«Belarus və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq: 2012-ci ilin yekunları, 2013-cü ildə inkişaf perspektivləri»

 

Noyabrın 20-də Belarusun Azərbaycandakı səfirliyində "Belarus və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq: 2012-ci ilin yekunları, 2013-cü ildə inkişaf perspektivləri" mövzusunda mətbuat konfransı keçirilmişdir.

Tədbirdə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç bildirmişdir ki, 2012-ci ildə Belarus-Azərbaycan ikitərəfli münasibətlərində Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısının səfəri çərçivəsində ikitərəfli əməkdaşlığa dair məsələlər müzakirə olunmuş, lizinq fəaliyyətinin genişləndirilməsi, hüquq, səhiyyə və ədliyyə sahələrində əməkdaşlığa dair 7 saziş imzalanmışdır.

Səfir demişdir ki, intensiv işgüzar əlaqələr ticarət-iqtisadi əməkdaşlığa müsbət təsir göstərir. Ticarət sahəsində qeyri-neft sahəsinin payı artır. Ötən ilin yekunlarına görə, qeyri-neft sahəsində əmtəə dövriyyəsi 209,4 milyon dollar təşkil etmişdir. Bu il həmin göstəricinin xeyli artacağı gözlənilir. Azərbaycandan Belarusa ixracın səviyyəsi Belarusdan Azərbaycana ixracın səviyyəsindən çoxdur. Məsələn, bu ilin 9 ayı ərzində Azərbaycandan Belarusa ixracın səviyyəsi 20 faiz, yaxud təxminən 10 milyon dollar artmışdır. Azərbaycan və Belarus prezidentlərinin birgə qərarı ilə Belarusun layihə-inşaat təşkilatları İsmayıllı rayonunda məcburi köçkünlər üçün 45 evlik qəsəbənin salınmasına dair pilot layihədə iştirak edirlər. Layihələşdirmə işləri başa çatmışdır, yaxın vaxtlarda qəsəbənin tikintisinə başlanacaqdır. Nəqliyyat xidmətlərinin də həcmi artır. Cari ilin oktyabrından Bakı-Minsk və Minsk-Bakı aviareyslərinin sayı həftədə 3 reysdən 4 reysədək artırılmışdır.

N.Patskeviç vurğulamışdır ki, ölkələrimiz arasında sərmayə sahəsində əməkdaşlıq genişlənir. İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində qarşılıqlı fəaliyyəti genişləndirmək məqsədi ilə gələn ilin birinci rübündə Minskdə İKT sahəsində ikinci biznes forumun keçirilməsi nəzərdə tutulmuşdur.

N.Patskeviç bildirmişdir ki, gələn il Belarus-Azərbaycan tərəfdaşlığı daha da genişlənəcəkdir.  İyun ayında ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü qeyd olunacaqdır. Bununla əlaqədar, bir sıra tədbirlər, o cümlədən Azərbaycanda Belarus Mədəniyyəti Günlərinin keçirilməsi, Bakıda Belarus səfirliyinin binasının açılışı, poçt markasının, Birinci gün zərfinin və xüsusi möhürün buraxılması nəzərdə tutulmuşdur.

Mətbuat konfransının sonunda Belarus telekanalında Azərbaycan haqqında yayımlanmış veriliş nümayiş etdirilmişdir.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 21 noyabr.- S.9.