Asiya Siyasi
Partiyaları Beynəlxalq Konfransının VII Baş
Assambleyasının iştirakçılarına
Hörmətli toplantı
iştirakçıları!
Asiya
Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş
Assambleyasının Azərbaycanın paytaxtı Bakı şəhərində
öz işinə başlaması münasibətilə sizi
ürəkdən təbrik edir, bu mühüm beynəlxalq tədbirin
işinə uğurlar arzulayıram. Düşünürəm
ki, Asiyada təhlükəsizlik, sülh və əməkdaşlıq
mövzusuna həsr olunmuş bu tədbirin Bakıda
keçirilməsi Azərbaycanın regionda artan nüfuzunun və
ona olan etimadın göstəricisidir.
Asiya
və Okeaniyanın 300-dən çox siyasi partiyasını
birləşdirən bu mötəbər qurum ölkələrimiz
arasında əməkdaşlığı inkişaf etdirmək
üçün uğurlu platformadır. Bu baxımdan, Asiya
Siyasi Partiyaları Beynəlxalq Konfransının müasir
dünyamızı düşündürən aktual
çağırışlara xüsusi diqqət yetirməsini
təqdirəlayiq hal hesab edirəm.
Qloballaşan
dünyamızın müasir siyasi mənzərəsinin
formalaşmasında Asiya regionu ölkələrinin rolu və
əhəmiyyəti gündən-günə artır.
Hazırda Asiya dünyanın iqtisadi mərkəzinə
çevrilməkdədir. Aparıcı Asiya dövlətlərinin
dinamik inkişafının kökündə dayanan yeni iqtisadi
modellərin öz təsdiqini tapması dünya iqtisadi
sisteminin əsas meyillərini təşkil edir. Müasirləşən
Asiya zəngin mədəniyyəti, nəhəng iqtisadi
potensialı və insan resursları ilə bəşəriyyətin
gələcək taleyinin müəyyən edilməsinə
böyük töhfə verir. Elə dövlət müstəqilliyinin
21-ci ildönümünü böyük iqtisadi və sosial
yüksəlişlə qeyd edən Azərbaycan da iqtisadi
inkişafın "Azərbaycan modelini" yaratmağa nail
olmuşdur.
Məmnuniyyətlə
müşahidə etdiyimiz bu müsbət meyillərlə bərabər
bir sıra Asiya ölkələrində yoxsulluq, qeyri-sabitlik,
etnik və dini münaqişələr, terror və separatizm,
lokal münaqişə və qarşıdurmalar bizi ciddi şəkildə
narahat edir.
Bu
baxımdan, Azərbaycanın üzləşdiyi Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin hələ də
həll edilməməsi regionda iqtisadi sabitliyə, təhlükəsizliyə,
əməkdaşlığa və inkişafa maneçilik
törədən əsas amillərdəndir. Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində
Azərbaycan ərazisinin 20 faizi - Dağlıq Qarabağ və
ətrafındakı yeddi rayon 20 ildən artıq müddətdir
ki, işğal altındadır. Ermənistanın
işğal etdiyi Azərbaycan ərazilərində etnik təmizləmə
siyasəti aparılmış, bir milyondan artıq insan
qaçqın və məcburi köçkün vəziyyətinə
düşmüşdür. Bu ərazilərdə qədim mədəniyyət
abidələri məhv edilmiş, məktəblər, muzeylər,
məscidlər dağıdılmış, məzarlıqlar
təhqir olunmuş, dünya sivilizasiyasının nadir inciləri
yer üzündən silinmişdir.
Münaqişənin
həlli ilə bağlı BMT-nin Təhlükəsizlik
Şurasının dörd qətnaməsi, BMT Baş Məclisinin,
ATƏT-in, Avropa Şurasının, NATO-nun, Avropa Parlamentinin,
İslam Əməkdaşlıq Təşkilatının və
digər beynəlxalq təşkilatların qərar və qətnamələri
vardır. Ermənistan isə bütün bunlara məhəl
qoymur. Bu səbəbdən də bölgədə davamlı
sülh və təhlükəsizlik üçün ən
böyük təhlükə olan bu münaqişənin beynəlxalq
hüquq çərçivəsində danışıqlar
yolu ilə ədalətli həlli istiqamətində Azərbaycanın
göstərdiyi səylər nəticəsiz
qalmışdır.
Hörmətli
toplantı iştirakçıları!
İnanıram
ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII
Baş Assambleyası çərçivəsində Siz beynəlxalq
aləmdə təhlükəsizlik, sülh və əməkdaşlığın
təmin olunması və möhkəmlənməsi
üçün səmərəli fikir mübadiləsi
aparacaq, mühüm qərarlar qəbul edəcəksiniz. Eyni
zamanda, şübhə etmirəm ki, Baş Assambleyanın
iştirakçı ölkələri bir-birinin təcrübəsindən
faydalanaraq beynəlxalq və regional əməkdaşlıq
sahəsində yeni imkanları lazımınca dəyərləndirəcək
və dövrümüzün bu aktual problemlərinin həllinə
layiqli töhfələrini verəcəklər.
Bir
daha Baş Assambleyanın işinə müvəffəqiyyətlər,
hamınıza cansağlığı, xoşbəxtlik diləyir,
sülh və əməkdaşlıq yolunda dialoqun geniş
vüsət alması naminə səylərinizdə
uğurlar arzulayıram.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 16 noyabr
2012-ci il
Azərbaycan.-2012.- 22 noyabr.- S.2.