Vyetnam Azərbaycanla bütün sahələrdə əməkdaşlığa və ticarət dövriyyəsinin genişləndirilməsinə maraqlıdır

 

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ASPBK) VII Baş Assambleyasında iştirak etmək üçün Bakıya gələn Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, beynəlxalq əlaqələr komitəsinin rəhbəri  Xoanq Bin Kuan dünən Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşdü.

Z.Əsgərov bildirdi ki, Yeni Azərbaycan Partiyası (YAP) ASPBK ilə əməkdaşlığın genişlənməsində maraqlıdır. Bu qurumun VII Baş Assambleyasının Bakıda keçirilməsi də böyük önəm daşıyır. YAP-ın yaranma tarixi və keçdiyi şərəfli yol barədə məlumat verən Z.Əsgərov dedi ki, hazırda 600 mindən çox üzvü ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası Cənubi Qafqazda ən böyük siyasi partiyadır. Partiya ölkənin hərtərəfli inkişafında da mühüm rol oynayır.

Z.Əsgərov Azərbaycan ilə Vyetnam arasında əlaqələrin inkişaf perspektivlərindən danışaraq, hakim partiyaların bu əməkdaşlığa töhfə verdiyini qeyd etdi. Onun sözlərinə görə, dövlətlər arasında əlaqələrin inkişafında parlamentlərin də rolu böyükdür. Qanunverici orqanlarında dostluq qruplarının yaradılması, qarşılıqlı səfərlər və təcrübə mübadiləsi hər iki tərəfin maraqlarına xidmət edir.

Vyetnam Kommunist  Partiyası Mərkəzi Komitəsinin üzvü, beynəlxalq əlaqələr komitəsinin sədri Xoanq Bin Kuan YAP-ın fəaliyyətini və ASPBK-nın VII Baş Assambleyasının təşkili istiqamətindəki səylərini yüksək qiymətləndirərək Azərbaycanın 20 ildə hərtərəfli, böyük inkişaf yolu keçdiyini vurğuladı. O bildirdi ki, belə bir toplantının Bakıda keçirilməsi YAP-ın beynəlxalq aləmdə yüksək nüfuzunu bir daha təsdiqləyir: "Biz Azərbaycanın dünyada təhlükəsizliyin, sülhün və əmin-amanlığın qorunması istiqamətindəki səylərini yüksək qiymətləndiririk və bu işdə sizə hər cür dəstək göstərməyə hazırıq".

Qonaq ölkələrimizin dostluq  münasibətlərindən danışaraq Vyetnamın Azərbaycan ilə siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıqda, ticarət dövriyyəsinin genişlənməsində maraqlı olduğunu bildirdi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

 

 

Azərbaycan.-2012.- 22 noyabr.- S.2.