«Xəzər: Ətraf mühit
üçün texnologiyalar»
Beynəlxalq Ətraf
Mühit Sərgisinin iştirakçılarına
Hörmətli Sərgi
iştirakçıları!
Sizi
"Xəzər: Ətraf mühit üçün
texnologiyalar" Beynəlxalq Ətraf Mühit Sərgisinin
açılışı münasibətilə salamlayır,
sərginin işinə uğurlar arzulayıram.
Sevindirici haldır ki, ölkəmizdə ətraf mühitin mühafizəsi ilə bağlı belə sərgilərin keçirilməsi artıq ənənəyə çevrilmişdir. Son illərdə qazanılan nailiyyətlər respublikamızın iqtisadi əsaslarını möhkəmləndirərək, qeyri-neft sektorunun, infrastruktur sahələrinin və regionların inkişafının sürətləndirilməsi, xüsusən ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində kompleks tədbirlərin gerçəkləşdirilməsi üçün geniş imkanlar yaratmışdır. Ətraf mühitin yaxşılaşdırılması, təbii sərvətlərin və biomüxtəlifliyin mühafizəsi sahəsində bu günədək bir sıra mühüm layihələr icra edilmişdir. Hazırda cəmiyyətin, yerli və beynəlxalq təşkilatların diqqəti ekologiya problemlərinin həllinə yönəlmişdir və dövlətimizin müəyyənləşdirdiyi ekoloji siyasət uğurla həyata keçirilməkdədir.
Ətraf mühitin sağlamlaşdırılması və lazımınca qorunması məqsədi ilə bəzi pilot layihələrin icrası zamanı ekoloji tələblərə cavab verən yeni texnologiyalardan istifadə yüksək nəticələr əldə olunmasını təmin etmişdir. Bunlar bir daha göstərir ki, Azərbaycanda sosial-iqtisadi həyatın bütün sahələri kimi, ekologiya məsələləri də daim diqqət mərkəzindədir. Vətəndaşlarımızın sağlam ətraf mühitdə yaşaması naminə biz ən müasir "yaşıl texnologiyalar"ın tətbiqindən maksimum faydalanmağı bacarmalıyıq.
İnanıram
ki, "Xəzər: Ətraf mühit üçün
texnologiyalar" Beynəlxalq Ətraf Mühit Sərgisi
qarşıya qoyulan məqsədlərə çatmaq
baxımından səmərəli olacaqdır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 20 noyabr
2012-ci il
Azərbaycan.-2012.- 22 noyabr.- S.2.