Azərbaycan Turizm İnstitutu ilə Türkiyənin Muğla Sıtkı Koçman Universiteti arasında əməkdaşlıq protokolu imzalanmışdır

 

Türkiyənin Muğla Sıtkı Koçman Universitetinin rektoru, professor Mansur Harmandarın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Turizm İnstitutunda (ATİ) olmuşdur.

ATİ-nin mətbuat xidmətindən bildirmişlər ki, institutun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyəti haqqında ətraflı məlumat vermişdir.

ATİ-nin dünyanın bir sıra ali təhsil ocaqları, eləcə də beynəlxalq təşkilatlarda uğurlu təmsilçiliyinin keyfiyyətli kadr hazırlığına müsbət təsir göstərdiyini bildirən rektor Türkiyənin Muğla Sıtkı Koçman Universiteti ilə təhsil, tələbə-müəllim mübadiləsi, müştərək tədqiqatların aparılmasının faydalılığına inandığını diqqətə çatdırmışdır.

Türkiyənin Muğla Sıtkı Koçman Universitetinin rektoru, professor Mansur Harmandar rəhbərlik etdiyi təhsil ocağında 13 fakültə, 4 institut, 12 peşə məktəbi, 16 araşdırma və tədqiqat mərkəzinin fəaliyyət göstərdiyini, 33306 tələbənin təhsil aldığını, yarandığı gündən indiyədək 41204 nəfərin universitetin məzun diplomunu aldığını bildirmişdir. İtaliyanın Lecce, ABŞ-ın İndiana, Qazaxıstanın Əl-Fərabi, Ukraynanın Sumy, Azərbaycanın İnşaat və Memarlıq universitetləri və Fransız Açıq Hava Sporları Birliyi arasında bağlanmış əməkdaşlıq müqavilələrinin tərəflər üçün müsbət nəticə verdiyini diqqətə çatdırmışdır.

Görüşün sonunda ATİ ilə Muğla Sıtkı Koçman Universiteti arasında əməkdaşlığa dair protokol imzalanmışdır.

 

 

Azərbaycan.-2012.- 21 noyabr.- S.11.