Avrasiya İslam Şurasının VIII zirvə toplantısında Azərbaycanın məruz qaldığı etnik və mədəni soyqırımından danışılmışdır

 

Noyabrın 20-də İstanbulda "Ənənədən gələcəyə: Avrasiyada islam üfüqü" devizi altında Avrasiya İslam Şurasının VIII zirvə toplantısı işə başlamışdır. Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İsgəndərov Azərbaycan Prezidenti İlham Əliyevin Avrasiya İslam Şurasının VIII zirvə toplantısının iştirakçılarına təbriklərini və salamlarını çatdırmışdır.

Komitədən AzərTAc-a bildirmişlər ki, E.İsgəndərov zirvə toplantısının Avrasiya məkanında eyni dəyərlərə, adət-ənənələrə sahib ölkələr və toplumlar arasında əməkdaşlığın genişlənməsinə, tolerantlıq mühitinin möhkəmlənməsinə, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına, dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsinə, eləcə də regionda sülhün və əmin-amanlığın bərqərar edilməsinə mühüm töhfə verəcəyini vurğulamışdır.

Bildirilmişdir ki, regionda tarixən dözümlülük mühitinin formalaşmasında islam böyük rol oynamışdır. Çünki mərhəmət, sevgi və əxlaq dini olan islamda tolerantlıq, dözümlülük yüksək mənəvi dəyər və mədəniyyət kimi qiymətləndirilir. Bu baxımdan, əsrlər boyu regionda dinc və ayrı-seçkiliyə məruz qalmadan, müsəlmanlarla yanaşı yaşayan digər dinlərin mənsubları buna görə həm də islam dininə minnətdar olmalıdırlar.

Azərbaycanda mövcud tolerantlıq modeli haqqında danışan Dövlət Komitəsinin sədri demişdir ki, hazırda ölkəmiz bölgədə dinlərin bir-biri ilə mehriban yaşadığı nadir məkandır. Bu model istər Avrasiya, istərsə də digər dünya ölkələri üçün nümunə ola bilər.

Bir sıra təhdidlərə qarşı birgə mübarizə aparmağın vacibliyini qeyd edən E.İsgəndərov separatizm, beynəlxalq qanunlara hörmətsizlik və işğalçı siyasətlərin Avrasiyada yaşayan xalqların ümumi düşməni olduğunu vurğulamışdır. Azərbaycanın 20 faiz ərazisinin işğal edildiyini vurğulayan natiq bildirmişdir ki, bu gün Ermənistanın etnik və mədəni soyqırımı siyasətinin qurbanları olan Şuşa və Ağdam məscidləri bütün bölgə insanına səslənir və bizlərin səsini eşitməlidir.

Qeyri-ənənəvi dini təriqətlərin, dini ekstremizm, dözümsüzlük ideyalarını təbliğ edən qrupların fəaliyyətini ciddi təhdid kimi qiymətləndirən E.İsgəndərov bununla mübarizənin regional əməkdaşlıq səviyyəsində aparılmasının zəruriliyini bildirmişdir.

Son illərdə artan islamafobiya təhlükəsindən danışan komitə sədri bu mövzu ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərinin bütün bölgə üçün keçərli olduğunu diqqətə çatdırmışdır. Bu təhlükənin aradan qaldırılması üçün Avrasiya ölkələrinin hazırlıqlı olmasının və birgə səylərin göstərilməsinin vacibliyi qeyd edilmişdir.

Noyabrın 22-dək davam edəcək Avrasiya İslam Şurasının VIII zirvə toplantısında bu quruma üzv olan ölkələrin müvafiq dövlət strukturlarının rəhbərləri, dini liderləri və elm xadimləri iştirak edirlər. Bununla yanaşı, noyabrın 22-də İstanbulda Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun təşkilatçılığı ilə "İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə gənclər - 2011" sərlövhəli hesabatın beynəlxalq səviyyədə təqdimatı keçiriləcəkdir.

 

 

Azərbaycan.-2012.- 21 noyabr.- S.9.