiyada insanlığa qarşı yönəlmiş bu qeyri-humanist aktın hüquqi əsasları təsbit olunmuşdur.

Soyqırımı cinayətini dövlət səviyyəsində dəstəkləyən Ermənistan da üzvü olduğu BMT-nin və digər dövlətlərin nizamnamələrini, müvafiq konvensiya və sazişlərini kobud surətdə pozur. Təşkilatın digər üzvü olan Azərbaycana qarşı soyqırımı, terror və işğalçılıq siyasəti yeritməklə beynəlxalq ictimaiyyətə meydan oxuyur. Bu gün ASALA, "Daşnaksütyun" və digər terrorçu təşkilatların Ermənistan tərəfindən maliyyələşdirilməsi ilə bağlı çoxsaylı inkaredilməz faktların mövcudluğu ermənilərin bütövlükdə bəşəriyyət üçün təhlükə mənbəyi olduğunu göstərir.  

Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün hər il hökumət səviyyəsində müəyyən tədbirlər həyata keçirilir. Eyni zamanda, Milli Məclisin dünya parlamentlərinə müraciətində soyqırımı aktının real mahiyyəti, onun soyqırımı kimi tanıdılmasını şərtləndirən amillər konkret faktlar əsasında əksini tapır. Səfirliklərimiz və diaspor təşkilatlarımız da faciə ilə bağlı həqiqətlərin yerləşdikləri ölkələrin ictimaiyyətinə çatdırılması üçün fəal iş aparırlar. Bəşəriyyətə qarşı ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından son 9 ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl tədbirləri də xüsusi vurğulamaq lazımdır. "Vətəndaşlarımız, soydaşlarımız unutmamalıdır ki, erməni millətçilərinin antiazərbaycan təbliğatı getdikcə genişlənir, mənfur formalarda davam etdirilir. Ermənilər ərazi iddialarını əsaslandırmaq üçün yeni-yeni əsassız tezislər uydurur, məkrli siyasət aparırlar. Buna görə də biz belə ideoloji təxribatlara qarşı ayıq olmalı, onları vaxtında ifşa etməliyik", - deyən cənab İlham Əliyev Ermənistanın təcavüzü nəticəsində xalqımızın üzləşdiyi faciələrin real faktlarla dünya ictimaiyyətinə çatdırılmasını Xarici İşlər Nazirliyinin, xaricdəki diplomatik korpuslarımızın və diasporumuzun qarşısında mühüm vəzifələr kimi müəyyənləşdirmişdir.

Bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətlərini də xüsusi qeyd etməliyik. Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən "Xocalı uşaqların gözü ilə" rəsm müsabiqəsinin keçirilməsi, əl işlərinin, fotoşəkillərin dünyanın qabaqcıl ölkələrində keçirilən sərgilərdə nümayişi beynəlxalq ictimaiyyətdə XX əsrin ən böyük faciəsi haqqında dolğun təsəvvürlər formalaşdırmışdır. 2007-ci il fevralın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Brüssel şəhərində təşkil olunan "Təcavüzün qurbanları" adlı foto və uşaq rəsmlərinin sərgisi də bu baxımdan mühüm əhəmiyyət daşımışdır.

Fond soyqırımı haqqında həqiqətlərı dünyaya çatdırmaq üçün həmçinin 2007-ci ildə fevralın 19-26-da Türkiyənin İstanbul və daha 25 vilayətində "Xocalı həftəsi"ni keçirmiş, Tədbirlər Proqramı çərçivəsində İstanbulun mərkəzi meydanı Taksimdə bir sıra anım mərasimləri təşkil olunmuşdur. Xocalı faciəsinin beynəlxalq miqyasda tanıdılması baxımından 2008-ci il fevralın 14-də Berlində keçirilmiş "Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər" adlı elmi konfrans da son dərəcə əhəmiyyətli olmuşdur. Konfransda Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış "Xocalı uşaqların gözü ilə" sərgisi nümayiş etdirilmiş, habelə erməni qəddarlığını əks etdirən kitablar paylanmışdır. Fondun Moskva nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu ilə əməkdaşlıq çərçivəsində "Xocalıya ədalət!" kampaniyasına start verməsi də bəşər tarixində ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır.

Bu kampaniya İƏT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın 2008-ci il mayın 8-də irəli sürdüyü təşəbbüs əsasında həyata keçirilir. Tunisdə ISESCO-nun Baş Assambleyasının 10-cu sessiyasında imzalanmış protokol "Xocalıya ədalət!" Beynəlxalq Məlumat Təşviqat kampaniyasına dəstək verilməsini və dünya miqyasında təhsil, elm və mədəniyyət sahələrində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Noyabrın 15-17-də Cibuti Respublikasının paytaxtı Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının (İƏT XİNŞ) 39-cu sessiyasında Cibuti Bəyannaməsi qəbul edilib. Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üzv dövlətlərin mövqeyi əks olunub. Sənəddə Ermənistanın Azərbaycana qarşı təcavüzü kəskin surətdə pislənib, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması tələb edilib.

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (DG-İKGF) tərəfindən təqdim edilmiş qətnamə layihəsi də sessiya zamanı qəbul edilib və İƏT XİNŞ Xocalı faciəsini ilk dəfə olaraq soyqırımı aktı kimi tanıyıb. Təqdim edilən qətnamə layihəsində forumun fəaliyyəti arasında DƏ-İKGF Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə forum tərəfindən həyata keçirilən "Xocalıya ədalət!" kampaniyasına həsr edilmiş xüsusi bənd ayrılıb. Həmin bənddə İƏT XİNŞ "üzv ölkələri və İƏT qurumlarını kampaniyanın fəaliyyətində fəal iştirak etməyə və dəstək göstərməyə, bu soyqırımı aktının beynəlxalq və milli səviyyələrdə insanlığa qarşı cinayət kimi tanınması üçün səy göstərməyə" çağırılıb.

Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün bütün istiqamətlərdə aparılan məqsədyönlü və sistemli tədbirlər öz nəticələrini verməkdədir. Butün bunların nəticəsidir ki, artıq Ermənistan təcavüzkar dövlət kimi tanınmaqdadır.

 

 

 Elnur HACALIYEV

 

Azərbaycan.-2012.- 21 noyabr.- S.9.